AZƏRBAYCAN ETNİK MƏDƏNİYYƏTİ
Coğrafi baxımdan
Avropa və Asiya qitələrinin sərhəddində yerləşən
müasir Azərbaycan tarixi keçmişdə müxtəlif
sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər,
türk-oğuz mədəniyyətlərinin kəsişməsində
bərqərar olmuşdur. Lakin maddi və mənəvi dəlil
kimi tarixi abidələrdə təcəssümünü
tapmış bütün bu mədəni simbioz və rəngarəng
ənənələrlə yanaşı, Azərbaycanın
çiçəklənməsi fenomeni onun etnogenezi ilə, bədii
yaradıcılığın ən müxtəlif sahələrində
ecazkar incilər yaradan xalqla bağlıdır.
Azərbaycan etnosunun
tarixini nəzərdən keçirsək, görərik ki,
respublikamızın əhalisinin 90% -ni təşkil edən azərbaycanlılardan
başqa, bu etnosun təşəkkülündə əsrlərdən
bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar
iştirak etmişlər. Onların arasında Altay ailəsinin
türk qoluna məxsus (azərbaycanlılar, tatarlar, mesxeti
türkləri), həmçinin hind-avropa (tatlar,
talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz
(udilər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar,
qrızlar, xınalıqlar), slavyan (ruslar, molokanlar,
ukraynalılar) dil qruplarının təmsilçiləri
vardır.
XX əsrin sonunda
keçmiş SSRİ respublikaları dövlət müstəqilliyinin
bərpası yolunda tarixi imkan əldə etdilər. Keçmişə,
milli şüurun təşəkkülünə və
inkişafına, mədəni sərvətlərin yenidən
dəyərləndirilməsinə, tarixi yaddaşın
aktuallaşdırılmasına maraq artdı. Bununla
yanaşı, müasir dünya birliyinin inkişafında
"qloballaşma" aparıcı təmayülə
çevrildi ki, bu da müxtəlif ölkə və xalqlar
arasında sərhədlərin silinməsinə əsaslanır,
insanları yaxınlaşdırır və vahid ümumbəşəri,
planetar mədəniyyətin təşəkkülünə
və inkişafına şərait yaradır. İdeoloji,
siyasi və dil baxımından maneələrin silinməsi mədəniyyətlərdəki
rəngarəngliyin itməsinə və yekrəngiliyinə gətirib
çıxarır. Belə yekrənglik isə polimədəniyyətə
malik cəmiyyət daxilində özünəməxsus etnik mədəniyyətlər
üçün xüsusilə məhvedici ola bilər.
Sadalanan ictimai - tarixi
hadisələr dalğasında respublika rəhbərliyinin
balanslaşdırılmış siyasətinin əsas məsələlərindən
biri dövlətin polietnik əhali kütləsinin qorunub
saxlanılmasından ibarətdir. Bu da xalqın mədəni
genofondunun determenantı kimi, etnik mədəniyyətin - dil,
xalq incəsənəti, xalqın maddi mədəniyyəti,
adət və ənənələri, etika, ənənəvi
tərbiyə sistemi və s. bu kimi ünsürlərini
özündə ehtiva edir.
"Azərbaycanda
yaşayan milli azlıqların, azsaylı xalqların və
etnik qrupların hüquq və azadlıqlarının
qorunması, dil və mədəniyyətlərinin
inkişafı üçün dövlət yardımı
haqqında" 1992-ci ildə verilmiş sərəncamı ilə
başlanmışdır. Sərəncamın məzmununda
etnik azlıqların təhsil, mətbuat, mərkəzi
televiziya və radio ilə xüsusi verilişlərin təşkili,
həmfikirlik və ədalətlilik, tolerantlıq və həqiqilik,
bərabərlik və əməkdaşlıq hüquqları
təsbit edilir.
Bu sərəncamın
uğurla həyata keçirilməsi ona gətirib
çıxarmışdır ki, yeni Azərbaycanın vətəndaşlarının
bugünkü süurunda üç komponentin vəhdəti
kök salmışdır: bunlar öz etnosuna mənsubluq
haqqından (istər azərbaycanlı, istər tatar, istər
talış, istərsə də rus olsun), öz milli ənənələrinə
və öz xalqının tarixinə hörmət və məhəbbət
hissindən, milli dilin və milli mədəniyyətin öyrənilməsi
meyllərindən ibarətdir. Eyni zamanda, onların
çoxmillətli Azərbaycan cəmiyyətinə və nəhayət,
dünya birliyinə mənsubiyyət hüququnun təsdiqi, təkcə
öz xalqının və çoxmillətli ölkəsinin
taleyi üçün deyil, həmçinin, bütün
dünyanın taleyi üçün məsuliyyət hissinin
aşılanması bu qəbildəndir.
Şübhəsiz, elə
bir xalq yoxdur ki, etnik mədəniyyətin qorunması və
inkişafı problemi ilə qarşılaşmasın. Məlumdur
ki, ümumi amal insanları birləşdirir. Əsas məqsəd
- millətin və onun mədəniyyətinin qorunması, yeni
bilgilərlə zənginləşdirilməsi, həm əvvəlki,
həm də indiki nəsillər tərəfindən
toplanılan biliklərin gələcək nəsillər
üçün qorunub saxlanılması ilə
bağlıdır.
Azərbaycan xalqı,
yuxarıda qeyd edildiyi kimi, respublika cəmiyyətinin əsas
hissəsi olan azərbaycanlılardan və ölkənin
müxtəlif guşələrində yığcam halda
yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayının,
dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın
barabər hüquqlu vətəndaşlarıdır və
çoxsaylı azərbaycanlılarla bərabər
bütün vətəndaşlıq hüquqlarına malikdirlər.
Onların folklor ənənələri və bilikləri
ümummədəni və elmi baxımdan dəyərlidir:
çunki bunlar etnik təşəkkül və inkişaf
tarixi, həyat tərzi, dünyagörüşü və
dünyaduyumu haqqında zəngin məlumatları
özündə cəmləşdirir. Onların hər biri unikal, özünəməxsus
və təkrarolunmazdır.
Təəssüf ki, bu
etnosların ənənəvi bilikləri, onların autentik
folkloru janr zənginliyinə və mövzu rəngarəngliyinə
baxmayaraq, intellektual mükliyyət kimi, bu günə qədər
layiqincə qiymətləndirilməmiş, nə bizim ölkəmizdə,
nə də xaricdə geniş
işıqlandırılmamışdır. Bundan əlavə,
bu xalq sərvəti son illərə kimi Azərbaycan
tarixçilərinin, etnoqrafların, etnopsixoloqların,
etnolinqvistlərin, etnomusiqişünasların tədqiqat
obyektinə çevrilməmişdir. Hərçənd ki, bu
məsələlər Azərbaycanın hüdudlarından kənarda
nəşr olunan işlərdə daha ətraflı
işıqlandırılsa da, heç də həmişə
həqiqətə uyğun və obyektiv xarakter
daşımırdı. Buna görə də bu problemin tədqiqi
təkcə humanitar elmi araşdırmalar nöqteyi-nəzərindən
deyil, həmçinin, siyasi, ictimai, tarixi rakursdan qloballaşma
və ənənəvi biliklərin hüquqi qorunması
dövründə aktuallıq kəsb edir.
Tariyel Məmmədov
Ədalət.- 2010.- 13 iyul.- S. 4.