ONLARIN DÜNƏNİ:
AĞASADIQ GƏRAYBƏYLİ
90 İLİN BİR NEÇƏ SAATI-1
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq
olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən
başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın
dünəni.
Dünən onlar kim idi,hardaydılar və nələr
yaşayırdılar?
Yeni ədəbi nəsl üçün ibratamiz və
bir qədər də kədərli olan O DÜNƏN və O
DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün
üçün son dərəcə kərəkli və daha
qabarıq görünməkdədi.
Bu gün proektimizin davamı olaraq unudulmaz aktyorumuz
Ağasadıq Gəraybəylinin DÜNƏNKİ
KİMLİYİNDƏN söz açmaq istərdik.
Eynən bu rubrikada daha kimlər olacaq.İzləməyə
dəyər.
***
Bu gün bu adamla
üz-üzə oturanda, onunla sənəti haqqında söhbət
eləyəndə çox şey səni təəccübləndirir.
Təəccüblənirsən ki, bu gün-sabah onun doxsan
yaşı tamam olacaq. Bu ömür şairlər demiş,
axarlı-baxarlı bulaqları olan dağlarda, çiçəkli
və çəmənli düzlərdə keçməyib.
Bu ömrün ilk illəri Bakının pis günlərinə
düşüb, hər halda belə deyirlər, mübarizə
dolu illərindən keçib bu ömür, "maşın
səsi", tramvayların taqqatuq harayı, şəhərin
min cür qayğısı dolub bu həyatın hər
anına. Hər şeydən özəl bu ömürdü:
qayğılı, kədərli, sevincli və arzularla dolu bir
ömür!
Doğulmuşdu
Bakıdan xeyli aralıda. Qədim Şamaxıda. Tale onu gətirib
çıxardı Bakıya. Axtarsaq indi, Şamaxıda - gözəl
dağları, bulaqları olan, təmiz suyu, gözəl
havası olan bir yerdə, bəlkə də bu adam
yaşında bir qoca tapılmaz.
Ancaq o var.
O yaşayır.
Bir şeyi tapmayanda, o birisini tapıb.
Kirayənişin yaşayıb.
Kənddə bunu bilməzlər.
Bəzən qonşuları tanımayıb, qonşular
onu tanımayıb.
Kənddə bunu da bilməzlər.
Şəhərdə bir neçə sənətin
qulpundan yapışıb.
Orda ya arabaçı olardı, ya gözətçi.
Bəlkə də
bunların heç birindən olmazdı. Olmazdı ona görə
ki, yaxşı ailədən idi. Ziyaı ailəsindən idi.
"O, 1897-ci ildə
Şamaxıda doğulmuşdur. Uşaqlıq illərində
Şamaxıya tez-tez ailəsinə baş çəkməyə
gələn qardaşı Ağalar Gəraybəylinin
Ağasadığa hələ o vaxt böyük təsiri
olmuşdu. 1902-ci ildə bütün Şamaxı əhalisi
kimi Gəraybəyli ailəsi də böyük bədbəxtliyə
məruz qalmışdı. Şamaxıda baş verən
şiddətli zəlzələ nəticəsində
onların evləri dağılmış, ailə üzvlərinə
isə heç bir şey olmamışdı. Bu hadisədən
sonra Ağasadıq ailəsini götürüb (? - T.A.)
Bakıya köçmüş və uzun zaman tikintidə
işləmişdir".
(Bu sətirlər
"Azərnəşr"də çap olunan Tofiq Kazımovun
"A.Gəraybəyli" kitabındandır. 1958, səh. 8)
Haşiyə və yaxud
düzəliş: 1897-ci ildə dünyaya gələn bir
uşaq 1902-ci il zəlzələsindən sonra ailə sahibi
ola bilməzdi. Ona görə ki, onun cəmi-cümlətani 5
yaşı vardı.
Hər bir dəhşətli
və ağır hadisənin faciəvi tərəfindən
başqa müsbət keyfiyyəti də var. Və eləcə
də 1902-ci il Şamaxı zəlzələsinin. Əgər
bu hadisə olmasaydı, bəlkə də Ağasadıq Gəraybəylinin
bugünkü taleyi tamamilə başqa bir yöndə
formalaşar və ümumiyyətlə, bu gün biz belə
bir adam, belə bir sənətkar haqqında yazmaya da bilərdik.
