Tomrisin Günəş Allahına andı

 

Dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri

 

Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni kökdən olan saklar və massagetlər mühüm rol oynamağa başladılar. "Tarixin atası" Herodotun (e. ə. V əsr) öz şəxsi müşahidələrinə əsaslanan məlumatları da bunu sübut edir. Herodotunyazdığına görə, iskitlər at südü ilə qidalanırdılar; iskitlərləqohum olan massagetlər də onlar kimi geyinir və onlara bənzər həyat sürür; yeganə bir allaha - Günəş allahına sitayiş edir, göydə ürətlə hərəkət edən Günəş allahına Yerdə ən sürətli canlıdan - atdan qurban verirdilər.

İskitlər Mannadan şimaldakı Azərbaycan torpaqlarında qüdrətli İskit şahlığı yaratmış, ölkə ərazisində vahid xalqın təşəkkül prosesində iştirak etmişdilər. İskit-Massaget hökmdarları da Azərbaycan torpaqlarını yadelli təcavüzlərdən uğurla müdafiə etmişdilər. Massaget şahlığı o dövrün ən qüdrətli imperiyalarından biri olan İran-Əhəməni imperiyasını ağır məğlubiyyətə uğratmışdı. Yaxın və Orta Şərqdə geniş işğallar həyata keçirmiş Əhəməni hökmdarı II Kir Azərbaycanın cənub torpaqlarını zəbt etdikdən sonra ölkəmizin şimalını da ələ keçirməyə cəhd göstərmiş və bu məqsədlə Massaget hökmdarının dul qadını Tomirisə izdivac təklif etmişdi. Lakin II Kirin hiyləsini başa düşən, Vətən torpağının şərəfini və ölkəni müstəqilliyini uca tutan Tomiris İran hökmdarının təklifini rədd etmiş, Günəş allahına and içərək özündən qat-qat güclü olan yadelli qoşunlarını e. ə. 530-cu ildə darmadağın etmişdi. "Məğlubedilməz" Kirin özü də bu döyüşdə öldürülmüşdü. Midiya imperiyası, Lidiya, Babilistan kimi qüdrətli dövlətləri aradan qaldıraraq, Parfiya torpaqlar da daxil olmaqla, Mərkəzi Asiyadan Misir hüdudlarına qədər çox geniş əraziləri ələ keçirmiş və bütün bu işğallara görə "Böyük Kir" ləqəbi qazanmış II Kir üzərində bu qələbə Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı səhifələrindən biridir. İskit şahlığı dövründə Azərbaycan mədəniyyəti ilə Avrasiyanın çox geniş ərazilərinə yayılmış iskit mədəniyyəti arasında qarşılıqlı əlaqə üçün də əlverişli şərait yarandı. Qədim Azərbaycan mədəniyyəti daha da inkişaf etdi və zənginləşdi. Arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri, habelə Azərbaycan ərazisində İskit-sak-massaget dövründən qalmış çoxlu yer adları buna parlaq sübutdur. Yaxın və Orta Şərqdə çox mürəkkəb hərbi-siyasi hadisələrin cərəyan etməsinə, qonşu dövlətlərin təbii sərvətlərlə çox zəngin olan və hərbi-strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb edən Azərbaycan torpaqlarını ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlətçilik ənənələrimiz davam etməkdə və zənginləşməkdə idi. Odur ki, nə Əhəməni-İran imperiyasının uzun sürən işğal rejimi, nə də Makedoniyalı İsgəndərin yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyətini məhv edə bilmədi. Makedoniyalı İsgəndərin ölümündən dərhal sonra Azərbaycan dövlətçiliyi yenidən dirçəldi. Ölkəmizin cənub torpaqlarında Atropatena, şimalında isə Albaniya dövlətləri meydana gəldi. Azərbaycanın bütün tarixi torpaqları bu iki yerli dövlətin tərkibində cəmləşdi. Atropatena dövləti ölkənin cənub vilayətlərini əhatə edirdi. Burada müstəqil Azərbaycan dövlətçiliyinin dirçəlişi əslində hələ İsgəndərin Şərqə yürüşündən xeyli əvvəl baş vermişdi. Süquta uğramış keçmiş Midiya imperiyasının digər əraziləri ilə birlikdə ayrıca satraplığa çevrilmiş Azərbaycanın cənub torpaqlarını əhəməni satrapı Atropat hələ Əhəmənilərin hakimiyyəti dövründə müstəqil surətdə idarə edirdi. Azərbaycanın bu hissəsi o zaman Midiya-Atropatena, Kiçik Midiya və ya Atropatın adı ilə Atropat Midiyası, bəzən də Atropatiya və yaAtropatena adlanırdı. Uzaqgörən siyasətçi və məşhur sərkərdə olan Atropat III Daranın İsgəndərə qarşı çıxardığı Əhəməni qoşunlarının ön dəstələrinə əsas zərbə qüvvəsinə başçılıq edirdi. Bu qüvvələr əsasən Azərbaycanın şimal və cənub torpaqlarından toplanmış hərbi dəstələrdən ibarət idi. III Daraya qalib gəldikdən sonra Atropatın sərkərdəlik istedadına və hərbi-siyasi nüfuzuna bələd olan İsgəndər onunla toqquşmaq fikrindən daşındı və Azərbaycan hakimi ilə yaxınlaşmağı daha üstün