"Bir ovuc torpaq"ın müəllifinə bir ovuc torpaq hədiyyə olundu

 

"Sonuncu ölən ümidlərdir" romanı ilə populyarlıq qazanan "Kitab klubu"nun 2009-cu il reytinqində ən çox oxunan azərbaycanlı yazıçı kimi birincilik qazanan Varisin "Bir ovuc torpaq" romanı ötən ay oxuculara təqdim olundu. Qısa müddət ərzində 1000-ə yaxın nüsxəsi satılan bu kitab həm olduqca maraqlı süjet xətti, həm ənənəvi romançılıqdan kənara çıxan təhkiyə formasına görə mütaliəsevərlər arasında böyük rəğbətlə qarşılanır.

Həftəsonu ölkənin ən nüfuzlu təhsil müəssisələrindən sayılan Bakının Səbayil rayonundakı 190 saylı orta məktəbdə Varislə görüş keçiirldi. Səbayil rayon İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin, ölkənin kitabxana şəbəkəsi nümayəndələrinin, eləcə media mənsublarının qatıldığı tədbiri "100 ən yaxşı müəllim" prezident təqaüdçüsü Qənirə Əmircanova açaraq çox maraqlı bir fakt açıqladı. Sən demə, bu məktəbdə debat şəklində təşkil olunan "Müasir uşaqlar necə olmalıdır?" mövzusunda olan açıq dərslər məhz "Bir ovuc torpaq" romanı əsasında qurulur. Yuxarı sinif şagirdləri əsərin iki qəhrəmanından biri olan balaca Zaura bənzəməyi, onun kimi vətənpərvər olmağı arzulayırlar.

Saçını gənc nəslin təlim-tərbiyəsi yolunda ağardan tanınmış pedaqoq Rizvaniyyə Qasımovanın çıxışı hamıda xoş əhval-ruhiyyə yaratdı:

- Mən bu kitabı elə-belə oxumurdum. Ondan əsl ləzzət alırdım. Ən yaxşı yerində dayanıb mətbəxə gedir, özümə çay süzüb içirdim. Başqa bir maraqlı yerində çörək yeyirdim. Elə olurdu dayanıb xəyala dalır, özümü qəhrəmanların yerində hiss edirdim. Kitabı oxuyub tamamladıqdan sonra telefon nömrələrini, texniki işçilərin adlarını, reklam mətnini oxudum. Mən necə arzulayırdım ki, heç olmasa bircə dənə əlavə səhifə tapıb oxuya biləydim...

Məktəbin direktoru Afət Bakıxanovanın səsləndirdiyi fikirlər maraqlı idi:

- Bir daha qət etdim ki, heç bir televiziya verilişi, serial, İnternet səhifələrində gedən cürbəcür məlumatlar əsl sənətkar qələmindən çıxan əsəri əvəz edə bilməz. Doğrudan da, kitab oxumağın vaxtı yetişib!Məktəb şagirdlərinin əsərdən səhnəciklər nümayiş etdirmələri isə tədbirə xüsusi rəng qatdı.

Həftəsonu Sumqayıt şəhərində isə Şəhər Gənclər İdman Baş İdarəsinin təşkilatçılığı ilə yazıçının gənclərlə görüşü keçirildi.

Baş idarənin rəisi Musa Həsənov, şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayev çıxış edərək hazırki dövrdə gənclərə milli-mənəvi dəyərlərin aşılanmasında, onlarda vətənpərvərlik ruhunun formalaşmasında Varisin əsərlərinin oynadığı roldan danışdılar, bu əsərlərin hədsiz populyarlığının sirlərini bəyan etdilər.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi nəzdində Gənclər Komissiyasının sədri Çinarə Hüseynova əsərin əsas məziyyəti kimi onun son dərəcə oxunaqlı olmasını, həddən artıq maraqlı süjet xəttini, xüsusən gənclərin vətənpərvərlik hisslərinin güclənməsinə təkan verməsini qeyd etdi.

VI Beynəlxalq Türk Dili Olimpiadasının qızıl medalçısı Könül Qurbanova isə əsərin başqa bir məziyyətinə toxundu:

- Varisin son dərəcə oxunaqlı olan romanını gərginlik içində, birnəfəsə oxuduqdan sonra uzun müddət onun təsirindən qurtula bilmirsən. Oradakı aforizmlər, olduqca qiymətli fikirlər isə adamın yaddaşına həkk olunur.

"Sumqayitxeber.com" saytının baş redaktoru Eyvaz Qocayev əsərin populyarlığına dəlalət edən belə bir fakt ortaya qoydu:

- İşim internetlə bağlı olduğundan, daim informasiya axtarışında oluram. Bu son 10 gündə İnternet portallarının müxtəlif axtarış bölmələrində ən çox axtarılan sözlər Varis "Bir ovuc torpaq"dır.

Tədbirin ən diqqətçəkən hissəsi isə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyninin çıxışı oldu:

- Təqribən 2 il öncə Qeyri-Hökumət Təşkilatının tərkibində Ermənistanla sərhəd rayonlarında, Dağlıq Qarabağda - düşmənlə təmas nöqtələrində monitorinq iştirakçısı idim. İş elə gətirdi ki, hazırda Ermənistanın işğalı altında olan əzəli Azərbaycan torpaqlarına keçə bildik. oradan özümlə bir ovuc vətən torpağı gətirdim. Mən bu illərdə izləyirdim ki, görəsən, ədəbiyyatımıza bu bir ovuc vətən torpağı həsrətini özündə əxz edən mövzunu kim gətirəcək? Onu "Bir ovuc torpaq" romanı ilə məhz Varis gətirdi. mən özümlə gətirdiyim həmin bir ovuc torpağı bu gün Varisə hədiyyə edirəm.

Rauf Zeyni mücrünün içindəki əsirlikdən qurtulmuş bir ovuc vətən torpağını yazıçıya hədiyyə etdi.

 

 

Ədalət.- 2010.- 16 fevral.- S. 8.