İkiqat dünya çempionunun səmimi
etirafları
Bu müsahibəni
çoxdandır planlaşdırırdım. Amma nədənsə
hər dəfə bir problem çıxırdı. Amma
axır ki, baş tutdu. Doğrusu, söhbət əsnasında
çox mətləblərə aydınlıq gətirildiyindən
nəyisə fərqləndirmək də istəmirəm. Bircə
onu deyə bilərəm ki, redaksiyamızın qonağı
Azərbaycan Pankration Federasiyasının prezidenti, ikiqat
dünya çempionu Azad Əsgərovdur.
Pankrationun tarixi
- Azad müəllim əvvəlcə məşğul
olduğunuz idman növüylə-pankrationla bağlı
danışardınız. Bu idman növünün
kökü hardan gəlir, hansı xalqa məxsusdur, nə kimi
qaydaları var?
- Pankration (yunanca- hərnövçülük)
eramızdan əvvəl 648-ci ildə Yunanıstanda yaranıb.
Yarandığı gündən ən mürəkkəb
növ olan pankration tez bir zamanda tamaşaçıların
sevimli idman növünə çevrilə bildi. Bu
yarışlara Elladanın ən mübariz, çevik və
güclü pəhləvanları qatılırdı. Bu idman
növü özündə duruşda və parterdə
güləşmə fəndlərini, badalaq,
ağrıdıcı, boğucu fəndlərini və
baş, əl, ayaq, dirsək və dizlərlə zərbələri
birləşdirən universal döyüş növü idi. Hər
bir idman növü kimi pankrationun da öz qaydaları var idi
ki, onların da riayət edilməsinə hakim nəzarət
edirdi. Pankrationun inkişafına bu idman növünün sələflərinin
- Misir güləşi, babil yumruq döyüşü, krit
boksunun üslubu müxtəlif təsir göstərib. Qədim
yunanlar pankrationu fiziki inkişafın, xarakteri
formalaşmasının və gəncləri hərbi xidmətə
hazırlamanın ən effektiv vasitəsi hesab edirdilər.
Olimpiya oyunlarında pankration idman növünün qalibləri
milli qəhrəman sayılırdılar. Yunanların
pankrationa əsaslanan hərbi hazırlıq metodikası Qədim
Romaya keçmiş, burdan isə german və qall barbar
tayfalarının əsas əlbəyaxa döyüş
növünə çevrilmişdir. Pankration haqqında bilgilər
Makedoniyalı İsgəndərin ordusu ilə Hindistan və
Çinə qədər irəliləmişdir. Beləliklə,
pankration üzrə ilk yarış eramızdan əvvəl
648-ci ildə keçirilmiş Olimpiya oyunlarında
keçirilmişdir. Müqayisə üçün deyimki,
bundan təxminən 700 il sonra tayboks, 1000 il sonra Koreyada
taekvon-do, 1200 il sonra Şaolin monastırında kunq-fu, 2100 il
sonra isə Okinava atasında karate-do meydana gəlib. Pankrationun
üslubi istiqamətləri öz inkişafını kunq-fu
(Çin), viet-vo-dao (Vyetnam), kapoera və valitudo (Braziliya),
taekvan-do (Koreya), boks (İngiltərə), karate-do, ayki-do, ju-do
(Yaponiya), sərbəst güləş və savote (Fransa),
kik-boksinq (ABŞ), klassik güləş (Yunanıstan) və
sambo (SSRİ) kimi döyüş növlərində
tapmışdır. Vaxtilə pankration olimpiya idman növü
olub. Yunanıstana səfərimizdə məhz həmin şəhərdə-Olimpiyada
oldum. Orda çempionların ayaq izləri, daş lövhələrdə
aldarını gördüm. Amma sonra bir neçə yüz
il bu idman növü yoxa çıxıb və son 30 ildə
yenidən bərpa olunub. Söhbət rəsmi şəkildə
idman növü kimi qeydiyyatdan gedir. Hazırda Ümumdünya
Pankration Federasiyası Yunanıstanda yerləşir.
- Bəzən pankrationu "yumruqlu güləş"
də adlandırırlar. Bəs bunların fərqi nədir?
- Güləşin 8
növü var ki - qraplinq, qumüstü güləşmə
və sair - onlardan cəmi 2-si olimpiya proqramına daxildir. Məhz
həmin növlərdən biri də pankrationdur.
