HAMIMIZIN "ƏDALƏT"İ – 20

 

Qəzetimizin 20 yaşının tamam olması münasibəti ilə Azərbaycanın ədəbi ictimaiyyətinin tanınan, sayılan sözü ilə, qələmi ilə özünü təsdiq edən bir neçə təmsilçisinə bir sualla müraciət etdik:

- "Ədalət"in həyatınızdakı yerini necə ğörürsünüz?

İlk telefon açdığımız sevimli yazıçımız, Yusif Səmədoğlu mükafatının laureatı Seyran Səxavət oldu.

- İlk nömrəsindən xoşuma gəldi "Ədalət". Sovet qəzetçiliyini alt-üst elədi. Hamıya qəzeti sonuncu səhifədən deyil, birinci səhifədən oxumağı öyrətdi. Lap belə məcbur elədi. Bu qəzet öz sifəti, öz siması, öz xarakteri olan qəzetdir. Həmişə oxuyuram, həmişə izləyirəm, ara-sıra özüm çap olunuram, kəsəsi xoşum gəlir bu qəzetdən. Bir onu deyim ki, "mal yiyəsinə oxşayar". Mən görürəm ki, "Ədalət" qəzeti 90 faiz Aqil Abbasın özüdü. Çünki bu qəzetdə Aqil özünü yazır, ətrafıını yazır, dostlarını yazır, Qarabağı yazır, Azərbaycanı yazır. Bir sözlə "Ədalət"də bir Aqil Abbas var, bir onun özünə uyğun, özünə bab kollektivi. Mən hər gün oxuduğum iki-üç qəzetin biri olan "Ədalət"i 20 yaşının tamam olması münasibəti ilə təbrik edirəm inanıram ki, o öz yolunu elə bu cür davam etdirəcəkdi.

 

Zakir Fəxri:

 

"Mənim qəzetim"

 

- Qardaş, qəzetin ad günü 26-dı. Amma bildiyimə görə, siz onu 25-də qeyd edəcəksiniz. Belə danışaq ki, Azərbaycanda çox nadir mətbu orqanlar var ki, onlar mənim üçün çox doğmadır, hətta taleyimin bir hissəsidir. Onun da biri "Ədalət" qəzetidir. Bu qəzet yarandığı gündən müəyyən məqamların görüntülərini özündə əks etdirə bildi. Əyrilikləri, düzlükləri ortaya çıxardı. Həqiqətin öz əksini tapmasında, mənim arzuladığım yazıların nəşr olunmasında böyük işlər gördü. İlk öncə buna görə mənim üçün doğma oldu. Mən bu qəzeti həmişə axtarıram bilirəmki, mütləq onda yeni bir şey tapıb oxuyacam.

Bir həqiqət var. İnsan min illərdir ki, ədalət axtarır, yəni həqiqətin sorağındadı. Gəlin etiraf edək ki, bizim "Ədalət" məhz ədalətin axtarışındadı. Amma o da var ki, ədaləti tapmaq qeyri-mümkündü. Çünk ədalət elə haqqın özüdü. Yerdə qalan başqa ədalət yoxdu. İndiki maddi dünyada ədalət axtarmaq bir az absurd söhbətdir. Lakin mənə elə gəlir ki, "Ədalət" qəzeti elə özünün dərc etdiyi yazılara ədalətli yanaşmağı ilə, ədalətin sorağında olmağı ilə öz üzərinə düşən çox işi görüb. Arzum budur ki, indiki mürəkkəb zamanda, cılız, mənasız, sensasion yazıların mətbuata yol tapdığı məqamda onlardan uzaq olsun, öz yoluna sadiq qalsın, polemika açan, milli-mənəvi dəyərləri saxlayan yazıları ilə bizləri yenə sevindirsin. Ad gününüz mübarək!

