Ekoloji tarazlıq necə qorunur
Canlı təbiət mövcud olduğu gündən daim cansız təbiətin, müxtəlif proseslərin,
anomal hadisələrin
təsir dairəsində
olub və indiki zamanda da bu öz
axarı ilə davam etməkdədir. Müasir dünyamızda canlı təbiətin - bizi əhatə edən, bizi daimi enerji
mənbəyi ilə təmin edən meşələrin, müxtəlif
növ bitki örtüyü ilə zəngin olan çəmənliklərin sıradan
çıxmasında, tükənməsində,
nadir bitki növlərinin nəslinin
kəsilməsində
"homo sapiens" adlandırdığımız insanın rolu az deyil.
Statistik rəqəmlərə
əsaslanaraq söyləmək olar ki, dünyada hər il minlərlə
hektar meşə və çəmənliklər, bitki
örtüyü ilə zəngin yaşıllıqlar məhv
edilir ki, burada da insan "əməyini" qeyd etməmək
mümkün deyil. Meşələrin məhv olması Yer
kürəsinin münbit qatı hesab olunan torpağın
şoranlaşmasına, erroziyaya uğramasına,
sürüşmələrin baş verməsinə səbəb
olur ki, bu da böyük dağıntılarla, fəlakətlərlə
nəticələnir.
Bu gün dünyanın
əksər ölkələrində ekoloji
tarazlığın pozulmasından yaranan problemlərin aradan
qaldırılması haqda müxtəlif diskussiyalar
aparılır. İndi Yer kürəsinin bir qitəsində
baş verən təbiət hadisəsi təkcə həmin
qitə ölkələrinin yox, eyni zamanda bütün
dünyanın problemi sayılmalıdır və onu aradan
qaldırmağın yolları birgə
axtarılmalıdır. Bu, heç də insanların təbiət
hadisələrinin yarada biləcəyi fəsadları önləmək
təşəbbüsü kimi yox, artıq
çıxış yolunun qalmadığı kimi başa
düşülməlidir. Artıq dünyanın itirə biləcəyi
meşələr, çəmənliklər, bitki
örtüyü ilə zəngin sahələri qalmayıb.
"Qırmızı xətt"i keçmək daha
ağır fəlakətlərə yol aça bilər.
Ölkəmizdə iqtisadiyyatın inkişafı və əhalinin
sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə
yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə
və ekoloji tarazlığın qorunması dövlətin
daim diqqət mərkəzindədir. Bununla əlaqədar
olaraq son illər ekologiyaya, təbiəti mühafizəyə
və təbii ehtiyatlardan səmərəli istifadəyə
dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, təbiətin
qorunması və sağlamlaşdırılması sahəsində
mühüm praktiki addımlar atılıb. Bir sıra iri su
hövzələri tikilib, torpaqları şoranlaşmadan təmizləmək
üçün drenaj sistemləri qurulub, Bakı şəhərində
və onun ətrafında çoxlu yaşıllıqlar, Xəzərsahili
qumluqlarda sahil bərkidici və torpaqların
erroziyasının qarşısının alınması məqsədi
ilə meşə örtüyü zolaqları salınıb,
flora və faunanın qorunub saxlanması və inkişaf
etdirilməsi üçün bir sıra təbiət
qoruqları və yasaqlıqları yaradılıb.
Lakin bu sahədə hələ
də ciddi problemlər qalmaqda davam edir. Ölkədə
meşələrin qırılması nəticəsində,
onsuz da az olan meşə örtüyünün torpaqqoruyucu,
susaxlayıcı, havatəmizləyici kimi vacib sanitar-gigiyenik və
sosial-ekoloji funksiyası xeyli dərəcədə zəifləyib.
