"PİYADALARIN DÖYÜŞÜ"

 

Onu lap çoxdan tanıyıram. Az qala 40 ildi. Özü öncə qiyabi tanımışam, "Ulduz" jurnalında imzasını görmüşəm, təxəllüsü diqqətimi çəkib səmimi etiraf edim ki, içimdə bir az da qürur hissi baş qaldırıb ki, jurnalın bu sayılan əməkdaşı bizim bölgənin təmsilçisidi. Sonra üzbəüz tanış olduq, sonra ailəvi dosta çevrildik və hətta onun məni uşaq kimi danlamaq, tənbeh etmək haqqı da bütün hallalığı ilə, bugün ortadadı...

O dünyanın, yox, deyəsən bir az böyük çıxdı, o, Azərbaycanın məncə ən astagəl adamıdı. Mən onu harasa tələsən görməmişəm. Yerişi , danışığı da, hətta yazıları da ləngərlidir. Ağır sanballıdır. Oxuyursan, fikirləşirsən, gözünün önünə gətirirsən həmin an qarşında bir paralellik yaranır - müəllif şəxsiyyət. Bu paralelliyin ünvanı isə Nemət Veysəllidi. O, yazıları kimi özü maraqlı səmimidi. Onunla söhbət edəndə elə bilirsən ki, min ilin ağsaqqalı ilə üz-üzə oturmusan. sözünün əvvəli , axırı da o qədər adi, o qədər sadə, hətta bəzən adama o qədər primitiv görünür ki, məəttəl qalırsan. Çünki bu sadəliyin, primitivliyin içərisində dünya görüşündən, həyat təcrübəsindən ən vacibi Vətən sevgisindən qaynaqlanan aliliik, doğmalıq var. Şəxsən mən onunla üzbəüz qalanda özümü unuduram, aramızdakı yaş fərqini də, ona müəllim deməyi də yadımdan çıxardıram. Bütün bunların mayasında Nemət Veysəlli bütövlüyü, Nemət Veysəlli halallığı və nəhayət Nemət Veysəlli ağsaqqallığı dayanır.

Mən Nemət Veysəllinin az qala bütün yaradıcılığı ilə tanışam. Bir sirr də açım ki, təkcə onun yazılı yaradıcılığı yox, cəhbədə, səngərdə bir cəhbə müxbirinin canı ilə, qanı ilə yazmaq istədiklərini də izləmişəm. Onun içindəki təpərin, onun canındakı sevginin dərəcəsini ölçmək barəsində də düşünmüşəm. Amma belə bir cihaz tapa bilməmişəm və hətta öz-özümə demişəm ki, yaşının bu çağında torpaq üçün, səngər üçün alışıb-yanan, qovrulan Nemət Veysəlli kimi bütün Azərbaycan ziyalıları qovrula bilsəydilər bəlkə də bu gün cəhbə xətti heç Dağlıq Qarabağın ərazisindən çıxmayacaqdı və yaxud da ümumiyyətlə, olmayacaqdı. Bu mənim şəxsi fikrimdi. Qayıdaq onun yaradıcılığına.

Nemət Veysəlli nədən yazır yazsan, onu ustalıqla, publisistin səmimi peşəkar bacarığı ilə yazır. Oxuyursan baxıb görürsən ki, o, quru bir ağacı necə canlandırıb, necə ona yaşıl yarpaqlar, meyvələr bəxş eləyib. Özü də sözlə, qələmlə. Təkcə son kitablarını göz önünə gətirəndə, cəhbə xatirələrini gözdən keçirəndə həmin o dediklərimin bütünlüklə şahidi olmaq mümkündür. Bax elə, onun "Hələ ki, salamatam", "Yaş həddinə görə" kitabları və nəhayət indi barəsində yazmaq istədiyim "Piyadaların döyüşü" kitabları Azərbaycan publisistikası üçün, Azərbaycan jurnalistikası üçün dəyərli bir ədəbi nümunə, həm də öyrənmək istəyənlər üçün yaxşı örnəkdi.

"Piyadaların döyüşü" kitabını tələsmədən, həm də böyük bir maraqla oxudum. Bu kitab bir neçə fəsildən ibarətdir. Burda Azərbaycan mədəniyyətinin, kinosunun, təsviri sənətinin, musiqsininin, o cümlədən jurnalistikasının çox maraqlı məqamları toplanıbdır. Nemət Veysəlli Azərbaycan mədəni həyatının işıqlı simaları haqqında zaman-zaman yazdıqlarını, götürdüyü müsahibələri, o cümlədən də böyük Əziz Nesinin rus mətbuatına verdiyi müsahibəsinin tərcüməsini təqdim edibdir. Mən bu yazıları oxuduqca özüm üçün çoxlu sayda qeydlər etdim. Amma sonra gördüm ki, təkcə o qeydləri sıraya düzsəm çox böyük bir sitatlar silsiləsi yaranacaq. Bu da ki, gündəlik qəzetin imkanları xaricindədi. Ona görə hamımızın tanıdığı və böyük hörmət etdiyi insanlar barəsində olan yazılarının bir-ikisinin girişindəki ilk cümlələri sizlərə təqdim edirəm. "Dərs deməyə qalsa, elə hamı dərs deyir, di gəl hər müəllimin söylədiyi söz, çatdırmaq istədiyi fikir heçbütün tələbələrin yadında qalmır. Orada özünə yurd-yuva düzəldə bilmir. Bu günlərdə 60 yaşını qeyd etdiyimiz yazıçı Nürəddin Babayev təkcə bir saat dərs keçməsi, təkcə bircə dəfə auditoriyaya gəlməsi ilə də yadda qalır". Bu Azərbaycan jurnalistikasında özəl yeri olan Nurəddin Babayev haqqında yazılan yazının ilk cümlələridir. Və yaxud "Görünür hər şey insanın təbiətindədir. Mən hələ bu əlamətlərin ilk nişanələrini - 1960-cı illərdə görmüşəm. Tofiq hələ o vaxt ətə-cana dolmamışdı. Qara, çəlimsiz yeniyetmə idi. Necə deyərlər üfürsəydin yıxılardı. Hələ o vaxt Bakı Mahud Kombinantında fəhlə işləyirdi. Onu adamla ağzınacan dolu avtobusda axtarsaydınsa da tapmazdın". Bu cümlələr isə bu gün hər birimizin abi deyə üz tutduğumuz Tofiq Abdin haqqındadır...

Bəli, mənə elə gəlir ki, Nemət Veysəllinin "Piyadaların döyüşü" kitabı Azərbaycan publisistikası ilə maraqlanan hər kəs üçün həm oxunmaq, həm öyrənmək baxımdan çox dəyərlidir. Sadəcə bu dəyərli kitabı mən bir oxucu kimi sevdim və sizlərə təqdim edirəm. Onun barəsində tənqidçi, təhlilçi və nəhayət müləlim sözünü isə yəqin ki, daha nüfuzlu, daha dəyərli insanlarımız deyəcək. Buna şübhəmiz yoxdur. Mən Nemət Veysəllinin sandığından çıxan bu dəyərli yazılara və onların cəm olduğu kitaba görə ona təşəkkür edirəm. Necə deyərlər, yeni kitablar sorağı ilə, Allah amanında.

         

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 10 iyul.- S. 12.