ÖLÜMSÜZ ŞAİR
Xalq şairi Bəxtiyar Vahabzadənin haqqa
qovuşmasının 1 ilinə
Çox qəribədir,
insan yaşa dolduqca, dünya görüşü artdıqca,
özünüdərk hissi əlindən tutub səni idarə
etdikcə ətrafında baş verənlərə bir
ayrı gözlə, bir ayrı istəklə yanaşmağa,
baxmağa başlayırsan. Elə bil heç dünənki
adam deyilsən, elə bil heç dünənə qədər
düşündüklərin, etdiyin hərəkətlər
sənə aid deyil. Sanki yenidən doğulmusan, yenidən
dünyanın görünən və görünməyən
üzü ilə qarşı-qarşıya gəlmisən. Bax,
bu qəribəliyin içərisində çaşqınlıq
anları yaşayanda köməyə içini tərpədən,
qəlbini dilləndirən ilahi sözlər gəlir. O
sözləri də yerləri Tanrı dərgahında olan və
Allahın sevimlilərindən sayılan şairlər
pıçıldayır, şairlər kağızlara, vərəqlərə
köçürürlər. Biz oxucular da adi bəndələr
kimi həmin o ilahi pıçılıtıların
içində rahatlıq tapırıq, təsəlli
tapırıq, ümid işığı
görürük...
Azərbaycanın
dünyaca məşhur olan böyük söz
aydınları, böyük söz sahibləri olub. Bu insanlar
sözün işığını o qədər
artırıblar ki, insanın batili ilə zahiri sanki günəş
şüalarına boyanıb. Həmin o günəş
şüaları insanın daxilində qaranlıq nöqtələrin
qalmasına imkan verməyib. Nəticədə söz
adamlarının işığı sayəsində
aydınların hesabı da artıb, sırası da
böyüyüb. Amma təəssüflər olsun ki, bizlər
o işıqlı insanları, işıqlı sözün
odunda yananları bəzən ya gec tanımışıq, ya
da öz laqeydliyimizlə öldürəndən sonra
başlamışıq barəsində düşünməyə...
başlamışıq heykəlini qoymağa, yer
axtarmağa...
Bu bizik... bu həm sənsən..
həm mənəm... həm də odu!.. Cəmimiz bir ola bilmədiyimizdən
aydınlarımızı da, işıqlı
insanlarımızı da vaxtında görə bilmirik,
vaxtında qiymətləndirə bilmirik. hər birimiz
ayrı-ayrılıqda özümüzə uyğun, öz
dünyagörüşümüzə tən gələn bir
münasibət ortaya qoyuruq. Bu da bir pərakəndəlik, bir
alatoranlıq yaradır. Onun içərisində isə cəmin
fikrini axtarıb bir araya gətirmək, cəmi
işığa çıxartmaq çox çətin olur. Etiraf
etməliyik ki, biz layqeydliyimizlə öldürdüklərimizi
öləndən sonra yaman çox istəyirik. Heç bir
millətdə, heç bir qeyri din adamında olmayan
xüsusiyyət bizə məxsusdur. Sağlığında
yox, ölümündən sonra qiymətləndirmək. Təəssüf...
Görünür xalq şairi Cabir Novruz da təsadüfdən
yazmayıb ki:
Sağlığında qiymət verin insanlara!
Bəli, fevralın 13-də
xalq şairi, ədəbiyyatımızın, milli məfkurəmizin
yüksək elitasında dayanan, onun
daşıyıcılarından olan, onun
yaradıcılarından və xidmətçilərindən
olan sevimli Bəxtiyar Vahabzadənin Tanrıya qovuşduğu
gündü. Düz bir il əvvəl Bəxtiyar müəllim
canı qədər sevdiyi Azərbaycana, qələmini bəzən
külüng, bəzən nizə, bəzən müəllim çubuğu
etdiyi bu məmləkətə cismən əlvida dedi. Yox,
uzaqlara getmədi. Sadəcə bu torpağa cismini
tapşırıb, ruhunu oxucularının, Azərbaycan
insanının, bütövlükdə sözün,
ağsaqqalın, qələmin qədrini bilənlərə həmsöhbət
qoyub getdi. İndi bu bir illik ayrılığın hər bir
anını, hər bir gününü hər kəs bir
cürə, bir formada gözləri önünə gətirə
bilər, xatırlaya bilər. Amma şəxsən mən daha
çox bir oxucu və bir də ustad səsinə həsrətli
adam kimi bu anları, bu günləri yaşadım. Çünki
öyrəşmişdim, ayda ən azı bir-iki dəfə
telefonla əlaqə saxlayıb halını
soruşmağı, həmsöhbət olmağı,
hansısa bir məsələyə münasibətini öyrənməyi...
