ƏN YAXŞI HƏDİYYƏ
Səhər erkən
durmaq adəti idi. Əl-üzünü yuyub öz
otağına çəkilirdi. Tavana dirənən kitab rəflərinin
arasında uzunsov masanın arxasında oturub səhər yeməyinə
qədər məşğul olurdu: qəzet-jurnalları nəzərdən
keçirir, mütaliə edir, yazıb-pozurdu. Sonra işə
gedirdi. Təqaüdə çıxandan sonra şəxsi
kitabxanasında sevimli məşğuliyyəti
üçün vaxtı yetərincə idi. Ailə
qayğıları, nəvələrlə əylənmək,
bazarlıq, köhnə tanışlar, yaxınlar, dostlarla
vaxtaşırı görüşlər də öz yerində...
Bu gün də adətinə
xilaf çıxmamışdı. Sübhün gözü
açılandan öz otağında idi. Nəzərləri
rəflərə səliqə ilə düzülmüş
kitablarda olsa da, fikri uzaqlarda idi. Ömrünün səkkizinci
onluğunun yoxuşunda ötənləri
xatırlayırdı. İndi inanılmaz görünsə də,
o bu kitabların hamısını oxumuş, adəti üzrə
qeydlərini etmiş və bir çoxu haqqında qəzetlərdə
rəyini yazmışdı, mübahisələrə,
müzakirələrə qatılmış, öz
sözünü demişdi...
Kitablarla ülfət
bağlamış, onlara mehrini salmışdı. Onun xasiyyətini
yaxşı bilən dostları, yaxınları vasitəsilə,
abunə ilə əldə etdiyi, mağazalardan
aldığı, nəhayət səfərlərdən gətirdiyi
kitabların hamısını birər-birər, səliqə
ilə rəflərə düzmüşdü.
Mənəvi xəzinə
saydığı şəxsi kitabxanasının baş tərəfində
rəhmətlik atasından qalanları qayğı ilə
qoruyurdu.
Atası Hidayət kişi
ədəbiyyat müəllimi idi. Hörmət əlaməti
olaraq ona "Mirzə" deyə müraciət edirdilər.
Yalnız Salyanda deyil, ətraf rayonlarda da yaxşı pedaqoq,
sayılıb seçilən ədəbiyyatçı,
xüsusilə Füzuli, Hüseyn Cavid irsinin bilicisi kimi
tanınırdı. Cavan həmkarlarına, şagirdlərinə,
övladlarına mütaliə mədəniyyəti təlqin
edən nurlu şəxsiyyət, geniş
dünyagörüşlü, yüksək intellektli ziyalı
idi Hidayət müəllim.
Akif bir də
böyük qardaşı Böyükağanın zəhmətini,
haqq-sayını heç vaxt unutmur. Qafqazdan Berlinədək
ağır döyüş yolu keçib Vətənə
salamat dönən Böyükağa artıq qocalıb
gözünün nurunu itirən atasına dayaq oldu: ailəni
dolandırdı, qardaş-bacılarını oxutdurdu,
hamısı ali təhsil aldı. Özü isə həkim
kimi camaata şəfa verdi, böyük hörmət
qazandı, respublikanın Əməkdar həkimi adına layiq
görüldü.
Akif ata əvəzi
böyük qardaşının məsləhəti ilə Azərbaycan
Dövlət Sənaye İnstitutunun (indiki Neft Akademiyası)
mexanika fakültəsinə daxil oldu. Ali məktəbi müvəffəqiyyətlə
bitirib mühəndis ixtisasına yiyələndi. Təyinatı
üzrə əvvəl Lənkəranda, sonra Salyan, Quba
rayonlarında işlədi. Öz zəhməti, biliyi, təşkilatçılığı
sayəsində pillə-pillə yüksəldi: mexanik, baş
mühəndis, rəis. Ancaq peşəsinə, vəzifəsinə
məsuliyyətlə yanaşması, böyük bir kollektivə
qayğı və tələbkarlıqla rəhbərlik etməsi
onun ədəbiyyata, mütaliəyə olan həvəsinə
zərrəcə xələl gətirmədi. Əksinə o,
həm öz ixtisasına, həm də ədəbiyyata, tarixi
keçmişimizə, hüquqa, fəlsəfəyə aid,
eləcə də ensiklopedik biliklər verən dəyərli
əsərlərlə öz şəxsi kitabxanasını zənginləşdirdi.
