Şərq silahlarının
dekorativ tərtibatı
Şərq
silahı özünün mükəmməl döyüş
keyfiyyəti və zərif dekorativ tərtibatı ilə
həmişə şöhrət qazanıb. Orta əsr
Şərq silahlarının tarixi öz kökləri ilə
qədim sivilizasiyalara - Şumer, Babilistan, Assuriya, Xett, Midiya dövlətləri
dövrünə gedib çıxır.
Silah, həm də sənət əsəri
Antik dövrdə
Şərq silahı təkcə döyüş
ləvazimatı deyildi, eyni zamanda, sahibinin sosial statusunu və
maddi rifahını göstərirdi. Cah-cəlalın və
təmtərağın, zati-aliliyin və incə zövqün
nümayişi olan silahlar həm də bir sənət
əsəri idi.
Baha
qiymətləndirilən, sahibinin fəxrlə gəzdirdiyi
silah bədii tərtibatın ən zərif və incə
texnologiyalarını özündə təcəssüm
etdirirdi. Silah özündə zərgərlik sənətini,
oyma, döymə, qara mina, inkrustasiya, tökmə, daş
üzərində naxış vurma kimi sənətləri
birləşdirir.
Öz
məmulatlarının bəzədilməsi üçün
Şərq ustaları qızıldan, qiymətli daşlardan,
mirvari və firuzədən geniş istifadə edirdilər. Metalın bədii emalının ənənəvi
üsulları - oyma, həkk etmə, naxış açma,
qızıl və gümüşlə inkrustasiya tətbiq
olunurdu. Şərq silahı üzərində sarmaşan
cavan zoğların və arabesklərin mürəkkəb
şəbəkəsindən düzəldilmış ornament
həmişə əşyanın forması ilə (onun konusvari dəbilqə, tiyənin nazik
zolağı və ya dairəvi qalxan şəklində
olmasından asılı olmayaraq) bağlı olub.
Şərq silah
ustaları öz məmulatlarının bəzəyi
üçün dini, poetik səciyyəli yazılardan
istifadə ediblər ki, bu yazılar da
özünəməxsus bir ornament kimi qəbul edilə
bilər. Belə yazılara tiyələr üzərində,
qınların, qılınc və qəmələrin
sağanağı və dəbilqələr
üzərində rast gəlinir. Bir çox
silah əşyaları - qılınc qınları,
gürzlər, lələkli toppuzlar, parad qalxanları
daşdan (müxtəlif çalarlı nefrit əqiq,
yəşəmə daşı və dag-mədən
bülluru) hazırlanmış ayrı-ayrı detalların
qızılla inkrustasiyasının səmərəli
üsulunu nümayiş etdirir. Zərif qızıl
naxışlar qızılgül
təbəqələrində xırda yaqutlarla
birləşərək daşın cilalanmış
səthində məmulatlara nəfis bir gözəllik verir.
Şərq
silahının yüksək bədii nümunələri son
orta əsrlərə təsadüf edir. Məhz
bu zaman Şərq silahı dekorativ emalın və
bəzəkvurmanın yeni zərif üsulları ilə
zənginləşdirilir ki, bu da məmulatların
dəyərini və bədii-texniki məziyyətlərini
artırır. Şərqin silahqayırma sənətində
dekorativlik yaradıcılığın obrazlı guruluşu
üçün əsasa çevrilərək və
zəngin naxışlar sənətini yaradaraq, xüsusilə
parlaq və özünəməxsus cəhətlər
kəsb edirdi. Bu naxışlar mürəkkəb ornamental
ritmə və tez-tez yüksələn ahəngdarlığa
malik olur
Estetik məzmun
Orta əsr
dünyagörüşünün dar
çərçivəsində Şərq silahının
bəzəkçiləri onları əhatə edən
həyatın zənginliyini təcəssüm etdirmək
yolunu tapmışdılar. Onlar naxışın ritmi
ilə, onun "xalılığı" ilə, ornamental
formaların incə plastikliyi, parlaq və təmiz boyaların
təkrarolunmaz harmoniyası ilə böyük estetik
məzmun ifadə edirdilər.
"Gözlər
üçün musiqi" adlanan ornament müsəlman
Şərqi ölkələrinin orta əsr
incəsənətində çox vacib rol oynayıb və
indi də oynamaqdadır. O, müəyyən
dərəcədə incəsənətin bir neçə növünün
təsvir məhdudluğunu kompensasiya edir və bədii
məzmunun ən vacib ifadə vasitələrindən biridir.