- Bəs necə olur ki, Beynəlxalq Pankration
Federasiyası ola-ola bu idman növü FİLA-nın, yəni
Ümumdünya Güləş Federasiyasının tərkibindədir?
Yəni burada bir qarışıqlıq var.
- Dünya indi pulun
üstündə dayanıb. Bu idman növünü Olimpiya
oyunlarına salmaq üçün də adam və pul vacibdir.
FİLA isə daha böyük assosiasiyadır,
atdığı baltanın dalı da kəsir, qabağı
da. Bu təşkilat istəyir ki, pankrationu himayəsinə
alaraq olimpiya oyunlarına daxil etsin. İndi yunanlar da bunun
üçün çox çalışırlar.
- Niyə?
- Çünki pankration
tarixi addır. Səhər bu idman növünü olimpiadaya təqdim
edəndə kimsə deyə bilməz ki, bu nədir? Yəni
tarixi var.
- Pankration özü də bir neçə qola
ayrılır...
- Bəli. Həvəskar və
peşəkar pankration. Mənim məşğul olduğum
növ peşəkar pankrationdur. Burda baş geyimi və digər
qoruyucu vasitələr olmur. Həvəskarda isə müəyyən
qaydalar və qoruyucular mövcuddur.
- Bir neçə gün əvvəl Yunanıstanda
keçirilmiş dünya çempionatında komanda şəklində
iştirak edirdiniz. Vətənə hansı nəticələrlə
döndünüz?
- Doğrusu, bu
yarışa o qədər də hazır deyildik.
Yunanıstana gedənlər arasında cəmi 4 nəfəri
təcrübəli, qalanları isə gənc
idmançılar idi. Bu yarış pankrationun daha
yüngül versiyasında keçirilirdi. Yəni
sındırma, atma, başa zərbə yoxdur. Başa zərbə
yüngül növdə cərimə hesab olunur.
- Pankrationun ikinci dəfə bərpa olunmasından 25
il vaxt keçir. Siz isə 20 ildir ki, bu
idmandasınız. Belə çıxır ki, pankrationun Azərbaycandakı
banisisiniz. Necə oldu ki, məhz bu idman növüylə məşğul
olmağa başladınız?
- Uzun müddət Rusiyada
yaşamışam və 2002-ci ildə vətənimə
qayıtmışam. O zaman pankration sözünü heç
kim bilmirdi. Əvvəlcə klub yaratdım. 2004-də klubumu,
2006-cı ildə isə Pankration Federasiyasını rəsmən
qeydiyyata aldılar.
"Bu il medallarımız az oldu"
- Artıq geridə qalmaqda olan 2010-cu ildə
idmançılarımız daha hansı yarışlarda
iştirak etdilər və nə uğurlar qazana bildilər?
- Bir sıra yarışlarda
iştirak etdik. Amma fikrimcə, bu il medallarımız nisbətən
- 2011-ci ildə milli komandamızı hansı məsul
yarışlar gözləyir?
- Gələn ilin ilk
ayı Bakı birinciliyi, fevralın əvvəlində Azərbaycan
çempionatı, fevralın 22-28-də İspaniyada dünya
oyunları olacaq. Bu
bir növ idman festivalıdır və proqrama pankration da daxil
edilib. Fevralda həm həvəskar, həm də peşəkar
növdə yarışlar keçiriləcək. Aprel
ayında açıq Azərbaycan birinciliyi keçiriləcək.
- Yəni başqa dövlətlərin
idmançıları da iştirak edəcək?
- Bəli. Müxtəlif
şəhərlərdə turnirlər olacaq. May ayında
Rusiyada peşəkar pankration üzrə dünya
çempionatı keçiriləcək. İyun ayının
17-22-də Ukraynanın Odessa şəhərində həvəskarlar
arasında Avropa birinciliyi, avqustda kiçiklər arasında
dünya çempionatı, (20 yaşa qədər) olacaq. Bura
qraplinq yarışları da daxildir. Yaxınlarda qraplinq və
pankratyon federasiyalarının birləşdirilməsi də
gözlənilir. Qraplinq haqda deyim ki, bu zərbəsiz
pankrationdur. Yəni sındırıcı fəndlər də
ola bilər. Daha sonra Budapeştdə yarış var. Serbiyada
Qraplinq və FİLA-nın keçirdiyi dünya birinciliyi
olacaq. Bir də pankrationun Aqon versiyasında (aqon-başa zərbə
vurmaq olmaz, ful aqon isə əksinə) yarışda
çıxış edəcəyik.
