Milli şüurun əbədiyaşar simvolu

 

Heydər Əliyev: "Bizim vətəndaş borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, mədəniyyətimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir"

 

Milli-mənəvi dəyərlər və azərbaycançılıq - bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması, xalqımızın bu dəyərlərə sadiqliyinin nümunəsidir. Yeni qurulan cəmiyyətdə əsaslılıq təşkil edən bu amilin qorunub-saxlanılması, onun daha da zənginləşdirilməsi, maarifləndirmə baxımından onu dərk etməyənlərə aşılanması mühüm vəzifələrdən biri kimi o zamankı rəhbərliyin ümdə borcu idi. Fəqət, yenicə müstəqillik qazanmış Azərbaycanda cərəyan edən hadisələr, ölkədə hökm sürən böhranlı vəziyyət və digər acınacaqlı faktorlar xalqımızı yenidən vassallığa doğru sürükləməklə yanaşı, sözügedən dəyərlərin növbəti dəfə itirilməsinə şərait yaradırdı.

 

Məhz bu şəraitdə xalqın onu anlaya biləcək, öz dilini, dinini, milli mədəniyyətini, adət-ənənələrini inkişaf etdirəcək, özünə qayıtmasına imkan yaradacaq Öndərə ehtiyacı var idi.

Xalqın tələbi ilə 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev qısa müddətdə bütün negativ hallara son qoymaqla yanaşı, qeyd olunan bu amilləri prioritet vəzifə olaraq həyata keçirməyə başladı. "Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir" kimi əvəzedilməz tövsiyəsini verən Heydər Əliyev dühası milli-mədəni irsimizin, tariximizin ideoloji buxovlardan və qadağalardan xilas olmasına stimul verdi.

Xalqının rəhbəri olmaqla yanaşı, Millət Atası kimi qəbul edilən Dahi Şəxsiyyət Heydər Əliyev zəngin tariximizi öyrənməkdə, milli-mənəvi dəyərlərimizə yiyələnməkdə, azərbaycançılığı hər zaman yüksək mövqedə tutmaqda olan gənc nəslin milli ruhda tərbiyə olunmasını əsas vəzifələrdən biri kimi hesab edib. O, bu barədə bəhs edərkən deyirdi: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz".

Maraqlı məqamlardan biri də odur ki, Ümummilli lider Heydər Əliyev tariximizin zənginliyindən bəhs edərkən, onu mənəviyyatımızla sıx əlaqədə uzlaşdırıb və vurğulayıb ki, "xalqımızın tarixinin özəyini təşkil edən bütün mərhələlərdə zəngin mənəviyyat olmuşdur və keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran da, bizim üçün nümunə edən də onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır".

Azərbaycançılığın və milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, bu məfkurənin təkmilləşdirilməsində doğma dilimizin də müstəsna rolları mövcuddur. Tarixlər boyu bir sıra milli dillər kimi Azərbaycan dili də hədsiz ədalətsizliklərlə qarşı-qarşıya qalıb. Ayrı-ayrı zamanlarda, o cümlədən, Sovet hakimiyyəti dönəmlərində Azərbaycan dilinin qanuni hüququnun bərpası, özünə qaytarılması üçün göstərilən cəhdlər ciddi müqavimətlərlə qarşılaşırdı. Məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyası qəbul olunarkən, orada Azərbaycan dilinin dövlət dili statusu təsbit olunmuşdu. Buna baxmayaraq, Sovetlər birliyinin ümumi dili olan rus dili ümumi danışıq dili olduğundan Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsi istiqamətində ciddi maneələr yaradılmışdı. Yalnız ölkəmizdə müstəqillik elan edildikdən və ulu öndərimiz ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, onun qayğısı sayəsində Azərbaycan dilinin bütün hüquqları özünə qaytarıldı. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq referendumu əsasında qəbul olunmuş ilk Konstitusiyasının 21-ci maddəsində təsbit olundu ki, "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".

Azərbaycan dilinin dövlət dili statusunda yalnız azərbaycanlılara deyil, ölkəmizdə yaşayan bütün xalqlara eyni dərəcədə sədaqətlə xidmət etməsi milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı baxımından yeni bir mərhələni təşkil edir. Əbədiyaşar rəhbərimiz Heydər Əliyevin "Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı buna imkan verir və o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur" ifadəsi doğma dilimizin hərtərəfli ali xüsusiyyətlərə malik olmasını isbat etmiş olur.