 

Kamal Abdulla – Yazıçı, Bakı Slavyan Universitetinin rektoru: "20 yaşınız məni sevindirir"

 

- Vaxtın necə sürətlə keçib getdiyini bəzən hiss etmirik. Amma "Ədalət"in doğum tarixinə baxanda Azərbaycan mətbu məkanına qədəm qoyduğu günü xatırlayanda baxıb görürsən ki, aradan xeyli zaman keçib. Səmimi etiraf edək ki, bu ötən zaman özünün bir-birindən maraqlı, bir-birindən ziddiyyətli, sevincli, kədərli, uğurlu, uğursuz məqamları ilə yaddaşlarımıza köçüb, tarixləşibdi. Elə "Ədalət" qəzeti məhz oxucuların, yazarların yadında bir ədalət cığırı açan nəşrdir. Mən bu qəzeti ardıcıl izləyirəm, onun uğurlarına sevinirəm, yaxından tanıdığım kollektivin hər bir nailiyyəti bir oxucu kimi, bir yazıçı kimi mənim ürəyimdən xəbər verir. Bir daha sizi ürəkdən təbrik edir, sevincinizə qoşulur, Aqil Abbas, İradə Tuncay başda olmaqla sizin bizim qəzetimizə yeni-yeni yaradıcılıq üfüqləri arzu edirəm.

 

Vaqif Bəhmənli - şair: ""Ədalət" dostumun qəzetidi"

 

- Suala qəflətən məni yaxaladınız, amma bunun da öz özəlliyi, gözəlliyi var. Elə mən ürəyimdə olanları birbaşa sizə çatdırmaq istəyirəm. Birmənalı şəkildə etiraf etmək lazımdır ki, "Ədalət" öz mühiti, öz söz meydanı olan öz sözünü deməyi bacaran qəzetdir. Bu qəzetlə təmasda olanda, onun daxili aləminə nəzər salanda burdakı insanların bir-birinə doğmalığı ilə yanaşı, rəhbərliyin əməkdaşlarla tam səmimi şəkildə anlaşması həqiqətən adamın ürəyini dağa döndərir. Özü "Ədalət" yarandığı gündən az qala bir çox ölçüləri, parametrləri, çərçivələri vurub sındırıb dağıtdı. Adamlara Cəlil Məmmədquluzadə irsindən gələn yeni bir söz dünyası bəxş etdi. Ən kiçik xəbərindən tutmuş, ən böyük silsilə yazılarına qədər bu qəzetdə başqalarından fərqlənən üsullar, münasibətlər duymaq, görmək mümkün oldu. Qəzet səni həm güldürdü, həm düşündürdü. Düzü düz, əyrini əyri yazmaq prinsipinə sözün bütün mənalarında əməl etdi. Bu qəzetdəki əməkdaşların hamısı mənim üçün doğmadı. Mənim həyatımın, yaradıcılığımın müəyyən hissəsi bu qəzetlə bağlıdır. Ən vacib odur ki, bu qəzetdə həqiqəti çəkinmədən birbaşa demək, sözü sahibinə çatdırmaq mümkündür. Yəni qəzet iqtidar, müxalifət anlayışı deyil, həqiqəti, ədaləti xalqa xidməti, dövlətçiliyi hər şeydən üstün tutur. Ona görə istənilən məqamda "Ədalət"də öz haqq səsini qaldıra bilirsən. Mən dostlarımın işlədiyi, güvəndiyim bir-birindən mehriban insanların çalışdığı "Ədalət"i yubileyi münasibəti ilə təbrik edirəm. sadəcə Aqil Abbasdan, İradə Tuncaydan bütün əməkdaşlardan bircə istəyim var: o da "Ədalət"i həmişə yaşatmaq, həmişə onun uğurlarını artırmaqdı. İstəyirəm ki, ilk gündən özünü oxucuya sevdirən "Ədalət" bundan sonra da bütün zamanların qəzeti olsun bizlər onu sevə-sevə mütaliə edək, onun səhifələrində sözümüzü deyə bilək. Hamınızı bağrıma basıb hamınızı ürəkdən təbrik edirəm!

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 24 iyul.- S. 6.