Bayat kəndi tarix boyunca
Hazırda Azərbaycan ərazisində bir neçə Bayat kəndi var. Onlardan biri də
Ağcabədi bölgəsində
qərar tutur. Rus üsul-idarəsi dönəmində Şuşa
qəzasına, xanlıq
çağında Kəbirli
mahalına bağlı
idi. Bəylərbəylik
zamanında isə özü nahiyə mərkəzi olmuşdu. Bayat kəndi Bayat elinin bir
oymağının yerləşməsindən
yaranıb. Əvvəlcə
el haqqında bilgi verək.
Bayat eli haqqında
"Kitabi-Dədə Qorqud"
abidəsində məlumat
var. "Bayat
boyundan Qorqud ata derlər bir ər qopdu. Oğuzun ol kişi
bilicisiydi". Xalqımızın qədim və möhtəşəm
abidəsi, məhəbbət və qəhrəmanlıq
dastanı "Kitabi-Dədə Qorqud" bu sözlərlə
başlanır. Eradan əvvəl "boy"-qəbilə,
tayfa, orta əsrlərdə isə el, mahal, yurd mənasında
işlənib. Dədə Qorqud Bayatlı-Bayat soylu, Bayat elli,
qopuz çalıb boy boylayan, söz söyləyən ozanlar
ozanı olub. Zaman keçdikcə onun məclislər
açıb ozanlıq etməsi ilə dastandakı qəhrəmanların,
yerlərin, nəhayət oğuz tayfalarının
ünvanları, inamları və adətləri ilə
bağlı çoxlu adlar yaranmışdır. Bayat
etnotoponiminin çox geniş arealda yayıldığı da
bəllidir.
Orta çağ
tarixçiləri öz əsərlərində
bugünkü bəşərin Nuh əleyhüssəlam
övladları olduğu fikrini təsdiqləyirlər. Tufanda
Nuh gəmisində Nuhun Ham, Sam, Yasəf adlı 3 oğlu
varmış. Yasəfin nəvəsi Alınca xanın nəvəsi
Qara xanın oğludur. Oğuz xanın da 6 oğlu
olmuşdur. Onlardan üçü (Günxan, Ayxan, Ulduzxan)
-"Boz ox" adı ilə hakimiyyəti idarə etmiş
üçü (Məngli xan, Dağ xan, Dəniz xan) -
"Üç ox"-lar isə onlara tabe olmuşdur.
Əldə olan qaynaqlara
görə nəinki Azərbaycanın hətta bir çox
türk xalqlarının kökü oğuzlarla
bağlıdır. Məlum məsələdir ki, oğuzlar
da ayrı-ayrı türk uruqlarının, oymaqlarının
birləşməsindən yaranmışdır.
Bayat bu uruqlar bu qəbilələr
içərisində özünəməxsus yer tutan - təpərli
ərənləri, ərdəmli igidləri, düşüncəli
ağsaqqalları ilə ad çıxarmışdır. Bayat
uruğu öz adını tanınmış bir şəxsdən-"Bayat"-dan
götürmüşdür. Bayat Oğuz xanın nəvəsi
Gün xanın oğludur.
Böyük tarixçi
və döyüşçü Əbülqazi Bahadur xan Xivəli
(1602-1664) özünün məşhur "Şəcəreyi-Tərakemə"
əsərində yazmışdır ki, Bayat Oğuz xanın
oğlu Gün xanın ikinci oğludur.
Gün xan oğlu Bayat
oğuz uruqlarının toplantılarında xanın sağ
yanında oturar, oğuz ordusunun sağ qoluna
başçılıq edərmiş. Oğuz
kübarlarına məxsus "Bəy şülən"
deyilən məclislərdə o, xan ilə birlikdə qoçun
sağ budunu yeyərdi.
