Sözü və ürəyi
qocalmayan şair
Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Xalq Şairi Nəriman Həsənzadənin fevralın 18-də anadan olmasının 79-cu ildönümü tamam olur.
Onun adı Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Nəbi Xəzri, Məhəmməd Hüseyn Şəhriyar və Məmməd Araz kimi dahi şairlərimizlə yanaşı poeziya tariximizdə layiqli yer tutmuşdur.
Həssas qəlbli böyük söz ustasının yaradıcılığını səciyyələndirən əsas cəhət əsərlərində insanpərvərlik, gözəllik, vətənə və dünyaya məhəbbətlə dolu həyat fəlsəfəsinin təcəssümüdür. Şairin yazıb yaratdığı şeirləri də özü kimi sadə, vüqarlı və əzəmətlidir. Ömrünün uşaqlıq illəri Qazax rayonunda uca dağlar başında keçmiş, sübh tezdən günəş doğarkən üfüqün çöhrəsinin neçə rəng aldığını, ətirli bahar küləklərinin əsib dağ yamaclarında saysız-hesabsız incə çiçəkləri və göz oxşayan al qırmızı lalələri oynatdığını heyranlıqla müşahidə etmiş, Nabat xalanın ətirli və halal çörəyi ilə böyüyüb boya-başa çatmış, qəlbi el-oba, vətən məhəbbəti ilə dolu olan bu gənc şairlər diyarında şair olmağa həyat özü məcbur etmişdi. Dahi Molla Pənah Vaqif, Vidadi və Səməd Vurğun lirikasının ətri duyulan şeirləri milli poeziya xəzinəmizin ən qiymətli incilərindəndir. Xalqımızın unudulmaz şairi Məmməd Araz Nəriman Həsənzadə peoziyasının vurğunu idi.
Azərbaycanın görkəmli şairlərindən Bəxtiyar Vahabzadə və Nəbi Xəzri də müasir milli poeziyamızdan söhbət açarkən şairin istedadını yüksək qiymətləndirirdilər. Azərbaycan Respublikası Mədəniyyət
İşçilər Həmkarlar İttifaqının sədri
vəzifəsində işləyərkən 1980-cı illərin
ortalarında şair Həmid Abbasov bir dəfə iclas
zamanı fikrini daha dolğun ifadə etmək
üçün kitab rəfindən kitab götürüb
açdı və şeirlə yazılmış bir
neçə ibrətamiz cümlə oxudu. Hamı kitabın
müəllifi ilə maraqlandı. Müəllif şair Nəriman
Həsənzadə idi...
Tale mənə otuz beş il əvvəl Azərbaycan Dövlət Universitetində müəllim işləyən böyük şairin tələbəsi olmaq, onun maraqlı mühazirələrini, müdrik söhbətlərini dinləmək səadəti bəxş etmişdi. O illər Azərbaycanın ən nüfuzlu təhsil ocağının bir çox fakültələri Kommunist (indiki İstiqlaliyyət) küçəsində Avropa memarlığı üslubunda XX əsrin əvvəllərində inşa edilmiş yaraşıqlı binada yerləşirdi. 1919-cu ildə Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə təşkil edilmiş ilk milli ali təhsil ocağının binasında geniş və işıqlı auditoriyalar, koridorlar göz oxşayırdı. Burada respublikanın ən nüfuzlu ziyalıları, alimləri, şair və yazıçıları, müəllim və professorları dərs deyirdilər. Belə bir ali məktəbdə təhsil almaqdan qürur və məsuliyyət hissi duyurduq.
Ömrümüzün bahar çağına, gənclik illərinə təsadüf edən tələbəlik illərinin xatirələri də şirin və unudulmazdır.
