Xarıbülbüllə söhbət

 

(poema ixtisarla)

 

Xarıbülbül, bu gündü, zamandı?

Sağın həsrət, solun ahdı, amandı

Mənim dərdim səninkindən yamandı

Yağı düşmən dağ çəkibdir bağrıma,

Yerlər, göylər dözə bilmir ağrıma.

 

Xarıbülbül, gözün niyə dolubdur?

Dilin batıb, yanaqların solubdur.

Yurdun, yuvan vaxtsız viran olubdur

Söylə qoyub yaman günə kim səni?

Sənin kimi əsir qalsın düşməni.

 

Xarıbülbül, hanı gülşən güllərin?

Bağ-bəhrəli xoşbəxt, azad ellərin?

Yaylaqların, bulaqların, göllərin

Gecə, gündüz için-için ağlayır

Ümidini bir xoş günə bağlayır.

 

Xarıbülbül, Qarabağda kimin var,

Kim hayına bir kimsəni haraylar?

Qəmlə ötən bu fəsillər, bu aylar

Yaddaşlardan silinərmi, gedərmi?

Dərdimizə de bir əlac edərmi?

 

Xarıbülbül tutulub qaş-qabağın

Tüstülənmir daha odun-ocağın

Yağılara meydan olub qucağın

Niyə düşdün birdən-birə tora sən?

Həsrət qaldın sirdaşa sən, yara sən.

 

Xarıbülbül, nə bükmüsən boynunu?

Parçalayıb qan etmisən qoynunu.

Seyr edirsən bu dünyanın oynunu

Taleyinə yas tutursan nə vaxtdır

Bu da belə imtahandır, sınaqdır.

 

Xarıbülbül, ötən günlər, zamanlar

Yaylaqları gəzdiyimiz o anlar

Hay-haraylar, ildırımlar, tufanlar

Toy-bayramlar xatirinə gəlirmi?

O günləri anıb üzün gülürmü?

 

Xarıbülbül, yadındamı o axşam?

Bir sən idin, bir mən idim, bir ilham

Buludlarda yox olmuşdu Ay tamam

Torağaylar vermişdilər səs-səsə

Dayanmışdıq biz də nəfəs-nəfəsə.

 

Xarıbülbül, kişnəyəndə buludlar

Sanardıq ki. gədiklərdə vuruş var

Səni öpüb, oxşayanda dodaqlar

Deyərdik ki, kaş yerinə olaydıq

Gözəllərin yaxasına qonaydıq.

 

Xarıbülbül, islanardı çuxamız

Külək vurub açılardı yaxamız

Sac üstündə qovrulardı yuxamız

Bizsə səni tapıb tezcə üzərdik

Min sevinclə döşümüzə düzərdik.

 

Xarıbülbül, kök olardı kefimiz

Gəzmək idi qazancımız, nəfimiz

Gözəllərin gözəlini seçib biz

Kişiləşib özümüzü öyərdik

Yalan yerə döşümüzə döyərdik.

 

Xarıbülbül, dingildərdik, dinərdik

Heç qorxmadan Daşaltına enərdik

Yağış gəlsə tez də geri dönərdik

Keçi kimi dağa-daşa çıxardıq

Qayalıqdan Topxanaya baxardıq.

 

Xarıbülbül, göz tutanda bir kəsi

Tez də bizə yetişərdi hədəsi

Qarşımıza çıxsa qızın dədəsi

Qorxumuzdan əsim-əsim əsərdik

O qız haqda söz-söhbəti kəsərdik.

 

Xarıbülbül, tütək səsi, ney səsi

Ocaq üstə əmlik quzu bişməsi

Bir də şaqraq bulaqların nəğməsi

Xatirimdən zaman-zaman silinməz

Niskilim çox həddi, sonu bilinməz.

 

Xarıbülbül, indi Meydan bazarı

Boş qalıbdır artıb dərdi, azarı

O yerlərdən salsan əgər güzarı

Gövhərağa məscidini öpərsən

Tozunu da gözlərinə təpərsən.

 

Xarıbülbül, oxuyuram gözündən

Xocalının qan süzülür üzündən.

Keçirsənmi, söylə Cıdır düzündən?

Gəzirsənmi əsir qalan elləri,

Yamacları, yaylaqları, çölləri?

