Xalqın Məmməd
Araz əmanəti
"Məmməd Araz qələmi uzun illər sonra da
qılınc kimi vuruşacaq"
"Xalq Bank"ın ideyası ilə hazırlanan
böyük şair Məmməd Arazın
"Seçilmiş əsərləri"nin təqdimat mərasimi
keçirildi.
Qara cilddə çap eləyin kitabımı
Məndən sonra.
Qara cilddə.
Tünd qara.
Xalq artisti, aktyor Nürəddin
Mehdixanlının ifasında Məmməd Arazın "Vəsiyyət"
şeiri ilə başlanan tədbirin aparıcısı,
Yazıçılar Birliyinin katibi Rəşad Məcid dedi
ki, bu kitabda hələ kiçik yaşlarımızdan oxuyub
sevdiyimiz, gəncliyimizdə isə vətənpərvərlik
ruhunda kökləndiyimiz şeirlər toplanıb: "Hər
birimiz bu kitabı vərəqlədikcə bir daha uzun illərdən
bəri sevə-sevə oxuduğumuz Məmməd Araz
poeziyasının həyatımızda, mənəviyyatımızda
yaratdığı hisslər xatırlayacağıq. Təxminən
25 il əvvəl Filarmoniyada Məmməd Arazın
yaradıcılıq gecəsi keçirilirdi.
Görkəmli alimimiz, Məmməd Araz poeziyasının
vurğunu Aydın Məmmədov çıxışında
çox-çox uzaqlardan danışdı. İslamın gəlişi
və onun gətirdiyi adlara diqqəti çəkdi. Məhəmməd
Füzulidən, Məhəmməd Hadidən və bu
sırada dayanan böyük yazarlardan sonra Məmməd Araz
poeziyasından danışdı. Düşünmürəm
ki, bu sadəcə qurulmuş bir çıxış idi. Həqiqətən
də Məmməd Araz poeziyasının kökləri
çox-çox dərinliklərə işləyib. Nə qədər
dilimiz, xalqımız yaşayacaqsa, bu dildə şeirə,
poeziyaya maraq göstəriləcəksə, o qədər Məmməd
Araz poeziyası yaşayacaq. Azərbaycan dilində ən
gözəl nümunələrlə yaradılan bu poeziya
nümunələri uzun illər sonra da xalqımızın hər
bir nümayəndəsinin poetik, mənəvi dünyasına
kömək olacaq. Keçid dövrü çətin
olduğundan bir çox hallarda insanlar depressiyaya düşürlər. Məhz depressiyalardan
çıxmağın ən
yaxşı yolu belə böyük şairlərin kitablarını
oxumaqdır".
Rəşad Məcid bu
kitabın ərsəyə gəlməsi ideyasının
müəllifi olan "Xalq Bank"ın rəhbərliyinin
böyük bir işə imza atdıqlarını bildirdi.
Bundan əvvəl böyük rəssam Böyükağa Mirzəzadənin
rəsmlərindən ibarət kataloqunun təqdimatının
keçirildiyini bildirdi. "Xalq əmanəti" layihəsini
uğurla həyata keçirdiyinə görə "Xalq
Bank"ın rəhbərliyinə minnətdarlıq etdi:
"Ömür boyu
tufan əydim, su yardım, Xətainin qılıncını
suvardım", - deyən Məmməd Araz uca
çinarların qürurundan ruh alıb, Arazın suyu ilə
böyümüşdü. Həqiqətən də Məmməd
Araz qələmi Xətai qılıncından
yaranmışdı. Heç şübhəsiz, Məmməd
Araz qələmi uzun illər sonra da qılınc kimi
vuruşacaq. Onun ən dəyərli əsərlərindən
biri də övladları-qızlarıdır. "Vəsiyyət"
şeirini də Məmməd Araz qızlarına yazıb. Bu
yaxınlarda Azərbaycanın dəyərli publisisti, Məmməd
Arazın qızı İradə Tuncayın "Sarı
odalar" kitabının təqdimatı keçirildi. Həmin
kitabda İradə xanımın intellekti, dünyaya
baxışı ilə yanaşı, Məmməd Araz
poeziyasının gücü, dərinliyi hiss olunmaqdadır.