Öz kökləri
ilə klassik antik motivlərə gedib çıxan, orta
əsrlərdə Şərq ölkələrində
geniş yayılmış arabesk ornamental kompozisiyanın yeni
bir növü olub ki, bu da rəssama istənilən
çevrəli müstəvini hörmə naxışla
doldurmağa imkan verib. İlk əvvəl
arabeskdə bitki motivləri üstünlük
təşkil edib. Sonralar isə çoxbucaqlıların
və çoxguşəli ulduzların mürəkkəb
birləşməsi əsasında qurulmuş
xətti-həndəsi ornament geniş yayılıb. Silah
əşyalarının bəzədilməsi
üçün tətbiq edilən arabeskin
işlənməsində Şərq ustaları heyrətamiz
kompozisiyalar yaradıblar. Bu kompozisiyalarda həmişə iki
başlanğıc birləşir: naxışların
ciddi-məntiqi riyazı quruluşu və düzümü
və bədii təxəyyülün böyük ilhamverici
gücü.
Müsəlman
Şərqi ölkələrinin bədii
mədəniyyətində müstəsna
dərəcədə vacib rol tətbiqi
incəsənətə məxsus idi. Bunun
üçün iqtisadi zəmin rolunu sənətin intensiv
inkişafı oynayırdı. Bədii
sənətlərdə (peşələrdə)
incəsənətin xalq məişəti ilə sıx
bağlı olan yerli qədim ənənələri öz
parlaq ifadəsini tapıb. Tətbiqi incəsənət
ustalarına yüksək estetik "əşya duyumu"
səciyyəvi idi və bu duyum əşyanın praktik
funksiyalarını pozmadan ona gözəl forma verməyə
və onun səthi üzərində çox bacarıqla
naxış yerləşdirməyə imkan verir.
Şərqin silah
incəsənətində ornament mədəniyyətinin
əhəmiyyəti özünü xüsusilə parlaq
büruzə vermiş, onun çox böyük bədii
imkanları üzə çıxmışdır. Ornament,
öz hazırlanmasına görə mükəmməl olan
qılınc və xəncərlərə, qalxan və
dəbilqələrə, eləcə də silahqayırma
sənətinin digər növlərinə bir estetik məzmun
gətirir.
Şərqdə silah
incəsənətinin ümumi inkişafında Qafqaz
görkəmli yer tutur. Öz texnikasına və
ornamentikasına görə cürbəcür və zəngin
dekorla bəzədilmiş Qafqaz silahı bütün
müsəlman Şərqi xalqlarının maddi və
bədii mədəniyyəti tarixində unikal bir hadisədir.
Silah
bəzədilməsinin ən geniş yayılmış
materialı Qafqaz ustaları tərəfindən yüksək
dəyərləndirilən gümüş
sayılırdı. Xeyli sayda xəncər
gümüşlə bəzədilmiş, onların
üzərinə çərtmə, oyma, qazıma,
döymə, qara mina, lehimləmə, eşmə yolu ilə
Qafqaz qızıl döyməçilərinin
yiyələnmiş olduğu gümüş emalının
bütün növləri vasitəsilə naxışlar
vurulub.
Qafqaz silahının
ən maraqlı nümunəsi məşhur Qafqaz
xəncəridir ki, öz döyüş keyfiyyətləri
və bədii tərtibatına görə dünya
şöhrəti qazanıb. Xəncər təkcə
silah növü deyil, həm də onu daim
qurşağında, kəmərinin böyründə
gəzdirən Qafqaz kişisi üçün qürur
mənbəyidir. Xəncər (konstruktiv cəhətdən
azacıq fərqlənərək) müxtəlif Qafqaz
xalqlarında əsrlər boyu əsas silah növü olub.
Qızıldan bol...
Qafqaz
xəncərlərinin dəstəklərinin və
qınlarının forma və bədii tərtibatı da
öz zənginliyi ilə fərqlənir. Şimali Qafqazda
xəncərlərin dəstəyinin ətrafına qara və
ağ buynuzlar qoyurdular və bu buynuzlar çox vaxt
qızıl oyma və naxışla bəzədilirdi.
Orta Asiyanın
köçəri türkdilli əhalisinin hərb işi
Teymurilər zamanında xüsusilə geniş
yayılmışdı. Teymurilər qısa
müddətdə mövcud olmasına və sonradan parçalanmasına
baxmayaraq, burada təşəkkül tapmış hərb
işinin xüsusiyyətləri, silahqayırma və
bəzəmə ənənələri inkişaf etmiş,
gec orta əsrlərin sonrakı dövrləri ərzində
də qorunub saxlanmışdı.
Teymurilər
dövründə Orta Asiya
döyüşçüsünün bədii-dekorativ
bəzəyinin səciyyəvi xüsusiyyəti
çoxsaylı Şərq, monqol elementlərinin
üstünlük təşkil etməsidir, həmin
elementlər isə Orta Asiya regionuna hələ Çingiz
xanın monqol işğalları dövründən
gətirilmişdi. Bu dövrün silah naxışlarında
həndəsi fiqurlar və monqollar arasında çox populyar
olan sarmaşan üzüm tənəyi şəklində
bitki ornamenti üstünlük təşkil edirdi.