 

Xarıbülbül, etibarlı olgunan

Malıbəyliyə bir yolunu salgınan

Zarıslının ürəyini algınan

Kosalara təsəlli ver, döz denən

Şırlanlıya ürək açan söz denən.

 

Xarıbülbül, Şuşa əsir qalandan

Qırxqız, Turş su dərdə ürcah olandan

Sarı bulaq qəm sazını çalandan

Fikrim, zikrim perik düşüb başımdan

 Həzz alıram gözlərimin yaşından.

 

Xarıbülbül, əl tutduğun adamlar

Nə biləydin ürəyinə dərd salar

Sanma düşmən xəyanətdən kam alar

Torpaq üstə əsib-coşub çağlarıq

Cəlladların yollarını bağlarıq.

 

Xarıbülbül, öz bəlandı çəkdiyin

Dönük çıxdı becərdiyin, əkdiyin

Qonaq kimi yoluna göz tikdiyin

Sahib oldu torpağına, daşına

Müsibətlər açdı sənin başına.

 

Xarıbülbül, nə adətdir bu səndə?

Niyə yada yer ayırdın sinəndə?

Dost dediyin səni qoydu bu gündə

El-obanı əsir etdi, talandın

Nahaq yerə od-alova qalandın.

 

Xarıbülbül, Cabbar dözməz bu dərdə

Üzeyirin ruhu yanır o yerdə

Xan əminin səsin dinlə sən bir də

Sil gözünü bizi hayla vuruşa

Hər birimiz dönək çevik bir quşa.

 

Xarıbülbül, yerdə qalmaz zülm inan

Zülmkarın haqqı çatar bir zaman

Teymur, Qacar, İsgəndər, Kir, Süleyman

Söylə hanı, indi onlar hardadı?

Zülm edənin məzarı da dardadı.

 

Xarıbülbül, ay ürəyi yaralı

Dili qəmli, ömrü, günü paralı.

Sən yarından, mən də səndən aralı

Qalan gündən gün doğmayır üzümə

Bu həsrətdən yuxu getmir gözümə.

 

Xarıbülbül, sızıldama, inləmə

Hər yetənə könül verib, sirr demə

Dərdduymazın sözlərini dinləmə

Anlamasın düşmənlərin dərdini

Qoy ucaltsın igid kimi dərd səni.

 

Xarıbülbül, sənin yağın yağımdır

Əsir qalan bayatımdır, ağımdır

Ayrılığın dağlar boyda dağımdır.

Bil fələk də çəkə bilməz bu dərdi

Çəkə bilsə mənə əhsən deyərdi.

 

Xarıbülbül, üzümə qoy üzünü

Gözlərimdən bir an çəkmə gözünü

Ürəyimin başında bil özünü

Həsrətini yerit getsin qanıma

Bir sıçrayış, qeyrət gəlsin canıma.

 

Xarıbülbül, çox görmüsən xarı sən

Nadanı sən, aqili sən, varı sən

Bilirəm ki, unutmazsan yarı sən

Oxu səsin qəlbimizi qoparsın

O yerlərə bizdən salam aparsın.

 

Xarıbülbül, duman dağı alanda

buludlar boşalanda, dolanda

İldırımlar aləmə səs salanda

Ötən günlər gözlərində gülürmü

Qubarını dağlar, daşlar bilirmi?

 

Xarıbülbül, üzü dönmüş qayalar

Qorxuram ki, səni tənha qoyalar

Dərd bilməzlər çətin dərdi duyalar

Hər yetənə dərdlərini söyləmə

Talehindən çox da giley eyləmə.

 

Xarıbülbül, sinəmdəki dağa bax

Dərdə sirdaş saçımdakı ağa bax

Gərdişə bax, dövrana bax, çağa bax

Bu gününü, sabahını fikirləş

Öz səhvini, günahjını fikirləş

 

Xarıbülbül, allanıb xoş dillərə

Torpaqları verdik nadan əllərə

Səsim yetmir indi əsir ellərə

Alovlanıb əlçim-əlçim yanırıq

Səhvimizi yavaş-yavaş qanırıq.

 

Xarıbülbül, ürəyinin yarası

İnlədikcə sönər gözüm qarası

Əsir qaldı torpağımın parası

Mal-pul üstə vuruşanlar güldülər

Vəzifəyçün torpaqları böldülər.

 

Xarıbülbül, nadanlardan dost olmaz

Dost seçəndə tələsimə sən bir az.

