ŞİRİN BİR XATİRƏ TƏK...

 

Ölüm sevinməsin qoy

 

Adətən müəllim haqqında, ziyalı haqqında yazı yazmaq istəyi ilə qələmə əl uzadanda çoxlu suallar kəsir qarşımı. O sualların ən birincisi əlimdəki qələmi mənə tutmağı öyrədən müəllimin böyüklüyü barədə fərqli, yeni nəsə deyib, deyə bilməyəcəyim olub. Bir az da çılpaqlasam, sual məndən soruşur ki, sən öz müəllimin haqqında heç kəsin bilmədiyi, heç kəsin görmədiyi yeni yaza biləcəksən? Bax elə, mən həmin o sualların ağırlığı altında bir həftədir ki, çarpışıram, vuruşuram. Uşaqlığımdan tutmuş indiki anıma qədər gördüklərimi, yaşadıqlarımı, eşitdiklərimi bir-bir gözümün önüdən keçirirəm, xatırlamağa çalışıram. Hətta doğmalardan, onu tanıyanlardan, onunla təmasdı olanlardan, yetirmələrindən, kəsəsi hər kəsdən onun barəsində soruşuram. İstəyirəm ki, onu olduğu kimi, onu yaşadığı kimi, onu pedaqoq, onu dövlət adamı, nəhayət onu ziyalı el ağsaqqalı kimi təqdim edə bilim.

Belə götürəndə artıq yarım əsri arxada qoymuşam. bu yarım əsrin ağlım kəsən anından mən onu Niyaz müəllim kimi tanımışam. Uşaqlı-böyüklü, elli-obalı hamı ona ancaq Niyaz müəllim deyə müraciət edirdi. Hətta yaşca ondan qat-qat böyüklər Niyaz müəllim deyirdilər. O da özünəməxsus təbəssümü ilə, özünəməxsus danışıq jestləri ilə hər kəsi dinləyir, hər kəsin suallarını cavablandırır, hər kəsi layiq olduğu yerdə tutmağa çalışırdı.

O mənim oxuduğum Tuğ kənd orta məktəbini ölü nöqtədən tərpədib, Azərbaycana tanıdan ilk direktoru olmuşdur. O mənim doğulub-yaşadığım Tuğ kəndini öz ziyalılığı, öz qonaqpərvərliyi ilə ən vacibi ətrafında olan işıqlı, tanınmış adamlarla keçmiş SSRİ məkanına tanıtmışdı. Elə bir respublika, elə bir bölgə yox idi ki, bayram günlərində, əlamətdar anlarda Tuğ məktəbinə, onun direktoru Niyaz Cahangirovun adına təbriklər gəlməsin. Təsəvvür edin ki, bir kənd məktəbi Respublikanın az qala elmi təcrübə mərkəzinə çevrilmişdi. Burada simpozyumlar, olimpiyadalar keçirilirdi. Doğrudur, bu məktəb o illərdə beynəlmilər hesab olunurdu məktəbin şagirdləri, müəllim kollektivi bir kənddə yaşyan ermənilərdən azərbaycanlılardan təşkil olunmuşdu. Yəqin ki, qarşılıqlı təsir faktoru da burda xüsusi önəm daşıyırdı. Çünki Niyaz müəllim Tuğ orta məktəbinə işləməyə gələndə cəmi bir il sonra məktəb direktoru təyin ediləndə məktəbin yetirmələri arasında respublikanın ali təhsil müəssisələrində oxuyan, oraya üz tutan azərbaycanlı şagirdlərin sayı demək olar ki, sıfır səviyyəsində idi. Ancaq Niyaz Cahangirovun direktor təyin edilməsi ilə həm məktəbin pedaqoji kollektivi yeniləşdi, yeni enerjili, gənc müləlimlər məktəbə cəlb edildi, həm dərsə, tədrisə tələbkarlıq, diqqət artılırdı. qısa zamanda artıq azərbaycanlı şagirdlərin soraqları ölkəin ən yüksək ali məktəblərindən gəlməyə başladı. Erməni məzunlarının yanında sıxılmaq problemi aradan götürüldü.

Deyirlər ki, "Ot kökü üstə bitir". Mən hələ uşaq yaşlarımdan eşitmişdim ki, Tuğ kəndini bölgədə tanıdan bir-iki sayılıb-seçilən kişi olubdusa, onun da ən birincisi hər kəsin Məhəmməd əmi dediyi Məhəmməd Cahangirov olub. O Tuğ kolxozunun ilk sədri, kənddə müasir məktəbin yaradılmasına təşəbbüs göstərən ilk ağsaqqal, yeni tipli evlərin tikilməsinə həmkəndlilərini həvəsləndirən ilk təşəbbüsçülərdən biri olubdu. Məhz bu cür kişinin oğlu olan Niyaz müəllim az qala 40 ilə yaxın direktor olduğu Tuğ orta məktəbini Dağlıq Qarabağın ən birinci məktəbi etmişdi. Məktəbin qonaqları Azərbaycanın adlı-sanlı ziyalıları, şairləri, yazıçıları, elm adamları olurdu. Bu məktəb haqqında Moskva qəzetləri yazırdı bütün bunların heç birini Niyaz Cahangirov öz adı ilə bağlamır, öz xidməti saymırdı. Sadəcə, səmimi bir şəkildə xatırladırdı ki, məhz belə olmalıdır. hamı da kəndi üçün, məktəbi üçün məhz belə etməlidi.