* * *
1963-cü ildə
Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı Fəhlələri
Həmkarlar İttifaqının plenumunda Respublika Komitəsinin
sədr müavini seçilən Akif Hidayət oğlu Muxtarov
bu məsul rəhbər vəzifədə 25 il ləyaqətlə
çalışdı.
O, həyatın
doğurduğu taleyüklü problemlərin, mübahisəyə,
bəzən münaqişəyə səbəb olan məsələlərin
ədalətlə, obyektiv həll olunması üçün
əlindən gələni edirdi. Bu məqsədlə
çalışdığı həmkarlar ittifaqları
sistemində hüquqi bilikləri, insan haqlarını öyrədən
kursların açılmasına nail oldu. Çalışırdı
ki, fəhlə, sıravi işçi öz
hüquqlarının nədən başlayıb harada
qurtardığını dərindən bilsin. Eyni zamanda
özbaşınalığa, qanunsuzluğa yol verən idarə
müdirlərindən tələb olunurdu ki, zəhmət
çəkib ixtisasartırma və təkmilləşdirmə
kurslarında, yaxud fərdi olaraq hüquqi biliklərə yiyələnsinlər,
Əmək Qanunlarını öyrənib əməl etsinlər.
Akif müəllim rəhbər
işçi kimi yalnız tələb etməklə kifayətlənmir,
öz işi ilə nümunə göstərirdi: təcrübəli
hüquqşünaslardan öyrənir, öz üzərində
çalışırdı. Şəxsi kitabxanasının rəflərindən
biri hüquqa və insan haqlarına aid əsərlərdən
ibarət idi. Təsadüfi deyil ki, resublika həmkarlar
ittifaqında səlahiyyət müddəti başa
çatdıqdan sonra o, avtomobil nəqliyyatı nazirliyində
baş hüquq məsləhətçisi vəzifəsinə
təyin edildi. Və nəhayət, təqaüdə
çıxanadək nazirlikdə rəhbər işçilərin
və mütəxəssislərin ixtisasartırma
kurslarının direktoru işlədi.
Yarım əsri adlayan gərgin
və məsul əmək fəaliyyətindən sonra pensiyaya
çıxması ailəsini - həyat yoldaşı Raya
xanımı, oğlu Fuadı, qızı Sevinci, babaları
ilə əylənməkdən hədsiz ləzzət alan
fidan nəvələri sevindirdi. İndi onun bəs qədər
vaxtı vardı: şəxsi kitabxanasında məşğul
olmağa, mütaliə etməyə, ürəyincə olan
mövzularda yazmağa, ailə qayğılarına
qatılmağa, istirahətə, nəvələri ilə
deyib-gülməyə. Uşaq həkimi olan Raya xanım nəvələrinin
səhhətinə xüsusi fikir verirdi. Birdən gözlənilmədən
balaca Rəna ağır xəstələndi. Bəlli oldu ki,
uşaq parkda atası ilə "Şeytan təkəri"
deyilən yelləncəkdə fırlanarkən qorxub və
... şəkər xəstəliyinə tutulub.
Nəsillərində
heç zaman bu xəstəliyə tutulan olmamışdı.
Akif baba hədsiz həyəcanlandı. Dərhal şəkərli
diabet üzrə görkəmli mütəxəssis, tibb elmləri
doktoru endokrinoloq Valeh Mirzəzadəyə müraciət etdi.
Həkim uşağı diqqətlə müayinə edib,
müalicəyə başladı. Baba öyrəndi ki, bu xəstəlik
xronikidi, nəvəsi daim həkim nəzarətində
olmalı, müəyyən həyat tərzinə ömrü
boyu əməl etməklə yaşamalıdır.
Dünyada 260 milyon, Azərbaycanda
isə 123 min nəfər şəkər xəstəsidir,
ancaq onlar yaşayırlar, ailə qurur, övlad tərbiyə
edir, normal həyat sürürlər. Bəs bunun
üçün nə lazımdır? Qayğı, yüksək
səviyyədə dövlət qayğısı! Necə?
