DƏNİZ RƏNGİ
Mən əvvəllər
dənizi ancaq mavi rəngdə təsəvvür edirdim. Çünki
belə görmüşdüm, şeirlərdə,
yazılarda belə oxumuşdum və inanmışdım ki, dəniz
mavidi. Və mənim də xəyalımda özümün
bir mavi dənizim var idi. Mavi gözlərdən ibarət mavi dəniz.
Elə istəyirdim ki, itəm o dərinliklərdə... elə
istəyirdim ki, o dəniz məni dalğaları ilə, ləpələri
ilə alıb uzaqlara aparsın...bacara bilmədi... amma...
Bu günlərdə qələm
dostum Faiq Bəlabəylinin "Yaşıl yuxulu dəniz"
şeirlər kitabı mənə ərmağan edildi. Öncə
onu deyim ki, kitab "Vektor" nəşrlər evi tərəfindən
çap olunub və burada da vurğulanıb ki, kitabın
müəllifi 2009-cu ildə "Vektor" beyənləxalq
Elm Mərkəzinin Şamar Əkbərzadə adına Beyənlxalq
Mükafatına layiq görüldüyü üçün
nəşr edilibdi. Mən bu nəşriyyatın da, onun rəhbəri,
professor Elçin İsgəndərzadənin də fəaliyyətindən,
görduyu savab ilşlərdən xəbərdaram. Və yeri
gəlmişkən xüsusi olaraq, vurğulamaq istəyirəm
ki, Elçin İsgəndərzadə gənc yaşında
ağsaqqalıq etməyi bacaran, ən yüksək elmi
adları alan, dünyanın çox böyük hissəsində
tanınan söz və elm adamıdı. Onunla yalnız fəxr
etmək olar. Gələk "Yaşıl yuxulu dəniz"
kitabına...
Kitabı ilk öncə
bir hədiyyə kimi, bir yeni nəşr nümunəsi kimi
diqqətlə gözdən keçirtdim, vərəqlədim
və elə göz yumulu da orta səhifələrindən
birini açdm. İlk diqqətimi çəkən şeir
hardasa yazacaqlarımın müəyyən bir hissəsini
özündə toplamışdı:
Dilim dodağımın dostu,
Olur düşmən, olur dostdu
Baxan qayıdır yolüstü
Baxmayan arada qalır
Elə bu şeirin təsiri
altında yolüstü qayıtmaq fikrindən vaz keçdim. Başladım
Faiq Balabəylinin ürək pıçıltıları ilə
söhbət etməyə. Hər misrada bir zaman, hər
sözün arxasında bir ürək dayanır bu kitabda. Ona
görə zaman və ürək sözlərini dilə gətirirəm
ki, bu kitabda ötən onilliklərin də işıq
üzü görməyən şeriləri var. Amma onların
zaman fərqinə baxmiayaraq, hamısında şair ürəyi,
Faiq Bababəyli ürəyi döyünür, öz səsini,
sözünü çatdırmağa, ürəyə , hislərə,
duyğulara hopdurmağa çalışır. Faiq yazır:
Yalan danışdılar, yalan dedilər
xalıma, xalçama palan dedilər
gecə də , gündüz də "plan" dedilər
başımız qarışdı plan verməyə
əl çalan biz olduq deyən özgəsi
döyülən biz olduq, döyən özgəsi
qazanan biz olduq, yeyən özgəsi
başımız qarışdı yavan yeməyə
bəli, bu misralar ictimai
və bir az da siyasi fikir yükü ilə arxada qalan bir
qurluşun, bir dönəmin cizgilərini göz önünə
gətirir. O zamanı təkrar xatırlayıb, təkrar
yaddaşından keçirib, müstəqilliyin,
azadlığın şirinliyinə yenidən vurulursan.
"Vurulmaq" demişkən...
Deməli, kitabdakı
sevgi şeirlərini oxuyanda adamın könlündən
doğrudan doğruya vurulmaq keçir. Özü də
birbaşa ürəyindən. Elə vurulmaq istəyirsən
ki, sənin vurulduğun səni duya bilsin. Elə o da sənin
kimi vurulsun.
Ağlama, arxamca, ağlama
Ağlama, anam gəlini.
Pis günün ömrü az olar
Qaytarmaq olmur gələni –
Ağlama...
Və yaxud:
Naxış vurub verdiyin dərd qəlbimə
Göz görmür ki, könül coşa, qəlb
dinə
Bu gedişin yaman dəydi qəlbimə
Bu sevgidən mənə qalan tək budu
Və yaxud:
Gələk ora dizin-dizin
Nə olsun ki, yoxsan özün
Məni oda salan gözün
Gördüm, hər yerdən görünür.
Mən Faiq Balabəylinin
bu sonuncu kitabını səhifə-səhifə, misra-misra
oxudum. Demək ola ki, ürəyimcə olan, ruhuma oxşayan
çoxlu sayda fikirlərlə, poetik nümunlərlə
qarşıladım. Və həmin o kövrək
duyğuların içərisində özümü də
gördüm, qələm dostumu da. Ona görə də Faiqin
uğurunu özümünkü sayıram. Elə dənizin də
yeni rəngini Faiqin şeirlərində tapdım və
razılaşdım ki, dəniz həm də yaşıl
imiş.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2010.- 24 iyul.- S. 12.