Gülşad bulağının
zümzüməsi
Oçerk
O, ucaboylu, cüssəli,
alnı, yanaqları və hətta çənəsinin dərisi
belə, qırış-qırış
olmuş, çalmasının
altından düm ağ birçəkləri
pırtlayıb çıxan,
zəhmli, hikkəli, qorxunc qadının adını kimsə "xala"sız çəkməzdi.
Elə indi də o qənaətdəyəm
ki, həm bizim ailəmizdə və həm də bütün kənddə hamının
ehtiramında və hər kəsin zərbül-məsəlində mübtəda olmuşdu Gülşad xala.
Bizə, o heç
də yad deyildi - kimsənəydik. Daha doğrusu, Gülşad xala anamın doğma xalası idi. Biz uşaqlar ona yaxınlıq etmirdik, ehtiyatlanar, qorxardıq.
Eşitmişdim ki, gilas qələmini sındırdığına görə
bacısı oğlu Rəhman dayımızı
- qonşu kəndə
- evlərinəcən qovub...
Kəndin quzeyində,
bir təpəciyin daldasında biri-birinə qısılmış qoca-cavan,
dəstəkli-dəstəksiz alma-armud ağaclarının əhatəsində xalanın
qazması vardı. Qənşərində də
bir cüt təndiri - meyvə qurudulan, qax bişirilən təndirlər...
Qazmadan bir az aşağı - yarağanın sinəsinə
kiçik axmaz və onun göbək
yerində fıstıq
gövdəsinin çanağı-qut
bulaq xalanın məişəti idi. Çuqulluq peşəm olmasa da, yada
salım ki, pis baxmışdı Xala "Bedkom"a - lütlər - yoxsullar komitəsinə, kolxoza da girmədi ta ömrünün sonuna kimi. Çörəyini
oğlundan ayırmışdı.
Nöşün ki, oğlu Naseh kolxoz çörəyi yeyirdi.
Cahan müharibəsinin od-alovunu Xala duydu, necə bitdiyini, Nasehin yıxıla-dura gəldiyini bilmədi.
Kənd uşağı fəsilləri qarma-qatışıq keçirir. Heç uşaqlığı ilə gəncliyinin, yetkinliyi ilə boyunduruğa ürcah olduğu keçidləri tutmaq olmur. Uşağın ayağı yer tutar-tutmaz qayğı-cavabdehlik başının üstündədir. Kol-kosa bələd günlərim, ağacları budaq-budaq gəzdiyim, quş yuvalarına, yumurtadan təzə çıxmış ətcə balaların civiltisinə tamaşa etməyim, üzü, astarı seçilməyən köhnə kitabları qoltuğuma vurub, 5-10 km-lik yolu bir nəfəsə qət etdiyim illər, demə, həyatımın ən kövrək vaxtı imiş...
Altmışıncı illərin ortalarında Sumqayıt sakini idim. Onsuz da hamar olmayan güzəranıma ailə-uşaq qayğıları da əlavə edilmişdi. Kənd qoxusu üçün burnumun ucu göynəyirdi. Tez-tez gəlirdim kəndə. Və heyran-heyran baxırdım bizimlə qabaq-qənşər Qalaya. Ancaq yaxşı deyildi kəndimizin güzəranı. Kənddən təkcə mən getməmişdim. Əli xırda-para iş tutan da, cümlə yaşıdlarım da getmişdi. Sonra nə xəbər çıxdısa, elliklə Quba-Bakı yolunun sol cinahına köç başladı - yeni kəndin - İsnov qışlağın əsası quruldu. Sualtı - ata-baba torpaqlarımızda yeni meyvə bağlarının salınması əməli işə keçdi...
Hökumətdə təzə qərarlar qəbul edilir: "Beşillik" planları "Yeddiilliy"ə çevrilir; 2-3 kəndi birləşdirən kolxozlar 8-10 kəndi idarə edir. Kənddə qalan 5-3 əlacsızınsa gününə işıq düşmür. Yenə dəyişirlər: Dövlətdən maliyyələşən sovxoz təsərrüfatına. Texnika verilir, kömək əli uzadılır. Kadr ki yoxdur. Dünənki traktorçu sovxozun baş mühəndisi olur...
Amma hər qaranlıq gecənin bir işıqlı səhəri olduğu məlum, qismətsə mənim inamımdır. Belə bir vaxtda
kəndçimiz - yüksək
erudisiyalı ziyalı
Şıxsəid Kərimovu
Quba rayonuna rəhbər işə göndərdilər.
Gəl, indi
"möcüzə" anlamına
inanma!.. Döngələr,
aşırımlar şəklini
dəyişdi. Sarıqayada
və "Sərsəng
örüşü" deyilən
yerdə daş karxanalarının açılmasına
girişdilər. Rayonun
ucqar kəndlərinə
- o cümlədən bizim
kəndə fasiləsiz
iməciliklərlə yol
çəkilişi vüsət
aldı. Rayonun bütün ictimaiyyəti
səfərbərdi - S.Vurğun
demişkən, hərə
bir daş qoyurdu avadanlığa.
"Terras" sözü
ümumxalq dilinə keçdi, toponimləşdi...
