"MƏNİ SINDIRMAĞA ÇOX ÇALIŞIBLAR"

 

Azərbaycan kinosunun 50 yaşında tanıdığı Nurəddin Mehdixanlı ilə söhbət

 

"Kinodakı Cavad xan rolu övladlarıma saxladığım ən böyük mirasdı"

 

Həmsöhbət seçdiyim xalq artisti Nurəddin Mehdixanlı ölkənin ən populyar teatr aktyorlarındandı. Onu ən titullu sənətçilərdən biri də saymaq olar. Nurəddin bəy tamaşaçı sevgisini də, rəsmi dairələrin rəğbətini də Akademik Milli Dram Teatrın səhnəsində yaratdığı obrazlara görə qazanıb.

Amma tanınmış teatr aktyoru ilə söhbətə onun kinodakı işlərindən başladıq. Bunun yəqin ki, ən böyük səbəbi "Cavad xan" bədii filmidi. Nurəddin Mehdixanlı həmin ekran əsərində qəhrəmanlıq tariximizə öz imzasını yazan Cavad xan obrazını yaradıb.

- Kino elədir ki, bəzən adi təsadüf baş rola çəkilməyə imkan yaradır. Minlərlə belə nümunə saymaq olar. Amma bilirəm ki, Nurəddin Mehdixanlı Cavad xan obrazına doğru uzun bir yol gəlib. Arxada qalan illər buna şahiddi. Bəlkə bu yolun əvvəlinə qayıdaq.

- Sovet dövrundə bu quruluşun ideologiyasına uyğun gələn qəhrəmanlar barəsində filmlər çəkilirdi. Cavad xan barəsində ekran əsəri yaratmaq o zaman mümkün deyildi. Bədii ədəbiyyatda isə çox çətinliklə də olsa bu tarixi şəxsiyyətin adı çəkilirdi. Sabir Rüstəmxanlı 18 yaşı olanda yazdığı "Vətən" şeirində sadəcə bir sətirlə - "Cavad xanın qətl yeri" sətri ilə bu böyük şəxsiyyət haqqında oxucuya ipucu verirdi. 70-ci illərin sonunda Sabir Rüstəmxanlı "Sönmüş ocağın yanğısı" poemasını bütünlüklə Gəncə xanı Cavad xanın rus qoşunları ilə döyüşünə, qəhrəmancasına ölümünə həsr etmişdi.

Tariximiz, milli kimliyimiz barədə düşünən bütün gənclər kimi mən də Cavad xan, onun göstərdiyi qəhrəmanlıq haqqında daha ətraflı bilgi almaq istəyirdim. Yadımdadı, görkəmli tarixçimiz Məcid Katibli institut illərində bizə yalançı tarixi yox, əsl gerçək tarixi çatdırırdı. İllər ötdükcə, gizlədilən həqiqətlər aşkarlandıqca məlum oldu ki, Cavad xan bütün türk dünyasında nadir şəxsiyyətlərdən, kişilərdən biri imiş. Çünki o, özünü, övladlarını vətənin azadlığı uğrunda qurban verib. Belə nümunələr çox azdı. Onun hərəkətini bəlkə də yalnız Kərbala çölündəki hadisələrlə eyniləşdirmək olar. Bəlkə elə ona görə də el arasında Gəncəyə "İmam Hüseyn şəhəri" deyirlər.

İllər keçdikcə Cavad xan barədə şəxsi tədqiqatlarımı apardım. Sabir bəyin bayaq xatırlatdığım poemasını Az.TV-də "Ədəbi teatr" verilişində dörd aktyorla birlikdə nümayiş etdirdik. Bədii qiraətçi kimi müxtəlif tədbirlərdə bu poemadan hissələri oxumağa başladım. Maraqlıdı ki, 90-cı illərin əvvəllərində belə Cavad xan haqqında danışmaq istəmirdilər. Gəncədə yaşayan Nüşabə Məmmədlinin yazdığı pyesdən və Sabir Rüstəmxanlının poemasından başqa digər bədii nümunələr ortaya qoyulmurdu.

Sabir Rüstəmxanlının 50 illik yubileyi Opera və Balet Teatrında keçirilərkən mən bu poemadan parçalar söylədim. Yubileydə iştirak edən mərhum dövlət başçısı Heydər Əliyev əsərə yüksək qiymət verdi. Tədbirdən sonra keçirilən görüşdə Heydər Əliyev dedi ki, əsər elə bizim indiki taleyimizə çox oxşayır. Bu dəyərli münasibətdən sonra Sabir bəylə ikimiz Cavad xan barədə daha ciddi düşünməyə başladıq. Hiss etdik ki, Cavad xanı bədii kinoya gətirməyin əsl məqamı yetişib. Və bu işə rejissor Rövşən Almuradlını da cəlb etdik.

