Ekoloji durum ölkənin davamlı inkişafının əsasıdır

 

"Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda, ölkəmizin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür. Neft-qaz tükənən sərvətlərdir. Onların müvəqqəti önəmi var. Ancaq təbiət, ətraf mühit - bu, daimi sərvətdir. Əsrlər boyu, minilliklər boyu təbiət olub, kainat olub, dünya olubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanda Davamlı İnsan İnkişafı Konsepsiyasının əsas prinsiplərindən biri də ölkədə ekoloji durumun yaxşılaşdırılması, tarazlığın bərpa olunması, beləliklə də ölkəmizin dünyanın ən tərəqqi etmiş, sivilizasiyalı dövlətlərindən birinə çevrilməsindən ibarətdir. Davamlı İnsan İnkişafının (Dİİ) əsas göstəricisi kimi qəbul olunan İnsan İnkişafı Əmsalı (İİƏ) hesablanarkən ölkənin ekoloji durumu başlıca meyar sayılır.

 

Azərbaycanda ekologiya elminin banisi, dünya şöhrətli alim akademik Həsən Əliyev hələ bir neçə il bundan öncə ekologiyanın bəşəri əhəmiyyətli elmə çevriləcəyini çox uzaqgörənliklə bəyan etmişdir: "Ekologiya yaxın gələcəkdə bütün elmləri bir-biri ilə əlaqələndirən nəhəng və möhtəşəm bir çinar ağacını xatırladan fundamental, planetar əhəmiyyətli və çox perspektivli elmə çevriləcəkdir. Ekologiyasız başqa elmlərin inkişafı qeyri-mümkündür". Doğrudan da ekologiya bu gün olduqca geniş diapozonlu, insanların sağlamlığı və uzunömürlülüyünün keşiyində dayanan çox nəhəng, qüdrətli elm kimi təşəkkül tapıb. Əgər bu elm təşəkkül tapmasaydı, onda bəşəriyyətin taleyinin necə olacağı, hansı məcra alacağı çox ciddi təhlükə ilə üzləşə bilərdi.

Ekoloji durumun yaxşılaşdırılması, tarazlığın bərpa olunması, ətraf mühitin mühafizəsi və təbiət-cəmiyyət, cəmiyyət-biosfer münasibətlərindəki disbalansın və ziddiyyətlərin qarşısının alınması müasir dövrün ən aktual və qlobal əhəmiyyətli problemidir. Əgər bu problem yaxın gələcəkdə öz müsbət həllini tapmazsa, onda bəşəriyyəti daha böyük və iri miqyaslı ekoloji böhran və fəlakətlər gözləyir. Çünki XIX və XX əsrlərdə insanların antropogen fəaliyyəti nəticəsində təbiətə, onun yeraltı və yerüstü sərvətlərinə, təbii ətraf mühitə, flora və faunaya, bioloji müxtəlifliyə həddindən artıq zərbə vurulmuş və ekoloji disbalans yaranmışdır. Planetimizin hər yerində ekoloji bumeranq hazırda sanki özünün kulminasiya nöqtəsinə çataraq bəşəriyyəti iki yol - ölüm və həyat ayrıcında qoymuşdur. Sənaye və kənd təsərrüfatı tullantıları, zəhərli qazlar, zərərli kimyəvi birləşmələr, kosmosdakı süni peyklərin sayının gündən-günə artması (hazırda 800-dən artıq), müharibələr, təbii fəlakətlər, meşə yanğınları, radioaktiv çirklənmə, atom-nüvə sınaqları, texnogen qəzalar və s. litosferə, hidrosferə, atmosferə, flora faunaya çox güclü, bərpa olunmayan zərbələr vurmuş, ekoloji tarazlığın normal ahəngini tamamilə öz məhvərindən çıxarmış, beləliklə də ekoloji genosid - ekosid bərqərar olmuş və təbiətə zülm edilmişdir. Son üç yüz ildə dünyada 100 növdən artıq iri məməlilərin nəslinin kəsilməsi və tükənməsi, onların adının "Qırmızı kitab"lara düşməsi planetimizdə biomüxtəlifliyin acınacaqlı ekoloji problemi kimi dəyərləndirilməlidir. Son 100 ildə atmosferdə karbon qazının konsentrasiyası 12-13, toz bulanması 10-20 faiz artmış, oksigen ehtiyatı 10 milyard ton azalmış, su ekosistemləri, xüsusilə dəniz planktonları məhv olmuş, yerin işıqlanması isə 7-10 faiz azalmışdır.