1972-ci il sentyabr ayının
əvvəlləri idi. Səhər tezdən universtitetin
qarşısına topalaşmış tələbələr
söhbət edir, zarafatlaşıb gülür və hərdənbir
də nə barədəsə qızğın mübahisə
edirdilər. Həmin gün dekan müavini Şamil Məmmədbəyli
bizim qrupun tələbələrinə şad xəbər
verib demişdi ki, "a bəxtəvərlər bu gün sizə
dünya ədəbiyyatı tarixi fənnindən
tanınmış şairimiz Nəriman Həsənzadə dərs
deyəcəkdir. Bir azdan tələbələr auditoriyaya
daxil olan ucaboy, şux, səliqəli geyimli, qara
saçları arxaya daranmış, nurani simalı şairi
görüb ayağa qalxdılar. Nəzakətlə tələbələrlə
salamlaşıb görüşdükdən sonra digər
müəllimlərdən fərqli olaraq özünü təqdim
etmədi. Ədəbi milli dilimizdə təmiz və sərrast
ifadələr işlətməklə danışmağa
başladı. Mühazirələrində konspektlərdən,
demək olar ki, istifadə etmirdi. Ədəbiyyatın
xalqların dünyagörüşünün, ümumbəşəri
və milli əxlaqi-mənəvi normaların
formalaşmasındakı rolundan danışır, yeri gəldikcə
Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Mircəlalın,
Şekspirin, Belinskinin, Lev Tolstoyun və digər klassiklərin
əsərlərindən misallar çəkirdi. Biz tələbələr
Nəriman müəllimin dərslərini səbirsizliklə
gözləyirdik, həm də ondan nümunə götürməyə
çalışırdıq. O, bütün tələbələrlə
hörmət və nəzakətlə davranır, geniş
auditoriyada mühazirələrini asta və mülayim səslə
söyləyirdi. Buna görə də ən ərkəsöyün,
şıltaq və şuluq tələbələr də digər
tələbə yoldaşlarının qəzəbindən
ehtiyat edərək səslərini çıxarmağa
cürət etmirdilər. Dərsdən sonra tələbələr
onu dövrəyə alır, çoxsaylı suallar verirdilər.
Bir dəfə mühazirə dəsrlərinin birində
çox maraqlı bir hadisə baş verdi. Mirzə Ələkbər
Sabir yaradıcılığından danışan Nəriman
müəllim tələbələrə diqqətlə
baxıb soruşdu: "Siz M.Ə.Sabirin səsini eşitmək
istəyirsizmi?" Əlbəttə, bunu bütün tələbələr
istəyirdilər. Növbəti dərsə Nəriman müəllim
böyük satirik şairimiz M.Ə.Sabirin yaşı səksənə
yaxın olan ən kiçik oğlu Məmməd Səlim
Tahirlini dəvət etmişdi. O, atası barədə
maraqlı xatirələr söylədi. Görüşün
sonunda mənim xahişimlə atasının məşhur
"Fəhlə" şeirini əzbər dedi. Nəriman
müəllim isə izah etdi ki, XX əsrin əvvəllərində
zülm və cəhalətin baş alıb getdiyi bir dövrdə
M.Ə.Sabirin yaradıcılıq fəaliyyəti onun həyatı
üçün təhlükəli olan böyük bir fədakarlıq
idi. Sabirin ifşa edib satira atəşinə tutduğu tiplər
- insanların dini inamlarından sui-istifadə edən cadugərlar,
fala baxanlar, fırıldaqçı din xadimləri əslində
bütpərəst kimi pula, var-dövlətə sitaiş
dünyagörüşünü təbliğ edirdilər.
Kasıb və binəsib insanları adam yerinə qoyan yox idi.
Bu mənada "Fəhlə" şeiri yüz il əvvəl
yazılsa da öz aktuallığını heç vaxt
itirmir. Nəriman müəllim söyləyirdi ki, ömrü
boyu tale onu çətin həyat imtahanlarına çəkmişdilər.
