Xuraman Qasımova: "Gənclərin arzuları ilə oynayırlar"

 

Dünya şöhrətli opera ifaçısı, SSRİ xalq artisti Xuraman Qasımovanın milli.az xəbər portalına müsahibəsi

 

- Xuraman xanım, bu gün müğənniliyi arzulayan gənclər səhnəyə xəyallarının gerçəkləşdiyi bir məkan kimi baxırlar. Sizcə musiqiyə, ifaçılıq sənətinə bu cür yanaşma nə dərəcədə düzgündür?

- Professional musiqi ilə məşğul olub-olmamağından asılı olmayaraq, xalqımız kifayət qədər istedadlıdır, musiqiyə meyillidir. Güman edirəm ki, musiqini sevən hər bir insan öz xalq mahnılarını, romanslarını, öz ifaçılarının yaradıcılığını yaxşı tanıyır və xalq mahnılarını zövqlə ifa etməyi bilirlər. Amma bu o demək deyil ki, hər kəs səhnəyə çıxa bilər. Təkcə musiqini sevib oxumağı arzulamaqla səhnəyə çıxmaq olmaz. Təəssüf ki, tez-tez yüngül, keyfiyyətsiz ifalar eşidirik. Yadda qalmayan mahnılar, əsərlər yazılır, mahnıya uyğun olmayan ifalar səslənir. Səhnə mədəniyyətinə malik olmayan, heç səhnə nədir belə bilməyən gənclərimiz var ki, onları səhnəyə buraxırlar. Belə ifaçıları ortaya çıxarmaqla insanların, televiziya tamaşaçılarının zövqünü korlamağa ixtiyarımız yoxdur. Sadəcə olaraq, hansı janrda olursa olsun, gözəl ifa, yaxşı mahnılar təqdim etməliyik. Düzdür, müxtəlif janrda ifa edənlərin içərisində gözəlləri də var, səviyəsizləri də. Hesab edirəm ki, səviyyəsiz ifaçıların qarşısı alınmalıdır. Çünki belə təbliğat bizə xeyir gətirmir. Fikrimcə səhnə yalnız qabiliyyəti, istedadı olan gənclərimiz üçündür.

- Mahnı müsabiqələrində sizi qane etməyən nədir?

- Əgər biz ortaya istedad çıxarmaq istəyiriksə, bunun kütləvi formada həyata keçirilməsi nə dərəcədə düzgündür? Gəlin görək, bu yarışmalardan nə gözləyirik? Onlarca populyar, tanınmış, hətta fəxri adlar almış ifaçılar öz sözlərini tamamilə dedilər ki, yenilərini axtarırıq? Öz sözlərini tam demədikləri halda niyə münsiflər heyətində oturub özlərinə əvəz axtarmalıdılar? Hətta onu da deyim ki, müsabiqələrdə münsiflər heyətində oturanların bəzilərinin musiqi savadı da yetərincə deyil. Çox vaxt ifalarında da xoşagəlməz qüsurlar, tələffüz səhvləri duyulur. Bu halda gənclərə hansı məsləhətləri verib, nəyi öyrədə bilərlər? Əgər doğrudan da qabiliyyətlərinə görə fəxri adlar alıblarsa, qoy səhnədə olsunlar.

- Siz özünüz opera və vokal janrlarında müsabiqələrin keçirilməsi fikrinə düşməmisiniz?

- Təkrar olsa da deməliyəm ki, musiqimizin saf, təmiz səsə, yaxşı ifaya ehtiyacı var. Ona görə biz də istedadlı gəncləri tamaşaçıların özünün iştirakı ilə üzə çıxarmaq üçün müsabiqələr keçirməyi planlaşdırırıq. Mən və Fidan xanım öz sahəmizdə gözəl səsə malik olanlar, müəyyən musiqi məktəbi keçəndən sonra qabiliyyətləri ortaya çıxan insanlar arasında müsabiqə keçirməyi arzulayırıq. Hazırda bu məqsədin üzərində işləyirik. Vaxtilə respublika üzrə gənc vokalçıların müsabiqəsi keçirilib. İndi bu ənənəni canlandırıb davam etdirmək istəyirik. Biz müxtəlif müsabiqələrdə dəfələrlə münsiflər heyətində olmuşuq. Böyük sevinclə söyləyə bilərəm ki, seçilmiş gənc vokalçılar məhz bu fakültənin məzunlardır. Onların arasında hazırda müəyyən teatrlarda işləyənlər, xaricə gedənlər də az deyil. Biz yetişdirmələrimizin inkişafını izləyirik. Kimsə ifaçılıq fəaliyyətini seçir, kimsə də pedaqoq olmağı arzulayır. Lakin burda da baxırıq görək onların bacarığı yetərincə imkan verirmi ki, yeni nəsl yetişdirsinlər. Çünki hər gözəl səsə malik olan adam gözəl pedaqoq ola bilməz. Pedaqoji fəaliyyət böyük sirrdir, böyük məsuliyyətdir, mədəniyyətdir. Musiqi mədəniyyəti böyük bir qüvvədir. Yüksək musiqi mədəniyyəti ilə hətta siyasətdə də çox böyük uğurlar qazanmaq olar.