Bayatların bir çox
ölkələrə dağılmaları və Dış
oğuzların aparıcı qolunu təşkil etmələrini
göstərən prof. Z.V.Toğan yazır: "Şimaldan
qalxıb Cənuba yerləşən Uyrat-Uyğurlar,
Qayat-Qayalar, Qanıqlıyut-Qanıqlılar və
Bayaut-Bayatlar ismini daşıyan qəbilələr əslən
türk olub, bir qismi Cingizin zuhuru zamanına qədər
moğollaşmış idilər. Cozef Dögün isə bu
haqda belə yazır: "Bayatlar Cingiz xana kölə deyil,
onun ətrafında toplaşan bir çox qəbilələrdən
biridir. Asiyanın geniş ölkələrindən Azərbaycana,
Anadoluya, İraqa, Volqa boylarına qədər izləri
görünən bayatların tarixi varlığı
haqqında çeşidli qaynaqlarda geniş bilgilər
vardır."
Bahadur xan Bayatların
ana yurdundan danışarkən qeyd edir: "Bayatların qəbilələri
çoxdur. Mühümləri "Cidayin nəhri kənarında
yaşayan "Cidayin Bayatlar" və Məkrin nəhri kənarında
yaşayanlar isə "Məkrin Bayatlar"dır.
Bu haqda geniş məlumat
"Türk ensiklopediyası"ndadır. Oradakı məlumata
görə, Bayatlar XI yüzildən öncə Sır-Dərya
sahillərində və onun şimalındakı bozqırlarda
yaşayırdılar.
Onların bir qismi
sonradan səlcuq (yaxud türkmən) fəthlərinə
qatılaraq Sır-Dəryadan Adalar dənizinə (Egey dənizi)
qədər uzanan böyük imperiyaların qurulmasında
mühüm rol oynamışdır. XIX yüzilliyin
ortalarında Mərəş bölgəsində Zülqədər
bəyliyini quran və Sivas ətrafında yurd salmağa
çalışan Şam və ya Özoğlu türkləri
arasında mühüm bir mövqeyə sahib olan və əksəri
bugünkü Yozqad məntəqəsində yerləşən
bu bayatlar Şam bayatı adı ilə
tanınmışdır.
XV yüzilin
başlanğıcında Əyntab ilə Hələb
arasında yaşayan bayatlar XVI yüzildə digər türkmənlərlə
birlikdə Hələb türkmənlərini meydana gətirmiş,
XVI yüzilin əvvəllərində "Bayadi" adı
ilə tanınmışlar. Anadolu və Antakyada isə onlar ən
məşhur oymaqlar olan Xəfərli, Şərəfli,
Qızıldonlu, Ökdənli, Qaracaqoyunlu, Mancanıq, Qanqal və
Yeni Eldə yurd salmışlar.
XVI yüzildə
bunların bir qismi Qaraman, bir qismi də Adana bölgələrinə
köçmüşlər. M.Kalankaytlının "Alban
tarixi" əsərində Boqayat adlı yaşayış
yerindən - qaladan danışılır və onun Bərdə
həndəvərində yerləşdiyi göstərilir. "Alban
tarixi"ndəki Boqayat qalası Bərdə ətrafındadır.
Boyat//Bayat//Bayatlılar//Sincan-Boyat//Qızıltəpə-Boyat//
Boyatansüxtə//Bayatlı//Keşlakbayat//Əlbayat//Boqayat
(Tanrı odu) və s. paralelləri olan bu adın müxtəlif
ərazilərdə, o cümlədən Azərbaycanda da
arealları vardır.
Azərbaycanda məskun
yerlərin siyahısı Kitabında isə Bayat adı ilə
bağlı aşağıdakı kənd sovetlikləri, kəndlər
və onların əhalisinin milli tərkibi göstərilmişdir.
1) Ağcabədi -Bayat kənd sovetliyi, əhalisi 57,9% türklər;
2) Göyçay -Bayat - 146 təsərrüfat, əhalisi
98,2% türk, 3)Şabran, Sincan Bayat b) Uzun Bayat kəndləri
27,150 təsərrüfat, əhalisi 99,9% türk 4)
Şamaxı- Bayat 22 təsərrüfat, 88% türk.
