kağızlara qara şeir yazan şair

 

"Şeir qiyamətin özüdür. Şeir dərd böyüdənlərin qiyamətidir. Şeir mənim qiyamətimdir".

 

(Ramiz Qusarçaylı)

 

Onu ədəbi aləmdə tanımayan yoxdur. Şeirləri ilə mətbuat səhifələrindən, ədəbi orqanlardan tanışam. Tale elə gətirdi ki, Qubada bir toy məclisində görüşdük. Yaxın, əziz dostumuz alim Çərkəz Aydınoğlunun vasitəsi ilə baş tutan bu tanışlıq mənim üçün əsil tapıntı oldu desəm, yanılmaram. Sözün həqiqi mənasında böyük bir sevinc yaşadım. Döğru deyiblər ki, hər təsadüf insan üçün yeni bir həyatdır. Bu təsadüfün özülündə dayanan şərəf, ləyaqət, insanlıq və hörmət yaşadığın anın, sənin üçün gərəkli olan həyatın güzgüsüdür. Yaxın dostlarla bərabər ağac altında Ramiz Qusarçaylı poeziyasının aləminə düşdük. Bu aləmdə onun haqq səsini aydınca eşitmək olurdu. Və bu haqq səsin təlatümləri misralarda dəniz kimi dalğalandıqca, ürəkləri ürpədən harayı şahə qalxdı.

"Bir çiçək axşamı" adlı şeirlər kitabında bunu bir daha təsdiq etdim.

Ramiz Qusarçaylıda bir M.Ə. Sabir irsi, Xəlil Rza Ulutürk məktəbi gördüm. Bu görüntüdə həqiqətin harayı, haqqın səsi vardı.

 

Bax, Araz dünyamın Şuşa rənginə,

Dərdi Vətən-Vətən düzürəm hələ.

Qarışıb payızın meşə rənginə,

Sözümün rəngini gəzirəm, hələ,

Vətəni sevməyə qoymurlar məni.

 

Arazlı dünyasının Şuşalı rəngi, parça-parça olmuş vətəni Azərbaycanın ağlı-qaralı dünyasının qarışıq rəngindən rəng alır. Və bu rənglərin içərisində sözünün rəngini axtaran şairin Vətən sevgisi, ürəyinin qan rənginə boyanır. Necə də boyanmasın?! Vətənin ağrılı-acılı dərdləri şair qəlbinin dərd yuvasıdır. Bu yuvada neçə min şəhidlərin haqsız qan izi, qan harayı, qan yaddaşı var. Vətənə olan sevgisi bu dərdlərin içərisində kölgələnən Ramiz Qusarçaylı, məhz bu dərd yüklərindən boşala bilmədiyindən haqlı gileylənir. "Vətəni sevməyə qoymurlar məni" - deməklə, bəlkə də özünə son təsəlli olan ümid qapısına boylanır. Sözə xəyanəti, şerə xəyanəti, elə vətənə xəyanət kimi qələmə alan şair ruhunda döyüşkənlik, mübarizlik hökm sürür.

 

Alındı yazlıb, qaşdı çatılıb,

Dağdı qopub düşüb, daşdı atılıb.

İndi bazarda da torpaq satılır,

Ölüb bu torpağın altından keçdim.

 

Şairin torpağa, elə-obaya bağlılığı sonsuzdur. Ancaq bu sonsuzluğun içərisində haqq-ədalət, vicdan məhkəməsi deyilən haqq səsi ərşə qalxır. Şairin təbincə hər şeyə bir alın yazısı kimi baxırıq. Hətta torpağın da satılmasına atılan bir daş parçası, qopulan bir qaya parçası qədər fərqin olmadığını yəqinliklə qələmə alan şairin, ölüb bu torpağın altından keçməyi gəlir. Elə bu günümüzün ən böyük faciələrindən biri torpağımıza, qeyrətimizə olan biganəliyimiz, laqeydliyimizdir. Məhz bir şair ürəyinin ağrılarına çevrilən bu laqeydlik ölümün son anını yaşamağa bərabərdir.

Bəzən deyirlər ki, şairlərin ruhu özündə deyil, yerlə-göyün arasında olur. Həqiqətdə isə bu bir İlahi qüvvə, bir İlahi nizamdır ki, şairlərin ruhi gözətçisi, ruhi savaşı olaraq, ülvi duyğuların çiçək açdığı məkandır. Bu məkanda söz bitirən, söz göyərdən söz sahibləri elə giley-güzar bazarına çıxardıqları məhsulun dadıyla seçilir, naxışıyla gözə çarpır.

