ORDU QURUCULUĞUNUN UĞURLU 2010-CU İLİ

 

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Silahlı Qüvvələrimiz üçün 2010-cu il bir sıra mühüm hadisələrlə yadda qaldı. Ölkə Prezidenti tərəfindən cari ilin 18 may tarixində təsdiq olunmaq üçün Milli Məclisə təqdim olunan iyunun 8-də ölkə parlamentinin təsdiq etdiyi müstəqil Azərbaycanın ilk Hərbi doktrinası təkcə Silahlı Qüvvələrimizin həyatında deyil, ümumiyyətlə, Azərbaycan Respublikasının həyatında tarixi bir hadisəyə çevrildi.

 

Ordu quruculuğu işinin ən mühüm sahələrindən biri də kadr məsələləri ilə bağlıdır. Ali hərbi məktəblərimizdə, o cümlədən hərbi təhsil ocaqlarımızın flaqmanı sayılan H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təlim-tədris işi Müdafiə nazirinin 15 iyun 1998-ci il tarixli əmri ilə qüvvədə olan "Ali hərbi məktəblər haqqında əsasnamə"nin və Bakalavr ixtisası təhsili standartlarının tələblərinə uyğun təşkil edilir.1997-ci ildən müasir standartlara uyğun yeni təhsil sistemi tətbiq olunur. Tədrisin yüksək keyfiyyətlə təşkili MDB ölkələrində ali hərbi təhsil ocaqlarımıza marağı daha da artırmışdır. Hal-hazırda burada bir sıra xarici ölkə gənclərinin təhsil alması ordumuzun gündən-günə artan imicindən xəbər verir.

Beynəlxalq əməkdaşlıq ordumuzun əsas inkişaf istiqamətlərindən biridir. Bu sırada ən ümdə yeri dünyanın ən böyük hərbi strukturu sayılan NATO ilə əməkdaşlıq münasibətləri tutur. Hazırda Azərbaycan NATO ilə iki böyük proqram üzrə hərbi əlaqələr qurur: Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat planı (FTƏP), Planlaşdırma və Analiz prosesi (PAP).

2010-cu il ərzində Müdafiə Nazirliyinin xarici dövlətlər və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da inkişaf etmiş və genişlənmişdir. Bu il ABŞ və Tacikistanın müdafiə qurumları ilə hərbi sahədə iki əsas sənəd imzalanmışdır. İkitərəfli əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə 276 müxtəlif dil və ixtisas kursları, işçi görüşləri, seminarlar, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr və digər tədbirlər planlaşdırılaraq həyata keçirilmişdir. Bu tədbirlərdə Silahlı Qüvvələrin 1300-dək nümayəndəsinin iştirakı təmin edilmişdir. Ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatlar beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.

Son yeddi il ərzində dövlət büdcəsindən hərbiyə ayrılan xərclər 14 dəfəyədək artırılmışdır. 18 iyun 2010-cu il tarixdə Milli Məclisin növbədənkənar sessiyasında müdafiə və təhlükəsizlik xərclərinin daha 400 milyon manat artırılması müvafiq sahəyə göstərilən diqqətin bundan sonra da sistemli və ardıcıl xarakter daşıyacağına əsaslı sübutdur. Bununla da cari ilin bütün hərbi xərcləri 2 milyard 150 milyon dollaradək artırılmış, təcavüzkar Ermənistan Respublikasının dövlət büdcəsini belə arxada qoymuşdur. Milli Məclisin məlum sessiyasından sonra, 23 iyun 2010-cu il tarixdə "Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə" ölkə başçısının imzaladığı Sərəncama əsasən xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçular üçün xidməti yaşayış evlərinin tikintisinə 5 milyon manat vəsait ayrılmışdır. Bu sırada ölkə başçısının şəxsi tapşırığı ilə müxtəlif hərbi qarnizonlarda bir sıra sosial, mədəni və məişət obyektləri ilə birlikdə inşa olunan beş hərbi şəhərcik kompleksi də hərbi qulluqçularımız üçün kifayət qədər ciddi etimad və qayğının təzahürüdür. 20 sentyabr 2010-cu il tarixdə ölkə başçısının imzaladığı növbəti Sərəncama əsasən, Müdafiə Nazirliyi, o cümlədən, digər güc strukturlarının dövlət büdcəsindən maliyyələşdirilən qurumlarında çalışan hərbi qulluqçuların və mülki işçilərin aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır. Hərbi qulluqçularımız bu Sərəncamı böyük minnətdarlıq hissi ilə qarşılamışlar.