Səhiyyə nazirliyindən
müraciətinə qənaətbəxş cavab ala bilməyən
Akif Muxtarov Azərbaycan Diabet Cəmiyyətinin sədri
Möminət xanım Ömərova ilə
görüşdü. Möminət xanım ona izah etdi ki, Cəmiyyət
ictimai təşkilatdır, şəkərli diabet xəstəliyinə
dövlət qayğısı haqqında Qanun
olmadığı üçün əməli iş görə
bilmir. Böyük həyat təcrübəsi və lazımi
sənəd hazırlamaq səriştəsi olan Akif Muxtarov
vaxt itirmədən bu vacib işə girişdi. Möminət
xanımın köməyilə xarici ölkələrin
Diabet cəmiyyətlərinin öz fəaliyyətlərində
istifadə etdikləri müvafiq sənədlərlə
tanış oldu. Tezliklə onun hazırladığı Qanun
layihəsi Milli Məclisdə müzakirəyə
çıxarılıb, təsdiq edildi. 2004-cü ilin
fevralında Prezident respublikada şəkərli diabet xəstələrinə
Dövlət qayğısı ilə əlaqədar Qanunun tətbiqi
haqqında fərman imzaladı. Bu fərman əsasında
Nazirlər Kabineti "Şəkərli diabet üzrə
Dövlət Proqramı"nı təsdiq etdi.
Beləliklə,
respublikanın Dövlət büdcəsində şəkərli
diabet üzrə Dövlət Proqramının ünvanlı
olaraq həyata keçirilməsi üçün hər il
maliyyə vəsaiti ayrıldı.
Azərbaycan Diabet Cəmiyyətinin
qurultayında sədr müavini seçilən Akif Muxtarov
şəkərli diabet üzrə Dövlət
Proqramının həyata keçirilməsinə ayrılan
maliyyə vəsaitinin respublikanın paytaxtında və
rayonlarında ünvanlı təyinatının icra
olunmasına xüsusi diqqət yetirdi. Azərbaycan Diabet Cəmiyyəti
(ADC) qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi
şurasının keçirdiyi müsabiqədə
"Diabet üzrə dövlət proqramının yerinə
yetirilməsinə ictimai nəzarət (monitorinq) layihəsi"
ilə iştirak edərək respublikanın şəhər
və rayonlarında bu proqramın yerinə yetirilməsi vəziyyətini
yoxlayaraq aşkara çıxarılan nöqsanların ləğvi
üçün Səhiyyə Nazirliyi qarşısında məsələ
qaldırdı.
Heydər Əliyev
fondunun dəstəyi ilə fəaliyyət göstərən
ADC-in xeyriyyə tədbirlərində Akif müəllim var
qüvvəsilə çalışır, cəmiyyətin əməkdaşları
və fəalları ilə birlikdə diabet xəstəliyinin
problemləri barədə kütləvi məlumat
kitabçalarının nəşr olunub yayılmasını
təşkil edir. Hazırda Cəmiyyət "2011-2015-ci illər
üçün diabet üzrə Dövlət
Proqramı" layihəsini hazırlayır.
* * *
Adəti üzrə
sübh tezdən yenə öz otağında məşğul
idi. Kitab rəflərinin aşağısında yanaşı
qoyulan dolabların üstünə qalaqlanmış qəzetləri
diqqətlə nəzərdən keçirirdi. Müxtəlif
vaxtlarda mətbutda çıxan yazılarını kitab
şəklində çap etdirmək fikrində idi. O, məqalələrini
mövzusuna görə qruplaşdırır, kitaba daxil etmək
istədiklərini ayrıca qovluğa qoyurdu. Vaxtilə
yazdıqlarını indi saralıb-solmuş qəzetlərin
səhifələrindən oxuduqca elə bil
yaddaşını "vərəqləyirdi"...
Hollandiyada çıxan
"Jullando-posten" qəzetində Məhəmməd
peyğəmbər haqqında dərc edilmiş hədyanlara
cavab olaraq "Trud-7" qəzetində (Moskva, 27 mart
2006-cı il) çap etdirdiyi məqaləyə görə
"Arqumentı i faktı" qəzetinin (Moskva)
keçirdiyi müsabiqənin mükafatına layiq
görülmüşdü.
