AĞDAMIN RƏMZLƏRİNDƏN BİRİ - "QARABAĞ BÜLBÜLLƏRİ"

 

Bəlkə sizlərə qəribə gələ bilər, amma nədənsə yeni çapdan çıxmış kitabı, dünyaya təzəcə gəlmiş oğula bənzədirəm. Hər ailədə oğul doğulur. Ailə sevinir, o oğlulla fəxr edir. Amma hər oğul un da işi deyil özünü el-obasına sevdirsin, amalına-əməlinə görə adını xalqının yaddaşına yazdırsın. Zənnimcə kitablar da belədir.

Hər çapdan yeni çıxmış kitab da oxucu kütləsinin qəlbinə yola tapa bilmir, əldən-ələ gəzmir, sevilmir adını yaddaşlara yazdırmağa gücü çatmır. Mövzu, mahiyyət, aktulallıq dil-üslub... Bunlar bir yerdə olanda isə vəziyyət tamam başqa cür olur.

Tanınmış publisist Surxay Əlibəylinin ötən ilin sonlarında nəfis tərtibatda, bir-birindən maraqlı məqalə fotoşəkillərlə zəngin yeni kitabı - "Qarabağ bülbülləri" "Şuşa" nəşriyyatında çapdan çıxıb hazırda oxucuların ixtiyarındadır. Dəqiq deyə bilmərəm, bu Surxay müəllimin neçənci kitabıdır. Əlimə keçən, oxuduğum nümunələrdən bildiyim odur ki, onun müəllifi olduğu hər kitab müzakirə, maraq, mübahisə obyektinə çevrilir. Xüsusən 5-6 il bundan əvvəl işıq üzü görmüş "Ağdamım qibləgahım" özünə kifayət qədər oxucu tapdı. Eyni zamanda adı gedən bölgənin insanları arasında müqəddəs məcmuə kimi əldən-ələ gəzdi. Elə indi hər ağdamlının masaüsütü, daha dəqiq "əziz-xələf" kitabı olaraq qalır. Bir ki, Ağdamı tanımayanlara bu kitab sanki "bələdçi" oldu.

S.Əliyevin yaradıcılığının sevilən cəhəti onun mövzu seçimi bu mövzunun cəmiyyətdə ona qədər tam açılmamasıdır. Tez-tez eşidirik ki, "Qarabağ bülbülləri" ansamblının Ağdamın işğalından sonrakı taleyi hamı üçün maraqlı qaldı. Onlar hansı şəraitdə, harda məskunlaşıb, bütün qarabağlılar kimi köçkünlük həyatını necə yaşayır?

Məllif bu suallara cavab vermək, həm ansamblın şərəfli tarixini bilməyənlərə çatdırmaq həvəsi ilə özü demiş, 7 il vaxt sərf edib. O ansamblın bütün şəhərlərdə, həmçinin festival müsabiqələrdə çıxışlarını əks etdirən fotoşəkillər əldə etmək üçün xeyli çətinliklərlə üzləşəsi olub. Sənədlərin, diplomların, şəkillərin çoxu Ağdamda qalmışdı. Bir çətinlikdə kitab çapa hazırlananda yaşandı. Maddi məhdudiyyət 2 il çapa əngəl oldu. Nəhayət, yaxşı ki, insanlığına, ziyalılığına sığınılası insanlar var. Aqil Abbas, Elbrus Hüseynov, Vasif Məhərrəmov adını çəkə bilmədiyim digər insanlar bu kitabın çapına yaşıl işıq yandırdılar.

Əgər mövzu "Qarabağ bülbülləri"ndəndirsə, demək ilk əvvəl bu ansamblın bədii rəhbəri, daha dəqiq yaradıcısı, respublikanın xalq təhsili əlaçısı, SSRİ-nin qabaqcıl maarif xadimi, beynəlxalq festivalları laueratı Murad Yunis oğlu Rzayevin 38 illik əməyindən danışmamaq günah olar. Müəllif qeyd edir ki, onun əməyi sayəsində ansamblın yetirmələri arasında xalq artistləri, Aygün Bayramova, Nəzakət Teymurova, əməkdar artistlər Feyruz Səxavət, Cabir Abdullayev, əməkdar mədəniyyət işçisi İlhamiz Paşayev, tanınmış ifaçılar Teymur Əmrah, Tacir Şahmalıoğlu, Sevinc Sarıyeva, Sədi Məmmədov kimi xalqımızın sevimli sənətkarları dünyaya səs salıb. "Qarabağ bülbülləri"nin ifa edəcəkləri mahnılar indi həm yaddaşlarda, həm televiziyanın musiqi fondunda qalmaqdadır. Surxay Əlibəyli ansamblın ən uğurlu tapıntılarını - Tacir Allahverdiyev, İlhamiz Paşayev, Nazim Zeynalov, Arzu Fərhadov hesab edərək yazır: "Ansamblın qarşısında dayanmış dörd balaca oğlan dünyanın böyük şəhərlərində məşhur sənətçilər qarşısında elə möcüzələr yaradırdılar ki, onların adları milyonların yaddaşında silinməz izlər buraxırdı". müəllif onu da qeyd etməyi borc bilir ki: "Murad Rzayev 38 illik fəaliyyəti dövründə heç bir görməsəydi belə, bu dörd nəfəri yetişdirdiyinə görə, Azərbaycanın, eləcə bəşəriyyətin musiqi mədəniyyəti tarixində öz yerini tapmış bacarıqlı təşkilatçı kimi əbədi yaşamaq hüququni özü üçün təmin etmiş olardı.

Bir az da bədii rəhbərin gələcək sənətkar axtarışında çəkdiyi çətinliklərdən danışaq. Daha doğrusu, bunu Tacirin dilindən eşitsək daha maarqlı olar:

- 1972-ci il idi. "Qarabağ bülbülləri" ansamblının yaradıcısı Murad Rzayev aidiyyatı üzrə kənd-kənd gəzib yaxşı səsi olan uşaq axtarırdı. Bir gün Murad müəllim gəlib bizim Sarıhacılı kəndinə çıxır. Bu zaman mən həyətimizdəki alma ağacına çıxmışdım oxuyurdum. Səsim Murad müəllimin xoşuna gəldi. Elə ordaca atam - tarzən Şahmalı Allahverdiyevin razılığını alıb məni "bülbüllərin" sırasına daxil etdi. Kitabı oxuduqca aydın olur ki, şirin, ürəkləri riqqətə gətirən yeni istedadların səsinə bir vətən həsrəti hopub. Vətəndən çox uzaqda yanğı ilə, var səsləri ilə Vətən deyə haraylayırlar. Rəhmətlik Ulu Öndərimiz Heydər Əliyev haqlı idi: "Qarabağ bülbüllər diyarıdır. Bir gedən bülbülün yerinə beşi gəlir". Kitabı oxuyan hər kəs yeni bülbüllərlə tanış olacaq, onlar haqqında maraqlı fikirləri öyrənəcəklər. "Qarabağ bülbülləri" haqqında daha ətraflı yazmaq olardı. Amma yazmıram. Çünki oxucu özü bu kitabla tanış olanda həm kifayət qədər məlumat toplayacaq, o dövrün (Ağdamlı-Qarabağlı günlərin) çal-çağırına, həyat nəşəsinə fotoşəkillərlə şahidlik edəcək, həm də ən əsası zövq alacaqlar. əminəm ki, yer üzündən ən son "bülbül" ən son "bülbül" pərəstişkaları gedənə qədər bu kitab yaşayacaq.

  

  

Əntiqə RƏŞİDQIZI

 

Ədalət.-2010.-13 fevral.-S.14.