ƏSRDƏN UZUN "ƏKİNÇİ" YOLU

 

Azərbaycanın son 150 illik tarixində milli mədəniyyətimizin tərəqqisində, milli mətbuatımızın inkişafında, xalqımızın savadlanmasında göstərdiyi misilsiz xidmətlərə görə Həsən bəy Səlim bəy oğlu Məlikov- Zərdabinin parlaq xatirəsi hər birimiz üçün ehtiram məbədinə çevrilmişdır. Bir bəy kimi əsilzadə nəslinə mənsub olan Həsən bəy Moskva Dövlət Universitetinin riyaziyyat- təbiət fakultəsində təhsil alıb vətəninə dönmüş və bütün şüurlu həyatını cəhalətdə qalan millətimizin maariflənməsinə sərf etmişdir. Çox çətin bir dövrdə qəflətdə yatmış xalqı oyatmaq, avam və bisavad camaata öz hüquqlarını anlatmaq, hər şeyin ağır senzura və ciddi nəzarət altında , sərt qadağalar şəraitində bu işləri görmək həqiqətən də böyük cəsarət və qəhrəmanlıq sayılır. Hələ öz zamanında Zərdabi ilə Bakıda görüşən bir fransız jurnalisti ona heyrətini gizlətmədən belə demişdi: "Doğrusu, Siz əsl qəhrəmansınz! Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən adam tapmaq olmazdı. Sizin qüvvənizə heyrət eləyirəm. Belə məlum olunur ki, Siz öz xalqınızı çox istəyirsiniz!"

Naşiri olduğu "Əkinçi" qəzeti də təkcə milli mətbuatimızın yaranma tarixi deyil, eyni zamanda xalqımızın milli şüurunun, azadlıq mücadiləsinin, mədəniyyətinin, milli əqidəsinin, nadanlıq və cəhalətə qarşı mübarizəsinin beşiyi başında duran şanlı tariximizdir, o dövrdə ölkəmizdə baş verən ictimai-siyasi proseslərin salnaməsi və aynasıdır.

Həsən bəy Zərdabi təkcə milli mətbuatımızın banisi deyil, həm də çox gözəl pedaqoq, peşəkar teatr tamaşasının, "qara camaata" könüllü vəkilliyin banisi, əsl ziyalılıq təcəssümüdür. Yeddi illik gərgin səylərdən,əzablı çətinliklərdən sonra çar hökumətindən "Əkinçi"nin çapına icazə alan Həsən bəy ilk nömrəsindəcə qəzetin əsas məqsəd və vəzifəsini şərh edərək yazırdı: "Qəzetin muradı xalqın gözünü açmaqdır... Qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin ta ki xalq nikü-bədindən xəbərdar olub onun əlacının dalınca olsun." O zaman Qafqazda ərəb əlifbası ilə hürufat yox dərəcəsində olduğundan qəzet çap etmək üçün işi milli mətbəə təşkilindən başlamaq lazım idi. İstanbulun "Babi-ali caddəsi"ndə mətbuat və kitab ticarətində olan azərbaycanlıların köməyi ilə ərəb qrafikası ilə mətbəə matritsaları əldə edən Həsən bəy "Əkinçi"ni ərsəyə gətirmək üçün çox böyük əziyyətlərə qatlaşdı.

"Əkinçi"nin milli mətbuatımızın bünövrə daşı olması, milli mətbuat tariximizin məhz bu qəzetlə başlaması tamamilə gerçək və ədalətlidir. Hərçənd ki, 1828-32-ci illərdə Abbasqulu Ağa Bakıxanovun redaktorluğu ilə fars dilində "Tiflisskiye vedomosti",1838-45-ci illərdə isə "Zakafkazki vesnik" dərgiləri dərc olunmuşdu. İş ondadır ki, bu dərgilər xalq üçün deyildi, bir ovuc əcnəbi çinovnik üçün idi. Məhz "Əkinçi" öz səhifələrində xalqın dərd-sərini, müşküllərini çözə bilirdi, cəhalət və zülmətdə qalan millətin bəsirət gözünü Həsən bəy bu qəzetlə açmaq istəyirdi. Qəzetin öz dövrünün ictimai-siyasi həyatdakı roluna və "Əkinçi"-Zərdabi vəhdətinə toxunan Azərbaycanın ilk Paplamentinin rəhbəri Əli Mərdan bəy Topçubaşov 1925-ci ildə yazırdı:

"Əkinçi"!... Bu sözü qəlbən titrəmədən və həyəcansız söyləmək olmur: onda hər bir azərbaycanlı üçün nə qədər müqəddəslik var. "Əkinçi" müstəqil Azərbaycanın, onun dilinin, xalq mahnılarının, poeziyasının, ədəbiyyatının, tarixinin möcüzəli emblemidir. Bu bütün Azərbaycan xalqınn emblemi və nişanıdır, onun gücünün, azad əməyə sevgisinin, ideya və ideallarının aşkara çıxmasıdır. "Əkinçi" və Həsən bəy Məlikov Zərdabi bu adlar tarixdə və xalq yaddaşında elə qaynayıb-qovuşmuşdur ki, onlar bir- birindən ayrılmazdır. Onlar birlikdədir və ayrılmazdır. Azərbaycan barədə danışanda, Həsən bəyi xatırlayanda, haqlı olaraq onun Azərbaycanın və bütün Qafqazın mədəniyyət və maarif, siyasi və iqtisadi inkişaf tarixində ən şərəfli yerlərdən birini tutduğu görünür. Həsən bəy nişanverici və xilasedici bir mayak yaratdı. Belə faydalı və ruhlandırıcı işıq mənbəyini ehtiramla yad etmək bütün Azərbaycanın və hər bir Azərbaycanlının əxlaqi, vətənpərvərlik borcudur."