... Oturmuşuq onun
Bakı bulvarına yaxın evində. Onun sabah-birisi gün doxsan
yaşı tamam olacaq,dedim. Evini
hələ indi təmir elətdirir. Respublikanın
Xalq artistidi. Adlı-sanlıdı. Çox böyük hörmət sahibidi. Ancaq bu hörmətin dəyər-üstünlüyü
tamamilə başqadı.
Baxıram bu evə. Divardan
beş-on şəkil asılıb. Və
mən bu şəkillərdəki Ağasadıq Gəraybəylini
tanıyıram. Ağasadıq müəllimdən
çox-çox cavan. Bu şəkillərdən
birində Ağasadıq müəllim lap cavan
görünür. Bu barədə sonra.
Qıraqda bir dəst
parket var. Pəncərələr təzədən qoyulub. Nə demək
olar, təmirdi, elətdirir də. Və mən bir
şeyi deməyi özümə borc bilirəm: zəng eləyib
deyəndə ki, Sizinlə söhbətimiz var, telefonda bir az tutulub, evimdə təmir gedir, - dedi. Bunun bizim söhbətimizə dəxli yox idi.
Bunun güman ki, ona dəxli vardı ki, onun 90 yaşı tamam
olacaqdı və 90 yaşlı bir Azərbaycan SSR-nin xalq
artisti evinin indi təmir elətdirirdi. Bu məni
bir qədər təəccübləndirirdi. Görünür heç burada təəccüblü
bir şey də yox idi. Və bəlkə
də belə olmalıdı.
"Sən
baxma indiki artistlərə. O vaxtlar belə şeylər yox idi. Onlar təmiz adamlardı. İndiki
kimi min cür qastrol onda yox idi. Axı nə
qazancı olurdu ki, başı ayılıb evinə
baxsın".
Bunu mənə bir həmkarım
dedi.
Deməsəydi də
bilirdim.
... Baxıram
divardakı şəkillərə. Səhnəmizin ilk
Kobası . Səməd Vurğunun "Xanlar" əsəri.
O vaxtlar bizim nəsil uşaq olub. Biz bu rolda Ağasadıq Gəraybəylini
görə bilməmişik. Ancaq bu aktyorun gözl oyunu barədə
yazılanların hamısını oxumuşuq. Və mənim
bu aktyora belə bir sualım vardı: "Aktyorluq elədiyiniz
uzun illər ərzində çox gözəl
rollarınız olub. Maraqlı obrazlar yaratmısınız.
Deyə bilərsinizmi həmin rollardan hansı sizi daha
çox sevindirib, hansı rol üçün təəssüf
eləyirsiniz?"
Verirəm bu sualı.
Ağasadıq Gəraybəyli mənim sualımın ikinci
hissəsindən başlayır. Mən bunu çox təbii
hesab eləyirəm. Ona görə ki, söhbətimiz ərzində
hiss elədim ki, sual uzananda o əvvəli unudur.
Yaş öz işini
görürdü.
90 yaşı
olacaqdı onun.
Belə bir sualım da
vardı: "Yaddaşınızdan gileyli deyilsiniz ki?.."
"Yox" - dedi
Ağasadıq müəllim. "Bir az gözlərim zəifləyib".
Bir az! Bunun özü də
təəccüblüdü. Axı o həmişə kitab-dəftərlə
əlləşib. Göz yazıq neyləsin! Ancaq aktyor
heç də kitab-dəftəri qınamır. Səbəbini
izah eləməyə çalışır.
Bu barədə də sonra.
Aktyor təəssüf
hissilə xatırladığı rolu barədə
danışır. Mən dinləyirəm. Və arada bir fikir
verir ki, indi bunları xatırlamaq onun üçün həm
əzizdir, həm çətin.
Əzizdir ona görə
ki, nə vaxtsa bunlar olub, artıq tarixdi.
Çətindi ona
görə ki, son illərdə başqa rollarına dəfələrlə
qayıtsa da, Koba rolunu bir də oynamayıb.
Tənqidçilər,
sənətkarlar o vaxt belə yazıb bu rol barədə.Onlardan
biri: Doktor Cəfər Cəfərov: "Ağasadıq Gəraybəyli
Kobanın canlı və təsirli sözlərini
böyük bir etiqad qüvvəsiylə, dərin bir ilhamla
söyləyir, arxayın və sakit oynayır, surəti real və
aydın cizgilərlə təsvir edirdi".
Aktyor özü belə
deyir bu obraz haqqında:
- Bu rol da başqa rollarım
kimi ömrümün bir parçasıdı. Hələ bir az da artıqdı. Mən bu rol
üçün daha çox zəhmət çəkmişəm.