Bəzi qiymətli ağac və kol növlərinin
ehtiyatı tükənmək təhlükəsi
qarşısında qalıb. Yaylaqlardan qeyri-səmərəli
istifadə olunması onların geniş ərazidə sürətlə
erroziyaya uğramasına və bitki örtüyünün məhv
olmasına səbəb olub. Digər tərəfdən, son illərdə
ölkədə baş vermiş təbii hadisələr ətraf
mühitə ciddi ziyan vurub. Odur ki, ölkədə təbiətin
mühafizəsi, bioloji müxtəlifliyin azalmasının və
ətraf mühitin çirklənməsinin
qarşısının alınması məqsədi ilə təxirəsalınmaz
tədbirlərin həyata keçirilməsi böyük
sosial-iqtisadi əhəmiyyət kəsb edir.
Qeyd olunan problemlərin
sistemli həllini təmin etmək məqsədi ilə vaxtilə
ulu öndər Heydər Əliyevin sərəncamı ilə
"Azərbaycan Respublikasında ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi inkişafa dair milli proqram" qəbul
edilib.
Azərbaycan zəngin təbii
sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə
malik olan bir dövlətdir. Lakin uzun illərdən bəri
yığılıb qalmış ekoloji problemlər
vaxtında öz həllini tapmadığı
üçün ölkəmizin ətraf mühiti həddindən
artıq çirkləndirilib. Hazırda respublikamızda həllini
təcili tələb edən bir sıra ekoloji problemlər
vardır: su hövzələrinin, o cümlədən Xəzər
dənizinin məişət və sənaye sularının
tullantıları ilə çirkləndirilməsi, Xəzər
dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar
vurulan ziyanlar, atmosfer havasına zərərli qazların yol
verilən normadan artıq atılması, biomüxtəlifliyin
azalması, torpaqların eroziyaya uğraması və
şoranlaşması, sənaye və məişət
tullantılarının utilizasiyası və s.
Beynəlxalq təşkilatlar
və ekoloji problemlər 1992-ci ildə Birləşmiş Millətlər
Təşkilatının təşəbbüsü ilə
Rio-de-Janeyro şəhərində keçirilmiş beynəlxalq
konfransda qeyd edildiyi kimi, dünyanın gələcək
inkişafı ilk növbədə ekoloji problemlərin necə
həll olunmasından asılı olacaq. Bu konfransda dünyada
mövcud olan ətraf mühit problemlərinin həlli
yolları çox ciddi şəkildə nəzərdən
keçirilib və mühüm qərarlar, o cümlədən
artıq bütün beynəlxalq ekoloji təşkilatların
proqram sənədinə çevrilmiş "Dayanıqlı
inkişaf" konsepsiyası qəbul edilib. Bu konsepsiyada
iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil
etməsi, üstünlüyün ətraf mühitin
qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə
həll olunması, gələcək nəsillərin
imkanları məhdudlaşdırılmadan çağdaş
nəsillərin rifahının
yaxşılaşdırılması ön xəttə
çəkilib. Buna nail olmaq üçün ilk növbədə
iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi
və ətraf mühitin qorunması təmin
olunmalıdır.
Rio konfransının
davamı kimi 2002-ci ildə Yohannesburq şəhərində
keçirilmiş dünya sammitində dayanıqlı
inkişaf prinsipləri bir daha təsdiqlənərək
onların reallaşdırılması üçün zəruri
tədbirlərin görülməsi xüsusi
vurğulanıb.
İndiki dövrdə ətraf
mühitlə bağlı mövcud vəziyyət hər bir
ölkəni ekoloji problemləri ümumbəşəri
kontekstə çıxarmağa məcbur edib. Bugün
artıq ətraf mühitin mühafizəsi məsələləri
aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində
öz əksini tapıb.
Azərbaycanda
yürüdülən ekoloji siyasətin əsas məqsədi
indiki və gələcək nəsillərin
ehtiyaclarının təmin edilməsi naminə mövcud
ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii
ehtiyatlardan səmərəli istifadə edilməsi ilə
davamlı inkişafın təmin edilməsindən ibarətdir.