Hələ XIX yüzildə
Azərbaycanın topoqraf alimi İbrahim ağa Vəkilov Azərbaycanda
"Bayat" adlı 5 kənd göstərir. Onlardan biri əvvəlki
Şuşa, o biri Göyçay, biri Salyan, biri Quba, o biri isə
Şamaxı qəzalarında idi.
Mütəxəssislərdən
Qiyasəddin Qeybullayev, Tofiq Əhmədov, Afat Qurbanov da
bayat/boyat tayfalarının Azərbaycandakı
yaşayış ərazilərini göstərib onların Azərbaycana
gəlmə tarixini qeyd etmişlər. B.Budaqov bayat tayfası
haqqında danışarkən qeyd edir ki, onlar XIV-XV yüzillərdə
Səfəvilər dövlətinin yaranmasında fəal
iştirak etmişlər. A.Axundov isə bayatların Azərbaycana
gəlişini IX yüzilin ikinci yarısına aid edir. Bu
tayfanın adı ilə bağlı Türkmənistandakı
yaşayış məskənlərinin (Darqanata, Dənev,
Xocambaz və Carcou) adlarını çəkir, onların
Boyat toponimi adı ilə adlandığını qeyd edir. Məhəmmədhəsən
bəy Vəliyev-Baharlı Bayat tayfalarının Azərbaycana
gəlişindən söz açmış, onların Səfəvilər
tərəfindən indiki Quba qəzasında ləzgiləri
tabe etmək və yerli hökmdarların qüvvətlənməsi
üçün yerləşdirilməsini qeyd etmişdir. O, həmçinin
Bayatların öz adlarını verdiyi kəndlərin
adını da göstərmişdir.
Göyçay qəzasında
-Boyat-Məlik Umud, Bayat-Nadir, Cavad qəzasında -Sincan Bayat,
Uzun Bayat, Şamaxı qəzasında -Bayat Şuşa qəzasında
-Bayat. Beləliklə, Azərbaycan ərazisində Ağcabədi
rayonunda Boyat kənd adı, Ucar, Neftçala və
Şamaxı rayonlarında eyni adlı Boyat kəndi, Dəvəçi
rayonunda Boyat və Sincan Boyat kəndləri, Dərbənddə
Boyatlar məhəlləsi var. Qərbi Azərbaycanın Quqark
(Qara kilsə) rayonunda Bayatlar kəndi olmuşdur.
Tədqiqatçılarımız
Bayat adının mənşəyini və mənasını
müxtəlif baxımdan açıqlayırlar. XII yüzil
dünyanın ən böyük dilçilərindən olan
Mahmud Qaşğarlı özünün "Türk dilinin
lüğəti" əsərində Bayat boyunun
adını çəkir və onu Oğuz tayfasının
bir qolu kimi göstərmişdir. O, bu sözün "ulu
tanrı" mənası verdiyini qeyd etmişdir.
XV yüzil türk -uyğur
şairi, alim Yusif Balasaqunlu özünün məşhur
"Kutadqu biliq" əsərində Bayat adını qeyd
edir. O, Bayat tanrı adını çəkir və "Bayat
adlı ilə sözüm başladım"-deyə onu yad
edir.
Bəzi tədqiqatçılar
Bayatın su ilə bağlı ərən-tanrı
olduğunu göstərməkdədir. Bu barədə
L.N.Qumilyov öz əsərində qeyd etmişdir ki, qədim
türklər (o sıradan da azərbaycanlılar) təbiətin
sahibləri sayılan və Yer-Su adlandırılan ərən-tanrılara
inam bəsləmişlər.
(Ardı var)
Ənvər ÇINGIZOĞLU
Ədalət.- 2010.- 29 dekabr.- S. 5.