2009-cu ilin sonuna Silahlı Qüvvələrin döyüş hazırlığını artırmaq məqsədilə təxminən 1 milyard ABŞ dollarından artıq dəyərdə modern silah və texnika hərbçilərimizin ixtiyarına verilmişdir. Bu il aprelin 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən müşavirədə ordumuzun yüksək döyüş hazırlığına malik olduğunu və hərbi qulluqçularımızın ruh yüksəkliyini xüsusi vurğulayan dövlət başçısı ölkənin öz müdafiə qüdrətini daim artırmasını xalqımızın təbii haqqı kimi dəyərləndirmiş, Azərbaycan ordusunu bütün cəhətlərdən Ermənistan ordusundan daha güclü və peşəkar bir silahlı qurum kimi xarakterizə etmişdir. Onu da xüsusi vurğulamışdır ki, Silahlı Qüvvələr quruculuğuna aid xərclər bundan sonra da sistemli şəkildə artırılacaqdır

Bu il Silahlı Qüvvələr günü ərəfəsində iyunun 24-də keçirilən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi yuxarıda deyilənlərin arxasında konkret faktların dayandığını bir daha göstərdi. Bu təlimi izləyən Ali Baş Komandan birgə səylərlə doğma torpaqlarımızın işğalçılardan təmizlənməsinin əsas məqsəd olduğunu xüsusi vurğuladı və təlim zamanı qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini, Silahlı Qüvvələrimizin yüksək peşəkarlıq nümayiş etdirdiyini bildirdi.

Cari tədris ilində birlik və birləşmələrdə keçirilən onlarla müxtəlif komanda-qərargah təlimlərində hərbi qulluqçularımız əsl peşəkarlıq nümayiş etdirmişlər. İstismarda olan silahların müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə kompleksləşdirilməsi, müasir tipli cihazların alınması və hərbi hissələrə təhvil verilməsi Silahlı Qüvvələrimizin döyüş imkanlarını ikiqat artırmışdır. Atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin fəaliyyəti nəzarət altında saxlanılmış, birləşmələrin zirehli texnikası üzərində modernləşdirmə işləri davamlı şəkildə reallaşdırılmışdır. Tankəleyhinə raket sistemlərinin döyüşə hazırlığı və radiolokasiya stansiyalarının fasiləsiz fəaliyyəti tam təmin edilmişdir. İdarəetmə sistemlərinin təkmilləşdirilməsi, 1-ci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması, müdafiə sisteminin təkmilləşdirilməsi, vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış rabitə sisteminin tətbiqi üzrə işlərin artan sürətlə davam etdirilməsi cari ildə qoşunlarımızın döyüş hazırlığı sahəsində yeni keyfiyyət göstəricilərinə yiyələnməsi ilə nəticələnmişdir.

Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində davamlı şəkildə keçirilən və həyatımız üçün xüsusi əhəmiyyət daşıyan müxtəlif dərslər hərbi qulluqçuların vətənpərvərlik tərbiyəsində önəmli rol oynamış, onların döyüş ruhunu ikiqat artırmışdır. Azərbaycanın Milli Qəhrəmanı gizir Mübariz İbrahimovun və baş leytenant Fərid Əhmədovun cəbhə bölgəsində erməni silahlılarının təcavüzünün qarşısını alarkən torpaqlarımızın müdafiəsi zamanı göstərdikləri rəşadət nəinki hərbçilərimizin, bütövlükdə ölkə gənclərinin mübarizə əzmini alovlandırmış, Azərbaycan ictimaiyyətini ayağa qaldırmışdır. Bu gün sıralarımızda Mübarizin, Fəridin qəhrəmanlığını təkrarlamağa hər an hazır olan on minlərlə gənc xidmət edir.

  

  

İbrahim RÜSTƏMOV

 

Ədalət.- 2010.- 29 dekabr.- S. 4.