Bayat kəndi tarix boyunca
(əvvəli ötən
sayımızda)
Əbülqazi xan Xivəli
isə "Bayat"ın mənasını "dövlətli"
kimi izah etmişdir. Əjdər Fərzəli Boyat
adının mənasını açarkən yazır:
"Boyatla bağlı köhnəlmək mənasında
boyat, boyatımaq isə boqu - Tanrıya qalmaq məzmunundadır.
Necə ki, andıra qalmaq da elə tanrıya qalmaqdır. Və
"tanrı"dakı səslərin yerdəyişməsindən
yaranmış "andır" (antır) sözü
dünya dillərinin bir qismində - ən çox hind-Avropa
dillərində "tanrı" məzmununda işlənir. Əslində
"Bayat" tanrı adı da "Bayat" qəbilə
adından asılı olmayaraq mövcud olub. Dindar qocalar
tanrını belə səciyyələndirərdilər:
"Ey bu dünyanın sahibi!" Bəy-bay da odlu-sulu yerin -
dünyanın sahibinə deyilib. Və belə imtiyaz sahibi
"ibtidai oğuzun təsəvvüründə"
yalnız tanrı ola bilərdi. "Bay"dan törənmiş
"Baq" hələ 5 min il əvvəl Şumer mənbələrində
tanrı mənasındadır.
"Boqoy at"
variantında da "boq" komponenti məhz tanrını təmsil
edir. Boqoyat-Boq ata-Tanrı ata, Boq-od-Tanrı-od Boyat-Bəy ata,
həm də Bəy odu, Tanrı odu" kimi
açıqlanmışdır. Bayat soyunun dünyada məşhur
həmişə yaşar, ad-san qazanmış nümayəndələri
var. Harada doğulmasından asılı olmayaraq Füzuli də
Bayat boyundandır. Qarabağın - Ağcabədinin Bayat kəndindən
olan Süleyman kişinin oğludur və Iraqa da məhz həmin
mahaldan köçüb getmişlər. Ağcabədi
bölgəsi XVIII yüzilin ortalarınadək Bayad nahiyəsi
adlanırdı.
M.P.Vaqif, XV yüzildə
yaşamış məşhur tarixçi, "Cami-cəmayin"
əsərinin müəllifi Həsən Bayati, XII əsrdə
yaşayıb-yaratmış Bayat Abbas, türk şairi Yəhya
Kamal Bayatlı, Səməd Vurğun da bu boya mənsubdur.
* * *
Bayat eli əski
çağlardan Qarabağda butalanmışdı. Öncə
köçəri yaşam sürsələr də, sonradan əyləşib
kənd biçiminə düşüb əkinçiliklə
məşğul olmuşlar.
Qarabağ bəylərbəyliyinin
tərkibində Bayat adlı nahiyyə vardı. Bu nahiyyənin
mərkəzi Bayat kəndi idi. Orta çağlarda Bayat kəndində
məscid, hamam və bazar qərar tuturdu. XVIII yüzildə
Bayat kəndində 8 dəyirman işləyirdi. Kəndin əhalisi
dənli bitkilərdən burda, arpa, darı və çəltik
əkirdi. İpəkçilik geniş inkişaf etmişdi.
Bayat kəndinin 10 dönüm bostanı vardı.
1723-cü ildə
Osmanlı ordusunun Qarabağa yürüşü zamanı kənd
camaatı Arazı adlayıb Güney Azərbaycana gedir. Osmanlıların
hakimiyyəti zamanı kənddə dövlətə vergi
ödəyən 30 ailə qalmışdı. Kəndin kəndxudası
Qoca ağa Qurbanəli ağa oğlu idi. Qoca ağa kənd əhlindən
osmanlılar üçün 55.000 ağça vergi
toplayırdı.
Osmanlıları
Qarabağdan çıxarmış Nadir şah
Qırxlı-Avşar Bayat kəndinin əhalisini geri
qaytardı. Bayat kəndinin yiyəsi Məhəmmədxan
sultan idi. Məhəmmədxan sultan XVII yüzilliyin ikinci
yarısında yaşam sürmüşdü.
Məhəmmədxan
sultanın Sədrəddin bəy adlı oğlu vardı. Sədrəddin
bəy XVII yüzilliyin ikinci yarısında
yaşamışdır. Üstün xidmətlərinə görə Süleyman
şah Səfəvidən sultanlıq ünvanı
almışdı. Sədrəddin sultanın Pənahəli bəy
və Behbudəli bəy adlı oğulları vardı.
Pənahəli bəy XVIII
yüzilliyin birinci yarısında dövran
sürmüşdü. Bayat kəndinin torpaq və rəiyyətlərinin
yiyəsi idi. Pənahəli xan Sarıcalı-Cavanşir
xanlıq quranda Bayat kəndini adaşından pulla satın
aldı. O, burda qala tikmək fikrinə düşdü.
