ARIÇILIĞI İNKİŞAF ETDİRƏK

 

Təbiətdəki canlılar arasında insanların daha çox marağına səbəb olan, öyrənilən, bununla belə öz sirləri ilə alimləri aciz vəziyyətdə qoyan canlılardan olan bal arısının məhsulları qidalılığına, müalicəvi əhəmiyyətinə görə əvəzedilməz nemətdir. Bal arısının ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası ilə bərabər, kənd təsərrüfatı bitkilərinin tozlandırılmasındakı rolu da olduqca böyükdür. Eyni zamanda arıçılıq iqtisadi baxımdan olduqca rentabelli təsərrüfat sahəsidir.

Respublikamız müstəqillik əldə etdikdən sonra kənd təsərrüfatının digər sahələri ilə bərabər arıçılığın inkişafı üçün də əlverişli şərait yaradılmışdır. "Arıçılıq haqqında" qəbul edilmiş qanun bu gəlirli sahənin respublikamızda xeyli inkişafına səbəb olmuşdur. Son dövrlər rayonumuzda da arıçılığa maraq xeyli artmışdır. Hazırda rayonumuzda 200 nəfərə yaxın arıçı tərəfindən 5500-5600 arı ailəsi bəslənilir. Son iki-üç ildir ki, hər il orta hesabla 50-60 ton bal istehsal olunur. Peşəkar arıçılar Bədrəddin Həsrətov Şamxal Şamxalovla söhbət əsnasında məlum oldu ki, rayonumuz mövcud yem ehtiyatına, iqliminə, zəngin təbiətinə görə respublikamızın digər bölgələrinə nisbətən arıçılığın istehsalı üçün daha əlverişli coğrafi ərazidə yerləşir.

Rayonumuzda istehsal edilən bal tərkibinin zənginliyinə, qidalılığına, müalicəvi əhəmiyyətinə görə digər bölgələrin məhsullarından daha keyfiyyətlidir. Digər arı məhsulları olan süd, vələmum, çiçək tozu da insan sağlamlığı üçün olduqca dəyərli nemətlərdəndir.

Respublikamızda keçirilən arı məhsullarının sərgisinin fəal iştirakçısı olan B.Həsrətov iki ildir ki, orada balla bərabər 1 kq arı südü, 3 kq vələmum, 50 kq çiçək tozu da satır.

Son illər təbiətdə baş verən qlobal iqlim dəyişmələri, müxtəlif istiqamətli antrapogen fəaliyyətlərinin mənfi təsiri bal arısının yem ehtiyatlarının tükənməsi, xəstəliklərin artması və beləliklə arı ailələrinin sürətlə azalması ilə nəticələnmişdir.

Hazırda dünyanın bir çox dövlətləri ilə bərabər bal arısının mühafizəsinə BMT də qoşulmuşdur. Ölkəmizdə bu istiqamətdə müəyyən tədbirlər görülməkdədir. Xüsusilə, yerli arı genofondunun qorunması damazlıq işinə, arıçıların maariflənməsinə xüsusi diqqət yetirilir. Bu baxımdan rayonumuzda 2006-cı ildə yaradılmış 200 nəfərdən artıq həvəskar peşəkar arıçını birləşdirən "Ekologiya Arısevərlər" İctimai Birliyinin fəaliyyəti təqdirəlayiqdir. Birliyin, onun sədri Bədrəddin Həsrətovun təşəbbüsü təşkilatçılığı ilə rayonda 2 dəfə arıçılığın problemləri ilə bağlı ümumrespublika konfransı keçirilmişdir. Eyni zamanda Qaxda birlik tərəfindən Azəpbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Şəki-Zaqatala bölgəsində fəaliyyət göstərən arıçılar üçün 3 aylıq treninqlər təşkil olunmuşdur. B.Həsrətov Türkiyədə, Gürcüstanda keçirilən arıçılığın inkişafı ilə bağlı beynəlxalq tədbirlərdə iştirak etmişdir. Birlik rayonda gənc arıçıların maariflənməsi, arı xəstəliklərinə qarşı mübarizə, damazlıq işinin təşkili ilə bağlı müəyyən tədbirlər həyata keçirir. Hələlik rayonda fəaliyyət göstərən yeganə damazlıq təsərrüfatı olan B.Həsrətovun təsərrüfatı ildə 300 yerli cins olan Boz Qafqaz cinsli ana arı yetişdirir. Təsərrüfatını tədricən genişləndirən arıçı gələcəkdə yerli cinsin qorunub saxlanması üçün bölgənin arıçılıq təsərrüfatlarını ana arı ilə təmin etməyi planlaşdırmışdır.

Bədrəddin Həsrətovun rəhbəri olduğu birliyin gələcək fəaliyyəti barədə məlumat verməsini xahiş etdik. O dedi: Arıçılıq bizim bölgədə qədimdən geniş yayılmış təsərrüfat sahəsi olmuşdur. Məqsədimiz yerli cins olan Boz Qafqaz cinsli arının genofondunu qoruyub saxlamaq, arıçılara bundan ötrü müvafiq damazlıq xidməti göstərmək, xəstəliklərə qarşı mübarizədə, arıçılığın inkişafında dünya ölkələrinin qabaqcıl təcrübəsini öyrənərək rayonumuzun arıçılarını vaxtaşırı məlumatlandırmaqdan ibarətdir. Mən imkandan istifadə edərək maraqlı, olduqca gəlirli sahə olan arıçılıqla məşğul olmaq istəyən rayon sakinlərinə müraciət edərək, deyirəm ki, bizimlə əlaqə saxlasınlar, birliyimiz ehtiyacı olanlara müvafiq köməklik göstərməyə hazırdır.

  

  

N.ŞABANOV

 

Ədalət.- 2010.- 19 fevral.- S. 6.