BİR MÜƏLLİFİN İKİ KİTABI

 

İndi məmləkətdə bir çox əşyaların, məmulatların bolluğudu. O cümlədən kitab bolluğu var. Özü bu bolluq az qala ərzaq bolluğunu da ötməkdədi. Doğrudur bir vaxtlar məşhur bir şüar var idi. Sovet hökumətinin yazıçı baş katibi Leonit Brejnev deyirdi ki, "Çörək bol olarsa nəğmə olar". Doğrudur, ondan da xeyli öncə xalq şairi Səməd Vurğun müharibənin, yəni Sovet-Alman müharibəsinin şıdırğı vaxtı xatırlatmışdı ki, "Çörək bol olarsa, basılmaz Vətən". İndi bütün bunları elə-belə söz xatirinə yada salmıram, məqsədim var.

Gərək məqsəd üstə. Deməli, məmləkətdə kitab bolluğudu. Kim istəyir, nədən istəyir yazır, nəşriyyatlarımız da bir ucdan ağına-bozuna baxmadan çap edir. Çünki bazar iqtisadiyyatıdı, hamı pula işləyir, təkcə yazanlardan başqa (onların da bir qismi səhv etmirəmsə pula işləyir). Yazarlar qəpik-quruşlarını üst-üstə yığıb manata çevirəndən sonra, o manatları gətirirlər nəşriyyatlara, razılaşma yolu ilə kitablarını çap etdirirlər. Təbii ki, bu çap məhsullarının arasında kitab olmayan çoxlu sayda maklatura da var. Bu da öz yerində.

Deməli, əsl kitablar, əsl qələm məhsulları öz oxucusunu gec-tez axtarıb tapır. Daha doğrusu, oxucu maraqlanır, arayır, axtarıb həmin kitabları əldə edir, onlarla həmsöhbət olur, fikirlərini bölüşür, bildiklərini möhkəmləndirir, bilmədiklərini isə öyrənir. Bu qəbildən olan bir sıra kitablar var ki, onların barəsində oxucuya məlumat vermək hər halda həm məlumat verən, həm də oxuyan üçün savab sayıla bilər. Əlimin altında iki kitab var: - Bir müəllifin iki kitabı.

Öncə müəllif barəsində: - O Laçında doğulub. Azərbaycandan kənarda ali təhsil alıb. Laçının ağır günlərində Daxili Qoşunların tərkibində döyüşüb, sonra daxili işlər orqanlarında təqaüd yaşına qədər xidmət edib. İndi yaradıcılıq axtarışlarıyla, araşdırmalarla məşğuldur. Səmimi deyəcəm, ilk dəfə o, kitablarını mənə təqdim edəndə düşündüm ki, yəqin bu da sıradan bir kitabdı. mən həmişə sıradan olan kitabları o qədər diqqəti çəkməyən, gözdən uzaq bir yerdə saxlayıram. Amma bu kitabların adları tərtibatı dərhal diqqətimi çəkdi. Məhz həmin iki səbəbdən mən hər iki kitabı oxumağa başladım.

"Cığırlar birləşsələr..." adlanan birinci kitab Akif Səlimovun bir elmi araşdırması kimi, bir publisist kimi ilk kitabıdı. "Elm" nəşriyyatında 2008-ci ildə işıq üzü görmüş bu kitabda zaman-zaman təcavüzünə məruz qaldığımız, halal haqqımızı tapdalayıb bizi həmişə müharibəyə çəkən, torpaqlarımıza göz dikən qonşularımızdan söhbət açılır. Daha doğrusu, ermənilərin tarixi kökləri, onların kimlikləri, əqidələri, məramları, dünyanın müxtəlif guşələrində fəaliyyət göstərən terrorçu təşkilatları, siyasi partiyaları barəsində bu kitabda konkret faktlar, tarixi mənbələr əsasında səmimi bir qələmlə oxucu üzbəüz qalır. mənim üçün maraqlı olan bu kitabın yazı manerasındakı ardıcıllıq faktların ünvanı göstərilməklə verilməsi idi. Doğrudur, bu günə qədər düşmənlərimiz barəsində çoxlu sayda elmi, bədii, publisist əsərlər oxumuşam, tarixi faktlarla qarşılaşmışam, amma onların bu kitabdakı qədər bir toplum halında, səliqəli təqdimatına çox az rast gəlmişdim. Elə Akif Səlimvoun "Cığırlar birləşsələr..." kitabındakı erməni kimliyi, erməni dili, erməni mənşəyi, erməni əlifbası barədə məhz Avropa, Türk, eləcə erməni mənbələri əsasında yazılmış faktlar, verilən şərhlər özü-özlüyündə tarixin üzə çıxmasına, aşkarlanmasına böyük bir xidmətdi. Müəllif yazır ki, "erməni əlifbasının 12 hərfinin qədim böyük türk əlifbasından götürüldüyünü iddia edən alimlər var". bunun ardınca onu da vurğulayır ki, ümumiyyətlə, erməni əlifbası əvvəl 36 hərfdən, sonra isə 38 hərfdən ibarət olub. "404-cü ildə Salrağ Katolikos Bartev Rahib Mesrop Maştos tərəfindən yaradılmışdır". Bu bədii həqiqətən ardınca Səlcuqların hakimiyyəti illərində ermənilərin oynadığı rol, bunun ardınca Osmanlı kimliyi nəhayət Avropanın bizdən istəydiyi kitabın müəllifi tərəfindən faktlarla özünəməxsus üslubda şərh edilir. Amma müəllif bunu da unutmur xatırladır ki, "Biz gördüyümüzdən, tarixdən ibrət dərsi ala bilməmişik". Çünki unutqanlığa meyilliyik. Ona görə Qarabağ faciəsinin baş vermə səbəblərini araşdıranda üzə çıxanlar bizim unutqanlığımızın necə baha başa gəldiyini ortaya qoydu.