Yaman dostdan göz dağıdır Xan Araz

İllər boyu qəlbimizdə dağ olmuş

Dağ üstündən milyon dağlar doğulmuş.

 

Xarıbülbül, içdə olsa düşmənin

Hər vaxt başın bəlalıdır bil sənin

Sinəsinə dağ çəkənlər vətənin

Vətən deyib bağıranda inlədim

Tarixlərin harayını dinlədim.

 

Xarıbülbül, ən böyük var ağıldır

Ağılsızdan fayda görmək nağıldır

Kütbaşların əməliylə dağıldı

Parçalandı, əsir qaldı bu torpaq

Bizləri də dərdə saldı bu torpaq.

 

Xarıbülbül, vara-pula hərislər

Nə həqiqət, nə də vətən, xalq istər

Bu dünyaya bir gəlibdir xeyir-şər

Şər işlərə qol qoyanlar ucalmaz

Ömrü boyu əməlindən kam almaz.

 

Xarıbülbül, vətən, vətən deyənlər

Vətən deyib sinəsinə döyənlər

Yalan yerə özlərini öyənlər

Sərhədləri düşmənlərə açdılar,

Çətin gündə gizləndilər, qaçdılar.

 

Xarıbülbül, sənin sinən qan oldu,

Çoxlarının fikri şöhrət-şan oldu.

Şuşa, Laçın, Kəlbəcər viran oldu

Oyanmadı bu dəhşəti görənlər,

Siyasətdən xalqa torba hörənlər.

 

Xarıbülbül, torpaq candı, ürəkdi

Namus, qeyrət, şöhrət, duzdu, çörəkdi

Bu varlığın qədrin bilmək gərəkdi

Nadan torpaq, Vətən qədrin nə bilər

Bilənlərin qəlbinə dağ çəkilər.

 

Xarıbülbül, ağlı yoxsa rəhbərin

Xalq qoynunda boğulacaq dərd-sərin.

Xəyanətin ilmələri çox dərin,

Dərindəydi bunu çoxu bilmədi

Öz xalqının köməyinə gəlmədi.

 

Xarıbülbül, dərdliyə de dərdini

Dərd duyan tək dərk eləsin o səni

Nadanlıqdır bu dünyanın düşməni

Nadan olan itə atar qeyrətin

Bilməz yerin, danışığın, söhbətin.

 

Xarıbülbül, ağılsızdan gen dolan

O, ev yıxar, quraşdırar min yalan

Yalan deyən, ev dağıdan, qan salan

Allah bilməz, dost tanımaz, haqq deməz

Vətən deməz, torpaq deməz, xalq deməz.

 

Xarıbülbül, əlim çatmır əlinə

Qurban olum ağı deyən dilinə

Qır atların bir gün minib belinə

Mərd oğullar çatacaqlar dadına

Şad günləri salacaqlar yadına.

 

Xarıbülbül, aç sinəni gül, oxu

Gözlərindən qəm, kədəri sil, oxu

Həsrətini qayalara gəl oxu

Yerlər, göylər havalansın səsindən

Dərd-sərinə şərik olum bir də mən.

 

Xarıbülbül, sinəndəki xal nədir

Belə müşkül, belə kövrək hal nədir?

Azərbaycan qibləgahdı, Məkkədir

Kəm baxanlar keçəcəklər qılıncdan

Bu döyüşdə dözümlü ol, mərd dayan.

 

Xarıbülbül, sil gözünün yaşını

Yad önündə əymə heç vaxt başını

Vətənimin torpağını, daşını

Ölsək belə yad əllərdə qoymarıq

Həsrətinə, kədərinə qıymarıq.

 

Xarıbülbül, səni dərdə salanlar

Torpağına gəlib sahib olanlar

Yalan yerə haray-həşir salanlar

Harda, kimdən doğulublar bilinmir

vaxt "böyük xalq" olublar bilinmir.

 

Xarıbülbül, Allah zülmü götürməz

Haqq deyənin heç vaxt haqqın itirməz

Köksüz budaq meyvə, bəhrə gətirməz

Çörək tutar nadanların gözünü

Bil göstərər yada haqqın üzünü.

 

Xarıbülbül, sənin qəlbin təmizdir

Ancaq torpaq hər bir şeydən əzizdir

Vətən, ana daha əziz, bu düzdür

Anamızı ağlar qoyub gülənlər

Qan əmərlər, düşünsünlər bir qədər.

