ÖTƏN GÜNLƏR BİR
NAĞILDI...
Etiraf edim ki, indiyə qədər onu yalnız və yalnız bir müəllim kimi tanımışdım. Dünya dağılsaydı belə, ağlıma gəlməzdi ki, gözəl ruh sahibi şair qardaşımız Ağacəfər Həsənli vasitəsiylə tanış olduğum Oqtay müəllim həm də şair imiş.
Oxudum şair Oqtay Allahverənoğlunun "Dünya da bir ürəkdir" kitabını və indiyədək onu oxumadığıma görə, imzasını izləmədiyim üçün təəssüflənməkdən başqa əlimdən nə gələsiydi ki...?
Üstəlik şair Oqtay Allahverənoğlunun 60 yaşı yethayetdədi. Mənə yaradıcılığı, yazdıqlarıyla özünə: "əsl şair" -dedirdən Oqtay Allahverənoğlunun yaradıcılığındakı bəzi məqamları qısa şəkildə təqdim etməyə çalışacağam.
Qurutdu ahım içimi...
Şairin şeirlər kitabını istədiyin hər hansı səhifədən açıb oxuya bilərsən. Əgər imza sənə tanış deyilsə, istəsən əvvəldən ya ortadan, istəsən son səhifələrdən birini açıb bir neçə şeir oxuyub hansısa qənaətə gələ bilərsən. Əgər oxuduqların səni özünə çəkə biləcəksə, deməli, kitabı əvvəldən sonadək varaqlamalı olacaqsan. Oqtay Allahverənoğlunun "Dünya da bir ürəkdir" kitabını oxumaq üçün bu eksperimenti həyata keçirmək lazım gəlmir, çünki bu poetik topludakı şeirdən adamın üzünə boylanan kədərin pıçıltısına misra-misra qulaq verə-verə içindəki yurd ağrısını üstünə bir də əl qoymalı olursan
Yarın sinəmi,
Çıxarın ürəyimi.
Yerinə muğam qoyun
Dəsgahı
ilə.
Şuşanın göz yaşları,
Xocalının ahı ilə.
Oqtay Allahverənoğlu ruhunda baş verən təlatümlü hadisələrin, doğrudan-doğru yaşanmış hisslərin ifadəsi olan şeirlərində heç kimə heç nəyi təlqin etməyə, kiməsə nəyisə öyrətməyə, kimisə özünə inandırmağa çalışmır, dediklərinə yalançı fəlsəfi don geydirmək cəhdində bulunmur. O, heç kimə qoşulmadan cod səsiylə ruhunun tənha nəğmələrini oxuyur və bu səs adamı alıb aparacan notlar üstündə yox, Adamı diksindirən, ruhunu özünə qaytaran bir ahəng üstündə köklənib.
Gedirəm gözüyumulu,
Bu yerlər mənə tanışdı.
Ürəkdə sözü yumulu,
Dərdimi daşa danışdım.
Oqtay Allahverənoğlu kütlə üçün hesablanmış texniki, tərənnümçü, pafosu zəhlətökən, yalançı canıyananlığı, ah-naləsi ətürpədən şeirlər yazmayan, bədii "mən"inə üz tutub ruhuyla həmsöhbət olmağı bacaran bir şairdir.
Aşağıdakı nümunələrə diqqəti edək:
Hər şey gördüyün kimidir,
Məndən başqa.
Sənə
haqq qazandır- mayacaq,
Kimi dindirirsən dindir.
Oqtay Allahverənoğlunun poetik yaradıcılığının fərdi xüsusiyyətlərindən biri də onun tam "realist şair" olmaq cəhdindən uzaq qaça bilməsində, eyni zamanda təxəyyülün həddindən artıq şişirdilmiş bədii məhsulunu romantik bir ab-hava ilə boyayıb təqdim etməyə cəhd göstərməməsindədir.
İnsanla - Dünya arasındakı münasibət daha çox sonadək bitməyən bir münaqişəni xatırladır. İnsan Dünyanı qorumaqdan çox onu ölümə sürükləmirmi? Burada udan tərəf kim olacaq?
Üzümdəki kədər –
Torpağın dərdi qədər.
Nə o azalır,
Nə bu yox olur.
Elə bil propodium
Modelidir,
Hərəkətdədir min ildir.
Üstümdən keçir,
Yeri eşir
–
Hayqıran partlayıcı
əkməyə
gülümsəyən güllələrin
qanını tökməyə.
Şair düşündüyünü, duyduğunu, yaşadığı
anların psixoloji portretini sadə, amma bədiiliyini qorumaq şərtiylə oxucusuna çatdıra bilir. Bir bəndlə dediyimizi
isbatlayaq.
Elə ki geriyə döndüm,
Min dəfə alışdım,
söndüm.
Sirrimi sulara dedim –
Sular baş götürüb qaçdı.
Poetik ehtirasını
ram edə bilən, daha çox günün, ayın, illərin düzümündə
ötüb gedən bir ömrün anlarını dilə gətirib, oxucusuyla həmsöhbət olmağı
xoşlayan O.Allahverənoğlu
ola bilər
ki, kiməsə hədsiz kədərli görünsün, bundan rəncidə olmağa dəyməz, ən azı ona görə
ki, onun şeirlərindən süzülən
bu məxməri kədər tərki-dünyalığı,
ümidsizliyi təlqin
etmir. Sözümün əvvəlində dediyim kimi şair
Oqtayın səsini onun özündən yaxşı eşidəcək
ikinci bir şəxs axtarmağa dəyməz. Onun və
elə bizim hər birimizin gördüyümüz, yaşadığımız
Dünyanın da üz-gözündən hələ
ki daha çox
kədər süzülməkdədir.
Oqtay Allahverənoğlu daha çox sərbəst vəznə müraciət
edir və təbii ki, yaradılan əsərin uğurunu hər hansı vəzn yox, onun bədii
yükü təmin edir. İngilis yazıçısı
T.P.Eliot yazır:
"Heç bir vəzn ortaya yaxşı bir əsər qoymaq istəyən yaradıcı
üçün sərbəst
deyil... Sərbəst vəzn ölü
biçimlərə qarşı
bir oyanış, köhnəliyi yenisiylə
əvəz etmədir".
Əlavə etmək istəyirəm ki, şair Oqtay
Allahverənoğlu həm
də sən demə yaxşı qəzəl ustasıymış. Ən azı
klassik ədəbi növləri yaşatmaq baxımından, eləcə
də qəzəl janrının təkamülü
nöqteyi-nəzərindən bu diqqətəlayiq bir işdir.
Təbii ki, bir yazıda
şair Oqtay Allahverənoğlunun tam halda
yaradıcılığından danışmaq, dəyərləndirmək
mümkün deyil. Mən olsa-olsa
bu yazıda onun yaradıcılığından
bəzi məqamları
önə çəkdim.
Sonda bir daha şair
Oqtay Allahverənoğlunu
60 illiyi ilə bağlı təbrik edir, yaradıcılıq uğurları arzulayıram.
Alim Məhərrəmli
Ədalət.-2010.-5 fevral.-S.7.