O, istər gündəlik
həyatda gördüklərinə, istərsə də mətbuatda,
kitablarda oxuduqlarına laqeyd qalmır, bu barədə qəzet-jurnallarda
çıxış edib rəyini bildirir. "Yaşıl
bazarın qara günləri" ("525-cı qəzet",
12 iyul 2007-ci il), "Hədəfə tuşlanan söz"
("Azərbaycan" qəzeti, 23 avqust 2000-ci il), "Gənclik
Vətən tarixindən bəhrələnməlidir"
("Təhsil problemləri" qəzeti, 1 sentyabr 2005-ci il),
"Otzıv na kniqu S.Sailova" ("Arqumentı i
faktı" qəzeti, 15 iyul 2009-cu il, Moskva),
yazıçı Seyran Səxavətin "Yəhudi əlifbası"
kitabı haqqında "Yəhudinin əlifbası"
("525-ci qəzet", 4 fevral 2010-cu il), tarixçi alim Murad
Hacının "Dıxaniye Armaqeddona" kitabı
haqqında "Qafqaz: Xeyir və Şərin mübarizəsi"
("Zerkalo" qazeti, 26 dekabr 2009-cu il).
* * *
Jurnalist Ramin Məmmədovun
"Həmvətənlər" kitabını o,
böyük maraqla oxudu. Kitabda Moskvada yaşayan azərbaycanlı
elm, sənət, mədəniyyət xadimləri barədə
oçerklər, müsahibələr, sənədlər
toplanmışdı.
Uzun illər Moskva
Dövlət Universitetində dərs demiş, fiziki kimya
kafedrasının professoru olmuş, diqqətəlayiq elmi-tədqiqat
işləri aparmış mərhum dayısı, görkəmli
alim, fizika-riyaziyyat elmləri doktoru Hilal Muxtarov haqqında
oçerk onu çox kövrəltdi, "Həmvətənlər"
kitabının müəllifi Ramin Məmmədovla
görüşüb ətraflı söhbət etdikdən
sonra "Xalq qəzeti"ndə geniş məqalə ilə
çıxış etdi (16 yanvar 2009-cu il).
O, Moskvaya uçub
dayısı oğlu fizika-riyaziyyat elmləri doktoru,
"Texkon" elmi-istehsalat birliyinin baş direktoru Ənvər
Muxtarovla görüşdü. Atasının arxivini
qayğı ilə qoruyub saxlayan Ənvər Akifin məsləhətilə
jurnalist Ramin Məmmədova lazımi sənədlərin surətini
verdi, xatirələrini danışdı. Eyni zamanda Akif Azərbaycan
Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Hilal
Muxtarovla uzun illər birlikdə çalışan alimlərin,
keçmiş aspirantların, həmçinin
qohumlarının, dostlarının xatirələrinin
toplanmasında jurnalistə yardımçı oldu. Beləliklə,
"Hilal Muxtarov-100. Vek uçyonoqo" kitabı Azərbaycan
və rus dillərində nəfis tərtibatda işıq
üzü gördü. Bu, AMEA-nın Fizika İnstitutunda 100
illiyi təntənə ilə qeyd edilən görkəmli
alimin yubileyinə əvəzsiz töhfə oldu.
* * *
O, müntəzəm
oxuduğu qəzetlərin şənbə nömrələrinə
xüsusi maraq göstərir. Diqqətini çəkən
yazıları kitab rəfinin bir guşəsinə
yığıb münasib bildiyi vaxtlarda çay içə-içə
aramla oxumaqdan, fikrini bölüşməkdən zövq
alır.
Bu günlərin
söhbətidir. Şənbə günü səhər
telefon zəng çaldı. Akif müəllim idi. Adəti
üzrə yaşından cavan səslə salamlaşıb
söhbətə başladı:
- "Ədalət"
qəzetində son vaxtlar klassiklərin həyatından
maraqlı yazılar verilir. Puşkin haqqında, xüsusən
şairin "Qafqaz" şeirilə bağlı bir vacib məsələyə
diqqəti cəlb etmək istərdim...
