ONLARIN DÜNƏNİ:
R.İBRAHİMBƏYOV:
"BU BİZİM NƏSİL
ÜÇÜN SON İMKANDI"-4
(əvvəli ötən şənbə
sayımızda)
Nə qədər
inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu
günümüz ONLARIN DÜNƏNİNdən
başlayıb. Onlar: sənətimizin və ədəbiyyatımızın
dünəni.
Dünən onlar kim idi,
hardaydılar və nələr yaşayırdılar?
Yeni ədəbi nəsil
üçün ibrətamiz və bir qədər də kədərli
olan O DÜNƏN və O DÜNƏNİN insanlarının
keçdiyi yol, bu gün üçün son dərəcə
gərəkli və daha qabarıq görünməkdədir.
Bu gün davamı
önümüzdəki həftələr də
yayınlanacaq yazıyla Xalq yazıçısı Rüstəm
İbrahimbəyovun DÜNƏNKİ KİMLİYİNDƏN
söz açmaq istərdik. Heç bir izahat vermədən
dünyamızda izi qalan insanlardan biridi Rüstəm
İbrahimbəyov.
Bu günləri gətirənlərin
sırasında ilklərdəndir.
Eynən bu rubrikada daha
kimlər olacaq. İzləməyə dəyər.
TEATRLARIMIZ HAQQINDA MƏQALƏLƏRƏ BAXSAQ
Bizim teatr haqqında məqalələri
oxuyanda görürük, paho, Şekspir Azərbaycanda
doğulub, bəs ən gözəl rejissorlar Azərbaycanda
yaşayır. Bakı ən teatral
şəhərdir. Və belə çıxır
ki, hər tamaşa şedevrdir və ortabab əsər
yoxdur. Əgər bu tamaşalar bizim səhnəmizdən
kənarda göstərilsə, həmin tamaşaları güman eləyirəm yerlə-yeksan eləyərlər
və filmlərimizlə müqayisədə mənə elə
gəlir ki, tamaşaların səviyyəsi
aşağıdır. Və beləliklə də, belə bir yalan fikir
yaranır ki, guya kinomuz zəifdir.
Bütün bu söhbətlərdən
sonra mən qayıtmaq istəyirəm sizi narahat eləyən
sualın ikinci hissəsinə, ona ki, biz tez-tez rus
aktyorlarını dəvət eləyirik. Bu məsələ
barədə deyim. Bütünlüklə mən başqa aktyorların
dəvət olunmasını çox pis hal hesab eləyirəm.
Mən bir şeyi deyim: operatoru çağırmaq olar, ancaq
aktyor öz xalqının ən vacib ən üzdə olan sifəti
olduğu üçün onların hardansa dəvət
olunması insafdan deyil. Mənim fikrimcə azərbaycanlını
ancaq azərbaycanlı oynamalıydı. Başqa cür ola
bilməz.
Ancaq bu sənətin
başqa bir tərəfi də var ki, bir də görürsən
Mastroyani Fransada çəkilir, fransız aktyoru İtaliyada
çəkilir və sairə. Və bir şeyi deyim ki, hər
bir sənətdə olduğu kimi aktyorluq sənətində
də böyük istedadlar, qabaqcıl aktyorlar var, mən
Kalyagini onlardan biri hesab eləyirəm. Və buna baxmayaraq
çox istərdim ki, mənim filmlərimdə
"İstintaq"da və bu yaxınlarda başa çatan
filmimdə azərbaycanlı aktyor oynayadı. Ancaq səviyyəcə
və imkanca "İstintaq"da qoyulan məsələnin həllini
indinin özündə də mən inana bilmirəm ki,
hansı Azərbaycan aktyoru eləyə bilərdi. Həmin
filmlərin rejissoru Rasim Ocaqov da eynilə bu fikirdədir. Bu məcburi
bir haldır. Mən bütün düzgün
olmadığını bilirəm və əgər bu
ümumi bir hal olsa, onda biz aktyor məktəbimizi yarada bilmərik
və bu doğru hal deyil. İncəsənətin
qaçılmaz qanunudur ki, azərbaycanlının rolunu azərbaycanlı,
gürcünün rolunu gürcü oynamalıdır. Buna
görə də Kalyagin nə qədər yaxşı oynasa
da, yenə də nəsə itirilir.
"İSTİNTAQ"da QARŞIMIZA MƏQSƏD
QOYMUŞDUQ Kİ...