- Həm də Azərbaycan Pankration Federasiyasının
prezidentisiniz. Qeyd etdiyiniz kimi bu idman növünün də
inkişafı üçün vəsaitə ehtiyac var.
İdmançılarımız isə il ərzində bəzən
15 yarışda iştirak edirlər. Yəni maliyyə məsələsi
necə həll olunur?
- Beş il əvvəllə
müqayisədə bizə qayğı böyükdür.
Azad Rəhimovun gəlişindən sonra bu daha çox hiss
olunur. Mənim o kişiyə nazir kimi böyük hörmətim
var. Bu müddətdə əksər federasiyalarda çox
şey dəyişildi. Məsələn ildə 20 min manat
bizim federasiyaya ayrılır. Yarışlar çox olanda əlavə
kömək də edilir. Həm də federasiyamızın
sponsorları var.
"Adlarını çəkə bilmərəm"
- Bu sponsorlar fərdi şəxslərdir, yoxsa
hansısa şirkətlər?
- Fərdi şəxslər,
dostlar, şirkətlər var. Amma adlarını çəkə
bilmərəm. Məsələn, respublikada böyük bir
adamdır, yarışlarımıza kömək edir. Məsələn,
adi respublika birinciliyini nazirliyin dəstəyiylə
keçiririk. Amma mənim öz köməyim olmasa, alınmaz. Çünki nazirlik təkcə
zalı və diplomu verir. Amma hakimlər var, onlar çay
içməlidir, çörək yeməlidir, qonorar
almalıdırlar. Başqa xırda xərclər də var
axı
- Ayrılan puldan savayı əlavə nə qədər
xərcləyirsiniz?
- Təxminən 15-20 min
də özümüzdən çıxır.
- Bilirsinizmi, hazırda respublikada neçə nəfər
pankrationla məşğuldur?
- Bu dəqiqə Bakıda və
rayonlarımızda 20-25 klubumuz var. Yarışlarda ən
azı 250-300 idmançı iştirak edir. Amma hər adam da
yarışda iştirak edə bilməz. Məsələn,
Respublika birinciliyindən əvvəl Bakı
çempionatında ilk beş yeri tutanlar ölkə
birinciliyinə buraxılır.
- Zona yarışları necə, keçirilirmi?
- Xeyr. Çünki hələ
ona maliyyə imkanlarımız yol vermir.
"Yarışa getmişəm, təyyarədən
düşəndən yarış meydanına qədər
efirdə göstəriblər, reklam ediblər"
- Siz xeyli sayda peşəkar döyüş
keçirmisiniz. Məlumdur ki, peşəkar döyüşlərdə
qələbə qazanan idmançılar müəyyən məbləğdə
qonorar alırlar. Bir döyüşə
aldığınız ən yüksək qonorar nə qədər
olub?
- Orda hamının
reytinqi var. Necə ki, biri toy edir, "Yeni Ulduz"dan
müğənni gətirir, başqası daha
tanınmışını, birinə yüz dollar, o birin 5
min dollar verir. Burda da elədir.
- Deməli, hər hansı döyüşdə daha
reytinqli idmançı uduzsa belə, rəqibindən artıq
qonorar qazanır...
- Ola bilər. Çünki
reytinqi var. Məsələn, olub ki, yarışa getmişəm,
təyyarədən düşəndən yarış
meydanına qədər efirdə göstəriblər, reklam
ediblər. Məndən başqa iki amerikan, bir hollandı da reklam
ediblər. Nəyə görə? Təşkilatçı
da istəyir ki, tanınmış idmançıların vasitəsiylə
yarışa diqqət çəksin, pul qazansın.
- Siz bir döyüşdən maksimum nə qədər
qazanmısınız?
- Tituldan
asılıdır. Elə yarışım olub ki, 100 dollar
qazanmışam. Elə də olub ki, 5 min dollar
götürmüşəm.
- Bilirik ki, sizi daha çox məşhur edən
yarışlarda ermənilərə qarşı
amansızlığınız olub. Karyeranız ərzində
neçə erməni idmançıyla
qarşılaşmısınız?
- İki. Hər ikisinə
də nokautla qalib gəlmişəm. Bir də moldovan rəqibim
olub ki, hamı onun erməni oduğunu zənn edib - Balayankov.