Hələ uşaq yaşlarında ikən valideynlərini
itirmiş, həyat uğrunda mübarizələrdə
xarakteri mətinləşmiş, əməksevərlik, elmə,
təhsilə həvəs, humanistlik və həmişə
haqqın tərəfində olmaq kimi keyfiyyətləri
özündə formalaşdırmışdır.
O dövrdə ölkənin
paytaxtı Moskva şəhərinə gedib Maksim Qorki adına
məşhur Ədəbiyyat İnstitutuna daxil olması və
orada təhsil alıb tanınmış yazıçı və
şairlərlə, onların yaradıcılığı ilə
yaxından tanış olması həyatında yeni
işıqlı səhifə açmışdır.
Sevimli xalq
yazıçısı Mircəlal Paşayev kimi saf niyyətli
xeyirxah insanla tanışlıq isə həyatında fərəhli
uğurlar qazanmasına yol açmışdır. Moskvada təhsilini
başa vurub 1961-ci ildə vətənə qayıtdıqdan
sonra uzun müddət işsiz qalmış şair sərt həyat
gerçəkliyi ilə üzləşmişdi. Mircəlal
müəllim xalqını, yurdunu, onun istedadlı
övladlarını sevən geniş ürəkli insan kimi
ona müraciət edən gənc şairə işə
düzəlməyə kömək etmişdir.
Yazıçılar İttifaqında məsələ
qaldıraraq öz ev növbəsini yenicə ailə həyatı
qurmuş, kirayədə qalan gəncə vermişdir. Halbuki,
uzun illər ev növbəsində dayanmış Mircəlal
müəllimin özünün İçəri şəhərdə
yaşayan böyük ailəsinin mənzil şəraitinin
yaxşılaşdırılmasına ehtiyacı var idi. O
dövrdə ən adi şeir və hekayə
kitablarını nəşr etdirmək gənc yazarlar
üçün son dərəcə çətin bir problem
idi. Bunu nəzərə alaraq Mircəlal müəllimin
Yazıçılar İttifaqının rəhbərliyinə
müraciət edərək öz kitablarının
tirajlarının azaldılması hesabına gənc
şairin kitablarının nəşr edilməsinə nail
olmuşdur. Xoşrəftar, mədəni və xeyirxah
ziyalı olan Mircəlal müəllim etdiyi
yaxşılıqlar barədə danışmağı
xoşlamazdı. Bir dəfə Nəriman müəllim xəstələndiyindən
onun tədris etdiyi fəndən bir dərsi Mircəlal müəllim
demişdi. Dərsdən sonra söhbət əsnasında o mənə
söylədi ki, Nəriman Həsənzadə böyük gələcəyi
olan istedadlı alimdir. Azərbaycan-Ukrayna ədəbi əlaqələrinə
aid Moskvada dissertasiya müdafiə edib alimlik dərəcəsi
almışdır. Xeyirxahlığa gəldikdə isə deməliyəm
ki, əvvəla mən seyid nəslindənəm,
xeyirxahlıq mənim adi insani borcumdur. Bir də ki, qərəzsiz
xeyirxahlıq insan şəxsiyyətini ucaldır. Mircəlal
müəllimin peyğəmbərcəsinə irəlicədən
söylədiyi sözlər həyatda öz təsdiqini
tapdı. 1976-1990-cı illərdə Nəriman müəllim
respublikamızda ən nüfuzlu mətbuat orqanlarından biri
olan "Ədəbiyyat və İncəsənət" qəzetinin
baş redaktoru olmaqla yanaşı poeziya
yaradıcılığı ilə də uğurla məşğul
olurdu.
