İlhamə Quliyeva: "Mən şou-proqramları
özümə qəti
qadağan etmişəm"
Xalq artisti İlhamə Quliyevanın
Lent.az-a müsahibəsi
- Axır vaxtlar mətbuatdan çox uzaq
düşmüsünüz...
- Mətbuatdan ona görə
uzaq qaçıram ki, cüzi bir şeydən ötrü
ünsiyyəti lazım bilmirəm. Mənim mətbuata
hörmətim var. Mətbuat 4-cü hakimiyyətdir, istəsə
bizi yerə də vurar, göyə də qaldırar. Amma məni
vura bilmirlər, çünki mən həmişə göydəyəm!
Yəni öz lazımi yerimdəyəm. Ona görə də
mənə həmişə çox hörmət edirlər.
Elə mediada dostlarım da çoxdur. Ancaq xırda bir şeyə
görə mətbuatla danışmaq nəyə
lazımdır? Konkret bir iş görəndə mətbuatla
danışa bilərəm.
Bu yaxınlarda Türkiyəyə
səfərim oldu. Yetərincə saytlarda
işıqlandırıldı. Mən maqazin proqramlarına
açıqlama vermədim. Çünki kifayət qədər
haqqımda məlumat işıqlandırılır.
Sağlıq olsun, hər hansı bir səfərim olar, onda mətbuata
danışaram. Adi gündə... yox, istəmirəm!
- Bu gün də sizinlə rəqabət aparan var?
- Bilirsiniz, mən
özümlə eyni səviyyəli sənətçi
görmürəm. Hər gülün öz ətri var. Mənim
yerim ağ atın üstündədir. Şir bürcündən
olanlar özlərini birinci görmək istəyirlər, bu
yaxşı haldır. Hər bir insan gərək istəsin
ki, birinci olsun. Əgər hər birimiz bu arzu ilə
yaşasaq böyük xoşbəxtlikdir. Unudulmuram, əksinə,
illər keçdikcə tələb olunuram. Bu, sənət dəvətlərindən,
dövlət səviyyəli tədbirlərdə iştirakdan
da görünür. Əgər mən bu yaşımda
unudulmuramsa, demək rəqabət də olmalıdır.
Xoşbəxtlikdən mən aurası yaxşı olan insanam.
Bunu ətrafımdakı insanlar da mənə deyirlər Mənimlə
ünsiyyətdə olanlar məndən doymurlar. Bu, həyatımda
sübut olunub. Özlüyümdə də elə bilirəm
ki, xeyirxah, yaxşı insanam! Bu, mənim insanlara sayğı
ilə yanaşmağımdan irəli gəlir. Məndən
yorulmaq, bezmək mümkün deyil!
- Həyatda ən böyük qələbəniz nədir?
- Həmişə
bayrağım əlimdədir. Həmişə sevimliyəm. Handa
bir qapını cəsarətlə açıb girə bilmək
imkanındayam, xalqımı sevirəm, xalqım da məni
çox sevir. Bu ən böyük qələbədir. Həyatım
boyu qələbə çalmaq ən böyük qələbəmdir.
- Elə bir məqam olur ki, insan çox
arzuladığı, həyatında məqsəd, amal
seçdiyi bir şeydən belə yorula və üsyan edə
bilir. Və özünə yaxın buraxmadığı, həyatından
kənar tutduğu nələrisə həmin məqamda arzu
etməyə başlayır...
- Yox, yox. Etməmişəm,
eləmirəm də! Amma bir etirafı edim, əgər bilsəydim
ki, bu gün müqəddəs kimi qəbul etdiyim incəsənətdə
belə özbaşınalıq olacaq, sənətə gəlməzdim!
Deyirsən niyə mətbuatdan qaçırsan? Çünki
onlarla birlikdə özümü görmək istəmirəm.
Açıq deyirəm. Allah eləməsin, hamıya şamil
etmirəm. Elələri var ki, onlarla bir ərazidə olmaq istəmirəm.
Elədiyimi eləmişəm. 45-50 il bundan qabaq bu səviyyənin
olacağını bilsəydim, ömründə bu sənətə
gəlməzdim.
- Çünki incəsənətə indi imkanlı
kişilər nəzarət edir, deyilmi?
- Bəli! Görürsən
cavan bir qız - "göbələk", villasını,
arabasını göstərir və fəxr edir. Evdəki
demir ki, ay abırsız, bunları haradan qazandın? Mən əlli
ildi sənətdə çarpışıram, indi-indi
maşın görürük. Mən hökumət
bağında yaşayıram. Niyə mənim elə villam
olmadı? Niyə maşınları bir-birinin dalınca
düzmədim? Ailəmizin bir dənə avtomobili var, bunlar
gündə bir avtomobilə görünürlər. Eləsi
var ki, o sponsorun xanımı ilə dostluq edir. Kişini inək
kimi sağır. Mən o efiri istəmirəm. Ciddi proqramla
çıxıram. Ciddi insanlarla danışmağa
üstünlük verirəm. Mən şou-proqramları
özümə qəti qadağan etmişəm. Mən
ömrüm boyu pulsuz kiminsə əlindən tutub göyə
qaldırmışam. İndi kimsə maqazin açırsa,
ora məni açılışda iştirak etməyə
çağırırsa, niyə gəlməliyəm?
Göndərsin 50-60 min
avro, desin gəl İlhamə xanım məni reklam et! Mən
özümə hörmət edirəm. Bütün dünyada
belədir! Mən Hollivudda dünya mədəniyyət
çempionatından dörd medalla qayıtmışam! Mən
Türk dünyasının sənət kraliçasıyamsa,
Atatürk Kültür mərkəzində dünya
qadınlarının simpoziumunda mənə beynəlxalq
statuslu mükafat verilibsə, əgər mənim "Vətən"
mükafatım varsa, "Amerikanın dünya səfiri"
mükafatına layiq görülmüşəmsə,
sıravi adam deyiləm! Belə çıxır!
Ədalət.- 2010.- 30 dekabr.- S. 8.