Bir şeir toplusu haqqında təəssüratlar
Tanrısına üz
tutan naümid olmaz
Şair Mədət Əyyuboğluya
Açıq məktub
Hörmətli Mədət
müəllim! Bəri başdan "Tanrıma üz
tutmuşam" kimi sanballı kitabıla oxucuların
görüşünə gəlməyin münasibətilə
səni ürəkdən təbrik edirəm. İkincisi, məlum
edirəm ki, Tanrısına üz tutaraq mühüm bir
işdən yapışanı Tanrı heç vaxt naümid
eləməz. Sən də məhz o ulu varlığa üz
tutaraq gərgin bir işə girişərək belə bir əsər
araya-ərsəyə gətirmisən. Bir də axı
sözlə əlləşən, sözün qədrini bilən
əsl söz sərrafları olan şairlər, şeiriyyət
aləminin söz xiridarları Allaha daha çox yaxın olan
adamlardır. Əbəs yerə demirlər ki, filankəsin
şairlyi əsl Allah vergisidir. Sənin də Tanrıya
tapınaraq yaratdığın söz çələngi sənin
zəhmətin və Ulu Yaradanın izni ilə hasilə gəlib.
Onu da vurğulamağa dəyər ki, sən cənnət
Qarabağımızda, daha dəqiqi, Ağdamın
Güllücə kəndində doğulmusan, bu axar-baxarlı
yerlər Azərbaycan mədəniyyətinə və incəsənətinə
saysız sayda sənətkarlar bəxş etmişdir.
Külli Qarabağın abı-havası,
Nərmə-nazik bayatıdır, bayatı...
kimi hikmətli deyimi hər
bir qarabağlının, hər bir soydaşımızın
dilinin əzbəridir. Sən də yarım əsr bundan əvvəl
məhz Güllücə kəndində həyata göz
açmısan. Bu təsvirəgəlməz yerlərin
havasını udmuş,suyunu içmisən, dağları-dərələri
qarış-qarış gəzib dolanmısan, uşaqlıq
xatirələrin qəlbinin dərinliklərində məskən
salıb, ayaq izlərin oralarda qalıb. Əfsuslar olsun ki, indi
oralara gedə bilmirsən, o yerlər üçün
Güllücə kəndindən ötrü burnunun ucu
göynəyir, qəlbin sızıldayır, o yerlərə
getmək həsrəti ürəyində qübar
bağlayıb. Təsadüfi deyil ki, "Tanrıma üz
tutmuşam" kitabında doğma kəndinə həsr
etdiyin "Ana yurdun xatirəsi" şeiri birinci yerdə
gedir. Şeirdən misal gətirdiyim aşağıdakı
bir bənddə doğma kəndinlə bağlı çox mətləblərə
toxunursan:
Mənim doğma kəndim,
doğma el-oba,
Səndə ümidlərim, arzularım var.
Dəcəl uşaqlığım,
qayğısız ömrüm,
Həm də həsrətim var, intizarım var...
Əzizim Mədət
müəllim, iki həftədir sənin "Tanrıya üz
tutmuşam" kitabına mən də üz tutmuşam, əlimdən
düşmür o "sirlər xəzinəsi", işdə
də, evdə də, nə gizlədim, yataqda da oxuyuram, hey
oxuyuram, hiss və duyğularımı gizlədə bilmirəm.
Sənin geniş,
ümman qəlbin belə söz xəzinəsiymiş, əzizim?
Sözdən zərgər dəqiqliyi ilə istifadə edən
mənəvi iç dünyan necə də dərin, təlatümlü
və coşğun dərya imiş?! Maşallah olsun, nə qədər
iti və aydın təfəkkürə, dəyərli,
tutumlu söz ehtiyatına malik şairsən, Mədət
müəllim!
Doğrudan da 380 səhifəlik
- təxminən 25 çap vərəqi həcmində
şeirlər toplusu (bir poema) ilə oxucuların görüşünə
gəlmək hər şairin hünəri deyil. Özü də
hər şey yerli-yerində, səliqə-sahmanda olan, yüksək
zövqlə, göz oxşayan bədii tərtibatlı bir
kitab!.
