SÖZÜN VƏ SƏSİN PIÇILTISI

 

Klassiklər şeiri xalqın ilk mürəbbisi hesab etmişlər. Hətta belə qənaətdə olmuşlar ki, insan həyatının bu cür dəyişməsində şeir mühüm amildir və biz həmin dəyişiklik üçün ona borcluyuq. Nailə İbrahimovanın "Ürəklə söhbət" şeirlər kitabının əlyazmasını oxuyarkən yadıma ilk öncə bunlar düşdü. Və xalq poeziyası ənənəsinin min illərə yol yoldaşı olan özəllikləri, klassiklərimizin yaradıcılığı gözlərim qarşısında canlandı. Dastanlarımızdan, nağıllarımızdan, bayatı, layla, oxşama, rəvayət, əfsanə örnəklərimizdən ona çox pay düşdüyü qənaətində oldum. Yaradıcı ruhunun olması məndə xoş təəssürat yaratdı. Bir növ ənənə ilə müasirlik arasında körpü kimi göründü.

Kitabdakı şeirlər ayrı-ayrı başlıqlarda "Dünya, gözəl dünya", "Həzin bir nəğməyə dönüb günlərim", "Yalanlar ayaq açanda", "Sizi sevirəm, ey insanlar", "Yuxularıma gələn kənd", "Sevdiklərim, əzizlərim" adı altında qruplaşdırılmışdır. Bunlar onun yaradıcılığının əhatəliliyini, mövzu dairəsini, zənginliyini ifadə edir. Burada mühit, dünya, zaman haqqında təsəvvürlər toplaşır. N.İbrahimovanın hansı duyğular, düşüncələr əhatəsində olması görünür. "Mən nədən dünyanı duya bilmədim" şeiri bu mənada bizə çox şeyləri deyir.

Bizim bir xalq mahnımız var. Orada deyilir: "Qalada yatmış idim, top atdılar oyanmadım, söhbət ilə, saz ilə, oyatdılar oyandım". Hiss, duyğu adamları, yaradıcı təbiəti olanlar sözə, nəğməyə köklü olurlar. Söz, fikir onların yol yoldaşı, ən yaxın sirdaşıdır. Öz dərdlərini, ağrılarını sözlə ovudurlar, səhərlərini, axşamlarını sözlə açırlar. Oğuldan-qızdan, atadan-anadan gizlətdiklərini sözdən gizlətmirlər. Onunla yaşatmağa çalışırlar. N.İbrahimovanın şeirlərində də bu hal aydınlıqla görünür.

N.İbrahimovanın yaradıcılığı üçün xarakterik olan xüsusiyyətlərdən biri də mövzu seçmək çətinliyinin olmaması ilə bağlıdır. O, nəyi necə və harada deməyi yaxşı bilir. Söz bir növ onun içinin dərinliklərindən çağlayan bulaq kimi süzülüb gəlir. Uşaqlıq xatirələrindən yazanda da, "indi illər gəlib keçmiş, nağıllarım dağılmış" deyəndə də, təbiətin füsunkarlığını şeirin füsunkarlığına qatanda da, öz taleyini yazanda da, sevgi rübabını çalanda da, "sirr vermədi mənə dünya" deyəndə də bu aydınlıqla müşahidə olunur. "Günlər keçir", "Həzin bir nəğməyə dönüb günlərim", "İlk məhəbbət", "Hər baxışın mənası var", "Sənə inanırdım", "Səni görməsəm", "Göz yaşları" və s. şeirlərin hər birisi müəyyən ovqatın ifadəsi olub müəllifin iç dünyasını əks etdirir.

 

Gülümsəmə, bu saxta bir təbəssüm,

Qırçın-qırçın dodağına düzülmüş.

Sən ağlama göz yaşların iblisin,

Daş qəlbindən gözlərinə süzülmüş

 

Danışma ki, düz bildiyim sözünün

Yalanına, fitnəsinə uyum mən.

Sakit, səssiz bir baxışın bəs edər,

Bu baxışda nifrətini duyum mən.

 

Bu nümunələrin hər birisi N.İbrahimovanın içindən keçənlərdi, ürək söhbətləridir, ürəklə söhbətidir. Ona görə də bu şeirlərdə yüksək ilham, pafos, yaradıcı taleyinin müxtəlif anları özünə yer tapır. Bu istiqamət də fərd kimi müəllifin şair taleyini ifadə edir. Onun həyata, dünyaya, insanlara münasibətini aşkarlayır.

Son olaraq bir məsələni də təkrar qeyd edim. Azərbaycan şeiri bütün mərhələlərdə həmişə uğurlarla, yeni-yeni nəfəslərin gəlişi ilə, orijinal düşüncələri özündə ifadə etməklə səciyyələnib. Bu gün də o ənənə yaşayır. N.İbrahimova da bütün şeirləri ilə həmin sıradadır. Ədəbiyyatda öz sözü, ruhu olan və onu yazıya gətirməyi bacaran yaradıcıdır. Bu cür yaradıcı tale isə hər kəsə nəsib olmur.

  

  

Mahmud ALLAHMANLI

 

Ədalət.- 2010.- 21 iyul.- S. 4.