- Bəs karyeranızda ümumilikdə neçə
döyüş olub?
- 60-a yaxındır.
Doğrusu dəqiq sayını bilmirəm.
"3-4 ay idi ki, məşq eləmirdim,
özümçün gəzirdim"
- Səhv etmirəmsə, yalnız son illər 3 dəfə
məğlub olmusunuz...
- Xeyr. Təxminən 5-6
döyüş uduzmuşam. Bunları danmaq olmaz. Amma necə?
Birində qaşım partladığına görə
yarışdan kənarlaşdırdılar. Mənim elə
döyüşlərim var ki, görüntülər
özümdən başqa heç harda yoxdur və onları
studiyaya vermişəm. Yaxınlarda döyüşlərimin
yeni diski çıxmalıdır.
- Döyüş ərəfəsində hansısa maraqlı hadisələrlə
qarşılaşmısınızmı?
- Olub. 3-4 ay idi ki, məşq
eləmirdim, özümçün gəzirdim və birdən
yarışa 14 gün qalmış mənə dəvət gəldi.
Əvvəlcə qəbul etmədim və sonradan dostumun vasitəsiylə
razılığımı aldılar. Təyyarəyə
minib Rusiyada düşdüm və artıq ayın 7-i idi.
Yarışsa 20-də keçirilməliydi. İlk
günyarımı yatdım. Bir ev və bir məşq
zalı verdilər. Bayırda 15-20 dərəcə
şaxtaydı. Ancaq qaçırdım və məşqlərimi
edirdim. Buna baxmayaraq, bilirdim ki, məğlub olacağam.
Yarışa 4 nəfər-dağıstanlı, erməni, mən
və başqa bir millətin idmançısı dəvət
olunmuşdu.
Püşk
atıldı və erməni mənə rəqib oldu. Sonradan
narazılıq yarandı və mən dağıstanlıyla
rəqib düşdüm. Nə isə mən
dağıstanlıya qalib gəldim, ermənisə uduzdu.
Finaldakı rəqibim-erməninin uduzduğu idmançıya
da qalib gələrək yarışın birincisi oldum. Amma
3-4 aydan sonra cəmi 13 gün hazırlaşmışdım.
Yəni həyatda hər şeyə, möcüzələrə,
qeyri-adiliklərə inanmaq lazımdı. Öz tələbələrimə
də bunu deyirəm. İnsan heç zaman ümidsiz
olmamalıdır. Bir dəfə də qırğız
idmançıyla ağır döyüşüm olmalı
idi. Tuneldən keçib yarış meydanına gedəndə
ayağım çıxdı. Ayağımı birtəhər
yerinə saldım, vuruşdum və qalib gəldim. Məni
fantaziyam da güclüdür. Əgər 10 döyüş
keçirirəmsə, onun hamısını eyni fəndlə
udmamışam. Çalışıram ki, döyüşdə
də fantaziyaya üstünlük verim. Tələbələrimdən
biri yarışa getməliydi, narazııq elədi ki,
hazır deyiləm. Dedim ki, deyilsənsə də, onsuz da nə
vaxtsa başlamalısan. İnanın ki, həmin
yarışda o idmançı qalib gəldi.
"Məhz belə şeylərdən sonra namaz da
qılıram, oruc da tuturam"
- Dinə münasibətiniz necədir?
- Yaxşıdır. Mən
bir şeyi bilirəmsə, hər kəslə
paylaşıram. Amma elə şeylər də var ki, deyilməsi
doğru deyil. O möcüzələr səninçündür,
desən qaça da bilər. Kitab oxumuram, amma bilirəm ki,
möcüzələr var. Məhz belə şeylərdən
sonra namaz da qılıram, oruc da tuturam.
- Çoxdan?
- Altı ay olar. Elə
tələbəm var ki, avaralıq eləyir, amma yenə də
ona kömək edirəm. Ta ki, pis yoldan çəkinənə
qədər. Görürsən ki, kimsə avaradır, amma hər
şeyi var. Deməli Allah onu istəyir. Amma pisi odur ki, Allah səndən
üz döndərsin. Nə istəmişəmsə onu da əldə
elmişəm.