- Beləcə film üçün lazım olan rejissor komponenti də tapıldı...

- Belə qərara gəldik ki, filmi yalnız Rövşən Almuradlı çəkə bilər. Sabir bəy filmin ədəbi ssenarisini yazıb Mədəniyyət Nazirliyinə təqdim etdi.

- Hadisələrin gedişi onu göstərdi ki, nazirlik "Cavad xan"a yaşıl işıq yandırdı...

- O zaman nazir Polad Bülbüloğlu bu işin başlanmasında önəmli rol oynadı. Maraqlıdı ki, nazir kimi onun son əmri də bu filmin istehsalata buraxılması ilə bağlı oldu. Obyektivlik naminə bir məsələni hökmən qeyd etməliyəm. Sonra bu vəzifəyə təyin edilən Əbülfəs Qarayev filmin çəkilməsinə çox böyük qayğı və diqqət göstərdi. Fürsətdən istifadə edib daxili işlər naziri Ramil Usubovun, gənclər və idman naziri Azad Rəhimovun xidmətlərini xüsusi qeyd etməliyəm.

"Bizim kino" Prodüser Mərkəzi filmin çəkilişlərinə başlayanda dövlət rəsmiləri, sıravi insanlar əllərindən gələn köməyi əsirgəmirdilər.

- Cavad xan obrazını kimin yaradacağı təbii ki, bəlli idi. Bəs digər rollar necə seçildi?

- General Sisianov rolu ilə bağlı kənardan xeyli təkliflər olsa da, "üçlüyün" qərarı qəti idi - bu obraza yalnız xalq artisti Ramiz Novruz çəkilməlidi. Çünki Ramiz istedadlı aktyor olduğundan Cavad xan- Sisianov mübarizəsinə əlavə çalar qata bilərdi. Həm də Ramizlə bizim Akademik Milli Dram Teatrın səhnəsində tərəf müqabili olduğumuz tamaşalar həmişə uğur qazanmışdı. Çox fikirləşəndən sonra Şükufə xanım roluna əməkdar artist, xanəndə Nuriyyə Hüseynovanı dəvət etdik. Məlum oldu ki, seçimdə yanılmamışıq. Ümumiyyətlə, bu filmdə 21 aktyor kinoda debüt etdi. Film həm də "Bizdə gənc aktyorlar yoxdu" deyənlərə tutarlı cavab oldu.

Bütün hazırlıq işləri görüləndən və müəyyən epizodlar çəkiləndən sonra filmin maliyyə problemi yarandı. Sabir bəyin ölkə başçısına müraciəti bir həftə ərzində müsbət nəticə verdi. Bayaq qeyd etdiyim kimi, "Cavad xan"ın araya-ərsəyə gəlməsində dövlət başçısından tutmuş sıravi vətəndaşlara qədər hamı kömək etməyə çalışırdı. Gəncədə Nurəddin adında bir kişi var idi. Mən filmdə çəkilən at üçün ərzağı onun dükanından alırdım. Nurəddin kişi heç vaxt pul götürmək istəmirdi. Üstəlik, çəkiliş meydançasına evdən yemək gətirirdi. Deyirdi ki, mənim də gücüm buna çatır.

Film uğurlu alındı və hesab edirəm ki, Azərbaycan xalqı öz qəhrəmanını onun adına layiq səviyyədə görə bildi. 204 ildən sonra Cavad xan adına layiq qiymətini bu film vasitəsi ilə aldı. Heydər Əliyev adına Sarayda filmin təqdimatı çox yüksək səviyyədə keçdi. 1975-ci ildən bu günə kimi həmin sarayda aparıcı olmuşam, mühüm tədbirlərdə iştirak etmişəm, amma sarayda elə əzəmətli mərasim görməmişdim. O halı bir də təkrar yaşamaq mümkün olmayacaq.

- İlk böyük rolla kinoda uğur qazanmağın sevincini yaşamağın da özgə ləzzəti var...

