20 il sizinlə

 

Müstəqil hüquqi qəzet kimi işıq üzü görən "Ədalət" qəzetinin 20 yaşı tamam olur. Azərbaycanın müstəqilliyinin yenidən bərpasının yubileyi ilə həmyaş olan "Ədalət" qəzetinin tutduğu yol onu izləyən hər bir oxucuya yaxşı tanışdır. Bunu "Ədalət"çiləri təbrik üçün siyasilərimizin fikirlərindən daha aydın başa düşmək olur. Onu da deyək ki, fəaliyyətə başladığı ilk günlərdən tutduğu yolu ardıcıl davam etdirən, öz ənənəsinə sadiq qalan mətbuat orqanları arasında "Ədalət" qəzetinin özünəməxsus yeri var.

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu:

 

- Millət vəkili Aqil Abbas başda olmaqla "Ədalət" qəzetinin yaradıcı heyətini yubiley münasibətilə təbrik edirəm. Uğurlar, can sağlığı arzulayıram. Ayrı-ayrı dövrlərdə oxucusunun sayının azalıb-çoxalmasından asılı olmayaraq, hər-halda "Ədalət" qəzeti qarşısına qoyduğu vəzifəni yerinə yetirməyə çalışdı. Bəzən buna nail oldu, bəzən isə yox. Bunu bir oxucu kimi hiss edirəm. Çünki Azərbaycanda heç bir mətbuat nümayəndəsi, heç bir kəs arzusuna çatmayıb. Azərbaycanın ən mühüm, əsas problemi həll olunmayıb və ona görə də hamı nakamdır. Amma buna baxmayaraq arzu edirəm ki, "Ədalət"çilər haqqın-ədalətin təntənəsinin baş verməsi istiqamətində xidmətlərini davam etdirsinlər və o günü mütləq qeyd etsinlər"

 

Siyasi şərhçi Eldar Namazov:

 

- "Ədalət" qəzetinə çox böyük hörmətim var. Bu qəzet Azərbaycan mediasında yeri, dəsti-xətti olan bir mətbuat orqanı kimi qəbul olunub. Mən qəzetin əməkdaşlarını və rəhbərlərini yubiley münasibətilə ürəkdən təbrik edirəm".

 

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı:

 

- "Ədalət" qəzeti fəaliyyətə başladığı ilk gündən ədalətli mövqe tutdu və bu günə kimi də hər zaman dövlətçilik mövqeyini nümayiş etdirdi. Hadisələrə obyektiv və qərəzsiz yanaşmağı bacardı. Xüsusi olaraq xatırladığım odur ki, Azərbaycanın ərazi bütövlüyü, onun suverenliyi yolundakı mübarizəyə ən çox önəm verən qəzet olub. Azərbaycanlıları vətənpərvərliyə səsləyən, bu ruhda vətəndaşları tərbiyə edən bir qəzet kimi tanınıb. Sonraki dönəmlərdə də dövlətçilik maraqlarına üstünlük verərək, koorporativ, qrup maraqlarından kənarda qaldı, onların fövqündə dayandı. Bununla da bu günə kimi özünü qoruyub saxlaya bildi. 20 illik bir zaman kəsiyində qəzeti qoruyub saxlamaq, onun simasını müəyyənləşdirmək, həmin simanı sona qədər saxlamaq böyük şücaət tələb edir. Bu mənada "Ədalət" qəzetinin yaradıcısı, vətənpərvər, mübariz, demokrat Aqil Abbası təbrik edirəm. Çünki onun şəxsində özünü tapan məqamlar artıq qəzetdə də öz əksini tapdı və bu günə kimionun kollektivi həmin ənənəni davam etdirir. Onun kursu dəyişməyib və mətbəxində işıq üzü görən yazılar vətən, millət, dövlət və onun maraqları və mənafeyi əsas aparıcı xətt təşkil edib.