İndi söz düşəndə Sovet dönəminin məktəbini, müəllimin hər kəs bir prizmadan qiymətləndirir. Bəziləri deyir ki, biz o vaxt müəllimlərdən qorxurduq, bəziləri deyir ki, biz inanmırdıq ki, müəllimlər çörək yeyir sairə ilaxir. Amma mən deyərdim ki, Tuğ kəndində balacadan-böyüyə hər kəsdə müləlimə, ilk öncə isə Niyaz müəllimə hələ sirrini aça bilmədiyim sevgi-məhəbbət dolu bir ehtiaram, bir çəkinmə var idi. Adamlar elə bil ki, uşaqlı-böyüklü birdəfələlik beyinlərinə yazmışdılar ki, müəllimlə pərdəli dolanmalısan, müəllimə sayğı göstərməlisən, müəllimin səviyəsini uca tutub onun ayağına getməlisən. Bax bütün bunların içində həm müəllimdən sözün ən doğma mənasında qorxmalısan. Səni döyəcək deyə yox, səni danlayacaq deyə yox, sadəcə müəllim olduğuna görə, ondan qorxub çəkinməlisən, onun haqqını, onun əməyini tapdalamamalı, ona baş əyməlisən.

On il oxudum Tuğ orta məkitəbində. Niyaz Cahangirov həm məktəbimizin direktoru idi, həm mənim coğrafiya müəllimim. mən bu günə qədər onun adı gələndə, onun məktəb həyatı ilə bağlı olan günlərimdəki xidmətlərini xatırlayanda özümü yenə orta məktəb şagirdi hesab edirəm. Bunun ən birinci səbəbi Niyaz müəllimin peşəsi ilə bağlı daşıdığı ada xüsusi sevgisi, etiramıdı. Kəndimiz işğala məruz qalanda da, Niyaz müəllim icra strukturunda rəhbər vəziffyə aparılanda da, el-obanın xeyrində-şərində onda nəyinsə mənfiyə, özündən razılığa doğru dəyişmənin şahidi ola bilmədim. Bu insan yalnız el üçün, oba üçün yaşayırdı, gecə-gündüz bilmədən, istirahət etmədən, qaçqın el-obasına şərait yaratmağa, güzəran düzəltməyə çalışırdı. Səhətindəki problemlər, şəkər xəstəsi olması onu yolundan çəkindirmir, onu dincəlməyə, dayanıb durmağa səsləyə bilmirdi. Görünür, ömrün vəfasızlığını, həyatın çox qısa olmasını o bizdən daha yaxşı bilirmiş. Ona görə bütün həyatını işinə, camaata xidmətə sərf etdi.

Onun ölüm xəbəri məni sarsıtdı. Təkcə məni yox, həm onun bütün şagirdlərini, bütün yetirmələrini, bütün elini-obasını. Həmin o sarsıntı yaşadığım anlarda ağlıma gəldi ki, Niyaz müəllim 60-cı illərin əvvəllərində vəzifəyə gətirildi. O da böyük bir insanın rəhbərliyi altında həyat yolu keçdi. Necə deyərlər özünü təsdiqlə yanaşı, elini-obasını da təsdiqlətdi, tanıtdı. Bu gün övladları Niyaz müəllimin öz atası Məhəmməd əmiyə gətirdiyi baş ucalığını təkrar bu soyun ünvanına gətirirlər. Deməli, həqiqətən ot kökü üstündə bitir!!! Deməli həqiqətən qığılcımdan alov doğur!!! Deməli həqiqətən dünyanı mənalı edən, böyük ürək sahibi, böyük zəka sahibi olanlardı!!! bütün bunların fonunda böyük olanlardan biri bu gün ruhu Tanrı dərgahında olan, xatirəsi hər birimizin qəlbində yaşayan, özü Tuğ həsrəti ilə dünyadan köçən Niyaz Məhəmməd oğlu Cahangirovdu... Ruhu şad olsun. Tanrı bizə indi onun ruhunun dolaşdığı Tuğda adını əbədiləşdirmək imkanı versin.

, bir böyük Səməd Vurgun Üzeyir Bəyin ölümünə kədərlənib yazmışdı:

 

Ölüm sevinməsin qoy,

Ömrünü vermir bada

Xalq qədrini canından

Daha əziz bilənlər.

Şirin bir xatirə tək

Qalacaqlar dünyada

Sevilərək yaşayıb,

Sevilərək ölənlər!

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 15 iyul.- S. 4.