Bu obrazı daha çox sevirdim. Səməd Vurğun özü dəfələrlə
gəlib, mənim bu roluma baxardı. Dəfələrlə.
Və heç zaman da narazı getməzdi. Xüsusilə bu rolun bir yeri var, mən o hissəni
oynayanda Səmədə ləzzət eləyirdi. Təkcə Səmədinmi xoşuna gəlirdi?
Yox. O vaxtlar mən bu rolu oynayanda
tamaşaçılar o qədər
alqışlayırdılar ki, bir monoloq var ey, oranı deyəndə
daha çox əl çalırdılar.
Və mənim
bütün təəccübümün əksinə olaraq,
bir az əvvəl verdiyim sualın birinci hissəsini unudub,
ikinci hissəsindən başlamsasına baxmayaraq
Ağasadıq Gəraybəyli Kobanın məşhur
monoloqunu söyləyir:
Xanlar! Bir bura gəl, Günəşə bir bax
Sənin gəncliyin tək o da yanaraq,
Yayır şəfəqini bizim dənizə.
Qardaş yaranmışdır Günəş də
bizə.
Odur, bax, qızardır şəfəq hər
yanı,
Siz namusla sevin Azərbaycanı
Burdan yayılacaq işıq hər yana;
İrana, Əfqana, Ərəbistana.
Bu torpaq deyildir, bir laləzardır,
Burda hünər də var, namus da vardır.
Və mən həqiqətən
də onun yaddaşının hələ də cavan
qalmasına təəccüb eləyirəm. Ancaq bir şeyi
unutmayaq ki, bu aktyor yaddaşıdır.Adi yaddaş sahibi bəlkə
də tamamilə başqa cürdür. Adi yaddaş sahibi
çox şeyləri unuda bilər. O şeyləri ki, ona
lazım deyil, ona gərək deyil.
Deyə bilərlər
ki, aktyor yaddaşı ilə fəxr eləməməlidi. Bəlkə
də belədi. Ancaq otuz-otuz beş və daha çox illər
bundan qabaq öyrənilib, sonralar təkrarlanmayan bir obrazın
sözlərini söyləyən aktyorun 90 yaşı
olduğunu gərək unutmayaq.
Ağasadıq Gəraybəyli
Kobadan danışır. Arada bir gözlərini qıyır.
Diqqətlə üzümə baxır. Bəlkə də
bilmək istəyir ki, onu eşidirəm ya yox. Onu eşidirəm
və gözlərinin işığının zəifləməsini
izah eləyir: "Bu yaxınlarda mənə bir rol
vermişdilər. Qeybulla Rəsulovun "Qarabağ əfsanəsi"
əsərindən. Həmin rolun mətnini
köçürmüşdülər. Ancaq çox səliqəsiz
idi. İstədim ki, özüm öz xəttimlə həmin
mətni köçürüm. Nə qədər elədim
oxuya bilmədim. Əsəbilik məni özümdən
çıxardı. İki əlli başıma bir yumruq
ilişdirdim. Az qaldım ki, ağlayım!
(Diqqət! Mən
haçansa, haradasa çox aktyorlar barədə "səhnə
fədaisi" ifadəsini oxumuşam. Bilmirəm, bir çox
ifadələr kimi biz həmişəmi bu kəlməni
vaxtında və yerində işlədirik? Aktyor var,
yanında yel keçəndə bülleten alır. Bir az xəstələnəndə,
bəhanə eləyib teatra gəlmir. Kinoya çəkilişə
gedir, televiziyaya çıxışa gedir, radioya
qaçır. Belələri indi daha çoxdur).
"Az qaldı,
ağlayım" - o, davam eləyir. Mərahim mənə
yaxınlaşdı. Sakitləşdirdi, "Ağasadıq
müəllim, tələsməyin, hövsələli olun, hər
şey düzələr. Yaxşı olar, - dedi. Bax, o vaxtdan
gözlərimin işığı bir az da zəifləyib.
Özüm öz əlimlə elədim".
Ağasadıq müəllim
deyir ki, gözlərimin işığı zəifləyib, mən
qəhərlənirəm. Bu gözlər tutula da bilər.
Yaşın, ömrün vəfası olmasa.
Ağasadıq müəllim
hələ qıvraqdı. Canı suludu. Hələ bizə
neçə-neçə xoşbəxt dəqiqələr bəxş
eləyə bilər.