İnanıram ki, o kitab da uzun illər sonra Məmməd Araz
poeziyası kimi Azərbaycanın bütün gerçəkliklərindən
xəbər verəcək, əbədi yaşayacaq".
Məmməd Arazın
seçilmiş əsərlərinin təqdimatının
çox maraqlı bir dövrə- XXI əsrin ilk on illiyinin
başa çatdığı ərəfəyə təsadüf
etdiyini vurğulayan tanınmış publisist İradə
Tuncay dedi ki, biz hamımız hər zaman zamana tabe olsaq da elə
şəxsiyyətlər var ki, zaman onlara tabe olur. Onlar
zamanın fövqündə dayanır: "Məmməd Araz
çox insanların mənəvi atası və bütöv
bir xalqın müstəqilliyə gedən yolunda mənəvi
dəyərləri aşılayan, o yükü çiyinlərində
daşıyan bir şəxsiyyət olub. Bir neçə
aydır ki, biz bu layihə üzərində işləyirdik.
Bu kitabın qara cilddə olması, üzərində soy
adının ağ hərflərlə yazılması birgə
iş prosesinin nəticəsi idi. Həm də kitabın
üzərində Məmməd Arazın "Vəsiyyət"
şeirindən bir bəndin əksini
tapması da təsadüfi deyil. Biz onun Veb səhifəsini
hazırlayanda da bu şeirini yerləşdirmişik.
Çox qəribədir ki, 35 yaşında çox cavan olan
bir şəxs "Vəsiyyət" şeirini yazıb və
bu şeirində də özünün bütün həyat
proqramını açıb, gələcək nəsillərə
nə deyəcəyini açıqlayıb. Layihənin ərsəyə
gəlməsində əməyi keçən hər bir kəsə
təşəkkürümü bildirirəm. Maddiyyatın mənəviyyatı
üstələdiyi, mənəviyyatın diqqətdən kənarda
qaldığı, əhəmiyyət verilmədiyi bir
dövrdə Məmməd Araz kimi ağırlıqlı bir
şairin poeziyasına diqqətin yetirilməsi böyük
hadisədir. Məmməd Araz kitabının qara cilddə nəşrini
vəsiyyət etsə də mənə elə gəlir ki, əsl
şairlərin qara kağızı olmur. Onlar hər zaman
xalqı irəliyə aparan bir işıqdırlar. Arzu edərəm
ki, xalqı həmişə nurlu gələcəyə aparan
insanların adı rəmzi olsun".
Məmməd Arazın
seçilmiş əsərlərinin redaktoru olmasından
qürur hissi keçirdiyini deyən Səlim Babullaoğlu xalq
rəssamı Böyükağa Mirzəzadədən sonra Məmməd
Arazın kitabının təqdimatının keçirilməsinin
təsadüf olmadığını vurğuladı: "Bu
xalqın mənəvi sərvətinin özünə
qaytarılması yolunda atılan böyük addımdır.
Məmməd Araz və onun çapında olan yazarlar barəsində
iki dəfə fikir səsləndirilir. Biri onların
sağlığında, digəri isə dünyalarını
dəyişdikdən sonra. Bu fikirləri deyənlərin də
bir hissəsi onu şəxsən tanıyanlar, digəri isə
əsərlərindən oxuyub tanıyanlar olur. Təəssüf
ki, bu gün böyük şairimiz bizimlə birlikdə deyil,
amma onun şeirləri Azərbaycan durduqca bu xalqın mənəvi
sərvəti olacaq və yetişməkdə olan gənc nəslin
ürəklərini fəth edəcək. XX əsr Azərbaycan
poeziyasında çox az şair tapılar ki, onların
yaratdığı dillə xalqın dili arasında bərabərlik
işarəsi qoyula bilər. O şairlərdən biri də
böyük Məmməd Arazdır".
"Böyük Məmməd
Araz, Siz bu gün təkcə qayaların altında deyil, məzarda,
ürəklərdə, duyğularda, yaddaşlarda, sevib-sevilənlərin
pıçıltısında, yeni açılan güllərin
rəngində yaşayırsınız",- deyən xalq
şairi Zəlimxan Yaqub qeyd etdi ki, Məmməd Araz hər
külək ağzında bir səmtə varmadı.
