ÜZEYİR OLAN YERDƏ BİZ
DARIXMAZDIQ
YADA DÜŞƏR XATİRƏLƏR
Əslində Üzeyir Həmişəyev haqqında
xatirə yazmaq mənim üçün çox çətindir. Çətindir ona görə ki, onun haqqında xatirə yazmaq onun yoxluğu ilə barışmaq deməkdir. Mən bu deyimlə barışa bilmirəm. Lakin bununla belə
onun haqqında xatirə yazılmasına
da zəruri ehtiyac vardır. Üzeyir mənim üçün əziz bir dost, mehriban
yoldaş, əvəzolunmaz
bir insan idi. Onun haqqında
xatirə yazılsa da, yazılmasa da qəlbimdə əbədi olaraq öz yerini tutmuşdur.
Üzeyiri 1948-ci ildən
tanıyıram. Həmin ildə bir qrupda imtahan verib, Tibb
İnstitutuna (indiki Tibb Universitetinə) daxil olaraq, pediatriya
fakültəsində bir yerdə oxumuşuq. Oxuduğumuz illər
ərzində hər gün o çox maraqlı nəsə
edirdi. Üzeyir bizim qrupun komsomol təşkilatının
katibi idi, yoldaşlarını çox istəyirdi.
İmtahana həmişə birincilər sırasında girib,
beş qiymət alıb çıxırdı. Qrupumuzda əlaçı
tələbələrdən biri idi.
Üzeyir
yoldaşları ilə ünsiyyət yaratmağı
bacarırdı. Biz onunla həmişə məsləhətləşirdik.
Ən çətin məsələnin həllində o
çox düzgün nəticə çıxarırdı.
Onun verdiyi hər hansı bir məsləhət
düz olur və uğurla həyata keçirdi. Tələbə
yoldaşlarının hamısı ilə dostluq etməyi
bacarırdı. Pediatriya fakültəsini güləş
yarışında təmsil edirdi. Çox yaxşı
güləşçi idi. Üzeyir Qazax Güləş məktəbinin
yetirməsi idi.
Üzeyir institut səviyyəsində
tanınırdı. 1954-cü ildə institutu bitirdikdən
sonra o, Şəki rayonuna pediatr
ixtisası üzrə işləməyə gedir. Xeyli keçdikdən sonra onun sorağı Tibb institutunun (universitetinin) Hospital terapiya
kafedrasından gəlməyə
başladı.
Tibb universitetinin Hospital
terapiya kafedrasının müdiri, ürək xəstəlikləri
üzrə Leninqrad kardiologiya məktəbinin dünya
şöhrətli alimi Çanalidzenin tələbəsi
Cahangir Abdullayev idi. Üzeyir professor Cahangir Abdullayevin
bütün tapşırıqların böyük həvəslə
yerinə yetirir və həmin kafedrada kardioloq həkim işləyəndə
işgüzarlığı, əməksevərliyi sayəsində
qısa vaxt ərzində tibb elmləri namizədi kimi elmi ada
sahib olur. Həmin kafedrada sayılıb-seçilən
yaxşı bir mütəxəssis kimi tanınmağa
başlayır. Əlbəttə Üzeyirin bütün
uğurlarında böyük köməyi olmuş həyat
yoldaşı Vəsilə bacının əvəzsiz xidmətini
deməklə yanaşı, onu da demək istəyirəm ki,
böyük nailiyyətlər qazanmış hər bir
kişinin arxasında güclü bir qadın birbaşa Vəsilə
xanımın şəxsiyyətinə aiddir.
Bizim uşaqların
tonzilloektomiyadan sonra ürəklərinin sağlamlıq vəziyyətini
yoxlamaq üçün Bakı şəhərinə
Üzeyirin yanına getdik. Uşaqları hərtərəfli
müayinə etdikdən sonra ildə iki dəfə 5 il
müddətinə revmotizmaya qarşı profilaktik müalicə
olunmalarını məsləhət gördü. Onun dediyinə
əməl etdik. İndi həmin uşaqların hər ikisi
sağlam həyat tərzində yaşayır və işləyirlər.
Sonralar Üzeyir Topçubaşov adına Elmi-Tədqiqat Təbabət
İnstitutunun kardiologiya kafedrasında işləməyə
başladı.
O zamandan mənimlə
onun arasında yeni bir ünsiyyət, tələbəlik illərindən
aramızda olan dostluq və qardaşlıq məhəbbəti
bizi bir-birimizə bağladı. Artıq mən Üzeyirlə
tez-tez görüşür, keçmiş nostalgiya hissi ilə
tələbəlik illərini yada salır və həmin illərə
qayıdır və keçirdiyimiz o gözəl anları elə
bir yerdə yaşayırdıq.
1984-cü ildə
rayonumuzda 240 çarpayılıq xəstəxana kompleksi
tikilib istifadəyə verildikdən sonra Füzuli səhiyyəsində
bir dönüş yarandı. Xəstəxanada çoxprofilli
şöbələr fəaliyyətə başladı.
Artıq həmin xəstəxanada rayonlararası digər
şöbələr ilə yanaşı, 40
çarpayılıq kardioloji şöbədə fəaliyyətə
başlamışdır. Şöbənin ixtisaslı həkim
kadrla təmin etmək üçün kardioloq həkim
hazırlanmasında Üzeyirin xüsusi xidməti olmuşdur.
