YAMAN YERDƏ AXŞAMLADIQ

 

 

Dostum Qismətin əziz xatirəsinə

  

Yaman yerdə axşamladıq...

Dostum!

Bu nə iş idi tutdun?

Beləmi danışmışdıq

Necə bacardın ölməyi

Necə qıydın mənə bu cür

təklənməyi.

İllər boyu bu dostluğu əzəmətim

bilmişəm

İndi bu yıxıya mən necə dözüm

İllərlə, qapını qapım, evini evim

bilmişəm

İndi o qapıya mən necə gedim!..

Eh... indi başqa qapıdasan

indi burda

qəbir dedikləri bir göz otaqda

qapın açılıbdı üzü göylərə

 ... O da bircə anlığa...

Molla duasını çözənə qədər

Dünyadan

Son işıq payını üzənə qədər

Sonra bağlanacaq açılmazlığa...

Eh, dostum

Bu nə iş idi tutdun

Necə bacardın bunu sən

Dərdin böyüklüyündən

Söz də tapa bilmirəm

 

Hey qurbanlar deyərdin

nisgilimə, dərdimə

axırda qurban getdin

bu Dostluğun xətrinə

çünki yaxşı bilirdik

çünki o zalım fələk

o idbar, paxıl fələk

çoxdan diş qıcamışdı

bu dostluğun qəsdinə

çünki yaxşı bilirəm

yenə çıxıb irəli

tovlayıb aparmısan

öz arxanca əcəli

bu həqiqətdi, dostum!

Bu ölümdən güclüdü

O həqiqətin gücü

Niyəsə tez ölürlər

Kişilər, mərdlər, ərlər

Elə bil bu dünyada

Kişilik qələt olub

Elə bil dünyada

Kişilər qəhət olub

 

Həqiqət budu, Dostum

Bu da bir yoldu, Dostum.

Keçib o həqiqəti

O yolu addım-addım

Bir az gec, ya bir az tez

Gəlməkdəyəm, yoldayam

Çox çəkməz –

- uğrundayam...

 

 

ÖZÜNÜ QORU

 

Mehman Cavadoğluna

Özünü qoru Dostum!

ürəyini qoru

bu beş günlük həyatı

gözlərindən tökməsin

gözlərini qoru

gördüyü hər parıltı

ürəyinə çökməsin.

Adını, soyadını qoru

Torpağa düşəcək tək izin kimi

Birdə ki,

Dünyanın artığına

Qalmamısan ki?!

 

 

NƏ BAXIRSAN?

 

Xəstə bir tanışıma

Oturub gözlərini dikmisən aya,

nə baxırısan?

O ki biganədi, salmır səni saya.

nə baxırsan.

Yoxsa möcüzə görürsən oranı xal

düzümündə

sığışmaz sənlə o möcüz bir araya,

nə baxırsan

adına ya dəli qoşdu, ya havalı

tanıyanlar

oynadın bu başı daşlı ab-havaya

nə baxırsan

hamı çəkdi özünü bir qırağa

qaldın arada

keçdi təklikdə ömür, getdi fənaya

nə baxırsa

çox da baxma aya, xaldı görünən

başqa nə var ki?

sən elə xalsan bu dünya xarabaya

baxırsan

dur get, daha bəsdir! Niyəni sorma

bilən yox

sualı saxla o göydəki Ağaya,

nə baxırsan?!..

 

 

QOCA VƏ MƏN

 

O kimdi yanımdan keçən

Baxıb üzümə irişən

Yəqin tanış-bilişimdən

Ya da hansısa qəmişdi

 

Pah, bu ki, üstümə gəlir

Baş əsdirib salam verir

Dərdləşməyə adam gəzir

Qos-qocaman bir kişidi

Necə də oxşayır mənə

Uşaqlıq şəkillərimə

Bəs niyə düşüb bu günə?

Bu günümün keçmişidi.

Mən düşünüb-daşınınca

Baxdım yox olub qoca

Məndən salam almayınca

Yəqin ki, küsüb getmişdi...

 

 

OLDU

 

Dağıdıb qaranlığın zülmətini sübh səhər oldu

oyanıb açdı təbiət gözünü

bəxtəvər oldu

güldü göylərdə günəş, hər yerə

gündüz səpələndi

çalxalandı həyat eşqilə cahan

dərbədər oldu

gələn gəldi, gedən getdi, təzələndi

yenə dünya

getdi axşamına doğru, yenə təkrar

səfər oldu

bir varaq da beləcə yazdı ömür,

gün kitabıma

yazdıqca yazıldı o kitabım,

xeyrim zərər oldu

fərqi yoxmuş həyatın, azmı ya,

çoxmu dəyəri bu

düşdükcə dəyərdən qədrim,

elə qəbrim qədər oldu.

 

 

"QIRX YAŞ"

 

Umduqlarım, ümiddən çox,

Minnətçilikdi

Göylər susur, kərəmi yox

Zülmətçilikdi

Ruhum dirənib üzümə

Qəhət oldum öz-özümə

Yer tapılmadı izimə

Qürbətçilikdi

Baş açmadım şərti nədir

Yamanca uzandı ömür

Qırx yaşa gülməyim gəlir

Məətəlçilikdi...

 

 

Elşad Bayram

 

Ədalət.- 2010.- 22 iyul-. S. 7.