Ramiz Qusarçaylı bu baxımdan əsil bağbandır. O, söz köhlənini minib dördnala çapa-çapa yer üzünü əhatələyən, sərhədsiz, ünvansız, ucu-bucağı görünməyən bir bağın sahibidir. Bağındakı nəhəng ağaclar, şaqrar şəlalələr, qaynar bulaqlar, sel kimi axan çaylar və bunların kənarında dayanıb zağ-zağ ağlayan ana bülbüllər !! Bir qəmə bürünüb, dərdini yeyən dərd şairi Ramiz!

Adama elə gəlir ki, Ramiz Qusarçaylı elə ağlı kəsəndən dünyanın tərs işlərinə, haqsız gedişlərinə rast gəlib və bunlara qarşı hiddətini, qəzəbini gizlədə bilməyib. Acı və kəsərli sözləri ilə qamçıladığı yalanları, iküzlüləri, qeyrətinə sığışdırmayıb qəbul edə bilmədiklərini elə şeirinin diliylə vurğulayıb. Bu da bir cəsarətdi, bu da bir qəhrəmanlıqdır. Ancaq hər şair tənqid elədiyi kəsi, Ramiz kimi çılpaqcasına qamçılamır, yaxud hardasa bir qorxu deyilən məqamı hiss elətdirir. R. Qusarçaylıda isə heç kəsdən, heç nədən çəkinmək yoxdur. Sözündəki bütövlülük, dəqiqlik, onun millətinin, vətənin, insanların dərdinə yanmağıdı, haqqı tapdalanmış xalqının halına acımağıdı.

Ramiz Qusarçaylı o kəslərdəndi ki, şəxsiyyəti özündən qabaq doğulub, insanlığı özündən əvvəl meydana gəlib. Bu insanlığın kökündə dayanan mərdlik, kişilik, qeyrət isə min illər öncə göyərib, şaxələnib və dəfələrlə yağmalanmış, parçalanmış, tikə-tikə olmuş vətən torpaqlarının harayına qoşulub. Bu haray misralara səpələndikcə tükürpədici səsi insanı vəcdə gətirir, onu qəflət yuxusundan ayıldır. Ramiz Qusarçaylı öz meydanında söz köhləninin "Qıratıdır". O, poeziyasınıın cəngavəri, döyüş meydanının milli qəhrəmanıdır.

Görkəmli şair, elm xadimi Famil Mehdi müsahibələrinin birində demişdir.-"Sevdiyim şairlər:- Bəxtiyar Vahabzadə, Məmməd Araz, Ramiz Rövşən, bir də cavan şair Ramiz Qusarçaylı". Nədir Ramiz Qusarçaylını belə bir dahi sənətkara və bizlərərə sevdirən?

 

Gör kimdi birini beş eyləyənlər

Qeybəti özünə iş eyləyənlər,

Vəzifə gedəndə qəşş eyləyənlər,

Torpaq satılanda susan adamlar!

 

Meydanda nə qayıq, nə avar qalıb,

Kimə göz yaşları, kimə var qalıb,

Kasıbın evində dörd divar qalıb,

Hanı bu dərdləri yazan adamlar?!

 

Tarix, zaman, məkan- bunların dünya sıxıntılarında həsrət, nisgil, əzab mərtəbəsi, çıxılmazlıq formasındakı təsviri, heç hara sığmayan barışmazlıq Ramiz Qusarçaylı poeziyasında daha böyük çılğınlıqla bizləri baş-başa qoyur. Elə bunların fövqündə vətəni kimi min yerə bölünən, min yerə yozulan şair:

 

Hanı o kürsülər, o səslər hanı?

Su yumaz, su silməz tökülən qanı!

Yüz yürə böldülər Azərbaycanı,

Məni də yüz yerə yozan adamlar.

 

deməklə, daşlaşmış ürəklərin səsini, millətin qanlı səsinə qoşmaqla, xalqın iniltisini, torpağın üzərinə axıdılan nahaq qanların harayını kürsübazların, vətən xainlərinin çirkli niyyətlərində açıq-aşkar göstərərək hiddətlənir və kəsərli fikirləri ilə onları qamçılayır. Ramiz Qusarçaylı başdan ayağa döyüşkən əsgərdir.

O, haqq şairi, ədalət şairidir. Onun əyilməz vüqarı, dönməz qüruru, kişilik qeyrəti yaltaq, ikiüzlü, vəzifə, şan-şöhrət üçün əldən gedən "şair"lərimizə dərs olmalıdır. Milləti qaçqın olan, köçkün olan, torpaqları hərraca qoyulan, rəhmətlik Famil Mehdi demişkən "Professoru dilənən" bir ölkənin şairi əyilməz olmalıdır. Kürsüdə ad almaq üçün yox, millətinin azadlığı üçün çalışmalıdır. Azərbaycanın fəxri ziyalısı, akademik Ziya Bünyadovun bir dəfə belə bir fikrini oxumuşdum :-"Mənim əyilməkdən belim bir azca əyri bitmiş olsaydı, indi çox böyük vəzifədə olardım". Bəli, vəzifəpərəstlərin, əyilə-əyilə yüksələnlərin, yüksələ-yüksələ də xalqın gözündə alçalanların aqibəti şair qələmində, ziyalı fikrində düzgün olaraq öz əksini tapır. Məddahlıq, məkirlilik şairin qəzəbinə tuş gəlir, onu bu dünyanın adamı olmaqdan çəkindirir. Həqiqətdə isə Ramiz Qusarçaylı bu dünyanın adamı deyil.