Həmin kitabda bir qəribə fakt da var. Birinci Pyotr vurğulayıb ki, 1723-ci ildə bağlanmış Rus-İran müqaviləsi xristianlıq naminə ermənilərin himayə edilməsi idi. Bütün bunlar digər faktlar Akif Səlimovun "Cığırlar birləşsələr..." kitabında öz oxucusunu gözləyir. Bu kitabı mütaliyə edən hər kəs burada böyük bir tarixi faktlarla üz-üzə qalmağa hazır olmalıdır.

"Ora vətəndir" kitabı "Sabah" nəşriyyatında 2009-cu ildə nəşr olunub. Bu kitabında da Akif Səlimov öz tədqiqatçı- araşdırmaçı missiyasına sadiq qalıb düşmənlərimizin xarakterini açan onların üzünü göstərən faktlara üstünlük veribdi. Lakin burada birinci kitabından fərqli olaraq, bilavasitə özünün doğulduğu, yaşadığı döyüşdüyü bölgənin, yəni Laçının müharibə həyatını qabartmaqla yanaşı, bu dağların təbiətini , məişətini , mənəvi maddi sərvətlərini qələmə alıbdı.

Kitabda Laçının döyüş həyatı bütün detallarına qədər elə bir məharətlə təsvir edilib ki, kitabı oxuduqca özünü həmin səhnələrin iştirakçısı kimi, şahidi kimi görürsən. Ən yadda qalan məqam odur ki, kitabda bilavasitə xalqımızın, bütövlükdə oxucuların tanıdığı konkret şəxslər, onlar əməlləri, döyüş yolları barəsində faktlar olduğu kimi verilibdi. Müəllif heç bir bədii təxəyyül formasından istifadə etmədən, faktı olduğu kimi təqdim edib, sonra onun bədii cizgilərini yaradıbdı.

Ümumiyyətlə əvvəlki kitabında olduğu kimi "Ora vətəndi" kitabında da Akif Səlimov Laçın polisinin, yerli sakinlərin qəhrəmanlıqlarını anbaan, saatba-saat qələmə alıb. Buradakı hadisələrin mənzərəsi oxucunun əlindən tutub həmin döyüş yerlərinə çəkib aparır Laçın polisinin cəsur şahinlərinin döyüş xidmətləri, torpağa bağlılıqları, ölümdən qorxmadan düşmən üzərinə ər kimi, ərən kimi getmələri oxucuda qələbəyə inamı birə min artırır. İnanırsan ki, bu cür oğullarla düşmən üzərinə getmək, onları diz çökdürmək, sərhədlərimizi bərpa etmək olar.

Son olaraq hər iki kitabın bir araşdırıcı xidməti olması ilə yanaşı, həm tariximizə, yaddaşımıza töhfə hesab etmək olar kitabların əsas mövzusunu bir ana xətti var. O da gec-tez türkün, türk xalqlarının yenidən sübut edəcəklərinə inamdı. O cümlədən Azərbaycan torpaqlarının bütövlüyünə inamdı. Bunları əldə etmək üçün Ali Baş Komandanın ordumuza, insanlarımıza inamı kitabın əsas qayəsidir.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət .- 2010.- 17 fevral.- S. 6.