İnsanlıq abidəsi

 

Dünyanın tanınmış söz - fikir adamlarından olan Xose Marti demişdir: "Dünyada ən çətin sənət insan olmaqdır".

"Azərbaycan ədəbiyyatında və mətbuatında özünəməxsus layiqli yeri olan Nahid Hacızadənin xoşbəxtliyi ondadır ki, o, eyni zamanda iki çox çətin sənətin kamil ustasıdır: yazıçı və insan (Əlövsət Bəşirli).

Yəqin elə buna görədir ki, Nahid Hacızadənin "Yada düşdü" xatirələr kitabının redaktoru, Azərbaycan şeirinin vicdanı Səməd Vurğun nəslinin yetirmələrindən olan Dilarə Vəkilova aşağıdakı cümlələri yazmağı özünə borc bilib": Hörmətli Nahid müəllim, son illər üzərində inadla çalışdığınız "Yada düşdü" kitabını maraqla oxudum, ürəklə, vicdanla redaktə etdim.

Var olun ki, həyatınız boyu ünsiyyətdə olduğunuz insanları - Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətində öz sözünü demiş məşhur söz və sənət adamlarını, el sənətkarlarını, zəhmət adamlarını, bir sözlə, Azərbaycan naminə yaşayıb-yaradan görkəmli simaları unutmamış, onlara bacardığınız qədər öz borcunuzu vermisiniz.

Siz müasir oxucuya, xüsusən də gənclərə çox örnək olacaq bu kitabın nəşrini gerçəkləşdirməklə yaddaşlarda yaşayan insanlara, həmçinin özünüzə sözdən bir abidə qoydunuz, əməlində nəciblik, sədaqət, etibar duran bir abidə - İnsanlıq abidəsi.

Kitabı əlinə alan hər bir oxucunun ilk və dəyişməz qənaəti belə olur ki, Nahid Hacıyev əvvəl - insandır - sonra yazıçıdır, əvvəl insandır - sonra vətəndaşdır, əvvəl insandır - sonra söz, vəzifə yiyəsidir.

Kitabın "İstəklər" fəslindəki materialların hər birinin müəllifi də bunu xüsusi qeyd etməyi özünün borcu bilmişdir.

"Sən özün bunca saf, kövrək, həssas, canıyanan, başqasının dərdinə, qayğısına şərik olmağı bacaran, hamıya xeyirxahlıq edən bir insan olmasaydıng qarşına bu qədər yaxşılıqlar çıxardımı, üzünə bu qədər qapılar açılardımı?!".

(Zülfüqar Şahsevərli)

 

"Nahid Hacızadə dostluğa möhkəm bir insandır. O, bir çoxları kimi vəzifəsi dəyişdikcə dostlarını da dəyişən, gündə bir "havaya oynayan" kəslərdən deyildir".

(Firuz Mustafa)

 

"Tanıyanlar, xatırlayanlar bilir ki, Nahid Hacızadə öz vaxtında televiziyada işləyən rəhbər yoldaşlar içərisində ən təmiz insanlardan biri idi.

(İradə Tuncay)

 

Əzizim Nahid,

Dəyişdi mühit,

Gör neçə igid,

Sən dəyişmədin.

 

Qoşuldun elə,

Çəmənə, gülə,

Çirkin əmələ,

Sən girişmədin.

 

(Həmid Abbas)

 

İndi 50 ilin uzaqlığına boylanıram, xatirələrimi varaqlayıram. Zahirən elə həmin Nahidsən - sadə, utancaq, təvazökar, qayğılı və qayğıkeş. Dəyişən - ağaran elə bircə o gur saçlarındır.

 

(Əlibala Hacızadə)

 

Ötən əsrin əllinci illlərinin ortalarında Gədəbəy rayonunun Sixış bölgəsindən Bakıya gələn bir kənd uşağının səsi zəhməti və istedadı sayəsində təkcə Azərbaycanda yox, ondan çox-çox uzaqlarda - Türkiyədə, İraqda, Rusiyada, Orta Asiyada, Baltik ölkələrində də eşidildi.