tutdu. Beləliklə, Makedoniyalı İsgəndərin işğalları Azərbaycandan yan keçdi. Sonralar Atropat Makedoniya hökmdarı ilə bu yaxınlaşmanı daha da dərinləşdirərək onun ən yaxın adamlarından biri ilə qohumluq əlaqəsi yaratdı və nəhayət, bütün Şərqdə ilk dəfə olaraq, Atropatenanı yunan-Makedoniya asılılığından azad olmuş ilk müstəqil dövlətə çevirdi. Müstəqil dövlətçilik ənənələrinin dirçəlişi Azərbaycanın cənub rayonlarında iqtisadi və mədəni həyatın bütün sahələrində böyük yüksəlişə səbəb oldu. Qüdrətli Atropatena dövləti bütün regionun beynəlxalq münasibətlərində mühüm rol oynayır, Qafqaz, Volqaboyu, Orta Asiya, Hindistan, Kiçik Asiya, Mesopotamiya, Qara dəniz və Aralıq dənizi hövzələri ölkələri ilə geniş ticarət əlaqələri saxlayırdı. Daxili ticarətdə dövlətin öz pulları mühüm rol oynayırdı. Şərq və yunan dövlət sistemləri arasındakı qarşılıqlı əlaqə və təsir Atropatenada idarəçilik mədəniyyətinin də yüksəlişinə müsbət təsir göstərirdi. Ölkədə yunan dilindən geniş istifadə olunması, başqa sahələrlə yanaşı, hüquq normalarının da təkmilləşməsinə səbəb olurdu. Dövlət idarəçiliyi qaydaları daha da təkmilləşirdi. Azərbaycanın, həmçinin Qədim Şərqin və Yunanıstanın dövlət idarəçiliyi ənənələrindən bəhrələnən Atropatena hökmdarları öz hakimiyyətlərini daha da qüvvətləndirə bildilər. Nəticədə Atropatena Parfiya və Selevki dövlətlərinə qarşı mübarizədə öz müstəqilliyini qoruyub saxlaya bildi, ölkənin ərazisinə soxulmuş Roma qoşunlarını parfiyalılarla birləşərək darmadağın etdi. O zaman Atropatena qoşunları bütün regionda ən güclü hərbi qüvvələrdən biri hesab olunurdu. Roma təcavüzkarları ilə döyüşə Atropatena 40 min piyada və 10 min süvari çıxarmışdı. Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi qüvvə olan Atropatena dövləti ilə Roma imperiyası arasında geniş əlaqələr yaranmışdı. Roma imperiyası özünün şərq siyasətində Atropatenaya xüsusi əhəmiyyət verirdi. Atropatena elçiləri Romaya gedib imperator Oktavian Avqustla (e. ə. 27-e. 14) diplomatik danışıqlar aparmışdılar. Ölkənin şimalında meydana gələn Albaniya dövlətinin sərhədləri Dağıstanın cənubu (Dərbənd və ətrafları ilə birlikdə) da daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda - Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının yuxarılarından başlayaraq şərqə doğru Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhərləri idi. Albaniya dövründə Azərbaycanın şimal torpaqlarında maddi və mənəvi mədəniyyət daha da inkişaf etmişdi. Bu dövrdə elmi ədəbiyyatda alban əlifbası adlanan Azərbaycan əlifbası yaradılmış, məktəblər açılmışdı. Ölkədə mühüm ticarət və sənətkarlıq mərkəzi olan 30-dan çox şəhər vardı. Şimalla Cənubun, Şərqlə Qərbin qovşağında yerləşən və müxtəlif etnosların, dinlərin, mədəniyyətlərin qarşılaşıb təmasa girdiyi Albaniyada özünəməxsus və zəngin mədəniyyət formalaşmaqda idi. Bu, dövlətin həyatında mühüm rol oynayırdı. Aya,Göyə, Günəşə sitayişlə yanaşı xristianlıq da yayılmaqda idi. Müstəqil Alban kilsəsi dini cəhətdən birbaşa Romaya tabe idi. Albaniya dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəlmişdi. Alban hökmdarları ölkənin dünyəvi və dini başçısı idilər. Onlar, eyni zamanda, qanunlar verir, ölkənin hərbi qüvvələrinə başçılıq edirdilər. Dövlətin hərbi qüvvələri 80 min nəfəri (60 min piyada, 22 min süvari) aşmışdı. Albaniya hökmdarının sarayında məşvərət şurası fəaliyyət göstərirdi. Məşvərət şurasına və ruhani yığıncaqlarına Albaniya hökmdarlarının özləri rəhbərlik edirdilər. Atropatena kimi Albaniya dövlətinin də öz pulları vardı. Öz dövrü üçün möhkəm və mükəmməl dövlət idarəçiliyi sisteminə malik olan Albaniya dövləti ölkənin müstəqilliyi üçün təhlükə törədən Parfiyaya və Roma imperiyasına qarşı uğurla mübarizə aparmışdı. Ölkəyə müdaxilə edən Roma imperiyasının qoşunları Alban cəngavərləri tərəfindən dəfələrlə ağır məğlubiyyətə uğradılmışdı. Roma imperiyası Albaniyanın hərbi-siyasi qüdrəti ilə hesablaşmağa məcbur olmuş, iki ölkəarasında qarşılıqlı əlaqələr yaranmışdı. Atropatena kimi Albaniya elçiləri Romaya gedib imperator Oktavian Avqustla danışıqlar aparmışdılar.

 

 

Ardı var

  

Elmira Nəsirova

 

Ədalət.- 2010.- 2 iyul.- S. 5.