XAQANİDƏN ÜZÜ BƏRİ...
Professor Xalid Əlimirzəyev klassiklərimzin ideal və
poetik sənət dünyasını araşdırıb
"Elm və Təhsil"
nəşriyyatının ədəbiyyatsevərlərə,
oxuculara dəyərli hədiyyəsi var. Söhbət bu
yaxınlarda işıq üzü görən "Klassiklərimizin
ideal və poetik sənət dünyası" kitabından
gedir. İki cilddə hazırlanan bu kitabı professor Xalid Əlimirzəyev
yazıb.
Zəruri olmayan giriş
Xalid Əlimirzəyev
görkəmli alim, dəyərli ziyalı kimi tanınır.
Bu kitab imzası həmişə axtarılan müəllifin nə
birinci kitabıdı, nə də onuncu. Ona görə də
bu yazının girişinə bəlkə heç zərurət
də yox idi.
50 ildən çoxdu ki,
elmimizin, ədəbiyyatımızın sözün həqiqi
mənasında qeyrətini çəkən Xalid Əlimirzəyev
"Cəlil Məmmədquluzadənin tənqidi
görüşləri" mövzusunda namizədlik, "Cəlil
Məmmədquluzadənin dramaturgiyası" mövzusunda
doktorluq dissertasiyası müdafiə edib. Bir zamanlar tələbə
kimi əyləşdiyi Bakı Dövlət Universitetinin
auditoriyalarına indi alim kimi daxil olur. 1973-cü ildən bu
günə kimi ali təhsilimizin flaqmanı sayılan BDU-nun Azərbaycan
Ədəbiyyatı Tarixi kafedrasının professorudu, onlarca
kitabın, 500-dən çox elmi məqalənin müəllifidi.
Tanınmış alimin çoxsaylı tələbələri
sırasında olmasam da, şəxsi görüşlərimizdə,
söhbətlərimizdə Xalid müəllimdən çox
dəyərli fikirlər öyrənmişəm. Ona görə
də Xalid Əlimirzəyevin imzası ilə çap olunan
elmi və bədii əsərləri maraqla izləyir, həvəslə
oxuyuram.
Yeri gəlmişkən,
Yazıçılar Birliyinin sıravi üzvü kimi Xalid Əlimirzəyevin
qələmindən bədii əsərlər də
çıxır. "Bələdçi" kitabı
müəllifin yazıçılıq məharətinə əsl
bələdçilik edə bilər. "Bələdçi"
povesti, "Peşmançılıq",
"İztirabın sonu", "Məhəbbət
sorağında", "Qoşa məzar", "Qərib
adam" və başqa hekayələri oxucu rəğbəti
qazanıb. Xalid Əlimirzəyevin yazdığı pyeslər
Akademik Milli Dram Teatrı da daxil olmaqla müxtəlif
teatrların səhnəsində tamaşaya qoyulub.
Mücahidin yeni əsəri
Görkəmli alimin bədii
əsərləri başqa bir yazının mövzusudu. Vəd
etdiyim kimi bu dəfə Xalid Əlimirzəyevin "Klassiklərimizin
ideal və poetik sənət dünyası" ikicildliyi barədə
danışacam.
Xalid müəllim ahıl
yaşında da əsl gənclik enerjisi ilə
çalışır. Təsadüfi deyil ki, son illər
tanınmış alimin "M.F.Axundovun ideal və sənət
dünyası", "Mənəvi borc" (Mir Cəlal
haqqında xatirələr), "Ədəbiyyatşünaslığın
elmi-nəzəri əsasları" kitabları oxuculara, ədəbiyyatsevərlərə
təqdim olunub. Belə görünür ki, görkəmli
alim Mir Cəlal haqlı imiş. Hələ 1972-ci ildə
özünün "Şəfəqdən qalxanlar"
kitabını keçmiş tələbəsi, alim dostu Xalid
Əlimirzəyevə bağışlarkən maraqlı
avtoqraf yazıb: "İstedadlı alim dostum, ədəbiyyat
cəbhəsinin fəal və qeyrətli mücahidi Xalid
müəllim üçün kiçik xatirə!".