Sözsüz ki, yaradılmış şöbənin
müasir kardioloji aparatlarla təmin olunmasına da zəruri
ehtiyac var idi. Üzeyir kardioloq olduğuna görə həmin
aparatların seçilib alınması üçün onunla
birlikdə Səhiyyə Nazirliyinə gedib, o zamanki nazir
müavini Rəhim Hüseynovun yanında olduq və
şöbəyə kardioloji aparatların verilməsini
xahiş etdik.
Bizim rayonda səhiyyənin
maddi-texniki bazasının möhkəmləndirilməsində,
yeni profil şöbələrin açılmasında əvəzsiz
xidməti olmuş nazir müavini Rəhim Hüseynov bizim
xahişimizi yerinə yetirmək üçün Tibbi Təchizat
İdarəsinə göstəriş verdi.
Mərkəzi rayon Xəstəxanasının
rayonlararası kardiologiya şöbəsinə Distonsion
Elektrokardioqraf, kardiomanitor, kardiosiqnalizator və digər
kardioloji aparatların verilməsi Üzeyirin səhiyyə
nazirliyində olan şəxsi nüfuzunun böyük köməyi
ilə olmuşdur. Üzeyir öz yoldaşları ilə mən
deyərdim hər kəslə çox tez ünsiyyət
yaratmağı bacarırdı. O, zarafatcıl bir adam olmaqla
yanaşı, kiminlə zarafat etməyi, söz deməyi məharətlə
bacarırdı. Yoldaşlarının içində
üç nəfərə - yerlisi Şofiq Əhmədova,
Hacıbala Bədəlova və bir də mənə çox
yaxın idi.
Birdən
acığı tutub Qazax ləhcəsi ilə mənə dedi
ki, başa düşdün? Tapdıq xan, Nadir yerindən dillənib
ona dedi ki, Üzeyir hirsini soyut gör nə deyirəm.
Çox yaxşı, gəlin gedək Qubaya Əsgərin
yanına. Əsgər bizim tələbə
yoldaşımız idi. Razılaşdıq. Əsgər
Qubada Uşaq Xəstəxanasının baş həkimi
işləyirdi. Sumqayıtdan bir az aralanan kimi Nadir dedi ki,
Üzeyir ver maşını mən sürüm. Üzeyiri
gülmək tutdu, dedi: "Deməli sən maşın
sürməyi öyrənmək istəyirsən, yaxşı
gəl sür axşama bizi apar Qubaya". Belə də oldu.
Qubaya hardasa 4 saata gedib çatdıq.
Oturmuşdum evdə zəng
oldu, dəstəyi götürdüm, Üzeyirin səsini
eşitdim. Dedi ki, Nadirlə Şuşadayıq gəlirik sizə.
Deməli bunlar indi həsrət qaldığımız
Şuşaya gəzməyə gediblərmiş. Günortaya
yaxın gəldilər çıxdılar.
Sən demə,
Şuşaya Üzeyir və Nadir ailələri ilə birlikdə
getmişlərmiş. Şuşadan bizə gəldilər.
İki gün yaxşı istirahət etdilər və
onları Bakıya yola saldım.
Bir gün Bakıda idim
bacımgildə şam yeməyi zamanı Üzeyirə zəng
etdim ona dedim ki, Üzeyir yaxşı yemək və həm də
tut arağı var. Üzeyir gəldi və o axşamı
yaxşı istirahət etdik və sonra getdik dəniz
qırağına gəzməyə. Üzeyir olan yerdə
heç kəs darıxmazdı.
1984-cü ildə
Gülüstan sarayında 1954-cü ildə İnstitutu bitirən
məzunların görüşü keçirilirdi. Onu da
deyim ki, görüşün Göy-Göldə keçirilməsi
planlaşdırılmışdır. Lakin bəzi səbəblərə
görə bu baş tutmadı.
Həmin
görüşdə mən bizim qrupun yoldaşlarının
adı ilə onların doğulub boya-başa
çatdıqları bölgələrlə bağlı,
yazılmış şeiri oxudum:
Vurğunun izləri qalıb o vaxtdan,
Şofiqlə, Üzeyir gəlin Qazaxdan,
Nəğmə deyək od tökülsün dodaqdan,
Söndürməyə bulaqları
çağırın...
Üzeyiri mən
çox istəyirdim. Yekunda mənim ona istəyimi belə ifadə
edirəm. Böyük şairimiz Xəqaninin müəllimi Ə.Gəncəvi
demişdir:
"Mən deyirdim kaş mən öləydim, Xəqani mənə
qəzəl yazardı. Təəssüf ki, Xəqani
öldü mən ona qəzəl yazmalı odum". İndi
mən deyirəm ki: "Kaş mən öləydim,
Üzeyir mənə xatirə yazardı. Təəssüf ki,
Üzeyir öldü mən ona xatirə yazmalı oldum".
Bəli, dünyanın
işi belədir, yaranan insan bir vaxt getməlidir. Bu həyatın
qanunudur, bundan qaçmaq olmaz. Üzeyirin əziz xatirəsi
onun dostlarının qəlbində yaşayır və onlar həyatdan
gedənə qədər yaşayacaqdır.
Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. Görəsən, mən öləndən sonra mənə xatirə yazan olacaqmı?!
Tapdıq Behbudov
Ədalət.- 2010.- 30 dekabr.- S. 7.