Uşaqlıq illəri son dərəcə məşəqqətli oldu, anadan yetim qaldı, lakin həyatdan, insanlardan küsmədi, əksinə, hər ikisini daha çox sevdi. Zəngin, əziyyətlərlə dolu, lakin ləyaqətli bir ömür yaşadı. 1955-60-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində təhsil aldı. Tələbəlik illərindən taleyini Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsi ilə bağladı. 1959-cu ildən başlayaraq burada müxbir, redaktor, şöbə müdiri, baş redaktor, sədrin birinci müavini vəzifələrində çalışdı. Fasiləsiz olaraq 20 il televiziyanın ədəbi-dram verilişləri Baş redaksiyasına rəhbərlik etdi. Sonrakı illərdə Azərbaycan "Bilik-Maarifçilik" cəmiyyəti sədrinin müavini, "Dalğa", "Gələcək" qəzetlərinin baş redaktoru, Diplomatiya Kollecində (indiki Avrasiya Universiteti) mətbuat və informasiya mərkəzinin Baş direktoru, "Şur" nəşriyyatının direktoru işləmişdir. Hazırda Respublika Xatirə Kitabı Redaksiyasının Baş redaktorudur.

Görkəmli yazıçı-nasir və dramaturq Nahid Hacızadə ədəbiyyat aləminə "Ulduz" jurnalında çap etdirdiyi "Kiçik miniatürlər"lə gəlmişdir. Bundan sonra "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Sovet kəndi" qəzetlərində, "Azərbaycan" jurnalı və başqa mətbu orqanlarında müntəzəm olaraq çıxış etmiş, oxucu rəğbətini qazanan əsərlərini çap etdirmişdir. Onun qələmindən çıxan hekayə, roman, povest və pyeslərindəki təbiilik, saflıq, paklıq, dil zənginliyi onun ədəbi taleyini şərtləndirən mühüm cəhətlərdəndir. "Yaşa, ey haqq", "Payız leysanları", "Dağlar yuxuma girir" əsərləri bir yazıçı kimi şöhrətlənib, ədəbi mühitdə təsdiq olunmasında mühüm rol oynamışdır.

Nahid Hacıyev eyni zamanda gözəl dramaturq kimi də tamaşaçıların sevimlisinə çevrilmişdir. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan, Bakı və Ağdam teatrlarında tamaşaya qoyulmuşdur. "Qisas qiyamətə qalmaz" və "Məhəbbət yaşadır" pyesləri ölkəmizin baş teatr ocağında - Akademik Milli Dram Teatrında öz səhnə təcəssümünü tapmışdır.

Nahid Hacızadə milli kinomuzun inkişafına da öz tövfəsini vermişdir. Onun şenasiləri əsasında 20-dən çox sənədli, bədii, televiziya və kino filmləri çəkilmişdir. O, "Yaşa ey haqq" və "Qayalarda qalan səs" televiziya tamaşalarının müəllifidir.

Nahid Hacızadə keçmiş Sovetlər məkanında yaxşı tanınan və ehtiram göstərilən ədiblərdəndir. Öz dövrünün mötəbər "Sovetski pisatel" nəşriyyatı yazıçının "Dağlar yuxuma girir" və "Hələ gec deyil" kitablarını çox böyük tirajla rus dilində çap etmişdir.

Yazıçının hekayə və məqalələri öz dövrünün "Oqonyok", "Nedelya", "Moskovski komsomolets" kimi məşhur və mötəbər ədəbi orqanlarında çap olunmuş, məşhur ədəbi simalar tərəfindən yüksək qiymətləndirilmişdir.

Dərdli müdriklərdən biri deyib: "Əyər dərdin tüstüsü olsaydı, bütün dünyanı tüstü basardı".

Vətəndaş yazıçı sızıldayan yaramız, 20 ildən çox tüstülənən dərdimiz olan Qarabağ probleminə də biganə qalmamış, "Son qəmin olsun Vətən", "Torpağın yeddi ağısı", "Yaz gününün işığı", əsərləri bu ağrılı mövzuya həsr edilmişdir. O, təsəllisini dərdlərini izhar etdiyi əsərlərində tapırdı. "Qalx, qalx, ulu torpaq" silsiləsindən olan şeirlərinə neçə-neçə vətənpərvərlik mahnıları bəstələndi. "Səslə bizi, Azərbaycan", "Köç yolları dönər geri", "Əsgər qardaş", "Qürbətdə qalan dağlar", "Yollarına baxa-baxa", "Qalx, qalx, ulu torpaq" mahnılarının sözləri bu qəbildəndir. Sonuncu mahnı isə Qarabağ müharibəsinin himninə çevrilmişdir.