Bakıya bir də 1896-cı ildə dönən Həən bəyi onu yaxşı tanıyan Bakı ziyalıları və xüsusilə, bu ziyalıları çox sevən böyük maarifpərvər mesenat Hacı Zeynalabdin Tağıyev səmimi qarşıladı. Öz millətinin maarflənməsi qayğısına daim can yandıran Tağıyev o dövrdə"Kaspi" qəzetini erməni naşirlərindən böyük pula- 57 min qızıl "Nikolay onluğuna"satın alaraq Əli Mərdan bəy Topçubaşova vermişdi ki, qəzeti millətimiz üçün çıxarsın. Bakıya ikinci gəlişindən son nəfəsinədək Həsən bəy "Kaspi"də çalışdı. Təzə Pir məscidi yaxınlığında yaşayan Zərdabinin Tağıyevlə qonşu olması da Azərbaycan xalqı üçün tarixi bir şans oldu. Belə ki, Həsən bəy Zərdabinin çox dəyərli ideyalarını gələcəkdə şəxsi sərmayəsi ilə gerçəkləşdiarən Hacı Zeynalabdin Tağıyev ona çox böyük ehtiramla yanaşırdı. Məhz Bakıda Qızlar Məktəbinin açılmasının ilk təşəbbüskarı da Zərdabi olmuşdur. Zərdabi və onun kürəkəni, həm də Tağıyev kontorunun vəkili Əli Mərdan bəy Topçubaşovun Qafqaz canişininə və çara yazdığı ərizələri Hacı ünvanlarına aparıb böyük hədiyyələr verərək təvəqqe edib məktəbin tikintisinə razılıq almışdı.

Nəhayət 1900-cü ilin oktyabrında böyük maliyyə və əziyyətlər hesabına Şərqdə ilk qız məktəbinin təntənəli açılışına qatılan Tağıyevin, Zərdabinin və Topçubaşovun sevincinin hüdudu gözlərindəki yaşda parlayırdı... Məktəbə müdirlik etmək üçün Tağıyev heç düşünmədən Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanı məsləhət görmüşdü. Bu məktəbə millətin qız uşaqlarının cəlb olunması üçünsə Zərdabi böyük fəallıq göstərmişdir. Sonralar bu məktəbi bitirən ilk ziyalı qadınlarımız ucqarlarda maarif fədailərinə çevrilərək cəmiyyət həyatında mühüm rol oynadılar.

Uzun illər ərzində özünəməxsus dəyanət və cəsarətlə şəhər Dumasında özbaşınalığa qarşı vuruşan Həsən bəyin ifşaedici səsini məmurlar heç bir vasitə ilə boğa bilmədilər. Onun vətəni və xalqı üçün can yanğısı ilə gördüyü işlər tariximizdə müstəsna əhəmiyyət kəsb edir. 1907-ci il noyabrın 7-də İçərişəhərdə, Qoşa qala qapısının arxasındakı kasıb evində iflic xəstəliyindən əziyyət çəkən böyük maarifçi ölüm yatağinda vəsiyyət edirdi: "Sizdən xahiş edirəm: Təntənəli dəfn mərasimi düzəltməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar."

Lakin qədirbilən Azərbaycan xalqı ziyalı və fədakar oğlunu böyük təntənə və izdihamla, həm də ehtiramla Bibiheybətin müqəddəslər qəbristanlığında dəfn etdi. 30-cu illərdə böyük yol çəkilməsi ilə bağlı Həsən bəyin cənazəsinin sümükləri şəhər qəbristanlığında uyuyan sadiq məsləkdaşı, sevimli Hənifə xanımın yanında basdırılır. 1957-ci ildə onun nəşi yenidən köçürülür. Bu dəfə də xalqın fəxr və şərəf duyduğu bir məkana -Fəxri Xiyabana...

Ruhun şad olsun Həsən bəy! Bu gün arzuların gerçək olub. Ölkə mətbuatının boğçası qəzet bolluğundan dolub daşır. Mövzuları rəngarəng, palitrası əlvan, seçimi, çeşidi zəngin olan qəzetlər həyatımızın bütün sahələrinə işıq saçır. Azərbaycan Jurnalistlər Birliyi, Mətbuat Şurası, KİV-ə Dövlət Dəstəyi Fondu, müxtəlif jurnalist təşkilatları -böyük jurnalist ordusu çağdaş dövrümüzün salnaməsini yaradırlar. Dövlətin mətbuata qayğısı ildən ilə yüksəlir. Əsası 135 il bundan əvvəl qoyulmuş milli mətbuatımız bu gün sələfi "Əkinçi"nin ənənələrini saxlamaqla, sivil dünya mətbuatının demokratik prinsiplərinə sədaqət nümayiş etdirir.

  

  

Mirvari RƏHİMZADƏ

 

Ədalət.- 2010.- 15 iyul.- S. 4.