 

Baş açmıram kim nəçidi,

Kim tacirdi, kim hacıdı,

Hərə bir cür zurnaçıdı,

Züy tuta bilmirəm, neynim.

 

Bu qan nə çox qaldı yerdə,

Yoxsa gedib ölüm bir ,

Mənə elçi gələn dərdə,

Toy tuta bilmirəm, neynim.

 

Millətimizi mənəvi cəhətdən zərbə altına qoyan, onun mədəniyyətini korlayanların bu günümüzə, dünənimizə vurduqları zərbələrin sonu olmamış və olmayacaqdır. Bunu isə yalnız Ramiz kimi dərdli şairlər öz qələmində dilə gətirəcək, yaza-yaza ömür deyilən məzarın dərd yolunu gedə-gedə, xalqın kütləşmiş beynini ayıldacaq. Bu isə böyük bir zamanın, tarixi bilinməyən bir dövrün əhatisində mövcuddur. Ona isə nə ömür çatar, nə də vaxt. Beləcə, vaxtın kiçik çərçivəsində milli dərdlərini nəzmə çəkən Ramiz Qusarçaylı nəhəngliyi, ölməzliyi ədəbi meydanın qan yaddaşına köçürülür.

Dərdlərdən cadar-cadar olmuş şair ürəyini bir dərd də üstələyir. Heç zaman çiçəkləməsini görə bilməyəcəyi ərik ağacının həsrətində qalan bir cüt baxışlar. Və bu baxışlardan süzülən qanlı yaşlar, şairin dərdlərində çiçəkləyir. Dərdin çiçəkləməsi bədii fikrin mahiyyət formasında yeni olduğu qədər, qan yaddaşımızın keçmişidir, gələcəyimizin savaşı, mübarizəsidir.

Əslində Ramiz Qusarçaylı üçün vətən "Başımıza qaxılan, yağmalanmış torpaqların içinə yıxılan daşdı".

 

Ürəyim dərdlərə meşə torpağı,

Dərmanı bir ovuc Şuşa torpağı.-

 

VƏTƏN!

 

-deyən üsyankar şairin həqiqətdə elə dərdləri də vətən torpaqları kimi tapdanır. Dərmanı isə bir ovuc torpaqdı, əsirlikdə olan torpaq. "Yabançı əllərin, yalançı əllərin vətən üzərində yellənməsi", "Xocalının kimlərəsə çörək ağacı olması" kimi qanlı haraylar şairin poetik düşüncələrinin halal məhsulu kimi yaşadığı əzablarıdı, bir gündə yüz dəfə ölüb-dirilməyidi ki, bunlar da ömürü ilə yarıbayarı, həyatı ilə baş-başadır.

Ramiz Qusarçaylının hər misrası, hər bəndi ağlayır. Hər sözü, hər kəlməsi sızlayır. Bu sızıltılarda, bu ağlamaqlarda bir şair ölümü duyulur, bir şair ömürü yarımçıq qalır. Və narahat dünyasının həqiqət pəncərəsindən boylana-boylana "Mənim ölümümə rəhmət düşürmü?" - deməklə, çəkdiklərinin müqabilində heç olmasa "rəhmətlik" deyilən qənimətinə küsənir, ilahi diləyə qovuşması üçün son anda da haqqa üzünü tutur, onun qapısını döyəcləyir. O, özgə qapı tanımır.

 

Dərdə bax, arxivdə, rəfdə soyuyur,

Səsə bax, kamanda, dəfdə soyuyur,

İndiki kişilər kefdə soyuyur,

Mənim ölmüşümə rəhmət düşürmü?

 

Ramiz Qusarçaylıda hər bir söz yeni dünyanın yaranışı, yeni məkanın qoyuluşudur. Onun sözündəki havalılıq, dəlilik ağıllı başların bağrını yarır, fikrin bətnindəki ölümün içərisinə girərək, onun köynəyini çıxarır. Və üzü aydınlığa doğru sübhün şəfəqlərini açır, ədəbi törənişə yeni bir başlanğıc verir. "Ölümlə-olumun" arasındakı mübarizənin sonunda nə sülh var, nə də sülhə yaxınlıq. Elə mübarizə, döyüş, dava öz axarında axıra kimi gedir. Bu meydanda heç nəylə asanlıqla barışmayan şair, odu sönməz alova, səngimək bilməyən leysan yağışa dönür.

