Tarix və siyasət

 

Bütün tarixi dövrlər və problemlər üzrə mükəmməl tarixçi olmaq mümkün deyil. Buna heç insanın fiziki imkanı da yoxdur. Ona görə də həmin tarixçidən sonra gələn və yeni faktları üzə çıxaran gənc bir tədqiqatçı əvvəllər yazılmış əsərlərə fərqli baxışı ortaya qoyur və beləliklə, tarixin açılmamış, gizli, yeni qatlarını üzə çıxarır. Burada çox şey tarixçinin araşdırıcılıq bacarığından, mötəbərlik dərəcəsinə görə hansı mənbələrlə işləməsindən, onları necə öyrənməsindən və nəticələr çıxarmasından asılıdır. Məlumdur ki, tarixçi tədqiqatını mənbələr əsasında aparır. Tarixçi araşdırdığı tarixi keçmişlə heç bir zaman birbaşa ünsiyyət qura bilmir. Onunla mənbələr vasitəsi ilə tanış olur. Tarixi tədqiqatın özünəməxsusluğu da elə bundan ibarətdir. Tarixçi ilə tarix arasında vasitə, körpü tarixi mənbədir. Tarix mənbələri mötəbərlik dərəcəsinə görə bir neçə qrupa bölünür. Onları adətən ən mötəbər, mötəbərliyi az olan, mötəbərliyi şübhə doğuran və mötəbər olmayan mənbələrə və s. ayırırlar.

Ən mötəbər mənbələr heç şübhəsiz, uzun illər boyu arxivlərdə saxlanılan məxfi rəsmi dövlət sənədləri, gizli rəsmi yazışmalar, zamanında bilinməyən dövlət və hökumət siyasətini müəyyənləşdirən məlumatlar və göstərişlərdir. Mənbələr xarakterinə görə də müxtəlifdir. Baş vermiş bir hadisə mənbələrdə çox vaxt fərqli əks olunur.

Məsələn, 1917-ci il oktyabr çevrilişini bolşeviklər mənbələrində bir cür, o vaxtadək hakimiyyətdə olmuş müvəqqəti hökumət və strukturları, xarici ölkələrin rəsmi qurumları tərəfindən isə tamam əks qiymətləndirilir. Belə şəraitdə əgər tədqiqatçı bu və ya digər tərəfin mövqeyini müdafiə edəcəksə, onda heç vaxt obyektivliyə iddia edə bilməyəcək. Əksinə, bütün tərəflərin mövqelərini verməyə cəhd edən tarixçi obyektivliyə çalışdığı üçün digərlərindən fərqlənəcək.

Üzərində işlədiyi mənbəni təhlil və şərh vermədən təqdim edən tarixçinin əsəri necə yüksək dəyərli ola bilər? Bəzən bütöv bir arxiv sənədi və ya digər tarixi mənbə kitabın səhifələrində heç bir təhlil aparılmadan bir-birinin ardınca düzülərək təqdim edilir. Bunun tarixi tədqiqatların metodologiyasına uyğun olmadığı və bütövlükdə müasir tarixçiliyə uyğun gəlmədiyi kimsədə şübhə doğurmamalıdır. Tarixçi əldə etdiyi mənbədəki məlumatları əgər digər mənbələrlə tənqidi təhlil əsasında müqayisə edirsə, o zaman müəyyən obyektivliyə də iddia edə bilər.

Tarixi mənbənin informasiya verimi adətən tükənmir. Tarixçilər bir mənbəyə müxtəlif yöndən yanaşaraq bir neçə məqsəd üçün istifadə edirlər. Fərqli qiymətləndirirlər. Tarixçi üçün ən mötəbər mənbə məxfi rəsmi sənədləri özündə birləşdirənlərdir. Ayrı-ayrı qeyri-rəsmi şəxslərin yazdıqları şəxsi məktublar, mülahizələr subyektiv xarakter daşıyıb tədqiqat zamanı əhəmiyyət daşısalar da, mötəbər mənbə olmağa iddialılar cərgəsində arxada gəlirlər. Mənbənin zahiri daxili tənqidini verməyən tarixçinin əsəri mükəmməl olmağa necə iddia edə bilər? Ümumiyyətlə, tam mükəmməl, bitkin, araşdırılmasına son qoyulmuş problem heç bir zaman olmur.

Məlum olduğu kimi, bəzi arxiv sənədləri uzun illər boyu məxfi saxlanılır. Tədqiqatçıların istifadəsinə verilmir. Bəzi ölkələrdə məxfiliyin müddəti 30, bəzilərində 50 il və s.-dir. Belə olduqda "filan problemin araşdırılması dövrü hələ gəlib çatmayıb" deyənlər də tapılır. Bu yanaşma doğru olmadığı kimi, tədqiqatlara yanaşma baxımından da ziyanlıdır. Çünki tarixçi həmin sənədlərin nə vaxtsa açıldığını oturub gözləyə bilməz. Buna heç fiziki imkan da yoxdur. Ona görə də tədqiqatçı tədqiqat obyekti kimi seçdiyi problemi istifadəsi mümkün olan mənbələr əsasında araşdırır, gələcək araşdırıcılar isə bu problemə qayıdaraq öyrənilməsini yeni mənbələrlə dərinləşdirirlər.

Beləliklə, tarix araşdırmalarında qazanılan uğurlar möhkəmləndirilir. Yaxşı əsərlər meydana çıxır. Amma ən mötəbər mənbələr əsasında yazılmış əsərlər əgər gözəl yazılmırsa, geniş oxucu kütləsi də tapa bilmir. Onsuz da indiki informasiya texnologiyaları dövründə çoxlu amillərin təsiri altında kitab oxuyanların sayı getdikcə azalır.

Elə isə tarixçinin əsərinin dili necə olmalıdır? Əsərin dili. Tədqiqatçılar çox gözəl bilirlər ki, əsərin dili xeyli vacib olan məsələlərdən biridir.Tarixçi araşdırdığı problemi mürəkkəb, hərtərəfli, dərindən araşdırmağa çalışmalı, lakin sadə, anlaşıqlı yazmalıdır. Buna əməl etmək çətin olsa da, zəruridir. Monoqrafiyalarda bir səhifədə "arayışda deyilirdi ki," "...göstərilirdi ki," və s. yazılması, bir cümlədə bir neçə dəfə "ki" verilməsi, mübtəda ilə xəbərin yerinin dəyişik salınması təkcə oxucunu yormur, eyni zamanda tarix dilimizi korlayır. Ana dilimizi zibilləyir.

Tədqiqatlarımızda ana dilimizin saflığının qorunması araşdırıcıların ən mühüm qayğılarından biri olmalıdır. Elm adamlarının, tarixlə maraqlanan sadə oxucunun başa düşmədiyi dildə yazılan bir əsəri necə uğurlu saymaq olar? Belə əsərlərin müəllifləri bilərəkdən və ya bilməyərəkdən ana dilimizi inkişaf etdirmirlər, əksinə ağırlaşdıraraq geri atırlar. Tarixçi ana dilini təkcə sevməməlidir. Onu zənginləşdirməyi bacarmasa da, qorumağa borcludur. Çünki bu, onun ana dilidir, anasının dilidir. Fikrimizcə, ölkəmizin dilçi alimləri və tarixçilərinin birgə iştirakı ilə tarixi tədqiqatlarda dil məsələlərinə həsr edilmiş müzakirələrin keçirilməsi faydalı olardı.

 

 

Musa Qasımlı

 

Ədalət.- 2010.- 6 iyul.- S. 4.