Əzizim Mədət
müəllim! Mən səni ("siz" demirəm,
çünki səndən 23 yaş böyüyəm)
çoxdan tanıyıram. Həyat yoluna da kifayət qədər
bələdəm. Düz 30 il mətbuatda necə deyərlər
külüng çalmısan (mən də təxminən 48
il). Korrektorluqdan Mətbuat və İnformasiya Nazirliyinin
Kütləvi İnformasiya Vasitələri Baş İdarəsinin
rəisi vəzifəsinə kimi mürəkkəb və
şərəfli, eyni zamanda dolanbac və ziddiyyətli yol
keçmisən. Bir neçə il (1996-2001-ci illər)
Baş İdarə rəisi kimi KİV-lərə rəhbərlik
etmisən. Ətrafında həmişə jurnalistlər dəstəsi
olub. Qapını həmişə açıq
görmüşəm. Necə gənc jurnalistə əl
tutmusan, arxa-dayaq olmusan. Bir sözlə, qapına pənah gətirəni
naümid yola salmamısan. Özün gənc olsan da, səndən
yaşlılara dəyərli məsləhət və
tövsiyələr vermiş, hamını xoş ovqatla yola
salmısan. Aydın, nurlu baxışların, qəlbinin
aynası olaraq insanlara daim işıqlı yol göstərib.
Bəlkə də səndə
insanlara olan xoş münasibəilərin, səmimiyyətin,
xeyirxahlığın nəticəsidir ki, sonradan zəngin
yaradıcılığına güzgü tutdu, müxtəlif
kitabların işıq üzü gördü. "Dağ
çiçəyi" (1986), "Gələn anam
olaydı" (1990), "Dünya mənim dünyam deyil"
(1996), "Nağıllar aldadır səni" (2001) adlı
kitabların dediklərimi təsdiqləyə bilər. Elə
yaradıcılığın az da olsa qiymətləndirilib.
"Qızıl qələm", "Həsən bəy Zərdabi"
mükafatları laureatısan.
Əziz Mədət
müəllim, sənin işıq üzü
görmüş ilk kitabından sonuncu kitabını 23 il məsafə
ayırır. Bu illər ərzində
yaradıcılığın yaxşılığa doğru
xeyli dəyişib, mövzu dairəsi genişlənib,
yaradıcılığın püxtələşib,
sözdən istifadə "xəsisləşib". Bunu
"Tanrıma üz tutmuşam" kitabın da təsdiqləyir.
Poeziya, şeiriyyət həmişə və hər yerdə
mövcuddur: təbiətdə, düşüncə və
duyğularda, qarşılaşdığımız müxtəlif
həyat səhnələrində. Amma burası var ki, bu
şeiriyyəti, bu poeziya ecazkarlığını duymaq, ona
aludə olmaq, onu sənət səviyyəsində poetik surətdə
sözə çevirmək hər söz ustasına, hər
şairə müyəssər olmur. Düzdür, bu gün əlinə
qələm alıb şeir yazanlar kifayət qədərdir.
Amma əsl şair olub söz mülkündə həqiqi
poeziya nümunəsi yaratmaq hər şairin işi deyil.
Əziz Mədət Əyyuboğlu,
sən uzun illərdir ki, şeir, poeziya həvəskarlarına
yaxşı tanışsan. Onlar sənin - istedadlı söz
sahibinin poetik duyğularını ürəkdən sevir,
işıq üzü görən, hər kitabını əldə
etməyə can atırlar. "Tanrıma üz
tutmuşam" kitabını oxuduqca insan mənən
saflaşır, Vətənə, el-obaya, ailəyə,
valideynlərinə, əsl dosta məhəbbəti artır, qəlbində
daha çox yaşayıb-yaratmaq həvəsi baş
qaldırır, insanlara sevgin çoxalır. "Hələ
var dünyada yaxşı adamlar" şeirinin son bəndində
gündə qolundan tutan yaxşı insanlara üz tutursan:
Sabahın yaşayır addımlarımda,
Neçə yol ayrılır hər gün yolumdan.
Hələ var dünyada yaxşı insanlar
Gündə gör neçəsi tutur qolumdan.
Bəli, əzizim, Mədət
müəllim, dünya xali deyil yaxşı adamlardan. Bəlkə
də elə bu qoca dünyamız sənin vəsf etdiyin
xeyirxah, xoş niyyətli insanların çiyni üzərində
bərqərar olub. Yoxsa, məhvərindən çıxardı.
"Vətəndir"
şeirində, Vətəni "dilinin ən şirin
sözü" hesab edirsən, onu "səadət
ünvanı", "xoşbəxtliyin özü"
adlandırırsan, Vətən "qəlbinin, ruhunun
gözü" deyirsən. Bəs göllərin tacı
Göygöl sənin üçün nədir?
Ömür yaşamısan ağlı, qaralı,
Heyrətdə qoymusan zamanı, ağlı.
Namusum, qeyrətim adına bağlı,
Elimin təmizlik qalası Göygöl.
Xoşbəxtdir o kəslər oddur nəfəsi,
Dünyalar qədərdir eşqi, həvəsi.
Ömrünə qarışsın şeirimin səsi,
İllərə əmanət qalası Göygöl.