"İstintaq"da
biz qarşımıza məqsəd qoymuşduq ki, aktyor öz
görümü ilə, hərəkətlərilə,
danışığı ilə inandırmalıydı ki,
belə adamlar var. Bunu heç bir Azərbaycan aktoru eləyə
bilməzdi. Biz bir də Kalyagin seçməklə onu demək
istəyirdik ki, göstərdiyimiz problem də təkcə Azərbaycanla
bağlı deyil. Buna görə biz güzəştə
gedib yad aktyoru çağırmışıq. Və şəxsən
mən lap açığını deyim, prinsipcə bunun qəti
əleyhinəyəm. Ancaq o ola bilər ki, Ocaqovun doğrudan
da, bu məsələyə fikri tamamilə ayrıdır, o
düşünür ki, tanınmış aktyoru
çağırmaqla Azərbaycan kinosunu daha yaxşı
tanımaq mümkündür və buna da onun haqqı var.
Bilirik axı, çox aktyorun xatirinə filmlər çəkilir,
belə bir termin də var: aktyor filmi. Tamaşaçılar
aktyora baxmağa gedirlər. Bizim aktyorlar bizə
tanınırlar və bizdə Kalyagin kimi akytor yoxdur. Və bu
da ümumi səviyyəmizdən asılıdır.
Keyfiyyət məsələsindən
danışanda deyim ki, Kinematoqrafiya institutunda hal-hazırda Azərbaycandan
oxuyan tələbələrin sayı bütün əvvəlki
illərdə olanlardan qat-qat çoxdur. Onlar qayıdıb gəlməlidir.
Bəziləri gəlib: "Vaqif Mustafayev, Cahangir Mehdiyev -
bacarıqlı gənclərdir.
KİNOMUZ KİMLƏRƏ ƏMANƏTDİ
Tofiq: Rüstəm
müəllim, siz deyirsiniz Vaqif bacarıqlıdı və
xatırladım ki, o bir film çəkib Ceyhun Mirzəyevlə
birgə - "Bəyin oğurlanması". Mənim fikrimcə,
bu film uğursuzdur və "Mozalan"dan səhnələri
xatırladır.
Rüstəm: Məsələ
burasındadı ki, Vaqifdə satiraya meyl güclüdür, o
molla Nəsrəddin lətifələrinin dəyərini bilir
və yumoru gözəl qavrayır. Bu belə. Vaqifi
qınamıram, ona görə ki, mən o filmin ssenarisi ilə
tanışam, zəif ssenari idi, rejissorlar özlərindən
nə qədər səhnələr əlavə eləsələr
də heç bir şey alınmadı. Ancaq filmdə elə bir keyfiyyət var ki, məhz bu rejissora aiddir və həmin
keyfiyyət bizim neçə-neçə
rejissorumuzda yoxdur. Bu film polifonikdir,
bu ilk filmlər ki, eyni zamanda
bir neçə süjet
var, hadisələr bir
neçə xətt boyunca davam eləyir. Və bu
hadisələri, bu xətləri bir-biriylə
bağlayıb başa çatdırmaq asan deyil. Bizim
bütün filmlərimiz monoxronikdir,
bu əsər isə polifonik.
Ancaq deyim ki, film özü
uğursuzdur. Buna baxmayaraq dediyim keyfiyyətlərə
görə biz, Vaqifə böyük
ümid eləyirik.
Mustafayevin bu filmə qədər
bir neçə qısametrajlı çəkilişi olub və
deyim ki, həmin əsərlər uğurlu idi. Və eyni
zamanda Yusifovun filmi. Tamaşaçı nöqteyi-nəzərindən
onun filmi də baxımlı deyil. Ancaq istedadlı əsərdir.
Peşəkarlıq baxımından ustalıqla çəkilmiş
filmdir. Bu əsərdə elə şeylər var ki, heç
bir Azərbaycan rejissoru onu eləyə bilməyib. Nə vacibdir:
bunların gəlişi. Bəlkə bu adamların heç
biri proofessional rejissor olmayacaqlar, ancaq onların bu günkü
gəlişiylə ümumi səviyyə yüksəlir.
Kino tənqidçisi
Dones Anarın "Qəm pəncərəsi" filmi
haqqında düzgün fikir söyləmədi və mənə
elə gəlir ki, o həmin filmi ümumiyyətlə,
başa düşməmişdi. Anarın məqsədi tamamilə
başqadır. O öz istəyinə nail olub və mən
onun işini uğurlu hesab eləyirəm. Bunun əksinə,
Dones Eldar Quliyevin son filmi "Şəhərkənarı gəzinti"
barədə elə danışdı ki, buya bu əsər
"Qəm pəncərəsi"ndən yüksək səviyyədə
durur, ancaq mən şəxsən belə hesab eləyirəm
ki, Eldarın bu filmi quramaçılığın ən
gözəl nümunəsidir. Vulqarçılığın
ən bariz nümunəsidir və təəccüblüdür
ki, bu tənqidçi həmin əsəri "Qəm pəncərəsi"ndən
üstün tutur. Bəla burasındadır ki, Eldar Quliyev də
məhz bu fikirdədir və ən böyük bəla da
burasındadır ki, çoxları bu fikirdədir. Lap elə
Tofiq Tağızadənin özü. Bunu bir misalla izah eləyim.