Azərbaycançılığın və milli irsin qorunub saxlanılmasında mədəniyyətin də xüsusi rolu mövcuddur. Belə ki, mədəniyyət anlamı bir xalqın milli irsinin, tarixi zənginliyinin, dilinin və dininin bariz göstəricisidir. Nəzərə alsaq ki, mədəniyyət və incəsənət xalqlar və millətlər arasında heç bir tərcüməyə ehtiyacı olmayan ən yaxşı ünsiyyət vasitəsidir, bu zaman tam əminliklə söyləyə bilərik ki, Azərbaycan zəngin mədəniyyəti ilə dünyaya inteqrasiya edərək öz aliliyini, qədim tarixini ən yüksək səviyyədə nümayiş etdirməkdədir. Bu mənada milli-mənəvi dəyərlərimizdən qidalanan qədim Azərbaycan mədəniyyəti yeni epoxada həqiqətən misilsiz tərəqqi və təkmilləşmə yolu keçib. Milli-mənəvi irsimizin, mədəniyyətimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, təbliğində, dünya miqyasında tanınaraq bəşəriyyət tərəfindən sevilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Heydər Əliyev şəxsiyyətinin Azərbaycana rəhbərlik etdiyi dövrü ölkə mədəniyyətinin tarixində intibah dövrü adlandırsaq yanılmarıq. Istər klassik ədəbi irsimizin təbliği və dünya miqyasında təsdiqi, istərsə də mədəniyyətin bir çox sahələrinin nəzərəçarpacaq inkişafı sahəsində Ümummilli liderimizin xidmətləri əvəzsizdir. "Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək" söyləyən Heydər Əliyev Azərbaycan mədəni həyatının ideoloji təşəbbüsçüsü, ilhamvericisi və təşkilatçısı olub.

Ədəbiyyata, incəsənətə, bütövlükdə mədəniyyətə sıx bağlılıq bu böyük şəxsiyyətin fitri istedadından, yaradıcı təbiətindən və milli irsə olan diqqətindən qaynaqlanırdı. Dahi şəxsiyyət Heydər Əliyev həm Allah vergisi, həm gözəllik duyumu, həm də fəhmi ilə əsil sənəti qiymətləndirməyi bacarır, hər hansı sənət əsərinə ilk növbədə bir sənətkar kimi yanaşırdı.

Ulu öndər 1300 il yaşı olan "Kitabi Dədə Qorqud" kimi qədim yazılı abidələrimizin, Füzuli, Nizami, Nəsimi kimi söz korifeylərimizin yubileylərini dünya miqyasında keçirməklə həm Azərbaycan xalqının irsini, mədəniyyətini bütün planetə tanıtdırdı, həm də onların Azərbaycana məxsusluğunun təsdiqinə nail oldu. Bu addım həm də qonşu dövlətlər tərəfindən alınmağa cəhd göstərən milli irsimizin birdəfəlik xalqımıza qaytarılması demək idi.

Heydər Əliyev mədəniyyət və incəsənətimizin klassikləri ilə yanaşı, müasirlərimizin yubiley mərasimlərini, yaradıcılıq gecələrini keçirməklə, belə tədbirlərdə bilavasitə iştirak etməklə, mədəniyyət xadimlərimizi Vətənin ən yüksək mükafatları ilə təltif etməklə, bir tərəfdən onların yaradıcılıqlarına, fəaliyyətlərinə yüksək qiymət verirdisə, digər tərəfdən mədəniyyətimizin təbliği üçün əvəzsiz xidmətlər göstərirdi.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi və iştirakı ilə Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələri inşa edilib, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun, Səməd Vurğunun, Niyazinin və başqa mədəniyyət xadimlərinin ev muzeyləri yaradılıb. Zəngin mənəvi irsimizin qorunmasında, inkişafında, böyüməkdə olan nəsillərin milli-mədəni ənənələrimiz ruhunda tərbiyə olunmasında əvəzsiz rol oynayan əsaslı işlər bu gün mənəviyyat, mədəniyyət faktoru kimi xalqımızı öz soy-kökü ilə əbədi birləşdirib.

Heydər Əliyevi bir şəxsiyyət, dövlət xadimi və Lider kimi dəyərləndirən aparıcı keyfiyyətlər sırasında millilik, milli köklərə bağlılıq daim öndə olub. O, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ürəyinin ən dərin guşəsinə qədər Milli Lider olduğunu nümayiş etdirib. Bir daha qətiyyətlə vurğulaya bilərik ki, azərbaycançılığın inkişafı və qorunması, əxlaq normalarımızın, dinimizin, dilimizin, tariximizin, mədəniyyətimizin, mənəviyyatımızın yüksəldilməsi, gənclərin milli ruhda tərbiyə edilməsi onun liderlik qayəsini təyin edən cəhətlərdən idi. Milli mənəviyyatı və milli qüruru yüksəldən, milli şüuru və milli ruhu zənginləşdirən özünəqayıdış prosesi Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, diqqəti və təşəbbüskarlığı sayəsində reallıq amilinə çevrilib.

Bu gün Azərbaycan xalqı əbədiyaşar öndərimizin dəyərli tövsiyələrini həyata keçirərək tarixi keçmişinin çox qiymətli səhifələrini vərəqləyib zəngin tarixini gələcək nəsillərə aşılayır. Xalqımızın hər bir övladı isə öz tarixi keçmişini, milli mənəviyyatını, varisi olduğu mədəni irsi dərindən öyrəndikcə qürur hissi duymağa başlayır və təbii ki, bununla fəxr edir, necə ki, o Böyük insan bu möhtəşəm hisslərlə yaşayırdı: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən AZƏRBAYCANLIYAM!"

  

  

İradə ƏLİYEVA

 

Ədalət.- 2010.- 6 iyul.- S. 4.