50 ha sahədə dəmyə
üzüm plantasiyası
salındı, ondan iki dəfə çox alma bağı. Güldü torpaq, artdı qonaq-qara. O şövkətli iməciliklərin
birində, xalis bir bazar günü
kəndimizin baş döngəsində gördüm
o günlərin qəhrəmanlarını.
Yerin bağrını
dələn buldozerlər,
xortumlu ekskavatorlar, torpaq daşıyan, çınqıl gətirən,
yükünü özüboşaldan
növbənöv - maşınlar
bizim kəndi arxada qoyub, baş
Zərqovaya - yaddaşlara
həkk olmuş, repressiya qurbanı, sədaqətli inqilabçı
Ceyranxanım Bayramovanın
kəndinə səmt
almışdılar...
Güzdək karxanasından
mişar daşı gətirmişdim. "Maz"
yükü yerə tökər-tökməz kənd
idarəsinin yasovulu gəldi ki, səni böyüklər
istəyir. Kənd idarəsi ata evimizin lap qənşərində
idi. Elə karxanadan gələn tərzdə üst-başım
toz-torpaqlı getdim. Düşünürdüm ki,
sənəd-zad soruşacaqlar.
Vardı orda paqonlu, şapkalı. Ancaq geridə daldalanmışdılar. İxtiyarlı
bir səs:
- Sənədlərini
qoy cibinə, - dedi, - Eşitmişəm ev tikmək istəyirsən, bəs daşı yola niyə tökürsən?
- Mənə
hələ torpaq sahəsi verməyiblər,
- dedim - Verərlər,
kömək də edərlər. Evi orada tik, - deyə
həmin şəxs əlini qaldırıb, kəndin günbatan səmtini göstərdi,
- Yaxşı ev tik, gəlib baxacağam...
Kiçik pauzadan sonra o, əlavə etdi:
- Kəndi
dağıtdıqları yetər!
Gör nə qədər qadağa qoyulub ki, hamı
qaçıb-gedib. Düzü,
o vaxt bu sözlərdəki ironiyanı
aşkarlığı ilə
başa düşməzdim.
Axı mənə atmacanı tutmaq yox, doğma kəndimizdə ev tikmək üçün
icazə lazım idi...
Səhər torpaq şöbəsinin mühəndisi
gəldi, məsləhət
görülmüş yerdə
tikintiyə başlamağım
üçün cizgilər
hazırlandı..
Evtikənə Allah da köməkdir. Atam kəndə qayıtmağıma
razılıq verməsə
də, tikinti materiallarını sənədli-sahmanlı
tapıb gətirməyimdən
xoşallanır, ötən
günlərin yaddaşını
varaqlayır, ibrətamiz
hekayətlər danışırdı.
Ev tikəcəyimiz
həyətyanı torpaq
sahəsindən beş-altı
yüz metr yuxarıda idi xalanın axmazı - qut bulağı. Gedib gəzmişdim xaladan bir nişanə
tapacağım ümidilə.
Məyus qayıtdım.
Tərginmişdi meyvə
ağacları, yoxa çıxmışdı xalanın
qazması.
Sumqayıtdan gətirdiyim
əyrim-üyrüm metal boruları
baş-başa calayıb,
gətirdik. Bir kibrit çöpü tərzdə su idi. Evimizi tikdi,
körpə fidanlara qol-qanad verdi. Sakit gecələrdə ahəng tapırdı, dil açırdı. Ah,
o dili bilə bilsəydim... Hərdən
mənə elə gəlirdi ki, guya bu zümzümədə
xalanın məzəmməti
gizlənir. Hərəkətə
gəlir, yuxarıda -
o erroziyaya getmiş dərə-təpəli yerdə
nəsə etməyi qət edirdim. Neçə traktor işlətdim, neçə
maşın daş-beton
gətirdim. Gülşad
bulağını əməli
qurdum, bulağın tanış zümzüməsi
layla həzinliyilə
mənə sirdaş oldu.
İşığı, yolu da olsa, hər
ay xəzinədən çanta-çanta
pul da gətirsə,
o uzun sürmədi kəndimizin intibahı.
Sanki haram əli dəymişdi, qurd yağı sürtülmüşdü
mayasına...
İcarədarlıq haqqında,
kolxoz və sovxozların fəaliyyətinin
dayandırılması və
mülkiyyətinin özəlləşdirilməsi
barədə qanunları
da kəndçilərimiz
təbii qarşıladı.
Özəl torpaq payımı o yarğanda
- axmazın böyür-başında
axtardım.
Uzaq-yaxın yerlərdən
qərib bitkilər gətirdim; bulağın zümzüməsinə uyar
calaqlar elədim. Təki rişələnsin,
təki kara gəlsin!..
Yol üstdəyəm.
Yar-yoldaşım köçünü
çəkdi. Mən
Gülşad xalanın
qazması yerində yıxıq palıdın
gövdəsinə söykənib,
bulağın zümzüməsiylə
köçdən yubanıram.
...O vaxt ki, bir-birimizin yaratdığına
öz əməyimiz kimi baxacağıq, qapı qonşumuzun mənalı ömrünü
halal sayıb, qiymətləndirəcəyik və
ya hədər keçən həyatına
öz kəsirimiz kimi baxacağıq, onda biz pak və
məsum olacağıq.
Ədalət.- 2010.- 29 dekabr.- S. 7.