- Tələbələrinizdən söhbət
düşmüşkən, son zamanlar gənc
idmançılarda uğur qazanandan sonra məsuliyyətsizlik
yaranır. Hətta onlar narkotik və sair kimi cinayətlərə
qurşanırlar. Məsələn, Vüqar Ələkbərov
19 yaşında olimpiya oyunlarında bürünc medal qazandı,
boksçu Fariz Məmmədov peşəkarlar arasında
dünya çempionu oldu. Amma hər ikisi məhbəs həyatı
yaşadı. Həmçinin boksçu Samir Məmmədov
bir müddət öncə məşqlərə içkili
vəziyyətdə gəlirdi. İndi isə heç cür əvvəlki
formasına qayıda bilmir. Sizcə bunun səbəbi nədir?
- İnsanın əhatəsindən,
onun iradəsindən də çox şey asılıdır.
Bir kişi siqaret
çəkirmiş, o biri ondan siqaret istədi. Gec verdiyinə
görə siqaret istəyən gəlib evdə neçə
qutu siqareti əzib-tökdu. O düşündü ki,
özünü alçaldıb. Məsələn, insan ac
olanda çörək istəməyə utanır, amma belə
şeyləri istəyir.
- Düzdür, insanın əhatəsinin də belə
məsələlərdə rolu var. Amma məncə başqa
bir səbəb odur ki, bu uğurlar tez qazanılır və
ona görə də əziz, dəyərli olmur.
- İdmançı
hazır olanda hər şey də qaydasında gedir.
Düşünmürsən ki, yoruldum, bezdim. O demək deyil
ki, iradə ancaq idmançılara məxsusdur. Bir də
görürsən ki, yolla gedir, gözü kənardakı
kafeyə sataşır. Deyir ki, qoy bir 50 qram içim gedərəm.
Yaxud da bir qız görür.
- Hər idman növündə bir nəfər
tanınmış sima olur ki, hazırda Azərbaycanda
pankrationda da bu sizsiniz. Gələcək Azad Əsgərov kimi
yerinizdə hansı idmançını
görürsünüz?
- Tələbələrim
var ki, dünyada ad qoyub. Məsələn bir neçə il əvvəl
onlara kömək elədim, öz gücləri hesabına
yarışlarda qalib oldular, işə düzəlmələrinə
yardım göstərdim. Günün birində limiti
keçdi və onu zaldan qovdum. Hazırda 18 yaşlı tələbəm
Rüstəmov Aslan 2 dəfə Avropa çempionu, 3-4 dəfə
dünya birinciliyinin mükafatçısı
olub. Ondan başqa da yaxşı tələbələrim var.
Hazırda 70 kiloqramda döyüşür. Fikrim var ki, 1-2 ildən
sonra onu peşəkarlar arasında yarışlara buraxım.
İndiyə kimi elə yarış olmayıb ki, Aslan nəticəsiz
qayıtsın. Polşada özündən 10 yaş
böyük Amerika idmançısını rinqdə
qatmışdı qabağına. Rəqib axırıncı
saniyələrdə zərbədən yayındı və
bir xalla qalib gəldi, daha doğrusu, canını qurtardı.
"20 yaşda da idmana başlayıb uğur qazanmaq
olar"
- Bu idman növünə neçə yaşda gəlmək
daha yaxşı olardı?
- O müəllimdən
asılıdır və düzgün məşq keçilməlidir.
Ağacı yaxşı budamalısan ki, su tökəndə
boy atsın. İdmançı da belədir. Çox adam elə
bilir ki, 10 yaşda gələndə uğur qazanacaq.
- 20 yaşda idmana başlayan insan uğur qazana bilər?
- Ola bilər. İnsan hər
şeyə qadirdir. Mən 30 yaşımda sırf peşəkar
qaydasız döyüşə başlamışam. O yaşda
mənim qabağıma çıxan yox idi. Amma 16
yaşımda güləşdə SSR çempionu
olmuşdum.
- Adətən idmançılar əsəbi olurlar ki,
bu da bəzən xoşagəlməz nəticəyə səbəb
olur. Olubmu ki, hansısa anlaşılmazlıq yaransın və
fiziki gücünüz köməyinizə gəlsin?