Bütün bu xarakterik xüsusiyyətlər R.Qusarçaylıda döyüşkənlik ruhunun, vətənpərvərlik hissinin Araz yaddaşında, Dərbənd həsrətində, Qarabağ göynəmində elə hörülmüşdür ki, onu uçurmaq üçün heç bir bənd-bərənin, ağıllı sərkərdənin gücü çata bilməz. "Quruyub gedirəm höyüş kefimdən" deyən şair, bu dünyanın ağrılarından çəkdiyi nəmi, tərki dünyasının "kefinə" miras kimi bağışlayır.

Təbii ki, xalqın haqq səsi onun yazıçısının, şairinin dilində, qələmində köklənir. Bu baxımından milli oyanış, milli çağırış Qusarçaylı şeriyyatında elə kök atmış, elə şaxə qalxmışdır ki, onun kökləri əsrlərin qan yaddaşına, qol-budaqları isə gələcəyin minilliklərinə gedib çatır.

 

Ömür əldə bağ kimidi,

Yollar yaşıl tağ kimidi,

Vicdan da papaq kimidi,

Atdın, üstə toz yığılır.

 

Təndir dolu küt adamlar,

Ayaq yuyur "büt" adamlar,

Elə artır şit adamlar,

Bədənimə duz yığılır.

 

Bir sözlə, R. Qusarçaylı təpədən dırnağa azadlığın, haqqın-ədalətin harayıdır, haqq şairidir. Onun poeziyası kişilik məktəbi, qalibiyyət nəğməsidir. Bu məktəbin məzunları ədalətin keşikçisi olmaqla bərabər, haqqın əbədi yolunun bələdçiləridir. Onun hər damla göz yaşı vətəndir, ürəyinin hər döyüntüsü vətəndir. Sözləri Şəhid qanından qidalanır, qələminin mürəkkəbi Şəhid qanıdır. Vətən torpağındakı düşmən izləri onun ürəyinin yaralarıdı. Bu yaralara məlhəm üçün nə qədər söz yazırsa, sanki köz basılır. Göynədikcə göynədir.

 

Doyub alın yazım, alın tərimdən,

Qarası ağıyla qoşa tökülür.

Asmışam vətəni kipriklərimdən,

Sözümdən Xocalı, Şuşa tökülür.

 

Ramiz Qusarçaylı vətənin torpağıdı, dağı-daşıdı, yeri- göyüdü, gülü-çiçəyidi. Bü müqəddəsliklərin həqiqət aşiqinə dönən şair:

 

Torpağın üstündə gözə dəymirəm,

Torpağın altınada özüm boydayam.

 

***

 

Ölsəm gözlərimə torpaq tökməyin,

Yeyib qurtarmışam torpaq payımı.

 

***

 

Torpaq daşıyıram kirpiklərimdə,

Bir gün gözlərim də çiçəkləyəcək.

***

 

Daşların tozudu, qəm tozu deyil,

Ağarır göyərən sətirlərimdə.

 

***

 

Özüm-öz əlimi yandıran odam,

Özüm-öz üstümə səpələnən kül.

 

***

 

Gedir adamların saman davası,

Daha eşşəkləri qlnamıram mən.

 

Sonda hələ haqqında fikirlərimi sona çatdıra bilmək istəyində olmadığım və davam edəcəyim hörmətli gənc şairimiz Ramiz Qusarçaylının şəxsiyyətinə, insanlığına, təbinə, ilhamına vurğunluqla iki bəndi:

 

Haqqımı asıblar dar ağacından,

Həqiqət mülkümü yoxa çəkiblər.

Qeyrətim, vicdanım ölür acından,

Hünərimi kəfən kimi büküblər.

 

Bilmirəm namərdəm, bilmirəm mərdəm,

Haqq dəyirmanında üyünən dərdəm,

De, hansı dərdimin üstünü örtəm?!

Dərdimin üstünə min dərd əkiblər.

 

yetirirəm və dəyanətli, olduğun kimi əyilməz ol, Vətən oğlu!- deyirəm. Özün demişkən:

 

Elmsiz, həyatsız elmlə həyat,

Köntöy ağıllara baş yonduracaq.

Min ildir çarpışır ölümlə həyat,-

Hələ çox Ramizə daş yonduracaq...

 

Bəli, zaman belə getsə, hələ çox Ramizlərə daş yondurulacaq.

 

Ancaq bir şeyi yadda saxlayaq ki, elə daş yondurulan şairlər, yazıçılar qalır tarixdə. Siz tariximizin güsgüsünüz. O güzgüyə baxanlar özlərini yaxşı görə bilirlər. Əyrisi də, düzü də...

 

Qələbə ümidiylə!

 

 

Nəcibə İlkin

 

Ədalət.- 2010.- 4 fevral.- S. 7.