ƏLƏSGƏR BƏDƏLOVUN YENİ KİTABI NƏDƏN BƏHS EDİR?

 

Asayişin qorunması, normal sabitliyə nail olunması istiqamətlərində uğurlu nəticələr qazanmaq bu gün Azərbaycan polisinin qarşısında duran əsas vəzifələrdəndir. Cinayətkarlığa qarşı mübarizə üsullarının təkmilləşdirilməsi və gücləndirilməsi maddi-texniki təminatın yüksəlməsi, profesionallığın artması, yeni dünyagörüşlü kadr potensialının formalaşması sayəsində müasirləşdirici xarakter almaqdadır. Bunun effektiv dəyərlərindən biri də dünyanın qabaqcıl polis təcrübəsinin tətbiqinə geniş yer verməkdir. Bu baxımdan DİN orqanlarının əməkdaşlarının son illər BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların xətti ilə keçirilən treninq, seminar və tədris səfərlərində fəal iştirakları təqdirəlayiqdir. Mingəçevir Şəhər Polis Şöbəsinin bu sahədəki fəaliyyəti daha geniş məzmun daşıyır və diqqətəlayiq nəticələrə nail olunur.

ATƏT dünyanın bir çox ölkələrində "Polisə yardım proqramı" çərçivəsində layihələr həyata keçirir. Həmin layihələr polis işində vətəndaşların dəstəyini öyrədir, bu sahədə Avropa və dünya polisinin təcrübəsindən faydalanmağa imkan yaradır. 2006-cı ilin yazında DİN-nin razılığı, iştirakı və ATƏT-in Bakı ofisinin dəstəyi ilə Mingəçevir Şəhər Polis Şöbəsində ilk və yeganə olaraq pilot layihə kimi "Cəmiyyət dəstəkli polis" layihəsi tətbiq olunmağa başlandı. Sonrakı dövrlərdə isə DİN və ATƏT-in Bakı ofisi bu layihələrin genişləndirilməsinə qərar verdi. Bundan sonra layihənin tətbiqi, uğurları və səmərəsi nəzərə alınaraq Türkiyə polis təşkilatından olan ekspertlərin köməyi ilə Şirvan şəhər polisində, daha sonra Şabran rayon polis şöbəsində və elə həmin ildən də ölkənin daha 8 şəhər-rayon polis idarə və şöbələrində cəmiyyət dəstəkli polislik layihəsinin tətbiqinə başlanıldı.

Bütün bunların metodologiyası, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və inkişaf mərhələlərinin şərhi, konkret olaraq "Cəmiyyət dəstəkli polislik" nədir? sualının cavabı çapdan yeni çıxmış "Cəmiyyət dəstəkli polis işi" kitabında peşəkarcasına diqqətə çatdırılır. Bu, heç də təsadüfi deyil. Kitabın müəllifi, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polkovnik Ələsgər Bədəlov bu sahədə zəngin təcrübə qazanmış hüquqşünasdır. Oxucular onu nümunəvi iş üslubuna malik polis rəisi kimi tanımaqla yanaşı, yaradıcı ziyalı şəxs kimi də yazılarını oxuyur, iştirakçısı olduğu söhbət və verilişləri maraqla izləyirlər.

Ələsgər Bədəlovun kitabı əsasən polis əməkdaşları üçün nəzərdə tutulsa da, ancaq mən deyərdim, elə geniş oxucu kütləsinin də diqqət və marağını cəlb edəcəkdir. Kitabdakı bölmələr - "Cəmiyyət dəstəkli polisliyin tarixinə qısa nəzər", "Cəmiyyət dəstəkli polis nədir?", "İnzibati ərazi rəisi institutu - polisin cəmiyyətə yaxınlaşmasının müasir formasıdır", "Media ilə əlaqələr", "Ərazi məsləhət şuraları və onların polis işində rolu", "Polisə xalq dəstəyinin Böyük Britaniya nümunəsi" və s. "Kodeks" və "Qanun" bölmələri də praktik cəhətdən əhəmiyyətli olmaqla maraq doğurur.

Kitabın az vaxt ərzində təkrar nəşrinə ehtiyacın yaranması faktını da müəllifin yaradıcılıq uğuru hesab etmək olar.

  

  

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2010.- 15 iyul.- S. 3.