Bunu gerçəkləşdirmək məqsədi ilə təbii
ehtiyatlardan istifadə yolları işlənib
hazırlanmalı və iqtisadiyyatın inkişafı
davamlılıq prinsipləri əsasında həyata
keçirilməlidir.
İnkişafın
ekoloji baxımdan davamlı olmasını təmin etmək
üçün iqtisadi fəaliyyət zamanı meydana
çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq,
onların ətraf mühitə mənfi təsirinin minimuma
endirilməsi tələb olunur.
Ətraf mühit sahəsində
beynəlxalq müqavilələrə qoşulmağa da
böyük diqqət yetirilir. Belə ki, Azərbaycan
Respublikası bu günə kimi 20 konvensiyaya qoşulub,
müvafiq protokolları imzalayıb.
Dövlət
proqramları ətraf mühitlə bağlı qeyd olunan
problemlərin həlli yollarını müəyyənləşdirmək
və ekoloji tarazlığı təmin etmək məqsədilə
dövlət proqramları və layihələrin
reallaşdırılması, tədricən ətraf
mühitin daha da sağlamlaşdırılmasını
yaxın gələcəkdə mümkün edəcək.
Azərbaycan prezidenti
İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il
ölkəmizdə "Ekologiya ili" elan edilib. Ətraf
mühitin mühafizəsi və əhalinin
sağlamlığı məsələlərinə daim
böyük diqqət yetirən dövlət
başçısının bu təklifi ilə Yer kürəsində
təbiətin xilas olunması üzrə dünya ictimaiyyətinin
göstərdiyi səylər kontekstində ayrıca bir
ölkə çərçivəsində çox əhəmiyyətli
genişmiqyaslı aksiyaya başlanıb.
Dövlət
başçısının müvafiq sərəncamlarına
əsasən son illər ümumi sahəsi ölkə ərazisinin
3,1 faizinə bərabər olan milli parklar yaradılıb,
qoruqların ərazisi genişləndirilib və regionlarda
müasir sutəmizləyici qurğuların tikintisi davam
etdirilir. Azərbaycan prezidenti İlham Əliyev Yeni il
müraciətində ekoloji problemə bir daha toxunaraq, ölkə
vətəndaşlarını əmin edib ki, "nəhəng
infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın
əhalisini Dünya Səhiyyə Təşkilatının
standartlarına uyğun olaraq içməli su ilə təmin
etməyə imkan verəcək".
Xəzər dənizinin
ekologiyasına da xüsusi diqqət yetirilir. Abşeron
yarımadasının sahil qəsəbələrində təmizləyici
modul qurğular inşa edilib və onların hər biri
gündə 4070 kub metr çirkabı təmizləmək
gücünə malikdir.
Ötən ilin payız
aylarından başlayaraq ölkəmizdə
genişmiqyaslı yaşıllaşdırma kampaniyası həyata
keçirilir. Neftlə çirklənmiş torpaqların
rekultivasiyası, neft yataqlarının işlənilməsi
zamanı əmələ gələn lay sularının
axıdıldığı ərazilərin qurudulması sahəsində
fəal iş aparılır. Lakin hələ görüləsi
işlər çoxdur. Ötən ilin payızında Azərbaycan
Prezidentinin iştirakı ilə bərk məişət
tullantılarının təkrar emalı zavodunun təməli
qoyulub. Yeni müəssisə ölkə paytaxtının
ekologiyasına böyük ziyan vuran Balaxanı zibilxanası ərazisində
inşa ediləcək.
"Ekologiya İli"
gələcək nəsillər üçün sağlam
mühitin qorunması istiqamətində Azərbaycanın hər
bir vətəndaşının öz məsuliyyətini dərk
etməsinə dair dönüş ili olmalıdır.