- Xuraman xanım, bu gün sanki incəsənət bazar meydanına çevrilib və nədənsə əsl sənətkarlar elə bil ki, meydana çıxmağa utanırlar.

- Sözün açıqı mən heç o bazara dəvət almaq istəməzdim. O bazarda birinə çox, birinə az qiymət verirlər. Ən əsası da budur ki, qiymətləri verənlər kimdir? Qiymətləri kim ortaya çıxarır, onları kim qiymətləndirir? Lakin görünür ki, kimlərəsə əsl sənətkarların həmin meydanda yer alması da sərf etmir. Amma məmurlar Azərbaycan musiqisinin itmə təhlükəsi qarşısında dayandığını düşünməlidilər. Necə ki, yeraltı, yerüstü sərvətlər qırmızı kitaba düşür, musiqi sənətimiz də həmin o uçurumun qarşısında dayana bilər. Bu uçurumun qarşısında dayanmamaq üçün biz öz irsimizi, mədəniyətimizi, tarixi mədəniyyət nümunələrimizi qorumalıyıq. Deyirlər ki, xalqın gözü tərəzidir. Amma düqünürəm ki, eyni zamanda tamaşaçıların bir qisminin zövqünü tərbiyə etmək lazımdır. İnsanların beynini "çıqqıdı-çıqqıdı" mahnılarla yeyiriksə, mahnı haqqında təsəvvür necə inkişaf edə bilər. Siz heç vağzal ətrafında olmusunuzmu, orda səslənən mahnıları eşitmisinizmi? Bizim musiqimiz budurmu? Mədəniyyətimiz budurmu? Bu, bir xəstəlikdir, amma bunun da müalicəsi tapılacaq. Bu barədə ciddi düşünmək lazımdır. Senzura yaradılmalı və aidiyyatı qurumlar buna nəzarət etməlidilər.

- Xuraman xanım, bəlkə sizin Fidan xanımın və digər sənətkarların bu istiqamətdə apardığınız işlər yetərli deyil?

- Siz bu gün təsadüfən mənim dərsimi gördünüz. Biz işləyirik. Və işimizin keyfiyyətli olmasına çalışırıq. Əlbətdə ki, tələbələrimiz biri-birindən seçilir, biri daha çox qabiliyyətlidir, biri yox. Amma onların bizim köməyimizə ehtiyacları varsa, biz də onlara öz köməyimizi göstərməyə hazırıq. Tələbələrimiz 1-dən 4-ə qədər dəyişik kurslarda oxuyurlar. Onlara hər bir kurs üçün proqramlar aydınlaşdırılıb. Qədim əsrlərin, antik dövrün musiqisindən başlayaraq, Avropa, rus musiqisini və əlbətdə ki, bizim doğma Azərbaycan xalq musiqimizi tədris edirik. Amma onların hər birinin digərindən seçilməsi üçün bu gənclərin özlərinin hazırlığı olmalıdır. Hər halda, gələcəkdə hansı janrda fəaliyyət göstərsələr, mən sakitəm ki, onlar savadlı, təhsil alan peşəkar ifaçılar olacaqlar. Bu da çox vacibdir.

- Xuraman xanım, nəyə görə estrada janrı həmişə tənqid hədəfindədir və estradanın yox səviyyəsində olduğu deyilir?

- Bu gün estrada janrında orta səviyyəli musiqiçilər həddən artıq çoxdur. Demək olar ki, bu janrda güclü mütəxəssislərimizi barmaqla saymaq olar. Biz axı kimi güclü estrada mütəxəssisi hesab edə bilərik?

- Xuraman və Fidan xanım tələbələri arasında gələcəyin xuramanlarını, fidanlarını görürmü?

- İnşallah olar. Onu zaman göstərər.

- Xuraman xanım, sizin "Mən ki gözəl deyildim", "Liftçi qız"da yaratdığınız obrazlar hələ də sevilir.

- Mən liftçi qızı oynayanda 12-13 yaşında idim. Keçən il "Mən ki gözəl deyildim" filmində çəkilməyimin 40 ili tamam oldu. Həmişə demişəm ki, mənim həyatımda kinoda çəkilən səhifələrim də olub. Amma bu, bir xobbi idi.

- Niyə aktrisa olmadınız?

- Mənim üçün xüsusi obrazlar, ssenarilər yazsaydılar, böyük məmnuniyyətlə çəkilərdim. Məni filmdə görmək istəyirdilərsə, çəkəydilər.

- Xuraman xanım "Liftçi qız"da özünü oynayıb?

-Yəqin ki, Lalə elə mənim özüməm.

 

 

Ədalət.- 2010.- 3 iyul.- S. 16.