Məhv olmayan ənənələr

 

62 illik dövrün gerçəkliyi

 

(Əvvəli ötən sayımızda)

 

Albaniya hökmdarı, görkəmli dövlət xadimi Cavanşir ölkəni ələ keçirməyə çalışan Bizans, Sasani, Xilafət və Xəzər imperiyaları kimi qüdrətli qonşulara qarşı müdrik, uzaqgörən və çevik xarici siyasət yeritmiş, özünün sərkərdəlik məharəti və döyüş şücaəti ilə ölkənin müstəqilliyini qoruyub saxlaya bilmişdi. Yaxın və Orta Şərqdə mühüm hərbi-siyasi və mədəni təsir gücünə, region ölkələri ilə sıx qarşılıqlı münasibətlərə malik olan

Albaniya Aralıq dənizi hövzəsi ölkələri ilə, o cümlədən Roma imperiyası ilə də geniş əlaqələr saxlayırdı. İlk mənbələr, o cümlədən arxeoloji qazıntılar zamanı aşkar olunmuş zəngin maddi mədəniyyət nümunələri Albaniya dövründə Azərbaycanın şimal torpaqlarının xarici ölkələrlə geniş əlaqələr saxladığını sübut edir. Yaxın və Orta Şərq ölkələrini Xəzər xaqanlığı və Şərqi Avropa ilə birləşdirən beynəlxalq ticarət yollarının Albaniyadan keçməsi ölkənin xarici ticarət əlaqələrinə müsbət təsir göstərirdi. Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdəAzərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu iran və ərəb mənşəli əhali köçürüb gətirdilər. Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan məntəqələrdə və ən məhsuldar torpaqlarda yerləşdirildi. Onlara geniş imtiyazlar verildi.

Lakin bütün bunlar Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi. Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi. Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiyaların tərkibində olması nəticəsində, ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi. Bu dövrdə Tanrıya sitayiş - tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştilik, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında - Albaniya ərazisinin bəzi yerlərində xristianlıq yayılmaqda idi. VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri baş verdi. Ölkədə dini birliyin yaranması bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, əlaqələrin genişlənməsinə səbəb oldu. Bununla belə, təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq islamın prinsiplərinə zidd olduğu üçün ərəb fütuhatları dövründə Albaniyanın xristian əhalisi islam dininin təsir dairəsindən kənarda qaldı. Beləliklə, ölkədə dini ayrılıq baş verdi: çoxluq təşkil edən və ölkənin bütün ərazisinə yayılmış olan müsəlman əhali; bir də, azlıq təşkil edən və əsasən Şimali Azərbaycanın qərb bölgələrində yaşayan xristian albanlar. Zaman keçdikcə Qərbi Azərbaycanın, o cümlədən Qarabağın dağlıq bölgələrinin xristian əhalisi qriqoryanlaşdırılmağa başladı. Xilafət dağıldıqdan sonra - IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Ərəb xilafətinin süqutu və Azərbaycan dövlətçiliyinin dirçəlişi ilə bir zamanda Azərbaycan dili bütün ölkə ərazisində əsas ünsiyyət vasitəsinə çevrildi. Bu, Azərbaycanın gələcək inkişafına güclü təkan verə biləcək tarixi nailiyyət idi. IX əsrin 70-ci illərinin sonlarından başlayaraq yarım əsrdən çox davam edən bir tarixi dövr ərzində (879-941) Azərbaycan torpaqlarının hamısının vahid Azərbaycan Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan qalxması və vahid Azərbaycan xalqının formalaşması prosesinin daha da sürətlənməsinə müsbət təsir göstərdi. Sacilər dövləti özünün ən qüdrətli çağlarında Zəncandan Dərbəndə, Xəzər sahillərindən Ani və Dəbil şəhərlərinə qədər geniş əraziləri əhatə edirdi. Bütün Azərbaycan torpaqları Sacilər dövlətinin tərkibinə daxil idi. Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatının şah əsəri olan "Kitabi-Dədə Qorqud" dastanları, demək olar ki, bütün Azərbaycan torpaqlarında yayıldı. Beləliklə, 600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər) yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.

İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayrı-ayrı feudal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşmə-sində də mütərəqqi rol oynadı. Ümumi düşmənlərə qarşı mübarizədə sıx birləşməyin zəruriliyi, vahid dinin -islamın ölkə əhalisinin qaynayıb-qarışmasına, qohumlaşmasına, ümumi adət və mərasimlərə yol açması etnik-siyasi birliyi daha da möhkəmləndirdi. Bununla belə, Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış dövlətlərdən heç birinin uzun tarixi dövr ərzində Azərbaycanın bütün ərazisini əhatə edən vahid, davamlı və qüdrətli dövlətə çevrilə bilməməsi nəticəsində ölkədə uzun sürən siyasi sabitlik də yaranmadı. Azərbaycan Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil edildi. Səlcuq dövrü Azərbaycanın tarixi müqəddəratında həlledici rol oynadı. Sultan Alp Arslan Malazgird vuruşmasında (26 avqust 1071-ci il) Bizans imperiyasının hərbi qüvvələrini darmadağın edərək qəti qələbə çaldı. Beləliklə, müxtəlif tarixi dövrlərdə (həm eramızdan əvvəl, həm də sonra) soykökündə, başlıca olaraq, iskit (skit, skif), sak, massaget, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar, habelə başqa türkqeyri-türk etnoslarının iştirak etdiyioğuz türklərinin (qaraqoyunlular, ağqoyunlular, səlcuqlar və b.) həlledici rol oynadığı Azərbaycan xalqının təşəkkülü prosesi başa çatdı. Azərbaycan dili bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycan ərazisində başlıca ünsiyyət vasitəsi oldu. Sadə və anlaşıqlı Azərbaycan dili məhdud dairədə fəaliyyət göstərən dilləri, həmçinin ərəb və fars dillərini sıxışdıraraq bütün ölkə miqyasında canlı ümumxalq dilinə çevrildi. El sənətkarlarının - ozanların (aşıqların) oba-oba, oymaq-oymaq gəzib yaydıqları şifahi xalq yaradıcılığı nümunələri, çox keçmədən, hamının başa düşdüyü doğma Azərbaycan dilində nadir ədəbi incilərin meydana gəlməsi üçün zəmin yaratdı. Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar. Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti Azərbaycan xalqının etnik-siyasi tarixində xüsusilə böyük rol oynadı. Eldənizlərin hakimiyyəti dövründə bütün Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində güclü yüksəlişə səbəb oldu. Sənətkarlıq, ticarət, elm və mədəniyyət daha da inkişaf etdi. Daxili və xarici ticarət əlaqələri genişləndi. Mədrəsələr açıldı, məscidlər, nadir memarlıq abidələri ucaldıldı. Azərbaycan intibahı özünün Xaqani, Nizami, Əcəmi zirvəsinə ucaldı. Görkəmli dövlət xadimləri Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan Azərbaycanın dövlət idarəçiliyi tarixinə parlaq səhifələr yazdılar. Eldənizlərin hakimiyyəti dövründə Azərbaycan dili və mədəniyyətinin yayıldığı ərazi daha da genişləndi. Beləliklə, Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə imperiyaların rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Səfəvilər, Qacarlarbaşqa sülalələrin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdəCənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular.

 

 

Ardı var

     

Elmira Nəsirova

 

Ədalət.- 2010.- 3 iyul.- S. 13.