QAXDA TİKİNTİ-QURUCULUQ...

 

ABADLIQ İŞLƏRİ GENİŞ VÜSƏT ALIB

 

Respublikamızın hər yerində olduğu kimi Qaxda da tikinti-quruculuq, abadlıq işləri genişlənməkdədir. Üç-dörd il əvvəl başlanmış quruculuq işləri son bir neçə aydır ki, xüsusilə geniş vüsət alıb. Hazırda Qax şəhərində, şəhər ətrafı ərazilərdə elə bir yer yoxdur ki, orada inşaat işləri getməsin, səliqə-sahman yaradılmasın. Şəhərdəki idman kompleksinin, YAP rayon təşkilatının, uşaq yaradıcılıq mərkəzinin, avtovağzalın, 3 mənzilli kommunal yaşayış binasının, RİH-in inzibati binasının, Əlibəyli kəndində 2 yaşayış evinin, Qaxbaş kəndindəki 9 mərtəbəli yaşayış evinin onlarla digər obyektlərin tikintisində işlər sürətlə davam edir.

"İçəribazar" abidə kompleksində aparılan tikinti-bərpa işləri yekunlaşmaq üzrədir. Şəhərin əsasən bütün küçələrində təmir işlərinə başlanmışdır, səkilər təmizlənir, divarlara çay daşından üzlüklər döşənir, yollar təmir olunur. Turizm yolu olan Qax-Qaxbaş yolu genişləndirilir, səkilər salınır, yolun kənarındakı kanalın ətrafı abadlaşdırılır, işıqlandırma sistemi, su xətləri təmir olunur, artıq asfalt döşənməsinə başlanmışdır.

Şəhərin bütün küçələrində, səkilərdə, meydan və parklarda böyük abadlıq, təmir işləri sürətlə davam edir. Küçə və meydanlara gül kolları, çiçək əkilir, çim döşənir.

Aparılan təmir-tikinti işləri əsasən milli memarlıq ənənələrinə uyğun, yerli inşaat materialları ilə görülür ki, bu da küçə meydanlara xüsusi yaraşıq verir. Çox yaxşı haldır ki, bu işləri görən sənətkarların (onların sayı yüz nəfərə yaxındır) əksəriyyəti gəncdir. Onlar bu milli sənətkarlıq ənənələrinə sankı qan yaddaşları vasitəsilə yiyələnmişlər.

Sel sularından mühafizə məqsədilə İlisu kəndindən başlayaraq şəhər ətrafı əraziyədək böyük sahilbərkitmə bəndləri çəkilir. Rayonu Sarıbaş kəndi ilə birləşdirən Hamamçay üzərindəki körpünün inşaasında da tikinti işləri sürətləndirilmişdir.

Bütün bunlar, rayonda 2010-cu ilin 6 ayı ərzində aparılan tikinti-təmir və abadlıq işlərinin vəziyyəti barədə rayon icra hakimiyyətinin başçısı yanında şuranın 30.06.2010-cu il tarixli iclasında geniş müzakirə aparıldı. Müzakirələrdən sonra iclasda rayonun təhsil, səhiyyə və mədəniyyət obyektlərində təmir işlərinin yay mövsümündə, III rüb ərzində başa çatırılması üçün müvafiq qərar qəbul edildi.

Rayonumuzda aparılan abadlıq işləri yalnız yuxarıda göstərilənlərlə məhdudlaşmır. RİH başçısının 27.05.2010-cu li tarixli sərəncamı ilə şəhər 4 saylı orta məkətəbinin kollektivinin təşəbbüsünə əsasən rayonda "Ən təmiz, abad, gözəl küçə və kənd" devizi altında müsabiqə elan olunmuşdur. "Ekologiya ili" çərçivəsində təşkil olunmuş həmin müsabiqəyə qoşulan kollektivlər, rayon sakinləri yol kənarlarında, küçə və səkilərdə geniş təmizlik, abadlıq işlərinə başlamışlar. Artıq bir çox küçələrdə nümunəvi səliqə-sahman yaradılmış, gül kolları əkilmiş, yaşıllaşdırma işləri aparılmışdır. İyun ayının 15-dən başlanmış müsabiqəyə noyabrın 15-də yekun vurulacaqdır. Müsabiqənin şərtlərinə görə I, II, III yerləri tutan kollektivlər, kəndlər, məhəllə sakinləri mükafatlandırılacaqlar.

Şəhərimizdə görülən bu işlər - dövlət büdcəsi və rayondaxili imkanlar hesabına aparılan genişmiqyaslı tikinti-quruculuq, təmir işləri, kollektivlər, ayrı-ayrı rayon sakinləri tərəfindən yaradılan səliqə-sahman tamamlandıqca buranı seyr edən hər bir kəsdə xoş ovqat yaradır. Fikirləşirsən ki, nə yaxşı ki, ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü siyasət nəticəsində yaradılmış əlverişli şəraitdən yaradıcılıqla istifadə edən dövlət mənurları, təbiətin bölgəmizə bəxş etdiyi əsrarəngiz gözəlliyi qoruyan, öz əməlləri ilə daha da zənginləşdirən insanlar var.

Qoy var olsun belə əməl sahibləri!

  

  

Novruz ŞABANOV

 

Ədalət.- 2010.- 3 iyul.- S. 6.