Yönü xalqa, millətə, dağlara, daşlara, təbiətə,
əbədiyyətə doğru oldu.
Söz gərək qılınc keçməz qayadan
keçə.
Yoxdursa sözüyün kəsəri yazma.
Özün sevməyincə, sevilməyincə
Özgədən məhəbbət əsəri yazma.
- deyən Məmməd
Araz sevdi və sevildi. Yazdığını da sevə-sevə
yazdı, ölə-ölə yazmadı. Yaza-yaza öldü,
əbədi dirilmək üçün. Qayalardan
danışa-danışa məzarının üstündəki
heykəli də qayaya bənzədi. Bu gün 50 milyonluq azərbaycanlının
yaddaşında Məmməd Araz adlı bir qaya, əbədiyyət,
poetik təfəkkür obrazı var. Məmməd Araz, onun
sözü, şəxsiyyəti, ədəbi təsir qüvvəsi
böykdür. Böyük Məmməd
Arazın bu kitabı minlərlə, milyonlarla artıb
çoxala-çoxala, əldən-ələ, dildən-dilə,
könüldən-könülə, yaddaşdan-yaddaşa
yayıla-yayıla gedəcək".
Xalq şairi Söhrab
Tahir təqdimatı keçirilən kitabı poeziyanın
bayramı kimi xarakterizə etdi: "Məmməd Araz ürəyin
tac damarlarının partlayışı şairidir. Onun hər
bir misrası ürəyin tac damarının
patlayışını bizə göstərir. Həqiqətən
də Məmməd Arazın Filarmoniyada keçirilən
yaradıcılıq gecəsində Aydın Məmmədov Məmməd
və Məhəmməd sözlərini çox gözəl
müqayisə etdi. 55 il əvvəl Məmməd Araz
üçün yazdığım şeiri bu toplantıda demək
istəyirəm".
Qardaşım bir axşam sən
məni qonaq saxladın
Yaramı yaranla duyub bağladın.
Mənim gözlərim də bəzən
ağladı.
Qoymadın gözlərim dola qardaşım.
Toyuna gəlmişəm hər yan xonçadır.
Boş əlim bükülü qanlı xonçadır.
Bircə ürəyim var parça-parçadır
O sənə çatacaq al qardaşım.
Növbəti söz
alan professor Qəzənfər Paşayev dedi ki, Məmməd
Araz ilk gördüyüm diri şair olub: "1957-ci ildə
ilk dəfə onunla keçirilən görüşə
getdim və o vaxtdan da onun yaradıcılığına
vuruldum. Sonradan dostlaşdıq. O, xalqının böyük
oğlu, ona baş ucalığı gətirən
şairimizdir. Mən bugünkü tədbiri Məmməd
Arazın bayramı bilirəm. Kitab bəşəriyyətin ən
böyük kəşfidir. Bu gün təqdim olunan Məmməd
Araz kitabı ilə biz onun özünü görürük.
Keçid dövründə bizim yaradıcı insanlara belə
bir münasibətin göstərilməsi həm də
onların yaşadılması deməkdir".
Böyük Quruluş
Partiyasının sədri, millət vəkili Fazil Mustafa dedi
ki, Məmməd Araz Vətəndən əvvəl
insanlarımızı Vətəni sevməyə hazırlayan
şairdir. Məmməd Arazın öz gəlişi ilə Azərbaycanın
poeziya mühitində hadisə yarada biləcək şairlərimizdən
olduğunu vurğulayan deputat qeyd etdi ki, onun ölümündən
bir neçə il keçməsinə baxmayaraq, Məmməd
Araz şeirləri eyni ruh ilə sevilir, oxunur: "Bu
günün ən maraqlı cəhətlərindən
biri odur ki, Məmməd Araz qədər iztirablı, səhhəti
ilə bağlı ağır həyat keçirən
çox az şairlər olub. Amma onun şeirlərində
fiziki cəhətdən xəstə ruha rast gəlmək
mümkün deyil. Onun şeirlərində yalnız sağlam
bir gözəllik, insanı müqəddəs missiyaya hazırlayan
ruhu duymaq mümkündür. Ona görə Məmməd Araz
böyükdür ki, o qədər ağrı-acı içərisində
öz missiyyasını unutmayaraq, həmişə ona əməl
edərək Azərbaycan insanını hər şeyə
hazırlaya bildi. "Atamın kitabı"ndan, "Əlifba"dan
başlayaraq bütün şeirlərində insanlarımızı
Azərbaycanın müstəqilliyi, gələcəyi
üçün çalışan topluma çevirə
bildi. Biz bu cilalanmış sözün içərisində
yetişən insanlarıq və ona görə də bu
gün Məmməd Araz adı, gündəmə gələndə
Azərbaycanın müstəqilliyinin əsasını qoyan
insanlarla bir sırada dura biləcək bir şəxsiyyət
gözlər önündə dayanır. Hesab edirəm ki, Məmməd
Əmin Rəsulzadə Azərbaycan cəmiyyətinə nə
verə bilibsə, Məmməd Araz da onu şeirdə verənlərdəndir".