Və mənim onunla hər görüşümdən sonra
ürəyimdə belə bir istək baş
qaldırırdı ki, görəsən, dünyanın daha
hansı bir ölkəsində xalqına, vətəninə
qarşı bu qədər ürəyi odla, alovla dolu olan
ikinci bir böyük şair var? Və ən maraqlısı
da odur ki, mənimlə hər söhbətində verdiyim
suallara rəğmən Bəxtiyar müəllim özündən
daha çox Xudu Məmmədov, Nurəddin Rzayev, Məmməd
Araz və Şahmar Əkbərzadə barəsində
danışmağa üstünlük verirdi, onların xidmətlərini
dilə gətirirdi. İndi də fikirləşirəm ki, Bəxtiyar
müəllim bu jesti ilə mənə yəqin ki, yenə dərs
keçirdi, yenə öyrədirdi. Göstərirdi ki,
işıqlı adamları görmək, aydınları sevmək
lazımdır, millətin xilası yalnız işıqlı
adamlardadır.
Bəzən məşhur
el aşığı, böyük ustad Aşıq
Alının bir misrasını atalar sözü kimi də dilə
gətirirlər. Deyirlər ki, "ölüm haqdı,
çıxmaq olmaz əmrdən". Bəli, həqiqətən
ölümdən heç kim qaçıb qurtara bilməyibdir.
İstər sıravi ola, istər general, dəxli yoxdur.
İnsanın beşikdən başlayan yolu məzarda sona
çatır. Amma hamının getdiyi bu yolun ətrafında
ağac əkib bağ salmaq, bina ucaltmaq, su quyusu vurmaq, əkin-biçinlə
məşğul olmaq, bir sözlə, iz qoyub getmək hər
adama nəsib olmur. Elə aydınların da bir
üstünlüyü ondadır ki, onlar beşikdən məzara
da işıq aparırlar. Məzarları da işıqlı
olur, ziyarətgaha çevrilir. Doğrudur, bu zaman kəsiyindəki
iqtisadi böhran insanların mənəvi
sıxıntısını bir az artırıb, adamlar
çörəyi kitabdan üstün tutmağa, şeirdən,
işıqlı adamlardan önəmli saymağa meyl göstərirlər.
Amma bu ötüb keçəcək. Bütün əsrlərin
bu problemi olubdu, bu gün də var. İndi Xudu Məmmədovu,
Məmməd Arazı, Bəxtiyar Vahabzadəni, Şahmar Əkbərzadəni,
Üzeyir Hacıbəyovu, Cəlil Məmmədquluzadəni,
Sabiri və daha kimləri... ziyarət edənlər xeyli
azalıb. Daha çox təqvimin konkret günündə bu
işıqlı ruhların sahibləri hansısa məhdud bir
dairədə anılır, qəbirləri üstünə
gül qoyulur. Çox da biz şair xalq olsaq da,
görünür hələ xalqın şairlərini onlara
layiq səviyyədə sevməyi öyrənməmişik.
Bəxtiyar Vahabzadə
Sovet dönəmində çap etdirə bilmədiyi şeirlərin
birində yazırdı:
Ömrüm
başdan-başa ahu-nalədir,
Çox da ki, dilimin
ahu-zarı yox.
Hər il bahar gəlir
çölə, çəmənə,
Nə olsun,
könlümün öz baharı yox.
Bəli, Bəxtiyar
müəllim, siz qələminizlə ədəbiyyatımıza,
sözümüzə, şeirimzə bir bəxtiyarlıq bəxş
etdiniz. Şeirlərinizin birində yazdığınız
kimi, özünüz bəxtiyar olmasanız da,
(paralanmış Azərbaycanın Türkmənçay dərdi,
Gülüstan acısı, Qarabağın işğalı və
neçə-neçə milli dərdlər sizin bəxtiyarlığınıza
sərhəd çəkmişdi!) amma şeirləriniz ruhlu
insanları, oxucularınızı bəxtiyar edə bildilər,
bu gücə sahib oldular. İndi yəqin ki, ruhunuz rahatdı.
Çünki bəxtiyar oxucuları olan Bəxtiyar Vahabzadənin
haqqa qovuşmasından 1 il ötməsinə baxmayaraq,
şeirləri, poemaları, səhnə əsərləri,
bir sözlə, qələminin inciləri yaşayır,
ömrünü uzadır. Bu ömür yəqin ki, elə
sözün ömrü qədər də olacaq.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2010.-11 fevral.- S. 6.