Son zamanlar Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşkil etdiyi ekspedisiya qrupu Cənubi Çin dənizinin Borneo adasında dünya alimləri arasında çox böyük sensasiya törədən olduqca maraqlı və biologiya elmində xüsusi əhəmiyyəti olan maraqlı məlumatlar aşkar etmişdir. Borneo (Kalimonton) planetimizin 3-cü ən böyük adası olmaqla, İndoneziya, Malayziya və Bruney arasında üç yerə bölünməsi ilə unikaldır. Sahəsi 743,33 kvadratkilometr olan adada neft və qaz yataqları da aşkar olunmuşdur. Nəmli ekvatorial qurşaqda yerləşdiyi üçün həmin ada olduqca sıx olan cəngəlliklərlə örtülüdür. Ekspedisiya qrupunun ilk səfəri zamanı adada 60-a qədər yeni, indiyədək elmə məlum olmayan heyvan (29 onurğasızlar, 17 balıq, 5 qurbağa, 3 ilan, 2 kərtənkələ, 1 quş və 3 həşərat) və 67 müxtəlif bitki növü aşkar olunmuşdur. Heyvan növləri arasında 2 fərqli - ağciyərsiz və uçan qurbağa, uzunluğu 0,5 m olan yeni həşərat, al-qırmızı başlı, mavi bədənli ilan kimi ekzotik növlər də vardır. Lakin 2007-ci ilin fevral ayında adaya səfər edən 2-ci ekspedisiya qrupu bu adada dünyanın heç bir yerində rast gəlinməyən 10 yeni məməli, 350 quş, 150 sürənən və 10 min bitki növü aşkar etmişdir. Dünyanın təbiətşünas alimləri bu əsrarəngiz adada hələ elmə məlum olmayan çoxlu sirlərin mövcud olduğunu nəzərə alaraq onun mühafizə olunmasını planetar əhəmiyyətli məsələ kimi dəyərləndirirlər.

Doğrudan da sensasiya xarakterli bu kəşf biologiya elminin ən son və yeni nailiyyətidir. Həmin kəşf indiyədək planetimizdə mövcud olan flora və fauna növlərinin təsnifatının tamamilə dəyişilməsi və yenidən əsaslı surətdə işlənib hazırlanması zərurəti yaradır. Alimlər belə güman edirlər ki, qeyd edilən biotlar müxtəlif ərazilərdə baş verən ekoloji kataklizmlər və insanın antropogen fəaliyyətinin təsirlərindən xilas olmaq məqsədilə məhz bu adaya pənah gətirmişlər. Onların fikrincə, həmin biotlar əvvəllər başqa bölgələrdə də mövcud olmuş, sonralar isə onların kökü kəsilmişdir. Borneo adasına indiyədək insan ayağı düşmədiyindən oradakı biotlar hələ də öz  nəslini və populyasiyasını saxlamışdır. Bu tarixi kəşfi təbiətşünaslıq elminin ən böyük nailiyyəti kimi dəyərləndirmək, onun ekoloji aspektlərini ətraflı surətdə öyrənmək və elmə daxil etmək lazımdır.

Dünya müharibələri, etnik münaqişələr, terrorizm, sənaye və kənd təsərrüfatının intensivləşməsi, nüvə-raket sınaqları, texnogen qəzalar, nəqliyyat vasitələri və s. nəticəsində atmosferə atılan zəhərli və zərərli qazlar(karbon, azot, kükürd oksidləri, etanol və hallogenlər) onu tamamilə çirkləndirmiş və böhran həddinə çatdırmışdır. Bunun məntiqi nəticəsi olaraq parnik (istilik) effekti, turşulu yağışlar, ozon qatının deşilməsi, qlobal istiləşmə və iqlim dəyişikliyi kimi təhlükəli ekoloji böhranlar yaranaraq bütün canlı aləmin mövcudluğunu müəmmalı vəziyyətə salmışdır. 2010-cu il planetimizin tarixində ekoloji kataklizmlərin arealının həddindən çox intensivləşməsi və fasiləsiz dinamik inkişafı ilə yadda qalır. ABŞ-ın bir çox ştatları, Fransa, İngiltərə, Çin, Hindistan, Rusiya, Gürcüstan və s. ölkələrdə baş verən intensiv yağışlar, güclü qasırğalar, tornadalar, daşqınlar, subasmalar çox ciddi ekoloji böhranlara, dağıntılara, insan tələfatına və iqtisadi zərərə səbəb olmuşdur. Braziliyada suyun səviyyəsi 1m, Çinin bəzi bölgələrində 3m, Hindistanda 2-2,5m qalxmışdır. İrkutsk vilayətində, Dağıstanda çaylarda suyun səviyyəsi xeyli qalxaraq öz məcrasından çıxmış və yaşayış məntəqələrinə, təsərrüfatlara böyük zərər vurmuşdur. Planetimizdə baş verən geodinamik proseslər yerdə tektonik hərəkətləri çox gücləndirir. Qlobal geodinamik proseslər lokal (yerli) tektonik hərəkətlərə və torpaq sürüşmələrinə səbəb olur.