Nahid Hacızadənin şeirləri görkəmli bəstəçilərimizdən H.Xanməmmədovun, A.Bəbirovun, C.Quliyevin, S.Kəriminin, T.Əkbərovun və başqalarının diqqətini cəlb etmiş, ürəkləri oxşayan, həsrət, vüsal, sevgi, çağırış, düz ilqar motivləri ilə dinləyiciləri məftun edən mahnılar meydana gəlmişdir.

Nahid Hacızadənin "Bir ana tanıyıram", "Dağlar yuxuma girir", "Bir ürəyin çağırışı", "Ömür gözləmir bizi", "Məhəbbət ölüncə var", "Qərib axşamlar" və başqa (cəmi - kitab) indi bütün yaşdan olan oxucuların kitab rəflərində öz layiqli yerini tutmuşdur.

Nahid Hacızadə ədəbiyyat və incəsənətimizin inkişafında və təbliğindəki fədakarlığına görə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. Ölkəmizdə yeganə sənətkardır ki, "SSRİ Televiziya əlaçısı" adını daşıyır. "Rəsul Rza" adına beynəlxalq, "Qızıl dərviş", "Araz" ədəbi mükafatları laureatıdır.

Ədəbiyyat və sənət aləmində yetərincə tanınmış yazıçı Umberto Eko 50 yaşında dünyaya səs salan "Qızılgülün adı" romanını çap etdirəndən sonra yazırdı ki, mən 50 yaşıma qədər yığdığım güc və enerjini sərf edib Himalay kimi bir dağı aşa bilərdim, ancaq oturub roman yazdım. Demək, yazmağın özü də gedilən yoldur.

Nahid Hacızadə "Yada düşdü" xatirə kitabını çap etdirənə qədər olduqca uzun və şərəfli bir ömür yolu keçmişdi: Kitabı oxuduqdan sonra xeyli fikirləşdim: bu kitabı yazmağa yazıçını sövq edən səbəb nə idi? Bu sual məndə əsassız yaranmamışdı. Bir çox məşhur simalar yazılarında, müsahibələrində dəfələrlə qeyd ediblər ki, xatirələrini yazırlarg Lakin ortalığa çıxarmadılar. Özləri ilə gedər-gəlməzə apardılar. Görəsən, nədən o yazıçılar sözlərinin üstündə durmadılar, vədlərinə əməl etmədilər? Bəlkə səhv edirəm, ancaq mənə belə gəlir ki, xatirələrini yazmayan yazıçılar, istəməyiblər qələm yoldaşlarının şöhrətini artırsınlar, onları daha da sevindirsinlərg Nahid Hacıyev isə istədi, həm haqqında xatirə yazdığı şəxsiyyətləri daha da sevdirdi, həm də özünü.

Konstantin Paustovskinin belə bir kəlamı var: dünyada yeganə, bircə həqiqi xəzinə vardırsa, o da yaxşı ürəkdir. Nahid Hacıyev hər şeydən əvvəl yaxşı ürək sahibi olduğundan, başqasının uğuruna, şöhrətinə darılmadığından xatirələrini yazdı.

Xatirələri oxuduqca insanın qəlbi iftixar hissi ilə dolur. Qışqırmaq, haray salmaq istəyirsən: İlahi, necə sevinməyəsən ki, sayca kiçik bir xalqın bu qədər çox və yaxşı sənətkarları var.

Filosof şairimiz Bəxtiyar Vahabzadənin qiymətli beytlərindən biri belədir:

 

İnsan göydə Ay kimidir,

Görünməyən tərəfi var.

 

Nahid Hacızadə haqqında xatirə yazdığı simaların görünməyən tərəflərini açıb göstərir.

"Bizim Bülbül - dünyanın Bülbülü" xatirəsindən öyrəndim ki, Stalinin bağ evindəki vallar kolleksiyasında Bülbülün də valı olub. Belə bir sənətkarı isə ölümündən bir az əvvəl "Qocalmısan" deyə təqaüdə göndəriblər.

"Bəzən bizə bədbəxt xalq deyirlər. Mən Sizin hər birinizdən soruşuram: Bülbül kimi dahini yetirən xalq bədbəxt ola bilərmi?"

