Şairin ümidinin
adına küçə
Ağacəfər Həsənlinin
yeni kitabı çapdan
çıxıb
Poeziyamızda
imzasını imzalar içinə yazmağı çoxdan
bacaran Ağacəfər Həsənli oxucularını
intizarda saxlamağı xoşlamır. Çünki
istedadlı şairin onlara deməyə həmişə təzə
sözü var. Sözü, fikri hər vaxt təzə olan
şairin növbəti kitabı işıq üzü
görüb. Deməli oxucuları, şairdən yeni söz
eşitməyə adət etmiş insanları maraqlı anlar
gözləyir. Ağacəfər Həsənli əslində
elə hamımıza yeni ünvan göstərir-
"Ümidimin adına küçə"
Başqa küçələrdən fərqlidir;
əvvəli bilinmir,
axırı yoxdur.
Enlidir, hamardır, asfaltdır, dikdir,
yoxuşdur, gədikdir,
məndən savayı
kimə gərəkdir?-
Ümidimin adına küçə.
...Xəyalımın ertəsi günü
sübh namazına qalmış
ümidimin küçəsinə
çıxıram.
Süpürgə çəkirəm tinə, dalana,
özümü öyrəşdirirəm yalana...
Guya ümidimin
adına küçə var.
Guya bu küçədə həyat qaynayır;
şıdırığı alver gedir.
Uşaqlar futbol oynayır.
Özümü inandırıram ümidimin
küçəsinə,
inanan daşa dönsün.
Bu gün ətrafımızı
bürüyən, bəzən lap başımızı qatan
nağıllardan birini də Ağacəfər Həsənli
"danışır". Özü də necə? Bunu bilmək
üçün "Nağıl"ı oxumaq yetər:
Artan nağılların
nə eybi var ki,
eybi qəbir örtür, əcəl aparır.
Düşür arxasınca qapıbaqapı
sonda gözəl qızı keçəl aparır.
... Dilin dəyirmanı udur kəlməni,
həm altı, həm də ki üstü dən
imiş.
Mənə ağrıların rəhmi gəlmədi,
çörəyi dizinin üstündə imiş.
Şairlərin qisməti
qəribədi, hansı əsrdə, kimin dövründə
yaşamasından asılı olmayaraq, həmişə edam
kötüyü gözlərinin qabağındadı:
Edam kötüyüdü hər qoca ağac,
yolunu kəsiblər, səsi çıxmayıb.
Budamaq adıyla balta çalıblar,
qolunu kəsiblər- səsi çıxmayıb.
... Kətildi, taxtadı fağırlıq edir,
tavana atılmış şalbandı, tirdi.
Başı bədəninə ağırlıq edir-
bütün ağacların qisməti birdi.
Elə deyəsən
bütün şairlərin torpağı da birdi. Hər halda şair dostumuz belə deyir:
Ölən şairlərin torpağı birdi:
istər şimal olsun, istər şərq olsun.,
istər cənub olsun, istər qərb olsun.
Susuz Ərəbistan səhrası olsun,
istər çiçəyə, gülə qərq
olsun-
bütün şairlərin torpağı birdi.
... Harda yatır-yatsın-dincəlsin ruhu,
harda batır-batsın- canı
cəhənnəm.
Girib mələklərin qılığına da,
pıçıldayar yerin qulağına da.
Məzarlar üstündə durar şahanə,
ölən şairlərin torpağı birdi.
... Vəsiyyət eyləyən Brodskini
gedib dəfn eyləyin Venetsiyada.
Şairlər öləndən sonra dinc durmur,
məzardan-məzara gedib piyada.
Bütün şairlərin vətəni eyni,
bütöv şairlərin torpağı birdi.
Ağacəfər Həsənli
gündən-günə gözəlləşən, lakin yad
dilli reklamların içində batan, hər gün bizdən
uzaqlaşan Bakıya ağı deməyə başlayıb. Əslində
"Reklam" şeirini şairin paytaxtımız haqqında
həyəcan siqnalı saymaq olar:
Yad dildə yazılıb,
divarda yapışqanı qurumayıb.
Məgər əcnəbi şəhəridi Bakı?-
adamın içini diksindirir reklamdakı,
atasına od vurur.
... Reklam lövhələri
bu qulağından vurdu,
o qulağından keçdi.
Qədim binaların divarlarını
güllələr biçdi.
Yer-göy başıma uçdu.
Onda gördüm
bina-bina, lövhə-lövhə doğranır
Bakı,
reklam-reklam cibimizdən
oğurlanır Bakı.
Şairin yeni kitabına iki poema da
daxil edilib. "Nur" poeması Qafqaz Müsəlmanları
İdarəsinin sədri
Şeyxülislam Allahşükür
Paşazadəyə həsr
edilib. "Çinar- Çap" nəşriyyatında Firuz
Mustafanın redaktorluğu
ilə işıq üzü görən bu kitabda məni
bir oxucu kimi özünə çəkən çoxlu
şeirlər var.
Şair Ağacəfər
Həsənlidən həmişə
təzə söz eşitmək istəyənlər,
özünüzü sərin
bir yerə verib "Ümidimin adına küçə"
ilə baş-başa
qalın. Onda şairi yenidən
tanıyacaqsız.
Etibar Cəbrayıloğlu
Ədalət.- 2010.- 15 iyul.- S. 4.