2010-cu ildə Çilidə baş verən 8,8 bal gücündə zəlzələ Çili və Haitidə də müşahidə olunmuş, həm iqtisadi, həm də ağır ekoloji fəsadlar törətmiş, güclü dağıntılara və çoxlu insan ölümü ilə nəticələnmişdir. Ümumiyyətlə, son 10 ildə zəlzələlərin 855-i Asiya qitəsində baş vermiş və 4,8 milyon insan ölmüşdür. Kosmik Geodeziya Mərkəzinin məlumatına görə həmin zəlzələlər barəsində əvvəlcədən informasiya əldə edilməsinə baxmayaraq bu ölkələrdə lazımi mübarizə tədbirləri görülməmişdir. Həmin qlobal geodinamik proseslər ölkəmizin ekoloji durumuna da xeyli neqativ təsir göstərmişdir. Qlobal geodinamik proseslər yerin Avrasiya, Afrika və Ərəbistan plitələrinin toqquşmasına və zəlzələlərə zəmin yaratmışdır. Hazırda Yer kürəsində mövcud olan hər üç seysmik qurşaqda (Alp-Himalay, Atlantik və Sakit okean qurşaqları) geodinamik proseslər ildən-ilə gücləndiyi üçün tektonik hərəkətlərin, dalğaların sayı get-gedə artmaqla planetimizin ekoloji durumunu pozur və çox ciddi böhranlar törədir.

Planetimizdə baş verən zəlzələlər və vulkan püskürmələri də iqlimin xəritəsini dəyişdirməklə qlobal istiləşməni və parnik effektini daha da gücləndirir. 2010-cu ilin ilk 4 ayı ərzində ölkəmizdə 875 tektonik yeraltı təkan müşahidə olunmuşdur. Həmin tektonik hərəkətlər və güclü leysan yağıntıları ölkəmizin bəzi rayonlarında (Quba, Qusar, Lənkəran, Daşkəsən və s.) geniş miqyaslı yer sürüşmələri törətmiş və böyük zərər vermişdir. Yağıntılar Kür çayında suyun səviyyəsinin qalxmasına səbəb olmuş və Kür boyu ərazidəki rayonların (Zərdab, Kürdəmir, İmişli, Ağcabədi, Şirvan, Sabirabad, Salyan və s.) bəzi kəndlərini su basmışdır. Ümumilikdə 40 rayonda sel subasmalar ölkəmizə böyük ziyan vurmuşdur. Kür çayında suyun səviyyəsinin artması yeraltı qrunt sularının səthə çıxmasını daha da sürətləndirmişdir. 50 min hektardan çox torpaq sahələri yararsız hala düşmüşdür. Çayda suyun səviyyəsinin artmasının əsas səbəbi onun Xəzərlə təmas hissəsində (deltada) dərinliyin cəmi 1-2 metr olması (deltada suyun dərinliyi 5-6 metrdən az olmamıldır) və durğunluğun əmələ gəlməsidir. Əgər təmas xəttindəki vaxtında təmizlənsəydi, onda bu ekoloji böhran baş verməzdi.

Müəyyən edilmişdir ki, atmosferin hazırda əsas çirklənmə mənbələrindən biri yanacaqlarla - neft, neft məhsulları və qazla işləyən nəqliyyat vasitələri, xüsusilə avtomobil nəqliyyatıdır. İldə bir avtomobil orta hesabla havaya 1,3 ton zəhərli kükürd, azot, karbon oksidləri, etanol, karbohidrogenlər və s. ixrac etməklə həm floraya, faunaya neqativ, zəhərləyici təsir göstərir, həm də qlobal iqlim dəyişkənliyi və istilik effekti yaradır.

XXI əsr bəşəriyyətin tarixinə alternativ energetikaya keçid əsri kimi qəbul olunur. Bu məqsədlə dünyanın inkişaf etmiş ölkələrində artıq ənənəvi yanacaq növlərindən imtina olunmaqla alternativ energetikaya (külək, Günəş, su, elektrik, hidrogen, bioqaz və s.) geniş yer verilir. Ölkəmizin də bu təşəbbüsə qoşulması günün ən ümdə tələbidir. Bu, həm ekoloji durumu yaxşılaşdırır, həm də qlobal istiləşmənin qarşısının alınmasında böyük rol oynayır.