 

Xarıbülbül, səbri gendi Allahın

Haqqın danan milyon, mindir Allahın

Birdə gördün üzü döndü Allahın

Allahsızlar zəmi kimi piçildi

Qantökənin qanı sutək içildi.

 

Xarıbülbül, dünya yaman qarışır

Haqq nahaqla, əyri düzlə yarışır

Allahsızlar çox işlərlə barışır

Nahaq haqqın qapısını bağlayır

Dərdduyanlar gecə-gündüz ağlayır.

 

Xarıbülbül, bil yenilməz dağıq biz

Xalq içində hər vaxt üzü ağıq biz

Bu dünyada nə qədər ki, sağıq biz

Vətən deyib, torpaq deyib çağlarıq

Yağıların ürəyini dağlarıq.

 

Xarıbülbül, Vətən qibləm, Quranım

Qarabağım, Zəngəzurum, Turanım

Onsuz olsa bir saatım, bir anım

Əlçim-əlçim əriyərəm, solaram

Əsir qalıb qurd-quşa yem olaram.

 

Xarıbülbül, sənə deyim düzünü

Yay dünyaya ürəyimin sözünü

Azərbaycan məğlub bilmir özünü

Qabaqdadır hələ döyüş, imtahan

Qaniçənlər qan qusacaq bir zaman.

 

Xarıbülbül, haqqa şərik, düzük biz

Atəşik biz, alovuq biz közük biz

Vətən üçün keşik çəkən gözük biz

Gözümüzü çıxaranı çalmasaq

Haram olsun bizə çörək, ad, papaq.

 

Xarıbülbül, qan tökənə əl tutan

Əldən düşüb əyiləcək bir zaman

Dövran özü verməyəcək bil aman

Qan içənin baş-gözünü əzəcək

Əltutanlar öz canından bezəcək.

 

Xarıbülbül, haqq incələr üzülməz

Qəlb yanmasa söz misraya düzülməz

Məkirli göz sədaqətlə süzülməz

Xəyanətin ömrü gödək, yolu dar

Sahibini ölüm tapar, şər tapar.

 

Xarıbülbül, kitabında fələyin

Yeri yoxdu fitnəkarın, kələyin

Tanrı kəsməz düz olanın çörəyin

Əyri yolla gedənlər tez əyilər

Haqq əlində döyüldükcə döyülər.

 

Xarıbülbül, başın üstə haqqı sən

Əgər görsən hər vaxt qalib gələrsən

Haqq yolundan çəkinmə gəl heç nədən

Bata bilməz haqlıların haqq səsi

Yerdə qalmaz anaların naləsi.

 

Xarıbülbül, düşməməkçün çox tora

Ötənləri, keçənləri bir ara

Öz səhvinçün sən özünü çək dara

Bölünəni, bölənləri ayır, seç

Vətən üçün ölənləri ayır, seç.

 

Xarıbülbül, el qeyrəti çəkməyən

Halal toxum becərməyən, əkməyən,

Xalqı üçün yaratmayan, tikməyən

Qədirbilməz insanlardan uzaq ol

Torpağını sevənlərə dayaq ol.

 

Xarıbülbül, çox allanma pula sən

Pul güc gəlsə çevrilərsən qula sən

Döyüçməkçün çıxırsansa yola sən

Haqqa əyil, haqq yolunda vuruşan

Əyilsə də sına bilməz heç zaman.

 

Xarıbülbül, kama yetməz bil, inan,

Böyüklüyü cəlladlıqla qazanan

Başqasına quyu qazan bir zaman

Özü axır o quyuya düşəcək

Ömrü boyu od-alovda bişəcək.

 

Xarıbülbül, fələyin çox hökmü var

Evyıxanlar evsiz qalar, sızıldar

Sanma dünya başımıza dar olar

Bu dünyanın dərdlərini duyan kəs

Dərdə dözər, çətinlikdən dad etməz.

 

Xarıbülbül, boyun əymə cəllada

Bədniyyətə, naxələfə, pis ada

Ömür boyu yet köməyə, çat dada

Əldən tutan mərd, igiddir, kişidir

Əli kəsmək nadanların işidir.

 

 

Tahir RZA

 

Ədalət .- 2010.- 19 fevral.- S. 7.