Məsələ bundadı ki, hər
kəs oxuduğu kitabdan
öz səviyyəsinə uyğun şeyləri seçib
götürür. Quranı,
Tövratı oxuyan hər bir
adam öz daxili ehtiyacından çıxış eləyib
nəticəyə gəlir. Və belə nəticəyə gəlmək
olar ki, Anarın
filmində adamlar o
şeyləri görürlər ki, ona görə bilirlər. Ancaq
onlar görünməz şeyləri
görmək istəmirlər. Eldarın filmində isə adamlar gördüklərini qəbul eləyilərlər
və bununla da film bitir. Və onların bu gördükləri orta
bir səviyyənin məhsuludur. Dones, Tofiq Tağızadə
və başqaları iddia edirlər ki, Eldar peşəkarcasına
çəkib. Ancaq bununla
başqalarını aldatmaq olar. Mən görürəm ki,
Eldar standart yollardan, şablon bloklardan istifadə eləyib. Mən
görürəm ki, rejissor
adamların həyəcanlanmasını necə də quru çəkilişlə göstərir, obyektiv həyəcanlanmış adamı
göstərmək əvəzinə onun ətrafında
fırlanır və mən görürəm ki,
insan heç vaxt belə həyəcanlanmır və bu vəziyyətdə olmur.
Bu ola bilər Tofiq Tağızadə üçün
tapıntıdır, mənim üçün
epiqonçuluqdur. Xrestomatik
metoddur. Məzmunca yalandır, dialoqlar təbii deyil. Yusifovun "Aşkar olunmayan şəraitdə" filmi
isə əksinə, inandırıcıdır və həyatidir.
Və mənim fikrimcə Yusifovun filmi yeni sözdür
kinomuzda. Bizim kinoda bu
çatışmır.
İndi istəsək də,
istəməsək də bizdə yeganə bir rejissor var, o da
Rasim Ocaqovdur. Bütün çatışmazlıqlara
baxmayaraq onun filmləri söz-söhbətə səbəb
olur. Bunu biz həm İttifaq daxilində hiss eləyirik və
həm də artıq bu filmlər barədə
İttifaqın qıraqda da danışırlar. Məndə
buna aid çoxlu ədəbiyyat var. Məsələ
burasındadır ki, Rasim Ocaqovun da özünün qəribə
draması var. Bildiyimiz kimi, o rejissorluğa uzun bir yol
keçib gəlib və bu uzun yol boyunca onun xalqa deyəcəyi
şeylər qarşısında çıxıb, həmin
şeylər yığılıb qalıb və indi Rasim
müəyyən mənada bunları demək istəyir. Ancaq
bu tale bayaq haqqında danışdığım rejissorlarda
yoxdur. Rasim Ocaqov yaxşı rejissordur, bacarıqlıdır,
ancaq onda da müasir baxım bir qədər
çatışmır. O gözəl bilir italyan neorealizmini və
onlara oxşamaq istəyir. Mən bir müqayisə deyim. Rasim
elə bir kostyum tikir ki, onun parçası yenidir, hər
şey yerindədir, ancaq son dəbdə deyil. Rasim bu dəbi
unudur və onun filmlərində də bu dəb
çatışmır. O elə rejissordur ki, ancaq və ancaq
özündən gəlir onun elədikləri, o heç kəsə
oxşamaq istəmir, heç kəsdən götürmək
istəmir. Mən deyim ki, Rasimin son filmi onun əvvəllər
çəkdiyi "Ad günü" filmindən daha gözəldir,
daha savadlıdır. Rasim hiss elədiyi, duyduğu kimi də
çəkir, bununla da o gözəl inkişaf edir. Onun son
filmində montaj, ikinci plan, ətraf mühit tamamilə
seçilir və gözəl lentə alınıb.
Unutmaq lazım deyil ki,
bu yenidənqurma dövründə, bundan qabaqkı illərdə
həmişə adamlar tapılıb ki, yeni olan hər
şeyin əleyhinə gedirlər. Və onu da unutmayaq ki,
yeniliyi müdafiə eləyən, onun üçün həyatını
qurban verən adamları da az tanımırıq. Bu
dünyanı gözəlləşdirən sonunculardır.
Son
Tofiq Abdin
Ədalət.- 2010.- 10 iyul.- S. 15.