Təbii fəlakətlərin mütəmadi hal almasını alimlər məhz ətraf mühitə, onun amillərinə insanın antropogen fəaliyyətinin neqativ təsiri ilə əlaqələndirirlər. Alimlərin son mülahizələrinə əsasən planetimizdə iqlimin xəritəsinin kəskin dəyişilməsi, qlobal istiləşmə həm Yer təbəqəsinin müxtəlif qatlarında temperatur fərqi yaradır, həm də buzlaqların əriməsi surətləndiyi üçün dünya okeanında suyun səviyyəsi artdığından yerin təkinə təsir edərək tektonik hərəkətlərə səbəb olur. Bu proseslər isə planetimizdə zəlzələ və vulkan püskürmələrinin dinamik inkişafına və tez-tez baş verməsinə səbəb olur. 2010-cu il aprelin 15-də İslandiyada 100 ildən sonra təkrarən və 1 aydan artıq davam edən vulkan püskürməsi planetimizdə qeyri-adi, analoqu olmayan, bənzərsiz bir neqativ ekoloji mənzərə yaratmış və bütün Avropa ölkələrini təlatümə gətirmişdi. 100 km hündürlüyə qalxan analoji vulkan püskürməsieyni vaxtda Mərkəzi Amerikada da təkrar olunaraq planetimizin ekoloji kataklizmini daha da intensivləşdirmişdir. Həmin ekoloji böhranların ağır fəsadları heç şübhəsiz ki, canlı aləmə, biosferə və ekosistemlərə öz neqativlərini mütləq göstərəcək. Çünki ərazidə yaranan kül buludu Günəş şüalarının Yer səthinə keçməsinin qarşısını alır və hava cərəyanını pozur, iqlim anomaliyaları törədir. Bu zaman Yerin maqnit və elektromaqnit sahələri kəskin surətdə dəyişir və havanın meteoroloji kataklizmlərini yaradır.

Planetimiz və onun canlı aləmi üçün ən təhlükəli ekoloji böhranlardan biri və başlıcası qlobal istiləşmənin təsirindən buzlaqların əriməsi, buz dağlarının - aysberqlərin qopub ayrılmasıdır. Dünyanın buz ehtiyatının əsas hissəsi (80%) Antarktida materikindədir. Bu materik həm Yer kürəsində hava cərəyanını, temperaturu tənzimləyir, həm də iqlim amillərini formalaşdırır. Qlobal iqlim dəyişikliyinin səbəbləri, onu törədən amillər və bu prosesin inkişaf dinamikası məhz Antarktida materikində quraşdırılan cihaz və texniki qurğular vasitəsilə öyrənilir, təhlil olunur, meteoroloji məlumatlar toplanır və müvafiq nəticələr çıxarılır. Ona görə də hazırda alimlər həmin qitəni dünyanın meteoroloji laboratoriyası və məlumat mərkəzi adlandırırlar. Əfsuslar olsun ki, bu materikin ekoloji durumu o qədər də ürəkaçan deyildir. Onun buzlaqlarının əriməsi hazırda çox sürətlə və aramsız olaraq davamedir. Prosesin bu cür məcra alması və gedişi bəşəriyyətin, bütün canlı aləmin ən böyük təhlükə ilə üzləşəcəyindən xəbər verir. Alimlərin son məlumatlarına görə buzlaqların sürətlə və fasiləsiz əriməsi nəticəsində dünya okeanı suyunun səviyyəsinin XXI əsrin ortalarında 0,5 m, sonunda isə 2 m artması gözlənilir. Antarktidanın buzları tamamilə əriyərsə, onda Yer kürəsində suyun səviyyəsi 80-90 m qalxa bilər. Buzlaqların əriməsinin səbəbi parnik effekti və qlobal istiləşmədir. Göründüyü kimi, insanlar törəyə biləcək neqativ fəsadları nəzərə almadan son nəticədə bəşəriyyəti qarşısıalınmaz fəlakətli ekoloji böhranlara düçar edir, bütün canlı aləmin mövcudluğunu sual altında qoyurlar. Bütün qeyd olunanları nəzərə alaraq BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar dünya ölkələrinin qarşısında atmosferin çirklənməsinin, buzlaqların əriməsinin və qlobal istiləşmənin qarşısının alınması, parnikeffekti, ozondağıdıcı təsir edən və qlobal iqlim dəyişiklikləri törədən qazların atmosferə buraxılmasına yol verilməməsini təxirəsalınmaz məsələlər kimi ön plana çəkmiş və xüsusi tövsiyələr hazırlamışdır.

 

BMT həm də bütün ölkə alimlərinin planetimiz üçün müstəsna əhəmiyyəti olan və heç bir ölkəyə məxsus olmayan nəhəng buzlaq materiki sayılan Antraktidada aparılan meteoroloji elmi-tədqiqat işlərinə cəlb edilməsini, bu sahəyə öz töhfələrini verməsini və onun canlı aləminin mühafizə olunmasını ən prioritet məsələ kimi qarşıya qoymuşdur.

  

   

Eldar HÜSEYNOV

 

Ədalət.- 2010.- 28 dekabr.- S. 7.