"Gözümün
işığı bir az zəifləyib"- deyir o.
Mən qəhərlənirəm.
Haradansa dünyanın məşhur
qapıçılarından biri, son illərdə
qıçları kəsilmiş Lev Yaşin yadıma
düşür.
Bu da həyatın bir təzadıdır.
İnsafsızlıqdır bəlkə?
"Gözlərimin
işığı azalıb!"
Bu sözlər
Ağasadıq Gəraybəylinindi!
Diqqət!
"Gəraybəyli hər
şeydən əvvəl obrazın gözünü tapır.
Obrazın gözü onun baxmaq qaydasıdı, onun
düşüncələrinin təzahür formasıdır.
Məşədi Hüseyn həmişə bərəlmiş
gözlərlə ətrafa və insanlara nəzər
salır. Bu gözlər daima cinayətkarlıq nəzərləriylə
doludu. O, həmişə dik qarşısına baxır,
başı tərpənmir, ancaq hər şeyi yaxşı
görür. Gözlər öz hədəqələrində
bəzən çox ağır-ağır, bəzən də
çox sürətlə hərlənir. Ümumiyyətlə,
Məşədi Hüseyn ("Həyat", M.İbrahimov.
T.A.) heç bir hərəkət etmir. Onun yalnız təsbeh
çevirən barmaqları işləyir. Lakin bu barmaqlar və
gözlər onun bütün daxili həyəcan və
düşüncələrini büruzə verir...
...Gecədir... Abbas
öz yoldaşlarından ayrılır. O, çayı
keçib sevimli Atlasının yanına getməlidir. Birdən
Heydərqulunun namərd gülləsi Abbası həlak edir. Məşədi
Hüseyn Süleymanla gizləndiyi yerdən çıxır.
Bu səhnədə tamaşaçı Məşədi
Hüseynin canavar təbiətini, cəllad və amansız
gözlərini görür. Sanki bu gözlər qan
gördüyünə sevinir".
Bu sətirlər gözəl
rejissorumuz Tofiq Kazımovun kitabındandır.
Xatırlayırıq
ötənləri. Arxada qalan illəri. Birini o deyəndə,
birini mən deyirəm. Ağasadıq Gəraybəylinin ən
yaxşı obrazlarından biri Məşədi Hüseynin
adını çəkirəm. Ağasadıq müəllim
diqqətlə üzümə baxır. Mən bu
baxışda bir təəssüf hissi oxuyuram.
Deyir: uşaqsan, görməmisən.
Gərək görəydin o rolu.Onu necə oynayırdım.
Susur.Və mən indi
çılpaqlığı ilə hiss eləyirəm ki, adam
var özünü tərifləyə bilmir, nəinki tərifləmək,hətta
olanları da deyə bilmir. Ancaq burda, bu saat Ağasadıq
müəllimin özünü tərifləməsi mənə
çox lazımdı. Ona görə ki, bütün yazılanlardan
başqa ən dürüst sözü o özü deyə
bilər.
***
Ağasadıq
Ağəli oğlu Gəraybəyli. Şamaxıda
doğulub. 1897-ci ildə. Vəfat eləyib Bakıda. 1989-cu
ildə. Azərbaycan SSR xalq artisti (1940).
Fəaliyyətə H.Ərəblinskinin rəhbərlik
etdiyi dram dərnəyində başlayıb. Z. və Ü.Hacıbəyov qardaşlarının
teatrında müxtəlif rollarda oynayıb. Sonralar Bakı Azad Tənqid-Təbliğ Teatrında
çalışıb, ömrünün sonunadək Azərbaycan
Dövlət Dram Teatrında işləyib. Onun
yaradıcılığına xas xüsusiyyətlər:
dramatik və komik səpgili səhnə obrazları. Dram
teatrının səhnəsində Məşədi Hüseyn
("Həyat"), Koba ("Xanlar"), Bələdiyyə rəisi
("Müfəttiş"), Əliqulu ("Əliqulu evlənir"),
Altunbəy ("Od gəlini") və başqa obrazların
yaradıcısı olmuşdur.
"Azərbaycanfilm"də
çəkilmişdir: "Sevil", "Fətəli xan",
"Sevimli mahnı", "Qızmar günəş
altında", "O olmasın, bu olsun", "Bəxtiyar"
və sairə filmlərdə.
( Davam edəcək)
Tofiq Abdin
Ədalət.- 2010.- 17 iyul.- S. 16.