Bəzi ağzıgöyçəklərin haqqında olmazın əhvalatlarını danışan Qurban Yusifzadə, sən demə, cənubi Azərbaycan üçün buraxılan "Azərbaycan" jurnalının bütün saylarını qırami bir xatirə kimi saxlayırmış.

Baş redaktoru olduğu "Azərbaycan Sovet Ensiklopediyasın"da işləyən vicdanlı bir jurnalisti şərləyib rüşvət almaq adı ilə tutdurmaq istəyirlər. R.Rza Mərkəzi Komitənin katibinə zəng vurub əsəbi halda deyir

- Yoldaş Zeynalov, Kələ-kələlərə gücünüz çatmır, yapışırsınız kərtənkələlərdən. Mən ürəkdən inanıram ki, o, bir qəpik də rüşvət almayıb. Mənim işçim həqiqətən də təmiz adamdır. Ondan əl çəkin, vəssəlam.

Bunla da hər şey bitir. Bir kəlmə kişi sözü ilə bir ailə bədbəxtlikdən qurtarır.

Səməd Vurğun sağalmaz dərdə mübtəla olub, ölümlə üz-üzə, göz-gözə dayananda Mirzə İbrahimov gecə-gündüz onun yanından, yastığı başından aralanmazdı.

Nahid Hacıyev Jurnalistlər İttifaqına Nəsir İmanquluyevin təklifi ilə qəbul olunub.

Radionun ərəb redaksiyasında təcrübə keçən Rəna adlı kasıb bir qızın nişan xərcini Aida İmanquliyeva və Əli Sultanlı çəkirlər.

"Şərqin səhəri" tamaşasının yaradıcı kollektivinin böyük bir qrupuna Dövlət mükafatı veriləndə, nədənsə əsərin müəllifi Ənvər Məmmədxanlı "unudulur".

"Ənvər Məmmədxanlı səhnəyə qalxanda məndən qabaqdakı sırada oturan qadın dərindən gələn bir səslə ah çəkdi:

- Özünü də yandırıb kül elədi, məni də.

O vaxt ailə qursaydıq, bizim də isti ocağımız, balalarımız olardı.

- Məni də bədbəxt elədi, özünü də. İkimiz də tək qaldıq.

" - Ola bilməz! - İlyas Əfəndiyevin səsinin ahəngi birdən-birə dəyişdi, - sənin üzü Moskvadan bəri bu qədər əsərin nəşr olunub, "Sovetsiki pisatel" nəşriyyatı hər adamı çap eləmir. Orada o boyda kitabın çıxıb. Yazıçılar İttifaqının rəhbərləri, qəbul komissiyasının üzvləri bunu niyə görmürlər?

Beləliklə, 1980-cı ildə Nahid Hacızadə böyük sənətkarın xeyir-duası ilə Yazıçılar İttifaqına üzv qəbul olunur.

Seyfəddin Dağlının təklifi və ssenarisi ilə Ə.Vahidin meyxanaları haqqında veriliş hazırlanır, meyxana efirdə vətəndaşlıq hüququ qazanır.

Radioda təzəcə ştata keçmişdim. Teymur Elçin məni yanına çağırtdırdı. Səsi elə bil ki, titrəyirdi:

- İstəyirəm səni öz ərizənlə işdən azad edib, Novruz Novruzovu sənin yerinə keçirəm. O, müharibə iştirakçısıdır. İki ayağı da protezdir. Ailəsi var, adamın yazığı gəlir.

- Teymur müəllim, Siz necə deyirsiniz elə də olsun.

- Qanın qaralmasın, - deyə saçlarıma əl gəzdirdi. İmkan yaranan kimi sənin də əmrini verəcəyəm.

Tezliklə Teymur müəllim məni yenidən ştata keçirdi...

"Əliağa Kürçaylının şeirlərinin televiziyaya yolu çox çətin olub. Senzor qol çəkənəcən daşdan daş qopurdu. Sən "Yedək gəmisi" deyəndə nəyi nəzərdə tutursan? Yəqin ki, Azərbaycanı".

"Qıfl" şeirinin üstündə əsil mərəkə qopdu, aləm bir-birinə dəydi. Xəbər gedib yuxarılara - Mərkəzi Komitəyə də çatmışdı. Efirdən qabaq gəlib lent yazısına da baxdılar. Yaxşı ki, biri şair idi. O, dedi: "Beləyə qalsa, gərək onda biz də ədəbiyyatımızın ağzına qıfıl vuraq. Əsil yazıçının da, şairin də ustalığı ondadır ki, sözünü eyhamla da olsa, deyə bilsin".