Pənahəli xan Bayat
qalasını qaynı Hacı Səhliyalı bəy Hacı Əli
bəy oğlu Kəbirlinin məsləhəti ilə
tikmişdir. Tarixçi Mirzə Camal bəy yazır: "Məşvərətdən
sonra, indi Kəbirli mahalının içində olan Bayat
qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm
hasar çəkilib ətrafında xəndək
qazıldı. Bazar, hamam və məscid tikildi. Xan,
bütün ailəsinin, qohumlarının və el
böyüklərinin əhl-əyalını oraya topladı.
Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini,
yaxşı, məhəbbətamiz rəftarını eşidən
Təbriz, Ərdəbil vilayətinin bir çox əhalisi və
sənətkarları belə öz ailələri ilə gəlib
Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman
tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə
tikilmişdir. (Qarabağnamələr, 1-ci kitab, Bakı, 1989,
səh. 111-112).
Bayat kəndi Qarabağ
xanlığının ilk paytaxtıdır. Pənahəli
xan Bayat qalasına sığınıb daxili və xarici
yağılara qarşı vuruşmuşdu.
* * *
Bayat kəndində ulu-uduq
bir soy yaşayıb. Bu soy Kərimbəylilər adlanır.
Soyun ad daşıyıcısı Kərim bəy XVIII
yüzilin ikinci yarısında ömür sürüb.
İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət
etmişdi.
Kərim bəyin Rəhim
bəy, Əmiralı bəy adlı oğulları vardı. Rəhim bəy XIX yüzilin
birinci yarısında dövran keçirmişdi. Mədrəsə
təhsili alıb. Mehdiqulu xan Sarıcalı-Cavanşirə
xidmət etmişdi. Rəhim bəyin Rzaqulu bəy,
Ağakişi bəy adlı oğulları vardı.
Rzaqulu bəy 1833-cü
ildə Kəbirli mahalının Bayat kəndində anadan
olmuşdu. Molla
yanındad oxumuşdu. Özəl təsərrüfatını
idarə etmişdi. Rzaqulu bəy Şərəf xanımla ailə
qurmuşdu. Sadiq bəy (1857), Sarı bəy (1863) adlı
oğulları, Sərəncam xanım adlı qızı
vardı.
Rəhim bəyin ikinci
oğlu Ağakişi bəy 1838-ci ildə,
üçüncü oğlu Mehdi bəy 1843-cü ildə
doğulmuşdu. Ağakişi bəy Səlimə xanımla,
Mehdi bəy Əsmət xanımla dünya evinə
girmişdi.
* * *
Kərim bəyin ikinci oğlu
Əmiralı bəy XIX yüzilin birinci yarısında
yaşam sürmüşdü. Özəl təsərrüfatını
idarə etməklə güzəran keçirmişdi.
Əmiralı bəyin
Zeynalabdin bəy adlı oğlu vardı. Zeynalabdin bəy 1835-ci ildə Kəbirli
mahalının Bayat kəndində dünyaya gəlib. Molla
yanında oxuyub. Özəl təsərrüfatını idarə
etməklə güzəran keçirib.
Zeynalabdin bəy Xırda
xanımla dünya evinə girib. Əmrah bəy, Qasıməli
bəy, Kərim bəy adlı oğulları, Cahan xanım və
Sayad xanım adlı qızları vardı...
* * *
Xanlıq dönəmində
Bayat kəndi xas-xalisə mülkü olduğundan xəzinəyə,
divana bağlı idi. İbrahimxəlil xan sonra bu kəndi
kiçik oğlu Fətəli ağaya verdi, Fətəli
ağanın oğul övladı olmadığından cehiz
yolu ilə Behbudovların əlinə keçdi. Behbudovlar Pənahəli
xanın kiçik qardaşı Behbudəli ağanın
törəmələri idilər. Kəndi Rüstəm bəy
Behbudov idarə edirdi. Rüstəm bəyin Mənzər bəyim
adlı qızı vardı, Mənzər bəyim Mirzəli bəy
Rəhim bəy oğlu Behbudovla ailə qurmuşdu. Cavan və
varissiz vəfat etdiyindən kənd həyat yoldaşına və
əmisi oğullarına qaldı.
* * *
Bayat eli adını verdiyi
dördguşə bayatılarda əks olunur:
Aşığam o Bayadı,
El yadı, oba yadı.
Siz olun el-obalı,
Biz olaq oba yadı.
Əzizim Bayatlardan,
Xəbər ver, Bayatlardan.
Aşiqin dərdinə dərman
Tapılır bəy əttardan.
Aşıq, Bayat elləri,
Yarım saya telləri.
Çək ağzım, bas gözümü,
Qayıt, oyat elləri...
Ənvər ÇİNGİZOĞLU
Ədalət.- 2010.- 30 dekabr.- S. 5.