- Cavad xan roluna çəkilənə qədər bəzi filmlərdə epizodik rollar oynamışdım. Amma Azərbaycan kinosu məni 50 yaşımda tapdı. Düzdü, əvvəllər əsas rollara dəvət almışdım. Amma çəkiliş vaxtı gələndə nədənsə ortaya başqa aktyorlar çıxırdı. Bu illər ərzində məni çox sındırmağa çalışıblar. Görünür Tanrı və sənin qiymətini verəcək insanlar bu zəhməti dəyərləndirdilər. Çox qəribədi, 50 yaşımda Cavad xan obrazına çəkilməyə başladım. 52 yaşım olanda film təhvil verildi. Tarixdən də məlum olduğu kimi, Cavad xan ruslara qarşı vuruşub Gəncənin müdafiəsi zamanı şəhid olanda 52 yaşı var imiş. Görünür tale məni bütün bu hadisələrə, rola hazırlayırmış. Təbii ki, hər bir ata övladına nəsə miras qoyub bu dünyadan köçür. Bu var-dövlət, saray, qızıl əşyaları, maşın ola bilər. Mənim övladlarıma qoyacağım ən böyük miras filmdəki Cavad xan obrazıdı. Bununla həqiqətən də fəxr edirəm. Cavad xanın ölüm səhnəsi çəkilib qurtarandan sonra bütün günü ağlamışam. Xasiyyətcə elə insanam ki, çox nadir hallarda ağlayıram və çalışıram bu vəziyyətimi kimsə görməsin. Amma həmin vaxt bütün günü ağladım. Çox qəribə hala düşmüşdüm. Elə bilirdim ki, Cavad xan ölməməli, yaşamalıdı. 20 il yaxından öyrəndiyim, xəyalımda canlandırdığım qəhrəmanla vidalaşmaq çox ağır idi.

- Adətən belə uğurlu roldan sonra aktyora kinorejissordan təkliflər gəlir. Sizə kinoda yeni rol təklif edənlər var?

- "Cavad xan" filmindən dərhal sonra istedadlı rejissor Yavər Rzayev məni "İlahi məxluq" filminə dəvət etdi. Dövlət sifarişi ilə çəkilən bu ekran əsərində də baş rolu oynayıram. Film artıq yekunlaşmaq üzrədi. Yəqin mart ayında tamaşaçılar "İlahi məxluq"a baxa biləcəklər. İnanıram ki, bu film Azərbaycan kinosunda yeni bir mərhələ olacaq.

- Növbəti filmini çəkmək üçün Azərbaycana gələn alman rejissor Fayt Helmerlə birgə yaradıcılıq işiniz zamanı əcnəbi kino adamını yaman tərifləmişdiz. Elə bilirdim həmin müsahibədən sonra yerli kinorejissorlardan heç biri sizi yeni filminə dəvət etməyəcək...

- Fayt Helmerlə "Susuzluq və sevgi. Və ya Absurdstan" filmində birgə işlədik. Həmin əməkdaşlıqdan sonra alman rejissora əsl layiq olduğu qiyməti vermişdim. Bizim insanlar düz danışmağı öyrənməlidilər. Yalanı tərgitməyin vaxtı çoxdan çatıb. Haqqı çatanların haqqını vermək zamanıdı. Millət kimi var olmaq istəyiriksə, bütün bu addımları atmalıyıq. Müsbəti obyektiv qiymətləndirməklə yanaşı, qüsurları da deməliyik ki, inkişaf edə bilək. Biz çox istedadlı, bacarıqlı millətik. Lakin fədakarlıq edən istedadlı insanları qiymətləndirməyi bacarmalıyıq. O gün çox hörmət etdiyim istedadlı rejissor Cənnət xanım Səlimova deyir ki, yaradıcı insan ac-yalavac olmalıdı. Mən də Cənnət xanımdan soruşmaq istəyirəm - niyə, nə vaxta qədər? Biz bu axmaq sovet düşüncəsindən nə zaman xilas olacağıq? Nizaminin dövründə yaşayan vəzifəli insanların adı tarixdə qalmayıb, amma Nizami dünya durduqca yaşayacaq. Niyə bizim böyük sənətçilər yalnız ölümündən sonra qiymətini almalıdı? Niyə biz istedadlı insanı öləndən sonra qiymətə mindiririk? Ən böyük bəlamız istedadı olmayan bəzilərini arxalıdı deyə yuxarı başa keçirməyimizdi.

Bayaq xatırlatdığınız məqama gəlincə, hesab edirəm ki, istedadı olan insanlar dediyim fikirdən inciməməlidi. Çünki mən bütün rejissorları peşəkar görmək istəyirəm.

- Nurəddin bəylə müsahibədə teatrdan danışmasaq, oxucular təkcə məni yox, sizi də qınayar. Çalışdığınız Akademik Milli Dram Teatrı təmirə dayandığından yaradıcı insan kimi nələr çəkdiyiniz başa düşüləndi...

- Təbii ki, kirayəçi olmaq çətin şeydi. Məlumdu ki, beşotaqlı mənzildə yaşayan insan birotaqlı evə sığınanda hansı hisslər keçirir. Amma dözürük, bunun da səbəbi var. Teatr dövlət başçısının sərəncamı ilə əsaslı təmirə dayanıb. Teatrın binası təmirdən sonra bu regionda ən gözəl teatr olacaq. Artıq bəzi insanların bəhanəsi də kəsiləcək. Daha onlar şəraitsizliyi, texniki imkanların zəifliyini bəhanə gətirə bilməyəcəklər.

