Maestro Niyazi

 

Bu dəfə haqqında yazmaq istədiyim ev-muzeyi məşhur Hacıbəyovlar nəslindən olan bəstəkar və dirijor Niyazi haqqındadır. Şəhərin mərkəzində yerləşən muzey 1994-cü il sentyabrın 18-dən fəaliyyət göstərir. Muzeyin direktoru Rza Bayramovun sözlərinə görə, maestro Niyazi 1958-ci ildən ömrünün sonunadək bu evdə həyat yoldaşı Həcər xanımla birgə yaşayıb. Muzey 5 otaqdan ibarətdir, bunlardan üçü Niyazinin dövründə olduğu kimi qorunub saxlanılır. Digər 2 otaq isə ekspozisiya və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Muzey fəaliyyətə başladığı illərdə 4473 eksponat var idi. Hazırda isə onların sayı 6200-dən çoxdur. Bunlar əsasən Niyazinin şəxsi not əlyazmaları, kitabxanası, rəsm əsərləri, maestroya müxtəlif illərdə bağışlanan hədiyyələr, geyimlər, tanınmış musiqiçilərlə birgə fotoşəkillərdir.

 

Həyat və yaradıcılığı

 

Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflisdə doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov (Üzeyir Hacıbəyovun qardaşı) Azərbaycanda musiqili teatrın banilərindən olub. Uşaqlıq illərindən Ü.Hacıbəyov, M.Maqomayev, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Vəzirov, H.Cavid kimi dövrünün tanınmış sənət adamları, yazıçıları arasında böyüyüb.

Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-1935-ci illərdə başlayır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini - "Rast" və "Şur"u nota köçürür. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. 1949-cu ildə məşhur əsərini - "Rast" simfonik muğamını yazır. Böyük sənətkar Azərbaycan SSR Xalq artisti, SSRİ Xalq artisti adlarına, Azərbaycan Dövlət mükafatına, SSRİ Dövlət mükafatına, "Çitra" baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülüb. Müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olub. 1984-cü ildə isə 72 yaşında vəfat edib.

 

Sətirlərə sığmayacaq sevgi dastanı

 

Bəstəkar Niyazi həyat yoldaşı Həcər xanımla 51 il birgə ömür sürüb. Onların maraqlı sevgi tarixçəsi var. Maestro Niyazi gələcək həyat yoldaşı ilə 1930-cu ildə Mahaçqalada, Dağıstan Maarif Komissarlığında işləyərkən tanış olub. Əslən Cənubi Azərbaycandan olan Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Bir gün Həcər xanımgilin ailəsi Yeni il bayramında Niyazigili öz evlərinə qonaq çağırır. Niyazi Həcər xanımı ilk dəfə burada görür və ilk baxışdan yaranan bu sevgi sonralar böyük bir məhəbbətə çevrilir. 1932-ci ildə Həcər xanımgilin ailəsi İrana dönməli olduqlarından öz qızlarının Niyazi ilə münasibətdə olmasını əngəlləyirlər. Onların ailə qurmasına etiraz edirlər. Belə olduğu halda gənclər gizlincə evlənmək qərarına gəlirlər. Əvvəlcə bir müddət Ağdaşda yaşayırlar, sonra Bakıya köçürlər. Həcər xanım Niyazi haqqında xatirələrində həyat yoldaşı barədə böyük sevgi ilə söz açır. "Niyazi xəstələnəndə uşaq kimi olurdu, əsəbiləşirdi. Şıltaqlığa başlardı, onun üçün hazırladığım xörəkdən əvvəl özümün dadmağımı xahiş edər və öz qaşığını mənə uzadardı. Mən də boyun qaçırmazdım. Bax onda Niyazinin gözlərindən həm xoşbəxtlik, həm də minnətdarlıq yağardı".

Həcər xanımın "Ərim haqda xatirələr"i belə bitir: "Sözün düzünü desəm, hərdən mənə elə gəlirdi ki, onu qoruyuram, amma o, məni qorumağı bir yana, heç mənə verdiyi əziyyətləri də görmür. Olurdu ki, inciyirdim ondan... Ancaq bu düşüncələr bütövlükdə ədalətli deyildi. Əvvəla, söhbət məndən düşəndə, Niyazi həmişə dostlarımıza deyirdi ki, heç bir qadın onun mənimçün elədiklərini edə bilməzdi. Həcərin önündə çox günahım var və ona çox borcluyam. Mən də Niyaziyə minnətdaram".

Bu sətirləri oxuyub Həcər xanımın sədaqətini, böyük sevgisini, Niyazi qüdrətini duymamaq olmur.

Niyazinin Həcər xanımla övladları olmayıb. Amma bəstəkar özündən sonra musiqi xəzinəmizə "Rast" simfonik muğamı, "Çitra" baleti kimi böyük sənət nümunələrini bəxş edib.

  

  

Yeganə Cansail

 

Ədalət.- 2010.- 13 iyul.- S. 4.