Şeirlər efirdə gedəndən sonra həmin o adam zəng vurub məni təbrik elədi:

- Halal olsun ona. "Qıfıl" doğrudan da yaşadığımız cəmiyyətə bir ittiham idi.

Kitabda Azərbaycanımızın 21 nəfər məhşur şəxsiyyəti haqqında xatirə, 17 nəfər sənətkarın yaradıcılığı haqqında məqalə toplanıb. Bunlar elə-belə, nağılvarı xatirələr, məlumat xarakterli məqalələr deyil. Hər bir xatirə, hər məqalə ölkənin taleyi ilə, ədəbiyyatımız və incəsənətimizlə, orda gedən proseslərlə sıx bağlıdır.

Yazıçı xatirə yazanda sənətkarın yaradıcılığını da təhlil edir, məqalə yazanda onun şəxsiyyətini də oxucuya təqdim edə bilir.

Sirr odur ki, açılanda yiyəsini üzüqaralığı yox, başucalığı gətirsin: Xatirələrdə belə ibrətamiz sirlər bəs qədərdir.

... "Gülüstan" poemasına görə başım nə qədər bəlalar çəkib? - Bunu bir Allah bilir, bir də mən. Yaman düşmüşdülər üstümə, gözümü açmağa qoymurdular. Həm maddi, həm də mənəvi sıxıntılar içində boğulurdum.

Belə günlərin birində evdən çıxanda gördüm ki, qapımızın ağzında bir zənbil var - özü də ərzaqla dolu. İstədim çıxıb gedəm işimin dalınca, uşaqlar gəldi gözümün qabağına. Elə bil kim isə qulağıma dedi: - Sizin üçün gətiriblər bu zənbili".

Həftə tamamında bu bir də təkrar olundu. Sonra yenə, yenə... maraq məni boğurdu: "Görəsən, kimdir bu xeyirxah adam?" Axır ki, zənbili gətirən uşağı yaxaladım. Əziz dostum, unudulmaz aktyorumuz Həsənağa Salayevin oğlu idi. Sən demə, Həsənağa məni utandırmamaq üçün belə edirmiş...

Zəng vurdum:

- Bu nə xəcalətdir, verirsən mənə?

- Nə xəcalət, - dedi, bəs, dost dosta nə gündə gərəkdir?...

... "Bəxtiyar müəllim "Şəhidlər" poemasının ilk fəsillərini televiziyaya təqdim etmişdi, istəyirdi ki, sözü isti-isti tamaşaçılara çatsın.

Veriliş efirə gedən gün teleşirkətin o zamankı sədri Qeysər Xəlilov daxili telefonla mənə zəng edib, bir az şübhəli-şübhəli:

- Poemanı gətir, mən də oxumaq istəyirəm - dedi:

Apardım. Qovluğu gözucu vərəqlədi. Səhifələri çevirdikcə rəngi avazıyırdı. Səbri çatmadı axıra qədər oxumağa, əsəbi halda üstümə qışqırdı:

- Bu nədir? Bombanı qoymusan stolumun üstünə? Görmürsən qan-qan deyir Bəxtiyar?

Poema ekranda getdi. O axşam milyon-milyon ürəyin dərinliyindən qopub gələn səslər birləşib xalq istəyinin nidasına çevrildi: "Ananın südü, bu torpağın çörəyi halal olsun sənə, şair!".

Bəli, xalq öz mərd oğlunu, dönməz şairini qəlbinin var səsilə alqışladı. Yuxarı dairələr isə bir-birinə dəymişdi. Bərk qorxurdular ki, bu "bomba"nın səsi gedib Moskvaya da çata bilər. Qeysər Xəlilova da möhkəm təpinmişdilər. O da fürsəti fövtə vermədi. Məni işdən - baş redaktor vəzifəsindən çıxardı.