Teatr təmir müddətində yaradıcılıq işlərini davam etdirir. Yeni tamaşalar hazırlanır, qastrollarda, beynəlxalq teatr festivallarında iştirak edirik. Elə son vaxtlar Türkiyənin müxtəlif şəhərlərinə baş tutan qastrolları və Rusiyanın Kazan şəhərinə səfəri xüsusi qeyd etmək olar.

- Tamaşaçı sizi həmişə müsbət qəhrəman obrazında görmək istəyir. Bəs siz tamaşaçını necə görmək istəyirsiz?

- Təbii ki, hər bədii materialın öz tamaşaçısı var. Bu gün barmaq göstərməklə kimlərisə güldürmək istəyənlər də özlərinə tamaşaçı kütləsi tapa bilir. Nəyə güldüyünün fərqində olmayan tamaşaçı kəsimi var. Nəyə baxdığını, nəyə güldüyünü, düşündüyünü bilən tamaşaçılar da az deyil. Sonuncular məhz bizim tamaşaçılardı. Bu baxımdan deyə bilərəm ki, son beş ildə Akademik Milli Dram Teatrının tamaşaçı problemi yoxdu. Əsl bədii materialın, güclü tamaşanın tamaşaçısı həmişə var. İndi bəziləri orda-burda oturub deyir ki, teatrda tamaşaçını heyrətləndirə bilən səhnə əsərləri qoyulmayıb. Belələri yumuşaq şəkildə desəm,yalnış düşüncədədilər. Mən də belələrindən soruşmaq istəyirəm, Akademik Milli Dram Teatrının səhnəsində son illər tamaşaya qoyulan "Aydın", "Kaş araba aşmayaydı", "Özümüzü kəsən qılınc", "Mesenat", "Hələ sevirəm deməmişdilər", "Xəcalət", "Uçqun", "Köhnə ev", "Varlı qadın" hadisə deyilmi? Əgər sən 10 ildə teatrın qapısını bir dəfə də olsun açmamısansa, bu o demək deyil ki, teatrda maraqlı əsər oynanılmır. Teatr tənqidinin belə insanlara tutarlı cavab verə bilməməsi məni çox təəssüfləndirir. Çünki teatr tənqidi yalnız beş-altı adamın şəxsi münasibətləri üzərindədi. Niyə özümüzünküləri bəyənməmək kompleksi ilə yaşamaq məcburiyyətində qalmışıq? Niyə Vandama, Şakiraya milyonlar xərcləyən bəziləri bizim sənətçiləri görmək istəmir? Rəhmətlik Hacı Zeynalabdin Tağıyev zamanında da milyonçular var idi. Amma onların yox, məhz Hacı Zeynalabdinin adı tarixdə yaşayır. Bu gün əxlaqsız işlərə milyonlar xərcləyən, lakin teatrın, kinonun inkişafına kömək etmək istəməyənləri Şakiralar, Vandamlar yaşatmayacaq.

- Son günlər müxtəlif mətbuat səhifələrində Akademik Milli Dram Teatrı ilə bağlı yazılar dərc olunur. Həmin yazılardan ortada bir gərginlik olduğu hiss edilir. Bu həqiqətən də belədi, yoxsa?

- "Teatr ölüb", "teatrda vəziyyət gərgindi" deyənlərin çoxu bunu məqsədli şəkildə dövriyyəyə buraxır. Hərəsinin bir dərdi var. Biri baş rejissor, biri direktor olmaq istəyir. Belələrinə xatırlatmaq istəyirəm ki, kimisə vəzifəyə təyin etmək, vəzifədən azad etmək Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətindədi. Nazir Əbülfəs Qarayev mədəniyyətə, teatra yüksək dəyər verən bir kişidi. Onun nazir kimi teatra, kinoya diqqət və qayğısını çox məqamlarda görmüşük. Bizim bəxtimiz onda gətirdi ki, teatrın bu təlatümlü vaxtında Mədəniyyət və Turizm Nazirliyinə Əbülfəs Qarayev kimi şəxs rəhbərlik etməyə başladı.

Ona görə də hər deyilən fikirdən narahat olmağa dəyməz. Kim yalnış fikirdədisə, teatrdakı işlər ona ən doğru cavabdı. Bu gün bizim teatrda Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Mehriban Ələkbərzadə, Rövşən Almuradlı kimi ciddi rejissorlar işləyir. Kollektivə Maqbet Bünyadov kimi təcrübəli, təşkilatçılıq bacarığı ilə seçilən bir insan rəhbərlik edir. Sadəcə olaraq teatrın direktoru yaradıcı kollektivin potensialından düzgün istifadə etsə, daha yaxşı olar.

Ona görə arxayınam ki, orda-burda deyilən söhbət çox uzağa getməyəcək.

 

 

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.-2010.-13 fevral.-S.13-14.