"Ekologiya, insanların sağlamlığı, təmiz su,
təmiz hava - bütün bunlar ölkənin
inkişafını fərqləndirən əlamətlərdir".
Azərbaycan prezidenti İlham Əliyevin Balaxanıda yeni
zavodun bünövrəsinin qoyulması mərasimində dediyi
bu sözlər ölkənin gələcəyinə biganə
qalmayanların hamısı üçün dəqiq
meyarları müəyyənləşdirir.
Ölkəmizdə həyata
keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji
problemlərin operativ yoluna qoyulmasına, ətraf mühitin
mühafizəsi istiqamətində ardıcıl və səmərəli
tədbirlərin görülməsinə əlverişli
şərait yaradıb. Siyasi arenada və dövlətçilik
fəaliyyətində təkrarsızlığı ilə
şöhrətlənən ulu öndər Heydər Əliyevin
təbiətə, gözəlliyə vurğunluğu, ətraf
mühitə biganəlik və utilitar münasibət göstərənlərə
qarşı barışmazlığı və qətiyyəti
bu gün Azərbaycan prezidenti İlham Əliyevin də fəaliyyətinin
başlıca stimuluna çevrilib. Dövlət
başçısı, eləcə də Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü və dəstəyi ilə
reallaşdırılan layihələr Azərbaycanda ekoloji
problemlərin tezliklə yoluna qoyulacağına inam
yaradır. İnsanların sağlam təbii mühitdə
yaşaması və təbii sərvətlərdən
xalqımızın rifahının
yaxşılaşdırılması naminə səmərəli
istifadə edilməsi ölkədə aparılan sosial
islahatların mühüm tərkib hissələrindən
biridir. Ölkə rəhbərliyinin ekologiya ilə
bağlı məsələləri daim diqqət mərkəzində
saxlaması ətraf mühitin
yaxşılaşdırılması istiqamətində
aparılan işlərə böyük təkan verib, bu sahədə
iri layihələr uğurla həyata keçirilib və
hazırda da davam etdirilir. Azərbaycan prezidenti İlham Əliyevin
2010-cu ili "Ekologiya ili" elan etməsi ölkə vətəndaşlarının,
ekoloji problemlərin həlli ilə məşğul olan
dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının,
hüquq-mühafizə orqanlarının, kütləvi
informasiya vasitələrinin qarşısında mühüm vəzifələr
qoyur. Biz hamılıqla Azərbaycanın flora və faunasının
qorunması qayğısına qalmalı,
torpaqlarımızın məhsuldar, sularımızın təmiz,
havamızın saf olması üçün əlimizdən gələni
etməliyik. Biz bütün bu işləri hansısa kampaniya
xatirinə görməməli, özümüzün vətəndaşlıq
vəzifəsinə çevirməliyik. Təsadüfi deyil
ki, fevralın 18-də Azərbaycan prezidenti İlham Əliyevin
yanında ekoloji problemlərə həsr olunmuş
müşavirə keçirilib.
Müşavirədə
giriş sözü ilə çıxış edən
prezident İlham Əliyev 2010-cu ilin "Ekologiya ili" elan
olunduğunu, ölkədə ekoloji problemlərin həllinə
böyük diqqət yetirildiyini və bununla bağlı
konkret proqramın qəbul edildiyini vurğulayıb.
Dövlət
başçısı həmin proqramın müxtəlif sahələri
əhatə etdiyini, burada nəzərdə tutulan tədbirlərin
icra mexanizmlərinin, vaxtının və maliyyə mənbələrinin
də əksini tapdığını bildirib.
Dövlət başçısı Bakı və
Abşeron yarımadasında 3 milyondan çox ağacın əkilməsi
ilə əlaqədar yaşıllaşdırma tədbirlərində
əhalinin yaxından iştirakının əhəmiyyətini
vurğulayıb.
Ömər ƏMİROV
Ədalət.- 2010.- 29 dekabr.- S. 7.