TORPAĞIN HARAYI

 

(ixtisarla)

 

...Vətən varsa biz varıq,

Vətən yoxsa, tarımarıq!

 

Eşit ah-naləmi...mənim övladım!

Cəlladtək sinəmə çöküb erməni.

Mən ana torpağam, Anadır adım,

Sən kimə tapşırıb getmisən məni!

 

Bilinmir bu zalım fələk sayır,

Haqlını, haqsızı gəl indii ayır!

Torpaq övladını haqlı danlayır:

Sən kimə tapşırıb getmisən məni!

 

üzlə sən mənə "Ana" deyirsən,

Verdiyim neməti necə yeyirsən?

Düşmənin önündə məni əyirsən,

Sən kimə tapşırıb getmisən məni!

 

Çəkdiyin zəhməti itirməmişəm,

Lüzumsuz tikan da bitirməmişəm.

Mən ki, maymaq övlad yetirməmişəm,

Sən kimə tapşırıb getmisən məni!

 

Hünər , dözüm vermişəm sənə,

Xidmət eyləyəsən Xalqa, Vətənə!

üzlə qayıdıb gələrsən yenə?

Sən kimə tapşırıb getmisən məni!

 

Babalar yolumda candan keçdilər,

Düşməni ot kimi kəsib biçdilər.

"Torpaq əmanəti" deyib köçdülər,

Sən kimə tapşırıb getmisən məni!

 

Torpaqsız bir ömür yaşa dolarmı,

Könlünə yatımlı bir kam alarmı?!

Adam öz yurdunda qaçqın olarmı?

Sən kimə tapşırıb getmisən məni!

 

Dünyada mövcuddur iki cür bölüm:

Birisi olumdu, birisi ölüm!

İndi qan ağlayır çəmənim, çölüm...

Sən kimə tapşırıb getmisən məni!

 

Gündüzlər gün çıxdı, axşam qaraldı...

Hicrandan gözümün kökü saraldı.

Namusun, qeyrətin de harda qaldı?

Sən kimə tapşırıb getmisən məni!

 

Sanma qorxaqlıqla kama çatarsan,

Qaçdığın o yerdən hara qaçarsan?!

Dəryaya qərq olub dərin batarsan...

Sən kimə tapşırıb getmisən məni!

 

Gəl, atma boynunda olan günahı,

Tutacaq haqsızı haqlının ahı!

Öləndə qoynuma qoymaram axı,

Sən kimə tapşırıb getmisən məni!

 

Bunu yaxşı bilir hər igid ərim,

Alınmaz qaladır hər qarış yerim!

Zirvəsi qartallı dağdı hünərim,

Sən kimə tapşırıb getmisən məni!

 

Anteyi salsaydım əgər yadına,

Ləkə gətirməzdin torpaq adına!

Sən deyəcəksən öz övladına?

Sən kimə tapşırıb getmisən məni!

 

Torpağı almasan əgər özün sən,

O soyuq məzara nakam gedərsən!

Gələcək nəsli kölə edərsən...

Sən kimə tapşırıb getmisən məni!

 

Qalx! yatmısan, yatdığın yetər,

Daha olacaq bu gundən betər!

İgidlik göstərəsən savaş da bitər,

Sən kimə tapşırıb getmisən məni!

 

 

AĞDAMIN ADINI UCA SAXLAYIN

 

(ixtisarla)

 

Çoxdu bu həyatın eniş-yoxuşu,

Hər xalqın xoş günü, çətin günü var.

Yenə qayıdar Səadət quşu,

Eşidin sözümü, ay Ağdamlılar:

 

Həyat gəmisini tufan alsa da,

Tanrı dərgahına ümid bağlayın!

Ömürdən sabaha bir gün qalsa da,

Ağdamın adını uca saxlayın!

 

Hərə örnək olsun öz övladına,

Ötən günlərini salsın yadına.

Ləkə gətirməyin elin adına,

Ağdamın adını uca saxlayın!

 

Qoruyun bəladan bir-birinizi,

Hiyləgər düşmənin qırılsın dizi!

Allah arzunuza çatdırsın sizi,

Ağdamın adını uca saxlayın!

 

Uymayın fitnəyə, felə...amandı!

Qoymayın pozula imanı, andı.

Biqeyrət, bişərəf...çətin zamandı,

Ağdamın adını uca saxlayın!

 

Sizi çaşdırmasın çalınan təbil,

Lüzumsuz yerlərdə ötəmyin dil-dil!

Aclıq bir il gedər, töhmətsə min il,

Ağdamın adını uca saxlayın!

 

Torpaqdır xalqımın yeganə dərdi,

Bu dərdi çəkməyin özü hünərdi!

Vəzifə, kreslo...gəldi gedərdi,

Ağdamın adını uca saxlayın!

 

Yaxşı sınanmısız olsanız harda,

Doğru sözünüzdə, saf etibarda.

Ömrünüz keçsə şaxtada, qarda...

Ağdamın adını uca saxlayın!

 

Yaltaqlıq, yarınmaq sizlərə yaddır,

Kişilik qeyrəti ən uca addır!

"Ya olum, ya ölüm" qoşa qanaddır,

Ağdamın adını uca saxlayın!

 

Ata-balara olmasaq əsil,

Bizi lənətləyər gələcək nəsil!

Ağdamsız keçsə ömürdən hər il,

Ağdamın adını uca saxlayın!

 

Harada olsanız seçilmisiniz,

Od-alov içindən keçilmisiniz!

Qeyrətdən, hünərdən biçilmisiniz,

Ağdamın adını uca saxlayın!

 

Bilirəm, çox çətin yaşayırsınız,

Sizə var-dövlət...gün sayırsınız.

Görün hansı adı daşıyırsınız?!

Ağdamın adını uca saxlayın!

 

 

Əjdər Qiyaslı

 

Ədalət.- 2010.- 23 iyul.- S. 4.