- (gülümsəyir)
Çox olub. Əksəriyyətini yola vermişəm, amma bəzilərində
alınmayıb. İndi isə peşmanam. Onlar da məni təbdən
çıxarıblar. Vurmuşam da, yıxmışam da. Məsələn,
yanacaqdoldurma məntəqəsində məni aldadıb və
sonra qayıdıb etirazımı bildirəndə təkləmək
istəyiblər. Təbii ki, məni vurmaq istəyirlərsə
neyləməliyəm? Bir dəfə də mənə cinayət
işi açılıb. Bir dostum Rusiyadan zəng edib ki,
qardaşımın uşaqlarını maşınla, yola
sal. Uşaqları xəstəxanadan çıxarıb taksiyə
qoymuşam. Dönüb qayıdanda gördüm ki,
sürücü bunları maşından yerə atıb və
söyür. Gəlib əvvəlcə xahiş elədim və
məni təhqir elədiyinə görə onu
boğmuşam. Amma vurub-vurmadığımı hiss eləməmişəm.
Olmayan şeyləri də üstünə qoyub polisə
müraciət elədi və iki aydan sonra məni
saxladılar. Rəis, prokuror məni tanıyandan sonra başa
düşdülər ki, belə şey edə bilmərəm.
- Adətən idmançılar ailə
qayğılarına o qədər də vaxt ayıra bilmirlər.
Bəs siz?
- Hamısını
özüm edirəm və bununla qürur duyuram.
- Bir ay ərzində nə qədər pul xərcləyirsiniz?
- Baxır nə
alırsan.
- Ortalama bir aylıq xərci soruşuram...
- Onu dəqiq deyə
bilmərəm. Bircə onu deyə bilərəm ki, artıq
şeylərə pul xərcləmirəm. Bəzən də
çatdırmaq olmur.
- Yeni il yaxınlaşır və artıq
ilayrıcıdır. Adətən belədə insanlar
bütün borclarını verməyə
çalışırlar. Kiməsə borcunuz varmı?
- Var.
- Nə qədər?
- 360 manat öz
saytıma verməliyəm. Hər il sayta görə bu qədər
ödəməliyəm.
- Maşın həvəskarısınız?
- Yox.
- Tanınmışlardan kimlərlə dostluq edirsiniz?
- Nazir dostum da var, sadə
insan da.
- Məsələn hansı nazir?
- Adını çəkə
bilmərəm. Deputat da var, polis də, müğənni də.
Məsələn, əsgərlərlə görüşə
gedəndə müğənnilərlə tanış
olmuşam. Verilişlərdə ünsiyyət yaranıb. Ədalət
Şükürov, Samirə dəfələrlə təşkil
elədiyim yarışların açılış mərasimində
iştirak ediblər.
- Mənə, yaxud da qəzetimizə hansısa
sualınız varsa, buyurun.
- Sualım yoxdur. Amma təşəkkür
edirəm ki, idmana yer ayırırsınız. Bu çox
yaxşı haldır. Məsələn bapbalaca
Dağıstanın hər küçəsində dünya
çempionu var. Artıq orda bütün idman növləri
inkişaf edib. Əksər xarici ölkələrdə
dağıstanlı idmançılardır. Hazırda bizim
güləş komandamızda neçə
dağıstanlı legioner var.
- Amma fikrimcə bu elə də yaxşı hal deyil.
Çünki güləş bizim Milli idman
növümüzdür.
- Düzdür.
"Yeməyin birini çəngəllə, o birini
qaşıqla yeyirsən"
- Boyunuz və çəkiniz nə qədərdir?
- Boy 171 santimetr, çəki
78 kiloqram. Amma indi 84-dür.
- Amma çəkiniz boyunuza görə çoxdur.
Çətinlik yaratmır ki? Yoxsa, ağır çəkidə
zərbələrin daha qüvvətli olması məsələsinə
görədir?
- Yox. Balaca balaca kimi
vuruşur. Yeməyin birini çəngəllə, o birini
qaşıqla yeyirsən. Bu özü də bir elmdir. Yəni
hər idmançının görkəminə, fiziki
gücünə uyğun dəyişməlisən.
- Və son olaraq, qəzet oxuyursunuz?
- Hərdənbir. Amma
xoşuma gəlmir. Yazırlar ki, ay şok xəbər belə
gəldi, qalmaqal elə getdi. Boş-boş şeylərlə
camaatı yorurlar. İdmana çox yer vermək
lazımdır. Məsələn, bu müsahibəni kimsə
oxuyub uşağını idman bölmələrinə
göndərə bilər. Bəs, həmin şou xəbərlərini
oxuyub hara göndərəcək?
İntiqam VALEHOĞLU
Ədalət.- 2010.- 30 dekabr.- S. 6.