Aydınlar Partiyasının funksioneri Qorxmaz İbrahimli: "Ədalət" qəzetini təbrik edirəm. Çünki bu qəzet Azərbaycanın müstəqilliyi ilə demək olar ki, yaşıddır. "Ədalət" fəaliyyətə hüquqi-siyasi qəzet kimi başlayıb. Azərbaycan xalqına həm hüquqi, həm də siyasi baxımdan kifayət qədər məlumatın verilməsində mühüm rol oynayıb. Qəzetin istər jurnalist araşdırmaları, istərsə də ilk səhifəsində Aqil bəyin satirik cümlələrindən başlayaraq hər bir yazısı hər zaman oxunaqlı olub. İnanıram ki, bu oxunaqlıq həmişə də saxlanılacaq əminəm ki, bu gün də "Ədalət" qəzeti kifayət qədər bacarıqlı kollektiv və rəhbərlik tərəfindən idarə olunur

 

Deputat Pənah Hüseyn:

 

- Milli demokratik mübarizələr, müstəqillik dönəmlərində yeni mətbuatın formalaşması prosesində "Ədalət" qəzetinin də yeri və əhəmiyyətli rolu olub. O cümlədən də qəzetin təsisçisi Aqil Abbas Azərbaycan jurnalistikasına yeni ştrixlər, xətlər gətirən şəxs kimi tanınıb.

 

Demokratik İstiqlal Partiyasının sədri, deputat Asim Mollazadə:

 

- "Ədalət" qəzeti bilavasitə Azərbaycanın gözəl yazarı Aqil Abbasın adı ilə bağlıdır. "Ədalət" qəzeti öz ətrafında yüksək mədəniyyətə malik olan peşəkar jurnalistləri toplayaraq çox maraqlı bir mətbuat orqanı kimi oxucularını davamlı şəkildə sevindirib. 20 illik yubileyi təbrik edir, kolektivə böyük uğurlar arzu edirəm. Arzu edirəm ki, müstəqil Azərbaycanın azad məsuliyətli, peşəkar jurnalist ənənələrini bundan sonra da davam etdirsinlər.

 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa:

 

Orijinal mətbuat orqanı deyəndə yada düşən qəzetlərdən biri "Ədalət qəzeti olur. Bu qəzet öz dəsti xətti, üslübu, hətta müəyyən mənada səhifə formatı ilə digərlərindən fərqini ortaya qoya bilib. Ona görə hesab edirəm ki, "Ədalət" qəzetinə bir qədər tərəfsiz mətbuat anlayışını inkişaf etdirən, bu ənənəni qoyanlardan biri kimi baxılmalıdır. Təbii ki, istər qəzetin yaradıcısı baş redaktoru Aqil Abbas, istərsə "Ədalət" qəzetinin təsisçisi Adil Minbaşının burada böyük rolu var. bu gün İradə xanım çox yüksək səviyyədə həmin ənənəni davam etdirir. Məncə, "Ədalət" qəzeti Azərbaycan mətbuatının tərəfsiz ədalət simvolu olaraq həmişə qalacaq.

Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli: "Ədalət" qəzeti fəaliyyətə başladığı ilkin dövrlərdən daha çox hüquqi maarifləndirmə, hüququn aliliyi, insan haqları prinsiplərinin müdafiəçisi kimi çıxış edib. Təbii ki, Aqil Abbas şəxsiyyəti ilə paralel gələn, büdrəməyən, öz prinsipləri olan, yeri gəlsə çox "qəddar" olan qəzetlərdən biridir. Eyni zamanda da "Ədalət" kifayət qədər həlim olmağı da bacarıb. Mən orada daha çox kimisə aşağılamaq, kimisə yüksəltmək tendensiyasını görməmişəm. Mənə elə gəlir ki, bu iyirimi ildə "Ədalət" obyektiv olmağa, informasiyaları da obyektiv şəkildə verməyə çalışıb. Sovetlərdən keçid dövründə ola bilsin bir qədər tərəddüdlər ola bilərdi. Amma "Ədalət" qəzetini sonrakı dönəmlərdə daha obyektiv, qərəzsiz qəzetlərdən hesab etmək olar. Bu münasibətlə baş redaktoru, yaradıcısını, qəzetin kolektivini iyrimi illik yubileyi münasibətilə təbrik edirəm. Bu yaş həm Milli Azadlıq Hərəkatının yaşıdır. Bütün millətimizə demokratik, bütöv, qüdrətli, bölünməz Azərbaycan qurmaq yolunda uğurlar arzulayıram.