Doğrudan da elimin təmizlik,
paklıq rəmzi olan Göygöl illərə əmanətdir
bizim üçün. Deyirlər poeziyanın bir adı da səmimiyyətdir.
O, səmimiyyət ki elə sənin poeziya
yaradıcılığından qırmızı bir xətlə
keçir. Kitabına daxil etdiyin bütün şeir nümunələrin
səmimiyyətdən yoğrulub, ürəkdən gəlib.
Çünki sənin özün də səmimilik
timsalısan, səmimilik, paklıq rəmzisən, əsl
ziyalısan, mən deyərdim ki, əsl kübarsan, yüksək
intellektə malik sənətkarsan. Səninlə ünsiyyətdə
olmaq necə xoşdursa, xoşbəxtlikdirsə, (mən bunun
dəfələrlə şahidi olmuşam), şeirlərini
oxumağın, mütaliə etməyin özü də bir
xoşbəxtlikdir, ürək rahatlığıdır,
könül xoşluğudur. Bu cəhətdən ürəyə
məlhəm olan, ülvi hisslər oyadan lirik şeirlərin
daha çox xarakterikdir. Üç bəndlik "Elədin sən"
şeirinin misralarını nəzərdən keçirək.
Ucalan məhəbbət, enən məhəbbət,
Odlanan məhəbbət, sönən məhəbbət.
Ay gedən məhəbbət, dönən məhəbbət,
Başıma dünyanı dar elədin sən.
Yanaram, bəs
niyə odum sezilməz,
O soyuq baxışlar qədrimi bilməz,
Ümidim nazirlər, ancaq üzülməz,
Baharda üstümə qar ələdin sən.
Məhəbbət-ömrümün əvvəli,
sonu,
Sən nəsən - bir özün bilirsən bunu.
Sınayıb, sınayıb Əyyuboğlunu,
Axır ki yoxluqdan var elədin sən.
"Bilmədik",
"Gəlmişəm", "Dəyər dəyməz",
"Xatırlayırsanmı?", "Sənsizlik",
"Məhəbbət kimi", "Mən sən deyiləm
ki" və s. şeirləri oxuduqca elə bil həzin nəğmədir
səslənir qulağında, könül evinə
yayılır həzin nəğmələr, qəlbini
oxşayır, ovudur səni, təsəlli verir iç
dünyana, nikbin olmağa çağırır səni,
dözümlülük tövsiyə edir sənə.
Əzizim Mədət
müəllim, kitabdakı şeirlərində yerində və
dəqiq işlətdiyin idiomatik ifadələr, bədii təsvir
vasitələri, hikməti sözlər və poetik deyimlər
şeirlərinin xislətini artırır, onları daha da
tutumlu və cazibədar edir.
Qaçan yuxuların sökülür danı,
Gözlər üfüqlərin ocaq yeridir.
Dünyanın daşlaşmış kədərini də
Bir vüsal ocağı tamam əridir.
"O nağıl gecəsi..."
adlı şeirin bir bəndindəki bədii deyimlərə,
ifadə vasitələrinə necə də valeh olmayasan? Sən
şeirdə gözdən qaçan yuxunun artıq
danının söküldüyünü, yuxusuz qalan gözlərin
ocaq kimi parladığını, vüsalın isə
dünyanın daşlaşmış kədərini əritmək
gücünə malik olduğunu şeir dili ilə təsvir
etməklə, istedadlı fırça ustası kimi canlı
bir tablo yarada bilmisən. Sən şeirin son bəndini də
lirik notlar üzərində başa çatdırmısan.
Gedək, qoy bilsinlər, sevgilər ölmür,
Dünəni bu günlər,
sabahlar edək.
O nağıl sevginin ziyarətində,
Ulduzlar göylərdən axanda gedək!
Necə də sərrast, tutarlı və tutumlu, səlis
ifadələr?
Əzizimiz Mədət
müəllim, sənin "Tanrıma üz tutmuşam"
kitabın o qədər geniş, əhatəli, rəngarəng
əsərdir ki, məziyyətləri barədə bir qəzet
məqaləsində bütün fikirləri
sığışdırmaq imkan xaricindədir. Onu deyim ki,
yeni əsərin son vaxtlar poeziyamızda rast gəldiyim və
nəzərimi cəlb edən dəyərli kitab hesab edirəm
və arzulayıram ki, hörmətli tənqidçilər
"Tanrıma üz tutmuşam" kitabı haqqında fikir
və mülahizələrimi bildirsinlər. Sənə isə
yeni yaradıcılıq uğurları arzulayır, üz
tutduğum Ulu Tanrı sən yar olsun! - söyləyirəm.
Səmimi hörmətlə
İdris Hacızadə
Ədalət.- 2010.- 9 iyul.- S. 4.