YARIM ƏSRİN UCALIĞI

 

Qələmin işığında...

 

Tale elə gətirib ki, yazı-pozu dünyasının, söz adamlarının çevrəsində olmaq, onlardan öyrənmək, xəbər tutmaq qismətimə yazılıb. Və mən də bu qismətin işığında zaman-zaman arayıb-axtarır, maraqlı, səmimi, peşəkar və həm də şəxsiyyəti yerində olan qələm dostlarımdan öyrənməyə, faydalanmağa çalışıram. Bu mənada içərisində olduğum mətbuatın demək olar ki, hər üzünə, hər sifətinə bələdəm. Yaxşıları da görürəm, elə yaxşı olmayanları da...

Onun imzasına daimi oxucusu olduğum "525-ci qəzet"də rast gəldim. 90-cı illərin ikinci yarısında qarşılaşdım həmin imza ilə. Bir-birindən maraqlı, siyasi, analitik yazıların müəllifi diqqətimi çəkdi. "525-ci"dəki dostlardan müəllif barəsində soruşdum. Sadəcə bir-iki kəlmə xoş söz dedilər və vurğuladılar ki, Aydın Quliyev əslən Naxçıvandandı, siyasi hərakatda olan insandı, ona görə də prosesləri daha yaxından izləyir, analitik yazılar yazmaqda imzasını tanıda bilib. Bax bu mənim Aydın Quliyev haqqında əldə etdiyim ilk informasiya idi.

Sonra, təbii ki, zamanın axarı bizi qarşılaşdırdı. Daha doğrusu, əksər qəzetlərin nəşr edildiyi, "Azərbaycan" nəşriyyatının damı altında, eyni mərtəbədə qarşılaşdıq. Həmin vaxta qədər "Bakı xəbər" qəzeti nəşriyyatdan kənarda, özlərindən, redaksiya kollektivindən asılı olmayan səbəblər üzündən müxtəlif ünvanlarda sığınacaq tapmışdı. Elə bu müxtəlif ünvanlardakı sıxıntılardan canlarını qurtarmaq, "dərya"ya qovuşmaq üçün "Azərbaycan" nəşriyyatına köçüb gəldilər. Çünki bura qəzetçilərin uzun illərdən bəri ən etibarlı ünvanı olubdu. Məhz Aydın Quliyev də baş redaktoru olduğu qəzeti və kollektivi "Azərbaycan" nəşriyyatına köçürməklə bir növü "balıq dəryada böyüyər" prinsipinə əməl etmiş oldu. Yəni burada müxtəlif qəzetlərlə birbaşa təmaslar, əlaqələr, oxucularla rahat ünsiyyət qəzetə və onun baş redaktoruna yeni üfüqlər açdı.

Yaxın günlərin söhbətidi. "Bakı xəbər"in mənim üçün demək olar ki, bütün əməkdaşları doğmadır. Ancaq burada çalışan həmkarlarım, İradə xanımla Vaqif müəllim sözarası mənə pıçıldadılar ki, bir neçə gündən sonra (yəni 18 iyul) Aydın müəllimin 50 yaşı tamam olacaq. Bəlkə əməkdaşlarınızdan kimsə bu barədə kiçik bir informasiya hazırlasın. Mən bu missiyanı öz üzərimə götürdüm. Öncə ona görə ki, Aydın Quliyevi tanıdığım gündən onunla yüz illərin dostu kimi doğma bir ilişki yarada bilmişəm. Qarşılıqlı hörmət və ehtiramın timsalını görmüşəm. Bundan başqa mən Aydın Quliyevdə həm də həmkarlarına sayqının, onların uğurlarına ürəkdən gələn sevincin yaşandığının şahidi olmuşam. Təbii ki, bunlar da mənə müəyyən mənada Aydın müəllimə 50 yaşında üz tutmaq, ona xoş sözlər ünvanlamaq və ən vacibi elə onun öz səmimiyyətində yubiley təbrikləri çatdırmaq haqqı veribdi.

Bu gün Azərbaycanın mətbuat məkanında öz yeri olan "Bakı xəbər" əslində Aydın Quliyevin özüdü. Mən heç bir mübaliğəsiz deyə bilərəm ki, bütün qəzetlər öz redaktorlarına, öz kollektivlərinə bənzəyir. Yəni qəzet sahibinin sifətinə çevrilir. Bax, bu mənada böyük oxucu auditoriyası olan "Bakı xəbər" öz kollekutivi ilə yanaşı, xüsusi olaraq Aydın Quliyevi də oxucularına tanıdıb və sevdirib. Hər kəs bu qəzeti səbrsizliklə gözləyir, onun mükəmməl və zəngin səhifələrində öz istəklərini görür və tapır.

Deməli artıq 20 ilə yaxındar mətbuatla təmasda olan Aydın Quliyev öz yolunu da tapıb, öz qəzetinin yolunu da müəyyənləşdirib. Əgər yol bəllidirsə, karvanı sarvan o yolla rahat aparacaqdı. Onun təcrübəsi, onun biliyi, onun şəxsiyyəti, onun uzaqgörənliyi və onun bütövlüyü çətinliklərə sinə gərməyə yetəcək.

Zənnimcə 50 yaşı tamam olan Aydın Quliyev məhz çətinliklərdən keçməyi, yolları seçməyi bacaran həmin sarvanlardan ən kamilidir. Yaş da kamillik yaşıdır. Mən Aydın Quliyevə 50 yaşında daha böyük uğurlar, daha böyük üfüqlər arzulayıram. Allahın verdiyi ömür və istedad sayəsində bütün istəklərinə qovuşacağına, ailəsini, kollektivini xoşbəxt günlərə çıxaracağına əminəm və bir də çox istərdim ki, Aydın Quliyev şəxsiyyəti ilə, imzası ilə özünü sübut etdiyi kimi, yaxın günlərin birində "Bakı xəbər"in manşetinə "ŞUŞAYA BAYRAQ SANCILDI!!!" xəbərini də çıxarsın.

Ad günün mübarək, Aydın müəllim!

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 17 iyul.- S. 12.