Xalid Əlimirzəyevin yeni nəşrə
hazırladığı ikicildlik "Klassiklərimizin ideal və
poetik sənət dünyası" monoqrafiyasının elmi
redaktoru AMEA-nın müxbir üzvü, filologiya elmləri
doktoru, professor Azad Nəbiyevdi. Tanınmış professorlar
Tofiq Hüseynoğlu, Vaqif Sultanlı və Sənan
İbrahimov kitaba rəy veriblər.
"Ön söz əvəzi"nin
müəllifi çox haqlı olaraq qeyd edir ki,
xalqımızın ədəbi və tükənməz mənəvi
sərvəti olan ədəbiyyat hələ XII əsrdən
başlayaraq bəşəri məzmununa görə, dünya
ədəbi-ictimai fikir tarixinə daxil olub, onun ən
güclü, orijinal qollarından biri kimi yaşayıb,
inkişaf etmiş, sənət aləminə Xaqani, Nizami,
Füzuli, Vaqif, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir,
Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun
kimi nəhəng söz korifeyləri bəxş edib:
"Bizim böyük əbədiyyatımız təkcə əbədi
hadisə, sırf bədii təxəyyülün nişanəsi
olaraq qalmır. O, yüksək poetik istedadın, bədii
idrakın məhsulu olmaqla yanaşı, həm də dərin
elmi- fəlsəfi təfəkkürün, elmi idrakın məhsuludu.
Təsadüfi deyildi ki, Füzuli vaxtı ilə bu həqiqəti
etiraf edərək yazırdı: "Elmsiz şeir əsası
yox divar olur və əsassız divar qayətdə bietibar
olur"... Monoqrafiya müəllifi adları çəkilən
sənətkarların bədii əsərləri ilə
yanaşı, həm də onların söz və sənət,
yaradıcılıq qanunları haqqındakı fikir və
mülahizələrinin, elmi-nəzəri görüşlərinin
təhlilinə xüsusi yer ayırıb".
"Klassiklərimizin ideal və
poetik sənət dünyası" ikicildliyində Xaqanidən
başlayaraq ötən əsrdə yaşamış görkəmli
şair, yazıçı və alimlərimizin
yaradıcılığ ətraflı təhlil olunur.
"Nizaminin poetik görüşləri", "Füzuli
poeziyasında dünyəvilik", "Vaqif
poeziyasının lirik qəhrəmanı",
"M.F.Axundovun şəxsiyyəti, ədəbi, ictimai-fəlsəfi
görüşləri", "C.Məmmədquluzadə
dramaturgiyasının sənətkarlıq xüsusiyyətləri",
"Sabir satiralarında müsbət ideal", "H.Cavid
dramaturgiyasında ictimai-estetik ideal və məhəbbət fəlsəfəsi",
"C.Cabbarlı dramaturgiyasında ideal və romantik qəhrəman",
"S.Vurğunun ədəbi-nəzəri görüşləri"
və başqa bölümlər maraqla oxunur. Sadə dildə
yazıldığından ikicildlik təkcə ədəbiyyat
mütəxəssislərinin deyil, sıravi oxucuların da rəğbətini
qazanacaq.
Nikbin sonluq
Xalid Əlimirzəyevin qələmə
aldığı bu ikicildlik bir məsələyə görə
də əlamətdar hadisə sayıla bilər. Hər iki
kitab ziyalı iş adamları Seyid Sabiroğlunun və Maarif
Qurbanoğlunun maddi-mənəvi dəstəyi ilə
işıq üzü görüb. Müəllif səbəbkarlara
təşəkkürünü belə bildirir: "Qoy
Tanrı müxtəlif peşə sahibi olmasına baxmayaraq,
Azərbaycan ədəbiyyatını, klassik irsimizi, mədəniyyətimizi
ürəkdən sevən, onun öyrənilməsi, geniş
intişarı üçün təmənnasız
qayğı, böyük vətəndaşlıq qeyrəti
göstərən ziyalı iş adamlarımıza əbədi
yar olsun!"
Tanrı alimin
dualarını eşitsin!.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2010.-9 fevral.-S.7.