Mən onu diqqətlə
dinlədim. Akif müəllim, sən demə, bizlərdən
çoxunun əzbər bildiyi Puşkinin "Qafqaz"
şeiri haqqında oxuculara məlum olmayan məqamlara
aydınlıq gətirmək istəyirdi.
Həmin şeiri XX əsrin
əvvəllərində Abbas Səhhət olduqca rəvan,
poetik bir duyumla tərcümə edib. Ancaq axırıncı
dörd misra istisna olmaqla! Səbəb çar senzurası tərəfindən
zamanında qoyulan qadağa idi. Buna görə də şairin
rus dilində əsərlərinin külliyatında
"Qafqaz" şeirinin axırıncı dörd misrası
çap olunmamışdı. Yalnız A.S.Puşkinin vəfatının
100 illiyi qeyd edilərkən şairin əlyazmasında senzorun
üstündən çarpaz xətt çəkdiyi, məğrur
qafqazlıları azadlığa səsləyən misralar bərpa
olunaraq çap edilmişdir.
Ədəbiyyat müəllimi
olmuş mərhum atasından Arifə yadigar qalan kitablar
sırasına A.S.Puşkinin "Azərnəşr" tərəfindən
1937-ci ildə çap edilmiş 3 cildlik "Seçilmiş əsərləri"
var. Orada "Qafqaz" şeiri ilk dəfə Azərbaycan
dilində tam şəkildə dərc olunub.
Axırıncı dörd misranı Mikayıl Müşfiq tərcümə
edib:
Coşqun azadlığı qanunlar əzib, böylə
sıkar,
Vəhşi bir qövmi höküm böylə yakar,
böylə yıkar.
Dərdli Qafqaz da bu gün böylə coşur hiddətlə,
Onu yad qüvvələr əzdikcə ağır dəhşətlə!
O vaxtdan çox illər
keçib, çar mütləqiyyəti zamanında olduğu
kimi, sovetlər dönəmində də A.S.Puşkinin nəşr
edilən külliyyatlarında, sonrakı çoxsaylı nəşrlərində
"Qafqaz" şeirinin axırıncı dörd
misrasına heç yerdə rast gəlməzsiniz. Səbəbi
sonralar aydın oldu: Leninin vaxtı ilə sözdə məşhur
"Xaqlara və millətlərə azadlıq!"
ideyasına əsaslanan tədqiqatçı ədəbiyyatşünas
alimlərin "səhvini" 37-nin qətliamında
bağışlamadılar. Çox çəkmədi ki,
vaxtilə böyük rus şairinin vəsf etdiyi dağlar
diyarının məskunlarını Sibirin "gedər-gəlməzinə"
göndərdilər. Ancaq onların bir qismi repressiya
girdabından qurtulub Xruşşov zamanında vətənə
qayıda bildi. SSRİ çökəndən sonra öz
azadlığına qovuşmaq istəyənlərə
amansız divan tutulsa da, "Dərdli Qafqaz da bu gün
böylə coşur hiddətlə, onu yad qüvvələr əzdikcə
ağır dəhşətlə!" - deyə hayqıran
üsyankar şairin yenə də çapına məxfi
qadağa qoyulsa da, ürəklərdə yuva salan sözləri
zirvələrdə əks-səda verir, mücadilə səngimir...
Geniş oxucu kütləsinə,
hətta bir çox ədəbiyyatşünaslara, yazarlara
"Qafqaz" şeiri ilə bağlı bəlli olmayan həqiqətləri
Akif Muxtarov özünəməxsus şövqlə qələmə
alaraq bu yaxınlarda "Ədalət" qəzetində dərc
etdirdi. Onun mütaliəçi, kitabsevər dostları zəng
edib razılıqlarını bildirdilər. Dedilər,
maraqlı yazıdır, oxuculara məlum olmayan, müəmmalı
görünən vacib məsələyə aydınlıq gətirib.
Akif Muxtarov biləndə
ki, "80-nin kürəyini yerə vurması münasibətilə"
dostları ona Milli Kitab Mükafatının 10-luğuna
düşən kitabları hədiyyə edəcəklər,
ürəkdən sevindi. Ömrü boyu onun üçün ən
yaxşı hədiyyə kitab olub.
Əlövsət Bəşirli
Ədalət.- 2010.- 3 iyul.- S. 7.