 

BAXCP sədrinin beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli:

 

- "Ədalət" qəzetinin qurucusu Aqil Abbası, baş redaktoru İradə Tuncayı bütövlükdə kollektivi təbrik edirəm. İyirmi yaşın bir mətbuat orqanı üçün çox böyük mərhələ olduğunu heç kim inkar edə bilməz. Sirr deyil ki, "Ədalət" qəzeti Azərbaycanda yaranan ilk müstəqil mətbuat orqanlarından biri olmaqla yanaşı, həm dövlətimizin müstəqilliyi ilə həmyaşıd olan bir mətbuat orqanıdır. Bu baxımdan "Ədalət"ə sadəcə bir mətbuat orqanı kimi deyil, Azərbaycanın klassik mətbuat orqanı kimi yanaşmaq lazımdır. Elə ilk gündən başlayaraq, "Ədalət" Azərbaycanın media sektorunda tamamilə fərqli, özünəməxsus siması olan mətbuat orqanı kimi tanındı həmişə ictimaiyyətin diqqətində oldu. Mən "Ədalət"in iyrimi ildir davamlı şəkildə izləyən oxuculardan biriyəm. "Ədalət" qəzetini çox böyük maraqla, sevə-sevə oxuyuram. Orada çalışanların qələmlərinə, istedadına çox böyük hörmətim var. "Ədalət" qəzeti ədalət prinsiplərini əsas götürərək, hadisələrə öz spektrindən, müstəvisindən yanaşan mətbuat orqanıdır. Ola bilər ki, "Ədalət" qəzetinin müəyyən zaman kəsiyində yanaşması "Ədalət" bir başqları üçün ədalətsiz görünsün. Zaman keçdikcə, həqiqətlər üzə çıxdıqca "Ədalət" qəzetinin bir çox məqamlarda haqlı ədalətli mövqe tutduğu önə çıxır. Həm millətimiz, həm türk dünyası ilə bağlı bir çox məsələlər gündəmə çıxdıqda Aqil bəyin "Bu türklər o türklərdən deyil" yazısını xatırlayıram. Aqil Abbasın hər an xatırlanacaq yazıları olduqca çoxdur, sayı-hesabı yoxdur. Bu baxımdan Azərbaycan mətbuatında Aqil Abbasın şəxsində ərazi bütövlüyümüzə, millətimizə, mədəniyyətimizə münasibətdə bir ənənə formalaşıb. Bu tariximizə, ərazi bütövlüyümüzə, Dağlıq Qarabağ problemimizə obyektiv yanaşmadır. İnsan hisslərindən, vətənpərvərlik duyğularından qaynaqlanan bir yanaşma tərzidir. Buna Azərbaycan mətbuatının hər zaman ehtiyacı var. Hesab edirəm ki, "Ədalət" qəzeti onunla birlikdə bütövlükdə Azərbaycan mətbuatına yeni xətt gətirən, milli mətbuatımızı formalaşdıran mətbuat orqanlarının timsalında bu ənənələr davam etdirilməlidir. Bu qəzetin Azərbaycan mətbuatında bundan sonra da öz sözünü deyəcəyinə, öz yolunu davam etdirəcəyinə, yeni qələm əhlini öz ardınca aparacağına inanıram".

 

 

Gültəkin

 

Ədalət.- 2010.- 24 iyul.- S. 11.