"KƏDƏRİM ÖZÜMDƏN ƏVVƏL DOĞULUB"

 

Bu günlərdə "Təzadlar" qəzetində bir informasiya oxudum. Diqqətimi çəkən informasiyadan öyrəndim ki, imzasını ara-sıra dövrü mətbuatdan izlədiyimiz Yusif Millətoğlu yaradıcılıq uğurlarına görə daha bir mükafata layiq görülüb. "Qızıl qələm" sahibi olan Yusif Millətoğlu Təhsil Nazirliyinin "Diplom"una sahib olmuşdu. Doğrusu, xəbər məni sevindirdi qaçqın taleyi yaşayan Yusif Millətoğlunu axtarıb təbrik etmək arzusu ilə "Təzadlar"ın qapısını döydüm.

Xoş təsadüf idi. İmzasını aradığım müəlliflə qəzetin redaktorunun otağında görüşdük. Qiyabi tanışlığımız reallığa çevrildi. Xeyli söhbət etdik. Yaradıcılığından, gün-güzəranından, bütövlükdə Qarabağımızdan danışa-danışa bir xeyli zaman kəsiyinin sonuna gəlib çıxdıq. Və elə həmin o söhbətin sonunda da Yusif Millətoğlu özünün son illərdə nəşr olunmuş iki kitabını mənə avtoqrafla bağışladı. Kitabının birinin adı "Mərzilinin söz boxçası" idi. Əsasən doğulduğu kəndlə, onun işıqlı insanları ilə bu kəndin özünəməxsus cizgiləri ilə sözə çevrilmiş və bir boxçaya toplanmış məqamlar, deyimlər Yusif Millətoğlunun peşəkarcasına araya-ərsəyə gətirdiyi sanballı bir kitab idi. Bu kitabda Mərzili barəsində hər cür bilgilər əldə etmək, o kəndi qiyabi də olsa yaxından tanımaq mümkündü. Ümumiyyətlə kitabda hər bir cümlənin arxasında Mərziliyə sevgi, Mərziliyə olan həsrət özünü biruzə verirdi. Aşkarca görünür ki, müəllif doğma yerlərdən uzaqda böyük sıxıntılar çəkir. Elə bu sıxıntılar da onun şeirlərinə, yəni "Haqqın dar ağacı" adlanan ikinci kitabında toplanan poeziyasına hopubdur.

Qəribədir ki, "Haqqın dar ağacı" kitabındakı şeirlərin böyük əksəriyyəti klassik poeziyanın bir üslubu olan qoşma janrında yazılıb və şeirlərin demək olar ki, hamısından müəllif üz tutduğu mövzuya elə bir təsvir, elə bir tərənnüm notları hopdurub ki, oradan mütləq bir detal, bir ifadə oxucunun yaddaşında ilişib qalır. Bu da Yusif Millətoğlunun böyük söz ehtiyatının, böyük mütaliyəsinin nəticəsidir.

Öncə onu xatırladım ki, hər iki kitabın redaktoru şair-publisist Qəşəm İlqardı. Hər iki ön sözdən də bəlli olur ki, müəllif qarşısına bir məqsəd qoyub. Doğma yurdun bütün mənzərəsini, bütün gerçəkliklərini öz qələmi ilə, öz ilhamı ilə tərənnüm edib oxucuya sevdirsin və bu istəyinə də demək olar ki, qovuşa bilib. Digər tərəfdən şeirlərin ünvanlandığı böyük sənətkarlarımız mərhum Xudu Məmmədov, Məmməd Araz, Bəxtiyar Vahabzadə və digərləri bu şeirlərin təkcə mövzusu yox, həm də ilham mənbələridi. Onların sözü, misrası Yusif Millətoğlunu sanki ruhlandırır, ona qol-qanad verir. Məsələn, Yusif yazır ki: "Kədərim özümdən əvvəl doğulub". Və bunun ardınca da oxucuya xatırladır ki, bu misralar üçün böyük Məmməd Araza xüsusi ehtiramım var. Şairin başqa bir şeirində də yenə böyük ustada üz tutulur və yazır:

 

"Qəbir yeri" baha "gedir" Bakıda

istəsən dollar edir Bakıda,

Yusifə bax, maaş güdür Bakıdag

Biz düzəltsək düzələndi bu dünya!

 

 

yaxud:

 

 

Eldən ayrı düşüb mərdlər təklənib,

Sazım da, tarım da qəmə köklənib,

Bu Yusif o qədər dərdlə yüklənib

Dözümü çəkməyə yetərmi görən?!

 

Yusif Millətoğlunun şeirlərindəki rəvanlıq, sözün dilə yatımlılığı o qədər ustalıqla poetik fikrə, şeirə çevrilib ki, burada istənilən sözü, istənilən misranı bəndlərin arasından götürəndə boşluq dərhal özünü hiss etdirir. Görünür, bu həm pedaqoji fəaliyyətlə məşğul olan qələm dostumuzu yazıya, qələmə xüsusi diqqətindən biridir. Ümumiyyətlə şeir yazmaq, söz qoşmaq xalqımıza xarakterik xüsusiyyət olsa da, amma bu şeir, kitab bolluğunda fərqlənmək, heç olmasa, bir misrayla, bir sözlə yadda qalmaq özü böyük xoşbəxtlikdir. Mən Yusif Millətoğlunun şeirlərini, poemalarını oxuyub başa çıxandan sonra bu vətən həsrətli şairin mənə doğma dərdlərini, mənə tanış həyatını təkrar canımdan, qanımdan keçirtdim əmin oldum ki, sözə verilən ömür, qələmə həsr olunan həyat kənardan xoşbəxt görünsə , əslində duyan üçün, sözlə nəfəs salan üçün əzablı, məşəqqətli bir işdi. Şair demişkən:

 

Qərib durnaların köç yoldaşıyam

Kədərdə doğulan - dərdə tuş kimi!..

Deyirəm Vətənin dərdin daşıyam

Vətəndə Vətənsiz - qərib quş kimi!..

 

Mən yaxından tanış olduğum hər iki kitabla bağlı öz oxucu təəsüratımı sizlərlə bölüşərkən ürəyimdə qəribə bir əminlik baş qaldırdı. İnandım ki, Yusif Millətoğlunun qələmi, sözü, şeirləri həmişə oxucu sorağında, oxucu yaddaşında yaşayacaq. Çünki hər iki halda yazılan şeirlərin arxasında döyünən ürək, duyumlu insan nəhayət yurd həsrətli vətəndaş dayanır.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2010.-5 fevral.-S.7.