Orta Asiya
silahlarının dekorativ bəzənməsində yeni
mərhələ Səfəvilər dövlətinin
təşəkkülü ilə başlayır. Bu dövlətin silahla bağlı
ənənələri Herat, Buxara, Səmərqənd,
Xivə və Kokandın silah ustalarına
ötürülürdü. Orta Asiya və Ön Şərq
xalqlarını birləşdirən "Böyük
İpək yolu" yeni dekor ənənələrinin
bərqərar olmasına imkan yaratmışdı. Bu ənənələrdə
artıq bütün müsəlman Şərqi
üçün səciyyəvi olan ornamental motivlər
üstünlük təşkil edir. Müxtəlif
rozetkaların, ornamental
kartuşların-kətəbələrin, bitki
motivlərindən istifadə ilə dekorativ kompozisiyaların
zənginliyi Orta Asiya soyuq silah dekorunun xarakterik
xüsusiyyətinə çevrilir. Soyuq silahın
səciyyəvi növləri qılınclar,
qəmələr, xəncərlər və döyüş
bıçaqları idi. Orta Asiya qılıncları öz
növünə görə İran "şəmşirinə"
bənzəyir, ancaq onların əyrisi daha
böyükdür. Bu qılıncların
dəstəyi hind tiplidi və çarpazı fiqurludur.
Əfqan qılınclarının tiyələri digər
qılınclardan (məsələn, hind qılıncı)
fərqlənmir, ancaq onların dəstəyini adətən
poladdan düzəldirlər, çarpazı kiçik və
onun ucları isə aşağıya doğru
əyilmiş olur.
Orta Asiya
xəncərlərinin iki növü olur: caynaq
şəklində bərk əyilmiş xəncərlər
və genetik cəhətdən mənşəyi
ənənəvi hind xəncərlərinə gedib
çıxan xəncərlər. Bu
xəncərlərin dekoru əsas etibarilə
dəstəklərin və qınların
örtüklərində cəmləşdirilmişdir.
Döymə olunmuş və ştamplanmış
gümüş bəzən Orta Asiya silahının
dəstəyini və qınını başdan-başa
örtür. Daha qəşəng nüsxələr oyma bitki
ornamentinə və rozetkalar (gülşəkilli
bəzəklər) içərisində və tiyənin
üzərində ərəbcə yazılara malikdir.
Əfqan
xəncərlərinin və qılınclarının
ornamentlərlə bəzədilməsində qonşu
ölkələrin təsiri aşkar sezilir. Tiyələrin,
dəstək və qın dəstlərinin
bəzədilməsi üçün çərtmə
və oyma (həkk etmə) üsullarından istifadə
edirlər. Ornamentdə həm Şərq ünsürləri
- tağlar, güllər, ləçəklər, rozetkalar,
həm də Avropa bitki və dekorativ qıvrımları,
balıqqulağılar və s. birləşir.
Orta Asiyada yaxın
məsafəli döyüşdə olduqca geniş
yayılmış soyuq silah "stepnyak"
("çöllü") tipli döyüş
bıçaqlarıdır. Bu bıçaqların
tiyələri (ağızları) iki növ olur: düz
və azacıq dalğavari formada. "Deşici"
xəncərlərdən fərqli olaraq, bu
bıçaqların çarpazı olmur, onların
uzunluğu isə 30 sm-dən çox deyil.
Odlu silahlar
Orta Şərqdə
odlu silahın meydana gəlməsi XVI əsrin ikinci
yarısına təsadüf edir. Silah lülələri
və sürgüləri əksəriyyət etibarilə
Avropa (Almaniya) mənşəlidir. Lülələrin
qundağı və yatağı yerli ustalar tərəfindən
hazırlanırdı və yerli tərtibat
ənənələrinə uyğun bəzədilirdi.
Orta Asiya silah dekoru
ənənələrinin inkişaf meyilləri Teymurilər
dövründəki dəbdəbəli və qiymətli
ənənələrdən başlamış XIX
əsrdəki asketik və təmkinli
ənənələrədək tədqiq edilib
öyrənilir.
Silah ta qədimdən
bəri bədii fəaliyyətin ən vacib
sahələrindən biridir. Bir çox Şərq
xalqlarının silah sənətinin ənənələri
bir-birinə elə qarışıb ki, bəzən bu və
ya digər silahın konkret bir xalqa və ya ölkəyə
mənsubluğunu müəyyən etmək çox
çətin olur.
Silah işinin, onun
istehsalının ərəb Şərqi, Türkiyə,
Qafqaz, İran, Orta Asiya və s. kimi yayıldığı
ən iri mərkəzlərdə ənənələrin
müqayisəsi qədim və orta əsr silah
incəsənətinin mövcud olduğu ayrı-ayrı
xalqlara məxsus lokal dekor xüsusiyyətlərini aşkara
çıxarmağa imkan verir.
Elnur Aşurbəyli
Ədalət.- 2010.- 14 iyul.- S. 4.