Hərbi ənənələr
Milli Ordunun şərəfli tarixi
Qədim və mürəkkəb, keşməkeşli
tarixə malik Azərbaycan xalqı əsrlər, minilliklər
boyu öz azadlığı və dövlətçiliyi uğrunda
mübarizə aparıb.
Zəngin təbii sərvətlərə, əlverişli
və strateji coğrafi-siyasi mövqeyinə
görə vətənimiz
daima güclü dövlətlərin təzyiqlərinə,
hərbi təcavüzünə
məruz qalıb.
Bununla belə
xalqımız öz mövcudluğunu qoruyub saxlaya bilib,
ən qüdrətli düşmən ordularına
qarşı mübarizədə hünər,
qəhrəmanlıq nümunələri göstərib. Cavanşir, Babək, Şah İsmayıl Xətai kimi sərkərdə və dövlət xadimləri Azərbaycanın qəhrəmanlıq
tarixinin bütöv bir salnaməsini yaradıblar. Bu kimi mərd
sərkərdə və
dövlət başçılarının
şanlı ömür
və fəaliyyət
yolu xalqın vətən sevgisini, azadlıq və dövlətçilik hissini
daha da gücləndirib,
onu həyatımızın
ən vacib, ən ümdə məqsədinə çevirib.
Onların yaratdığı
dəyərli ənənələr
yüzilliklər boyu,
o cümlədən ötən əsr ərzində uğurla davam etdirilib.
1918-ci ildə Çar
Rusiyasının süqutundan sonra Şərqdə ilk
demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti
yarandı. Cəmi 23 ay ömür
sürməsinə baxmayaraq,
Cümhuriyyət dövründə
müstəqil dövlətin
bütün atributları,
o cümlədən milli ordumuz formalaşdırıldı.
Həm ermənilərin, həm də
bolşeviklərin işğalçılıq
siyasətinə qarşı
mübarizə aparmalı
olan ADR hökuməti
1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordunun təməli qoyuldu. 1918-1920-ci illərdə
görkəmli generallarımız
Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi
ilə Azərbaycanda yüksək döyüş
qabiliyyətli, hərbi
hazırlığa və intizama
malik milli ordu hissələri formalaşdırıldı. Qeyd
olunduğu kimi, 1918-ci
il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına
başlanıldı. Avqustun
1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın
25-də hərbi nazir,
general-leytenant Əliağa
Şıxlinski isə
nazir müavini təyin edildilər. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından
xilas etdi. Bu hərbi birləşmələr
Muğanda və Əsgəranda milli hökumətə qarşı
baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik
göstərdi, Qazaxda
Azərbaycan sərhəddini
pozmuş erməni nizami ordu hissələrini
darmadağın etdi.
O zaman Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim
ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi.
Azərbaycan parlamentinin
1919-cu il avqustun 18-də keçirilmiş iclasında
"Gömrüyə münasibətdə Azərbaycan
Respublikasının Sərhəd Mühafizəsinin təsis
edilməsi haqqında Qanun" qəbul edildi. 8 maddədən
ibarət olan Qanunun 1-ci maddəsində göstərilirdi:
"Azərbaycan Respublikasının sərhədlərini
qeyri-leqal ticarətdən qorumaq və
qaçaqmalçılıqla mubarizə aparmaq
məqsədilə Azərbaycanın sərhədləri boyu,
əlavə edilən dislokasiya məntəqələrinə
uyğun olaraq, sayı doxsan doqquza (99) çatan, doqquz yüz
doxsan iki (992) mühafizəçidən ibarət
tərkibdə sərhəd postları təsis edilsing"
Təəssüf ki,
Azərbaycanın bolşevik rus ordusu tərəfindən
işğalından sonra müstəqilliyimizin ən
mühüm atributu olan milli ordu hissələri ləğv
edildi. Azərbaycan keçmiş İttifaqın
tərkibində olduğu illərdə milli zabit korpusunun
formalaşmasına, azərbaycanlıların yüksək
hərbi vəzifələrə irəli çəkilməsinə
Sovet rəhbərliyi tərəfindən daim süni maneə
yaradılırdı ki, bu da məqsədli xarakter
daşıyırdı.
Lakin bütün bu
maneələr Azərbaycan xalqının hərbi
ənənələrini, döyüş ruhunu
sarsıtmadı. 1939-1945-ci illərdə
İkinci Dünya müharibəsinin gedişi,
nəticələri bu
həqiqəti bir daha təsdiqlədi. Azərbaycan xalqı öz zəngin hərbi-tarixi ənənələrinə
sadiq qalaraq bu müharibədə də əsl şücaət, əzmkarlıq
göstərdi. Həmin dövrdə
Azərbaycan diviziyaları
Qafqazdan Berlinədək
şanlı döyüş
yolu keçdi. İkinci Dünya müharibəsi cəbhələrində
general Həzi Aslanov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov və
başqa qəhrəman
övladları əsl
mərdlik və şücaət nümunəsi göstərdilər.
Onların qəhrəmanlığı
sayəsində Azərbaycanın
şanlı hərb tarixi ənənələri
XX əsrdə də uğurla davam etdirildi.
Müharibədən
sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda
hərbi kadr hazırlığına İttifaq
rəhbərliyi yenə də qısqanc münasibət
bəsləyirdi. Yalnız ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik
etdiyi dövrlərdə
ordu quruculuğu, milli zabit kadrlarının
hazırlığı məsələləri
daim önə çəkildi. Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda
hərbi kadrlar hazırlayan məktəbin
- görkəmli sərkərdə
Cəmşid Naxçıvanskinin
adını daşıyan
hərbi liseyin yaradılmasına nail oldu. O dövrdə Azərbaycan hər il təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Lakin onların böyük əksəriyyəti inşaat
batalyonlarına düşürdü.
Hərbi hissələrdə
azərbaycanlı zabitləri
barmaqla saymaq olardı. Odur ki, Bakıda belə bir hərbi
məktəbin açılmasının
böyük əhəmiyyəti
var idi.
Heydər Əliyev azərbaycanlı gənclərin
Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali
Hərbi Dənizçilik məktəblərinə,
eləcə də SSRİ-nin digər hərbi
məktəblərinə güzəştli şərtlərlə
qəbul olunmasına da nail olmuşdu. Beləliklə,
ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik
əldə etməsindən
20 il öncə milli hərbi kadr hazırlığı
üçün zəruri
bazanın ən yüksək səviyyədə
təşkilini həyata
keçirdi. Həqiqətən
də bu hərbi məktəb müstəqilliyimizi əldə
etdikdən sonra milli ordu quruculuğunun
əsas dayağına
çevrildi.
Ədalət.- 2010.- 14 iyul.- S. 4.