Heydər Əliyev Fondunun mədəni inkişafa növbəti töhfəsi

 

Bakının Türkan qəsəbəsində yeni Mədəniyyət mərkəzi istifadəyə verilib

 

İyulun 7-də Bakının Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş Mədəniyyət mərkəzinin açılışı olub. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iştirak ediblər.

Azərbaycanın birinci xanımı və qızı mərkəzin açılışını bildirən lenti kəsdikdən sonra bina ilə yaxından tanış olublar. Məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mərkəzin inşasına 2009-cu ilin fevralında başlanılıb. Binanın ümumi sahəsi 1500 kv m-dir. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Türkan və ətrafdakı qəsəbələrin uşaqları burada fəaliyyət göstərəcək bir çox dərnəklərdə məşğul olacaqlar.

Mərkəzin oxu zalı və kitabxanası ilə tanışlıq zamanı bildirilib ki, burada Azərbaycan, rus, ingilis dillərində müxtəlif sahələri əhatə edən kitablar toplanıb. Kitabxanada, həmçinin, ulu öndər haqqında kitablar, Heydər Əliyev Fondunun nəşrləri də yer alıb.

Məlumat verilib ki, idmanın intellektual növünə həvəs göstərən gənclər üçün mərkəzdə şahmat dərnəyi fəaliyyət göstərir. Təcrübəli mütəxəssislər uşaqlara şahmatın sirlərini öyrədəcəklər.

Mehriban xanım Əliyeva uşaqların informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri üçün mədəniyyət mərkəzində fəaliyyət göstərən kompyuter dərnəyi ilə də tanış olub. Burada gənclərə kompyuter bilikləri veriləcək, müxtəlif proqramlar öyrədiləcək. Kompyuterlərin hamısının internetə çıxışı var. Azərbaycanın birinci xanımı rəsm dərnəyində balaca rəssamların əl işləri ilə tanış olub.

Binanın ikinci mərtəbəsində müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 250 nəfərlik geniş akt zalı ən son avadanlıqla təchiz edilib. Bina fərdi havalandırma sistemləri ilə təchiz olunub. Mədəniyyət mərkəzi üçün ayrılan ərazidə gözəl park salınıb.

Mehriban xanım Əliyeva və qızı Leyla Əliyeva parkın ərazisi ilə də tanış olublar. Ərazi zəngin bitki örtüyü ilə göz oxşayır. Heydər Əliyev Fondunun prezidenti 2008-ci ildə burada olarkən ərazidəki ağacların qorunmasının vacibliyini bildirmişdi. Burada 7 min 500 kvadratmetr sahədə qazon salınıb, müasir işıqlandırma sistemi qurulub. Parkda uşaqların əylənməsi üçün meydança yaradılıb, balacalar üçün müxtəlif attraksionlar qurulub. Burada ana və uşaqlar üçün nəzərdə tutulan çay evi də inşa edilib.

Mehriban xanım Əliyeva görülən işlərdən razılığını bildirib.

Sonra Mehriban xanım Xəzər rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Mədəniyyət mərkəzinin açılması münasibətilə türkanlıları təbrik edən Mehriban xanım Əliyeva binanın inşasına dair qəsəbə sakinləri ilə müzakirələri yada salaraq bildirib ki, Azərbaycanın bütün başqa bölgələrində olduğu kimi, Xəzər rayonunda da geniş abadlıq-quruculuq işləri gedir: "Yeni təhsil müəssisələri, səhiyyə obyektləri, mədəniyyət ocaqları tikilir, istirahət parkları salınır. Bu hər birimizi sevindirir".

Mədəniyyət mərkəzinin ətrafında gözəl, səliqəli parkın salınmasının sakinlərin istirahəti baxımından əhəmiyyətini vurğulayan Mehriban xanım deyib ki, burada dincəlmək üçün hər cür şərait yaradılıb.

O, qeyd edib ki, mədəniyyət mərkəzində fəaliyyət göstərən müxtəlif dərnəklər, şahmat məktəbi, rəsm sinfi uşaqların dünyagörüşünün zənginləşməsi, biliklərinin artırılması baxımından mühüm rol oynayacaq. Rayonda görülən işləri yüksək qiymətləndirən Mehriban xanım Əliyeva burada əhalinin vəziyyəti ilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Xalq artisti Ağaxan Abdullayev, qəsəbə ağsaqqalı Əli Əliyev, rayon sakinlərindən Tamilla Muradova, Şükufə İbrahimova göstərilən diqqət və qayğıya görə Mehriban xanıma Xəzər rayonu sakinləri adından minnətdarlıq ediblər. Onlar Türkanda belə bir mədəniyyət mərkəzinin açılmasının qəsəbə sakinlərində dərin razılıq hissi doğurduğunu xüsusi vurğulayıblar.

Tədbir iştirakçıları Mehriban xanımın mədəniyyətə, təhsilə, sənətkarlara, ziyalılara qayğısını yüksək qiymətləndirərək bildiriblər ki, o, Milli Məclisin deputatı kimi bu rayonun problemlərinin həllini həmişə diqqətdə saxlayır. Rayonun qəsəbə və kəndlərində geniş abadlıq-quruculuq, yenidənqurma işləri aparılır, yeni sosial obyektlər tikilir, yollar çəkilir, yeni iş yerləri açılır.

Sakinlər qarşıdan gələn parlament seçkilərində Mehriban Əliyevaya dəstək olacaqlarını söyləyərək onu öz rayonlarında yenidən deputat kimi görməkdən məmnun qalacaqlarını bildiriblər.

  

  

Elnur Musayev

 

Ədalət.- 2010.- 13 iyul.- S. 4.