"Qalx ayağa deyən
Məmməd Arazın hər bir misrası, hər bir şeiri
Azərbaycandır",- deyən Demokratik İstiqlal
Partiyasının sədri, deputat Asim Mollazadə qeyd etdi ki, Məmməd
Arazın kitabı hər bir azərbaycanlı ailəsinin mənəvi
sərvəti olaraq qəbul olunmalıdır. Çünki,
bizim nəsil Məmməd Arazın kitabları ilə
böyüyüb. Onun Azərbaycan sevgisi ilə də gələcək
nəsillərimiz böyüyə bilər. Əminəm ki,
"Xalq Bank" bu ideyası ilə böyük bir iş
görüb. İnanıram ki, bu ənənə davam etdiriləcək.
Bütövlükdə azərbaycanlılar öz əməlləri
ilə millətin birliyinə nail olacaq və onu təcavüzdən
də azad edib dövlətini qüdrətli bir ölkəyə
çevirəcək".
"Mən hansısa
bir kitabda oxumuşdum ki, kitab zamanın dalğaları üzərində
gələcək nəsillərə çatdırılan gəmidir",-
deyən Məmməd Arazın həyat yoldaşı
Gülxanım xanım həm kitabların nəşrinin, həm
də onların oxunmasının zəruri olduğunu bildirdi:
"Kitabın verdiyi biliyi, tərbiyyəni heç nə verə
bilməz. Sözün dara düşdüyü indiki vaxtda Məmməd
Araz kimi şairlərin əsərlərinin nəşrinə
maraq göstərilməsi təqdirəlayiq haldır. Buna
görə bu işdə əməyi keçən
bütün insanlara təşəkkür edirəm".
Millət vəkili Aqil
Abbas dedi ki, bu təqdimat təkcə Məmməd Arazın günü deyil,
bütünlüklə poeziyanın günüdür: "Əgər
bu gün sözün qüdrətdən
düşdüyü bir vaxtda bu qədər ziyalı
sözün başına yığışırsa, deməli,
söz bir o qədər də qiymətdən düşməyib.
Bu insanların hər biri də poeziyamızda əksini tapan
missiyanın davamçılarıdır. Həm də
böyük şairlərimizin əsərlərinin yeni, nəfis
şəkildə dərcinə böyük iş
adamlarının maraq göstərməsi alqışlanan
haldır. Bu həm də Azərbaycanın inkişafına
xidmət etməkdir, onun mənəvi sərvətinin xalqa
çatdırılmasında böyük rol oynamaqdır. Azərbaycanın
milli, mənəvi sərvəti isə Nizami, Füzuli,
Üzeyir Hacıbəyov, Xudu Məmmədov, Qara Qarayev, Tahir
Salahov və bu sırada dayanan kifayət qədər
böyük şəxsiyyətlərdir. Əgər bu sərvəti
qoruya bilsək, Azərbaycanın sabahına da böyük
ümid yaranar. Sözə qiymət verəni, Allah da qiymətləndirər".
Tədbirin sonunda Nurəddin
Mehdixanlı və Ağalar Bayramovun ifasında Məmməd
Arazın şeirləri səsləndi.
Gültəkin Qəhrəmanlı
Ədalət.- 2010.- 29 dekabr.- S. 4.