Dünya ədəbiyyatının korifeylərindən biri olan L.N.Tolstoy yazıçı əməyini qul əməyinə bənzətmişdir. Yazıçı Nahid Hacızadə bu qul əməyinə qatlaşmışdır ki:

Bülbülün, Nazim Hikmətin, Əli Vəliyevin, Mir Cəlalın, Rəsul Rzanın, Mirzə İbrahimovun, N.İmanquliyevin, Ə.Məmmədxanlının, İ.Əfəndiyevin, Seyfəddin Dağlının, T.Elsinin, F.Köçərlinin, Ə.Kürçaylının, Ə.Xanbabayevin, T.Mütəllibovun, L.Məmmədbəyovun, V.Rüstəmzadənin, Ş.Əkbərzadənin, B.Vahabzadənin, Qabilin, Ə.Hacızadənin ruhları şad olsun, oxucu onların haqqında bilmədiklərini bilsin

N.Hacızadə vaxtilə "Mənsur şeirlər" çap etdirmək istəyib. Lakin bu sahəni bir növ özəlləşdirən məşhur yazar buna mane olub. Ancaq uzun illərdən sonra yazıçı xatirələrini elə səmimi, elə lirik yazdı ki, bunlar mənsur şeirə çevrildilər.

"İlyas Əfəndiyev sənətinə vurğunluğun, tükənməz sevginin təcəssümü olan nəfis nəşrləri minnətdarlıq duyğusu ilə bir-bir əlimə götürdüm -- əlim sevindi, baxdım, vərəqlədim - gözüm sevindi, qəlbim işıqlandı".

Onun iri həcmli, poetik, qəlbə qanad verən məqaləsini də birnəfəsə oxudum. Ruhən təzələndim, duruldum və İlyas Əfəndiyev qələminin ecazına, Yaşar Qarayev sözünün qüdrətinə yenidən vuruldum.

"Onlar - ata-bala bir-birləri ilə nəfəs alırdılar. Əliağa Kürçaylı sağalmaz xəstəliyə düçar olub, yatağa düşəndə Ülkər birdən-birə çiçək kimi soldu. O, atasından ayrı bir həyat təsəvvür edə bilmirdi. Qara-qorxunc fikirlər gecə-gündüz ona aman vermirdi: Atamın başına bir iş gəlsə, mən neyləyərəm?".

 

Bu, onun tale sualı, ölüm-qalım hıçqırığı idi.

Şair ürəyinin son çırpıntısı...

 

Və divarları titrədən haray... Bu, Ülkərin - qönçə qızcığazın ixtiyarını əlindən aldı. "Mən səndən sonra yaşaya bilmərəm, ata". O, qanadı qırılmış quş kimi səssizcə evdən çıxdı. Hara getdiyini özü də bilmirdi...

Xəzərin dalğaları onu qanadına aldı. Dəniz hönkürürdü... O gün ürəkləri yandıran əbədiyət ünvanlı bir dastan yarandı - Əliağa - Ülkər dastanı. Ata-bala sevgisinin şah nəğməsi!

 

O şey ki, insana tam aşıkardır,

Onda da gizli bir xəzinə vardır.

 

Əsrlərin o üzündən ili Nizaminin bu öyüdü gördüklərimizə bir də baxmağı, bildiklərimizi daha dərindən öyrənməyi vəsiyyət edir, bizə.

İlk baxışda tanıdığımız simaları N.Hacızadə yenidən tanıtdırdı bizə. "Məntiqi, düşündürən söz - gözəl sözdür" - deyib aqillər. Gözəl tanıtdırdı o simaları bizə yazıçı. "Mən yetim böyümüşəm, bütün gücüm insanlara sevgimdədi". Sevgi ilə tanındırdı o simaları bizə yazıçı. "Kim dədədi - dədələrdən danışar, kim gədədi gədələrdən danışar" - deyib aqillər. Dədələri tanıtdırdı bizə yazıçı.

 

"Böyüyünü tanıyanı Allah böyüdər!"

Böyüklərimizi tanıtdırdı bizə yazıçı.

 

Xeyirxah iş görəndə ürək cənnətdən gələn sevinc hissi ilə dolur. Sevindirdi oxucunu yazıçı, özü də sevindi. O, sözü ürəyinin kürəsində bişirib, təfəkkürünün zindanında döyüb sonra yazdı.

 

İlk payımız sevincdi,

Son payımız kədərdi,

Hər şey gəldi-gedərdi,

Qalan xatirələrdi.

 

 

Hörmətli Nahid müəllim, hiss edirəm ki, ürəyin tam boşalmayıb. Yeni xatirələr intizarı ilə:

 

 

Hacı Qulam Sadıq

 

Ədalət.- 2010.- 10 iyul.- S. 13.