Şairin
xalqımızın görkəmli dövlət xadimi, alovlu vətənpərvər
Nəriman Nərimanova həsr etdiyi məşhur "Nəriman"
dram poeması XX əsr Azərbaycan poeziyasında siyasi
mövzuda yazılmış ən sanballı əsərlərdən
biridir. Stalin diktaturası dövründə uzun illər xain
düşmənlərimizin qatı millətçi kimi qələmə
verib gözdən salmağa çalışdıqları Nəriman
Nərimanov barədə 1958-ci ildə belə bir poemanın,
dram əsərinin yazılması, rəsmi böhtanların təkzib
edilməsi, əsil həqiqətlərin söylənilməsi
o dövrdə riskli və cəsarat tələb edən
iş idi. Təsadüfi deyil ki, o zaman Moskvada rus dilinə tərcümə
olunmuş əsərin nəşr edilməsi qadağan
olunmuşdu. Azərbaycan Respublikasının Dağlıq
Qarabağ torpaqlarının və ətraf bölgələrinin
erməni şovinistlərinin işğalı altında
olduğu indiki zamanda bu əsər xüsusilə aktual əhəmiyyət
kəsb edir. Bu poema ilk dəfə 1978-ci ildə Bakıda kitab
şəklində nəşr olunmuşdur.
Nərimanovun adını hələ
1958-ci ildə bir çoxları çəkməyə belə
qorxduqları bir vaxtda şair yazırdı:
Nəriman! Hələlik hörmətlə çəkən,
Yaxından tanıyan azdır bu adı.
Sabah fəxr edəcək bu adla vətən,
Bir də ki, talelər başqa - başqadır.
Haraya əsirsə əssin qoy külək,
Kim çəkmir çəkməsin hələ bu
adı,
Bir vaxt bilinəcək: yandı bir ürək.
Yandı tüstüsünü görən olmadı.
Bakı şəhərində
Nəriman Nərimanova möhtəşəm abidə
ucaldılması təklifi ilə ilk dəfə 1969-cu ildə
N.Həsənzadə respublikaya rəhbər seçilmiş
Heydər Əliyevə müraciət etmişdi. Ümumilli
liderimiz Heydər Əliyev şairin
yaradıcılığını ürəkdən bəyənmiş,
onun əməyini yüksək qiymətləndirmişdir. 1981-ci
ildə şairin 50 illik yubileyi münasibətilə
"Şərəf" ordeni ilə təltif edilməklə
ona Əməkdar İncəsənət Xadimi adı
verilmişdir. 1991-1995-ci illərdə Azərbaycan parlamentinin
deputatı olmuşdur.
Həmin illər respublika Mətbuat
və İnformasiya nazirinin birinci müavini, 1995-96-ci illərdə
isə prezident sərəncamı ilə nazir vəzifəsində
çalışmışdır. Hazırda Azərbaycan Milli
Aviasiya Akademiyasında kafedra müdiri vəzifəsində
işləyir.
2005-ci ildə ümumilli
liderimizin layiqli davamçısı İlham Əliyevin sərəncamı
ilə Azərbaycanın Xalq Şairi kimi yüksək fəxri
ada layiq görülmüş şairin böyük qəlbi
bahar təravətli həyat arzuları ilə,
yazıb-yaratmaq eşqi ilə döyünür.
Xalqımızın
böyük şairi Səməd Vurğun 1952-ci ildə gənc
şair Nəriman Həsənzadənin
yaradıcılığı ilə tanış olduqdan sonra
onun istedadını yüksək qiymətləndirmiş, Azərbaycan
Yazıçılar İttifaqına daxil olması
üçün ona şəxsən özü yazılı
zəmanət vermiş, əlini sıxaraq ədəbi
yaradıcılıqda uğurlu yol arzulamışdır.
Biz də bu gözəl
arzuya qoşuluruq. Çoxmilyonlu Azərbaycan xalqının 79
yaşlı Xalq Şairinə, yarım əsrdən artıq
yaradıcılığı dövründə
yaratdığı qiymətli poeziya əsərləri ilə
şöhrət qazanmış sevimli şairimiz Nəriman Həsənzadəyə
yeni-yeni fərəhli uğurlar, səadət və uzun
ömür diləyirik.
Vaqif ƏSƏDOV
Ədalət.- 2010.- 17 fevral.- S. 5.